Bakıda
«CATEF-2013» - birinci Xəzər Beynəlxalq
su texnologiyaları sərgisi
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev
sərgi ilə tanış olmuşdur
Aprelin
11-də Bakı Sərgi Mərkəzində
"CATEF-2013" - birinci Xəzər Beynəlxalq su
texnologiyaları sərgisi işə başlamışdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə
tanış olmuşdur.
Dövlət
başçısına məlumat verən "Azərsu"
ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, son illərdə Azərbaycanda
şəhər və rayon mərkəzlərinin, kənd və
qəsəbələrin su təchizatı yenidən qurulur. Bu
sahədə beynəlxalq maliyyə təşkilatları və
xarici şirkətlərlə əməkdaşlıq
genişlənir. Həmçinin ölkəmizdə su təchizatı
və kanalizasiya sektorunda reallaşdırılan
genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi
perspektivləri isə sərmayəçilərin regiona
marağını daha da artırır. "CATEF-2013" sərgisi
də bunun bariz nümunəsidir.
Bildirildi
ki, "CATEF-2013" sərgisi Xəzər regionunda su
texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin
nümayiş etdirildiyi yeganə
ixtisaslaşdırılmış tədbirdir. "Azərsu"
ASC-nin təşəbbüsü və fəal dəstəyi
ilə təşkil olunan sərginin tərəfdaşı
"Iteca Caspian" MMC-dir. Cənubi Qafqaz regionunda bu
mövzuya dair ilk dəfə keçirilən sərgi su
texnologiyalarına olan marağı nümayiş etdirir. Burada
iştirak edən 23 ölkədən 70-dən çox
şirkət içməli su təchizatı və kanalizasiya
sahəsində mövcud olan ən yeni texnologiyaları və
xidmətləri nümayiş etdirir. Bu sərgidə yerli və
xarici şirkətlərə öz məhsullarını və
texnologiyalarını nümayiş etdirmək
üçün gözəl fürsət yaradılmışdır.
Dövlət
başçısının diqqətinə
çatdırıldı ki, sərgidə ABŞ, Avropa
ölkələri, Yaponiya və Koreya Respublikası şirkətlərinin
üstünlük təşkil etməsi yüksək
texnologiyalar sahəsində təcrübəsi olan müəssisələrin
bu tədbirə böyük önəm verdiyini təsdiqləyir.
"CATEF-2013"də Azərbaycan ilə yanaşı,
Türkiyə, ABŞ, Koreya Respublikası, Almaniya,
İsveçrə, Yaponiya, Avstriya, Fransa, İsveç və
digər ölkələrdən olan şirkətlər su
infrastrukturuna dair məhsullarını və xidmətlərini
təqdim edir. Bu, yeni texnologiyaların tətbiqi, xarici
investisiyaların cəlb edilməsi və beynəlxalq tərəfdaşlığın
genişləndirilməsi baxımından belə sərgilərin
əhəmiyyətini təsdiqləyir.
Prezident
İlham Əliyev sərginin pavilyonları ilə tanış
oldu.
ABŞ-ın
"Dow" şirkətinin pavilyonu ilə tanışlıq
zamanı dövlət
başçısına məlumat verildi ki, müəssisə
sənaye suları və regionlarda istifadə olunan sular,
yaşayış yerlərinin içməli suları və
suyun təkrar istifadəsi zamanı tətbiq edilən ion
mübadilə qatranları, habelə elektrik deionizasiya məhsullarının
geniş çeşidini təklif edir. Hazırda bu şirkət
Bakıda içməli suyun təmizlənməsi
üçün dünyanın ən böyük ultrasüzgəc
qurğusunun hazırlanmasında yaxından iştirak edir. Həmin
qurğunun quraşdırılmasının 2013-cü ildə
başa çatdırılması nəzərdə
tutulmuşdur. Qurğu gün ərzində 520 min kubmetr həcmində
içməli suyun təchiz olunmasına imkan verəcəkdir.
Bazarda
aparıcı mövqeyə sahib olan Almaniyanın
"Herrenknecht" şirkəti mexaniki üsulla
tunelqazıma sistemləri sahəsində tətbiq olunan
texnologiyalar üzrə lider müəssisələrdəndir.
"Herrenknecht" dünyada istənilən torpaq tipi
üçün bütün diametrlərdə ən
müasir tunelqazıma maşınları istehsal edən yeganə
şirkətdir.
İsveçin
"Nordic Water Products AB" şirkətinin pavilyonunda
dövlət başçısına məlumat verildi ki,
müəssisə dənəvər hissəcikləri
ayırmaq üçün istifadə olunan ələklərin,
eləcə də onların avadanlığının
çatdırılmasını və
quraşdırılmasını həyata keçirir.
Rusiyanın
"Ecoline" şirkəti isə şüşə lifli
plastik materialdan avadanlıq hazırlayır. Buraya əsasən
məişət və istehsal obyektlərində yaranan
tullantı suların təmizlənməsi üçün
istifadə olunan avadanlıq, həmçinin kanalizasiya
sularının təmizlənməsi və nasosla vurulması
üçün məhsullar daxildir.
Sonra
Prezident İlham Əliyev "Ekoton" beynəlxalq tədqiqat
və istehsal şirkətinin pavilyonuna baxdı. Şirkət
tullantı suların təmizlənməsi üzrə Rusiyada ən
iri müəssisə hesab olunur. Avadanlıq Rusiya, Ukrayna,
Polşa və Qazaxıstanda yerləşən zavodlarda
istehsal edilir.
Sərgidə
yerli şirkətlər də geniş təmsil olunur. Prezident
İlham Əliyevin iştirakı ilə 2009-cu ildə
istismara verilən Sumqayıt Texnologiyalar Parkının Cənubi
Qafqaz və Mərkəzi Asiyada bənzəri yoxdur. Bu müəssisədə
müxtəlif profilli zavodlar fəaliyyət göstərir.
Onlardan biri də polimer məmulatlar zavodudur. Zavodda yüksək
təzyiqə davamlı qaz, su, alüminium təbəqəli
çoxqatlı polietilen, şüşə lifli
üçqat fiber borular və digər məhsullar istehsal
olunur.
Azərbaycan Prezidenti "Azərsu"
ASC-nin pavilyonuna gəldi.
Cəmiyyətin sədri Qorxmaz Hüseynov dövlət başçısına məlumat
verdi ki,
pavilyonda Bakıda, Abşeron yarımadasında
və regionlarda həyata keçirilən
layihələri əks
etdirən stendlər təqdim olunur.
Prezident İlham Əliyevə Abşeron yarımadasının
2013-cü ildə su alacaq qəsəbələri,
o cümlədən 2035-ci ilədək
perspektiv inkişafı
nəzərdə tutan
"Master plan" barədə məlumat verildi. Bildirildi ki,
hazırda ölkənin
38 şəhər və
rayon mərkəzində, həmçinin
350-dən çox kənddə
su və kanalizasiya layihələri
icra edilir. "SCADA" idarəetmə və məlumatların əldə olunması sistemi vasitəsilə Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyətinə online rejimdə
nəzarət edilir.
Dövlət başçısına həmçinin yeraltı
infrastrukturun elektron xəritəsinin hazırlanmasını
nəzərdə tutan
"Azərsu-GİS" layihəsi
barədə məlumat
verildi.
Prezident İlham Əliyev Ceyranbatan ultrasüzgəcli
sutəmizləyici qurğusunun,
mərkəzi laboratoriyanın,
cəmiyyətin yeni inzibati binasının, Hövsan aerasiya stansiyasının maketlərinə
də baxdı. Bildirildi
ki, mərkəzi laboratoriyada tikinti işləri yekunlaşmaq
üzrədir və bu il istifadəyə veriləcəkdir.
Diqqətə çatdırıldı
ki, icra olunan layihələrin daha keyfiyyətlə həyata keçirilməsi,
müasir texnologiyanın
və xarici təcrübənin öyrənilməsi
məqsədi ilə cəmiyyətin əməkdaşları
Sinqapur, Türkiyə,
Koreya Respublikası və digər ölkələrdə, eləcə
də daxili təlimlərdə iştirak edirlər.
Fransanın "SUEZ Environnement" şirkətinin
pavilyonunda olan Prezident İlham Əliyevə məlumat verildi ki, müəssisə
və onun filialları içməli
su resursları, sanitar-nəzarət və
tullantıların idarə
edilməsi sahəsində
milyonlarla insana və təsərrüfat
subyektlərinə qabaqcıl
təcrübə təqdim
edir.
Türkiyənin "Elektromed" şirkəti
isə su, qaz və istilik
miqdarını ölçmə
sahələrində geniş
məhsul çeşidi
təqdim edir.
Azərbaycan Prezidentinə bildirildi ki, sərgi ilə eyni vaxtda
Xəzər Beynəlxalq
su texnologiyaları forumu da keçirilir.
Sərgi ilə tanışlıqdan
sonra dövlət başçısı "CATEF-2013" - birinci Xəzər Beynəlxalq su texnologiyaları sərgisi
və forumunun işinə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2013.- 12 aprel.- S. 1.