Prezident İlham Əliyevin
müəyyənləşdirdiyi inkişaf
yolu Azərbaycanın davamlı tərəqqisini təmin
etməyə yönəlmişdir
"Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi
inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin
etməyə yönəlmişdir".
Bu
sözləri Böyük Britaniyanın nüfuzlu "The
Business Year" jurnalının baş redaktoru Ceyson Con nəşrin
Azərbaycana həsr olunmuş növbəti xüsusi
buraxılışının təqdimat mərasimindəki
çıxışında demişdir.
AzərTAc
çıxışın mətnini təqdim edir.
-
"The Business Year-Azerbaijan 2013" jurnalının təqdimat
mərasimində iştirak etdiyiniz üçün sizə təşəkkür
edirəm. Bu, bizim Azərbaycana həsr etdiyimiz
üçüncü nəşrimizdir və ölkənin
iqtisadiyyatı ildən-ilə inkişaf etdiyi kimi, bizim Azərbaycan
ilə bağlı nəşrimizin sayı da artır. Hər
il olduğu kimi, bu il də biz Azərbaycanın gələcəyini
formalaşdıran dövlət sektorunun və özəl
bölmənin liderlərinin fikirlərini nəşr etməyə
çalışmışıq.
Ümummilli
lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdən
etibarən və Prezident İlham Əliyevin hakimiyyətdə
olduğu indiki dövrdə ölkə sürətli iqtisadi
inkişaf mərhələsini yaşayır. Sovet iqtisadi
modelinin məhdudiyyətlərindən xilas olan Azərbaycan
bazar iqtisadiyyatına doğru sürətlə irəliləyərək
regional və qlobal iqtisadi və geosiyasi uğurlar
qazanmışdır. Təkcə son 5 il ərzində Azərbaycanın
ümumi daxili məhsulu 4 milyard dollardan 25 milyard dollara
çatmışdır. Cənubi Qafqazın
iqtisadiyyatında Azərbaycan iqtisadiyyatının payı 80
faizdən artıqdır. Postsovet məkanında Azərbaycan əhalinin
həyat səviyyəsinin yüksəkliyinə görə ən
uğurlu ölkədir. İndi Azərbaycan orta gəlirli
iqtisadiyyata malik bir ölkədir. Yaxın 10 ildə Azərbaycan
iqtisadiyyatı inkişaf etmiş ölkə statusuna malik
olacaqdır. Beləliklə, Azərbaycan inkişaf etmiş
bazar iqtisadiyyatına malik olmağa çalışan Birləşmiş
Ərəb Əmirlikləri və Qətər kimi yüksək
gəlirli ölkələr sırasına qoşulur.
İqtisadi
uğur qazanmaq heç də bir çoxlarının
düşündüyü kimi asan məsələ deyildir.
Baxmayaraq ki, Azərbaycan neft və qazdan əldə etdiyi gəlirləri
iqtisadiyyatının inkişafına sərf edir, "holland
sindromu" yaşamamaq üçün yenə də
ehtiyatlı olmaq lazımdır. İqtisadiyyatın şaxələndirilməsi
neft və qaz sənayesindən əldə edilən gəlirin
real iş yerləri və ölkənin real gələcəyini
təmin etmək üçün əsas yoldur. Bu baxımdan
Azərbaycan çox yaxşı iş
görmüşdür. Son illərdə artan ümumi daxili məhsul
təkcə neft-qaz gəlirləri vasitəsilə deyil, həm
də qeyri-neft sənayesinin inkişafı yolu ilə əldə
edilmişdir. Lakin qeyri-neft sahəsinin inkişafını
davam etdirmək aktual olaraq qalır. Bu inkişaf təkcə
bütün sənaye sektorlarını deyil, həm də
bütün regionları əhatə etməlidir.
Şəhər-kənd
təzadı problemi kommersiya kapitalının kiçik
bazarlarda üstünlük təşkil etdiyi ölkələrin
rastlaşdığı əsas problemlərdən biridir. Onun
infrastruktur, xidmət və iş sahələri üzərində
yaratdığı təzyiq sabit iqtisadi inkişafı təhlükə
altına salır. Prezident
İlham Əliyevin müəyyənləşdirdiyi
inkişaf yolu Azərbaycanın davamlı tərəqqisini təmin
etməyə yönəlmişdir. İqtisadiyyatın
bütün sahələrin inkişafının təmin edilməsi
vacibdir. İnkişaf həm də Azərbaycanın sürətlə
dəyişən qlobal dünyada rəqabətə davam gətirməsi
üçün prioritetdir. 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi
Azərbaycan hökumətinin xalqı gələcəyə
necə hazırlamasına nümunədir. Cari ilin ilk
rübündə "Azərspace" telekommunikasiya peykinin
orbitə buraxılması bunu xüsusilə aşkar göstərir.
Turizm, kənd təsərrüfatı və nəqliyyat kimi
digər sahələr də diqqətdən kənarda
qalmamışdır. Biz Azərbaycanda iqtisadi fəaliyyətin
bu və ya digər sahəsində çalışacaq
kadrların hazırlandığını görürük.
Yerli
maliyyə sektoru, xüsusilə bank sahəsi gələcəyin
çətinliklərinə hazırlanmışdır.
Bankların artan kapital tələbləri 2014-cü ilin əvvəlində
bu sahədə inkişaf və tarazlığın möhkəmlənməsinə
səbəb olacaqdır. Bu cür dəyişikliklər Azərbaycanın
yerli kapital bazarında fəallığın artmasına,
xüsusilə də korporativ istiqrazlar və səhm
bazarında inkişafa gətirib çıxaracaqdır.
İqtisadiyyatın dayanıqlı inkişafını təmin
etmək üçün Azərbaycan həm daxildə, həm
də xaricdə qabaqcıl kapital bazar təsisatlarına malik
olmalıdır.
Əminliklə
demək olar ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan
öz gələcəyini təmin edəcəkdir. Azərbaycan
Avropa enerji təhlükəsizliyinin vacib seqmentinə
çevrilməkdədir. Yeni qaz kəmərləri müəyyənləşdikcə
Azərbaycan 2013-cü ildə əlaqələrini necə
inkişaf etdirəcəyini də özü müəyyənləşdirəcəkdir.
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi
etməsi bu ölkənin nüfuzunu xeyli
artırmışdır. 2015-ci ildə I Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi onun beynəlxalq
statusunu daha da möhkəmləndirəcəkdir. Azərbaycanın
BMT Təhlükəsizlik Şurasına üzvlüyü və
beynəlxalq təşkilatlarda fəal iştirakı da bu
strategiyanın bir hissəsidir.
Onu
da deyim ki, 20 il əvvəl Azərbaycanın qısa müddət
ərzində bu qədər inkişaf edəcəyini
düşünmək qeyri-mümkün idi. Ümummilli lider
Heydər Əliyev tərəfindən əsası qoyulan
uzunmüddətli inkişaf strategiyasının son 10 ildə
indiki iqtidar tərəfindən uğurla davam etdirilməsi
öz bəhrələrini vermişdir. İqtisadi inkişaf və
uğur yolu uzun və mürəkkəbdir. Azərbaycan
xalqının gələcəkdən gözlədiyi
çox şey vardır. Ümidvaram ki, gələn il yenidən
görüşəcək, Azərbaycanın daha böyük
uğurlarından danışacağıq.
AzərTAc
Azərbaycan.-2013.- 5 aprel.- S.3.