Ulu öndərin qayğısını hər zaman hiss edirdik

 

Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə qürur duymuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Tariximizin milli liderlər salnaməsində xüsusi mövqeyi ilə seçilən ulu öndər Heydər Əliyev xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaltmışdır. Ümummilli lider Heydər Əliyev həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onun bu günü və sabahı ilə yaşayan bir rəhbər idi. Hər bir Azərbaycan vətəndaşının həyatında Heydər Əliyevin xüsusi yeri var, o cümlədən mənim həyatımda, fəaliyyətimdə də! Həmişə onun siyasi irsindən çalışdığım sahənin inkişafı naminə faydalanmışam. Əldə etdiyim hər bir uğura böyük zəhmət və iradə sərf etməklə nail olmuşam. Lakin bu yolla Heydər Əliyev ideyalarının işığında addımlamışam.

Müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində ümummilli liderin inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi 1969-cu ildən - Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən başlayır. 1969-cu il iyunun 14-ü həyatımızın olduqca mühüm tarixi hadisəsi kimi yaddaşımızda əbədi qalıb. Bu tarix dövlətçilik tariximizdə dinamik, hərtərəfli inkişaf və intibah mərhələsinin başlanğıcını qoyub. Ulu öndərin rəhbərliyi illərində həyata keçirilən işlər Azərbaycanda böyük sosial-iqtisadi, elmi və ədəbi-mədəni inkişafa yol açdı.

Ulu öndərin Azərbaycana rəhbər seçilməsi mənim yeniyetməlik dövrümə düşmüşdü. Çox yaxşı xatirimdədir ki, keçən əsrin 60-cı illərinin sonu və 70-ci illərin əvvəllərində yaşadığım və təhsil aldığım kəndin bütün əhalisi, o cümlədən mənim valideynlərim çox maraqla dövri mətbuat, radio və televiziyada Heydər Əliyevin çıxışlarını izləyərdilər. Həmin çıxışlarda respublikada korrupsiya, rüşvətxorluq hallarına qarşı başlanmış mübarizə, bu istiqamətdə atılan addımlar və qarşıda duran vəzifələr öz əksini tapırdı. Bu məsələləri əhali ürəkdən təqdir edir, rəğbətlə qarşılayırdı. Bu, mənim yeniyetməlik yaddaşımda əbədi iz buraxmışdır. Heydər Əliyev uzaqgörən siyasətilə, təşkilatçı və qurucu rəhbər olmaqla ötən əsrin yetmişinci illərində Azərbaycan xalqının gələcəyini düşünürdü. Azərbaycan gənclərinin müstəqil dövlətin idarə edilməsi üçün ən gərəkli ixtisaslara yiyələnmək qayğısına qalırdı. O, SSRİ-nin və respublikamızın ən nüfuzlu ali məktəblərinə layiqli gənclərin göndərilməsi ənənəsinin əsasını qoymuşdur. Sonrakı dövrlərdə də ümummilli lider bu ənənənin uğurla davam etdirilməsinə birbaşa nəzarət etmiş, respublikada təhsilin inkişafına ciddi diqqət yetirmişdir.

Xalqımızın müstəqil gələcəyini qabaqcadan görən Heydər Əliyev Azərbaycanın hər sahə üzrə milli kadrlarının hazırlanmasına xüsusilə böyük əhəmiyyət verirdi. Sovet dönəmində ölkəyə rəhbərlik etdiyi dövrlərdə gəncləri həmişə diqqət mərkəzində saxlayırdı. O, "gənclər bizim gələcəyimizdir" ifadəsini xüsusi vurğu ilə səsləndirərək gənc nəsli ictimai-siyasi həyatda daha fəal iştirak etməyə həvəsləndirir, kadr siyasətinin həyata keçirilməsində gənclərin qüvvəsindən daim istifadə edirdi. Ulu öndər iştirak etdiyi tədbirlərdə maraqlı təkliflər verən, mənalı nitq söyləyən, diqqətini cəlb edən istedadlı gənclərlə daim maraqlanmış, onlara daha geniş meydan verilməsini, irəli çəkilməsini təmin etmiş və onların yetişməsi qayğısına qalmışdır. Bunun nəticəsi idi ki, Azərbaycan gəncləri də hər zaman onun ətrafında sıx birləşmişdilər.

Heydər Əliyevin universitetlərdə təhsil alan tələbələrlə görüşləri, onların təhsilinin vəziyyəti və həyat şəraiti ilə yaxından maraqlanması, bütün imkan və səlahiyyətlərindən xalqın gələcəyi xeyrinə maksimum istifadə etməsi biz gəncləri hədsiz ruhlandırırdı. Ulu öndərin birbaşa müdaxiləsi nəticəsində ali məktəblərə sadə zəhmət adamlarının layiqli övladlarının daxil olmaları üçün daha münbit şərait yaradılmışdı. Hətta ali məktəblərin bəzi fakültələrinə qəbul zamanı sadə insanların bilikli, savadlı övladlarının qəbul olunmaları üçün müəyyən tədbirlər görüldü. Mən də sadə zəhmət adamının övladı kimi 1972-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. Tələbəliyi və hərbi xidməti başa vurduqdan sonra müstəqil həyata atıldım. Bu o illər idi ki, ümummilli lider bütün çıxışlarında, görüşlərində, cəmiyyətin inkişafında gənc nəslin təlim-tərbiyəsinin böyük əhəmiyyət daşıdığını qeyd edir, gənclərin yaşadığı, tərbiyə və təhsil aldığı dövlətin, cəmiyyətin konsepsiyasına uyğun yetişməsinə və formalaşmasına, milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərə daha möhkəm bağlanmasına məsuliyyətlə yanaşmağı tələb edirdi. Mən də bu cəmiyyətin bir üzvü kimi məsuliyyət daşıdığımı hesab edir və həmin dəyərlərə sahib çıxmağı lazım bilirdim.

Ulu öndərin Bakıdan Moskvaya yüksək vəzifəyə aparılması Azərbaycan xalqı üçün böyük fəxarət idi. Onun Bakı aeroportunda yola salınması mərasimini bu gün də xatırlayıram. Ulu öndəri yola salanların əksəriyyətinin simaları, onların gözlərindəki sevinc yaşları öz xalqına vicdanla xidmət etmiş və gələcəkdə xidmət edəcək rəhbərə ümumxalq məhəbbətinin təcəssümü idi. Həmin vaxt həmkarlar ittifaqlarında işləyirdim. Ulu öndərin Moskvadakı fəaliyyəti keçmiş ittifaq respublikalarının əhalisi tərəfindən bu gün də minnətdarlıqla xatırlanır. Məzuniyyətini hər il doğma Bakıda keçirən ümummilli liderin Nabranda istirahət zonasının yaradılması haqqında ittifaq hökumətinin qəbul etdiyi qərarla bağlı o yerlərdə olmasını, tövsiyə və məsləhətlərini verməsini respublikanın bütün əhalisi kimi, biz həmkarlar ittifaqı işçiləri də sevinclə qarşılayırdıq.

Qarşımızda örnək kimi öz xalqına sədaqətlə, əzmlə xidmət edən bir şəxsiyyət var idi. O dövrdə ümummilli lider tez-tez xalq arasına çıxır, sadə vətəndaşlarla ünsiyyət yaratmaqla mövcud problemləri, eləcə də dövlət məmurlarının işə münasibətini öyrənirdi. Ən ciddi tələbi xalqa layiqli xidmət göstərmək, insanların etimadını doğrultmaq idi.

Ulu öndərin bu tələbinə cavab olaraq özümü istehsalatda, kollektiv içində çalışmaqla sınamaq istədim. Dəmir-beton məmulatları zavodunda fəhlə kimi işə başladım. 1980-ci ildən isə fəaliyyətim həmkarlar ittifaqı ilə bağlıdır. 1991-ci ildə mənə çalışdığım sahənin işçiləri böyük etimad göstərərək respublika komitəsinin sədri seçdilər. Ölkənin ağır, böhranlı zamanında həmkarlar ittifaqları üçün də çətin idi. Buna baxmayaraq, mənə göstərilmiş etimadı doğrultmalı idim. Həyat yolumu həmkarlar ittifaqında fəaliyyət göstərməklə davam etdirərək, başqalarını da ciddi fəaliyyətə cəlb etməyə, məsuliyyət hissi daşımağa öyrətməyə çalışdım. Artıq ümumi qəbul edilmiş standart meyarlarla deyil, yeniləşdirilmiş qaydalarla hərəkət etmək tələb olunurdu.

Mövcud problemlərdən qaçmamağa, əksinə, onların həllinə nail olmağa üstünlük verirdim. Yaxşı bilirdim ki, bunlar ümummilli liderin idarəçilik üzrə əsas prinsiplərindəndir. İlk növbədə, öz gücümə və mənə etimad göstərmiş həmkarlar ittifaqı üzvlərinə, həmkarlar ittifaqı fəallarına arxalanırdım. Qazandığım təcrübəyə əsasən insanlarla, xüsusilə tabeliyimdə olan adamlarla səmimi təmas qurmağa, işçilərin sosial-iqtisadi və hüquqi problemlərinin həllinə və əmək hüquqlarının qorunmasına çalışırdım.

Hər bir məsələdə cəsarətli və qətiyyətli addımlar atmağı bacaran böyük insan, öz millətinin maraqlarını bütün səviyyələrdə təmin etməyə qadir olan Heydər Əliyev məktəbi bizlər üçün güvənc yeri olmuşdu. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşdi. Ölkə daxilində gedən hakimiyyət mübarizəsi və bu mübarizənin fonunda genişlənən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Hüquqi-demokratik dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi sabitliyin bərqərar olunması, demokratik islahatların aparılması, nizami ordunun yaradılması kimi strateji məsələlər taleyin ümidinə buraxılmışdı. Belə bir vaxtda Azərbaycan Həmkarlar İttifaqları Şurası da öz problemlərindən çıxmaq yollarını arayırdı. Respublika sahə həmkarlar ittifaqlarında mövcud böhranın aradan qaldırılması, parçalanma təhlükəsinin qarşısının alınması, təşkilat və struktur islahatlarının yubanmadan həyata keçirilməsi köklü dəyişikliklər tələb edirdi. Yaratdığımız təşəbbüs qrupu üzərinə götürdüyü səlahiyyətləri mürəkkəb və çətin bir şəraitdə reallaşdırdı. İctimai təşkilat kimi həmkarlar ittifaqlarını qoruyub saxlamaq üçün məsuliyyətli qərar qəbul olundu.

Azərbaycan Həmkarlar İttifaqlarının 1993-cü il fevralın 5-də keçirilən XIX növbədənkənar qurultayının müstəsna rolu və əhəmiyyəti oldu. Qurultay Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını təsis etməklə Azərbaycan Həmkarlar İttifaqı Şurasının varisi elan edildi. Konfederasiyanın təsis olunması sahə həmkarlar ittifaqları respublika komitələrinin müstəqilliyinin həyata keçirilməsinin təmin edilməsinə şərait yaratdı. Nəticədə yeni həmkarlar ittifaqı mərkəzi vasitəsilə sahə həmkarlar ittifaqları dövlət orqanlarında işçilərin hüquq və mənafelərini müdafiə etmək, təkliflərini, sənədlərin layihələrini seçkili orqanların müzakirəsinə vermək imkanına malik oldular.

Mən AHİK-in sədri seçildim. Lakin sonrakı yarım il ərzində bizim normal fəaliyyətimizə əngəllər törədildi, bir sıra süni maneələr yaradıldı. Buna baxmayaraq, mübarizə əzmimiz qırılmadı, ümidimiz itmədi. 1993-cü ilin iyununda Heydər Əliyevin xalqın iradəsi və çağırışıyla siyasi hakimiyyətə qayıdışı ilə çox şey dəyişdi. Qısa vaxtda bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarında da mütərəqqi yeniliklərin əsası qoyuldu.

Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin sosial-iqtisadi yüksəlişi üçün təsirli tədbirlər görməyə başladı. Daim xalqı özünə arxa, kömək hesab edən Heydər Əliyev ona bəslənən ümidləri doğrultmaq üçün Azərbaycanın ən ağır günlərində məsuliyyəti öz üzərinə götürdü. Xalqın, Vətənin taleyini hər bir vətəndaşın taleyinə çevirən ulu öndər Azərbaycanda gedən bütün prosesləri ölkə əhalisinin mənafeyinə uyğun istiqamətə yönəltməklə insanların sağlam mövqe tutmalarına nail oldu. Ulu öndər ən böyük uğuru Azərbaycanda ictimai-siyasi sabitliyin yaranmasında görürdü. Ondakı vətəndaş yanğısı, özünəməxsus tükənməz enerji və sarsılmaz iradə hamıda gələcəyə güclü inam yaratdı.

Bu gün birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqının demokratik, hüquqi dövlətdə yaşamaq idealının real və dayanıqlı əsaslar üzərində gerçəkləşməsi Heydər Əliyevin adı ilə bağlıdır! Onun Azərbaycana yenidən qayıdışından sonra ölkəmizdə milli məfkurənin, vətəndaş cəmiyyətinin formalaşması və yüksəlişi, xalqın arzularının gerçəkləşməsi üçün gördüyü ən mühüm işlərdən biri də ictimai-siyasi qurumların inkişafı və fəallaşmasıdır. Azərbaycan həmkarlar ittifaqlarının müxtəlif siyasi qüvvələrin təsirindən qorunmasında, cəmiyyətdəki missiyasını yerinə yetirməsində ulu öndərin əvəzsiz rolu olmuşdur.

Bunların sayəsində həmkarlar ittifaqlarının uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısı alınmış, vətəndaş cəmiyyətinə yad olan inzibati-amirlik metodlarından imtina edilmiş, AHİK-in demokratik idarəçilik prinsiplərinə əsaslanan fəaliyyətinə dəstək verilmişdir. Buna cavab olaraq həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq hüququnun bərqərar olması, sosial ədalət prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı şəraitində işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində çox işlər görə bilmişdir.

Böyük strateq özünəməxsus uzaqgörənlik və müdrikliklə Azərbaycanda əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm dövlət tədbirlərinə geniş imkanlar yaratdı. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar, o cümlədən "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun da qəbul edildi. Bunlardan biri haqqında fikir yürütməyə daim mənəvi ehtiyac duyuram. Bu qanun Vətən uğrunda canından keçmiş insanların ailələri üçün, həm də vətəndaş cəmiyyətinin bütün üzvləri üçün ən həssas məsələ idi. Mən həmkarlar ittifaqı lideri kimi, eyni zamanda, 1994-cü ildə Qarabağ döyüşlərində şəhid olmuş Əhməd Möhbəliyevin qardaşı kimi bu qanunu şəhid ailələrinə böyük dayaq hesab edirdim. Qardaşımın göstərdiyi sücaətlərə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilməsi isə böyük şəxsiyyət Heydər Əliyevin insanlara diqqət və qayğısının real nümunəsi idi.

Azərbaycan Həmkarlar İttifaqlarının gələcəyini müəyyənləşdirən hadisələrdən ən əsası 1994-cü ildə "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikası Qanununun ümummilli lider Heydər Əliyev tərəfindən imzalanması oldu. Bununla ölkədə həmkarlar ittifaqlarına "yaşıl işıq" yandırıldı, fəaliyyətlərinə ciddi təkan verildi, daha da güclənməsi üçün möhkəm hüquqi bazanın bünövrəsi qoyuldu. Dövlət quruculuğunun sonrakı mərhələlərində də həmkarlar ittifaqlarının rəy və təkliflərinə, qanun layihələrinə əlavə və düzəlişlərə diqqətlə yanaşılırdı.

Ümummilli lider Heydər Əliyevin respublika həmkarlar ittifaqlarını vaxtında dəstəkləməsi, təşkilatımıza xeyirxah münasibəti, 1998-ci ilin fevralında AHİK-in

I qurultayına təbrik məktubu göndərməsi, xarici ölkələrdən gəlmiş qonaqları şəxsən qəbul etməsi və təşkilat haqqında xoş sözlər deməsi Azərbaycan Həmkarlar İttifaqlarını bir çox problemlərdən uzaqlaşdırdı. Respublika həmkarlar ittifaqları özünün müstəqilliyi, nüfuzunun artması, qanunvericiliklə ona həvalə edilmiş hüquq və səlahiyyətlərin yerinə yetirilməsi sayəsində bir çox uğurlu addımlar atmağa başladı.

Biz həmkarlar ittifaqları üçün yaranmış bu şərait və imkanlardan səmərəli istifadə edərək beynəlxalq təşkilatlarla, xarici ölkələrin həmkarlar ittifaqları birlikləri ilə əlaqələr qurduq, əhəmiyyətli tədbirlər təşkil etdik. Qısa vaxtda dünya həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu, fəal üzvünə çevrilmək ideyasını reallaşdırdıq.

AHİK Beynəlxalq Əmək Təşkilatı kimi nüfuzlu qurumla möhkəm əməkdaşlıq əlaqələri qurmaqla və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olmaqla onların imkanlarından, təcrübəsindən hərtərəfli istifadə etməyə üstünlük vermişdir. Biz keçirdiyimiz və iştirak etdiyimiz bütün mötəbər tədbirlərdə dünya həmkarlar ittifaqları hərəkatının üzvlərinə müraciətimizdə hər zaman həmvətənlərimizin mənafelərinin, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi sahəsində daha ciddi addımlar atılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsi çərçivəsində, beynəlxalq hüquq normalarının əsas götürülməsi ilə həll edilməsini arzu etmişik. Əməkdaşlıq və həmrəylik çərçivəsində görülən işlərin yekunu olaraq hazırda AHİK-in 29 xarici ölkənin 34 həmkarlar ittifaqı mərkəzi ilə əlaqələri yaranmış, 168 həmkarlar ittifaqı mərkəzini özündə birləşdirən BHİK-in üzvü kimi fəaliyyəti əlaqələndirilmişdir. Müntəzəm olaraq AHİK-də xarici həmkarlar ittifaqlarının nümayəndə heyətləri ilə işgüzar görüşlər keçirilir qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilir.

AHİK-ə rəhbərliyim ərzində ulu öndərin iştirak etdiyi beynəlxalq və respublika əhəmiyyətli bir sıra konfrans, iclas və toplantılarda iştirak etmişəm. Heydər Əliyevin iştirak və çıxış etdiyi böyük tədbirlər, həmçinin onunla görüşlərim ömrümün ən mənalı səhifələrinə çevrilmişdir. 1998-ci ilin mayında ulu öndər Heydər Əliyevi anadan olmasının 75 illiyi münasibətilə şəxsən təbrik etməyimi dönə-dönə xatırlayıram. O, məni diqqətlə dinlədi, öz məsləhətləri və həmkarlar ittifaqları haqqında qısa proqramı ilə qəlbimdə əzmkarlıq, nikbinlik yaratdı, qarşıda duran vəzifələrə və gələcəkdə görəcəyimiz işlərə, həyata keçirəcəyimiz tədbirlərə dair aydın yollar göstərdi.

Yaxşı xatirimdədir, 2003-cü ilin fevral ayında keçirilən AHİK-in II qurultayında iştirak edən beynəlxalq və xarici həmkarlar ittifaqlarının nümayəndə heyətlərinin başçıları ilə birlikdə ulu öndərin qəbulunda olarkən onun həmkarlar ittifaqlarının fəaliyyəti ilə bağlı fikirləri, tövsiyə və məsləhətləri qonaqlarda yaxşı mənada qibtə hissi yaratdı. Ulu öndər xarici nümayəndələrə iftixarla bildirdi ki, o, həmkarlar ittifaqının üzvüdür və üzvlük haqqını da vaxtlı-vaxtında ödəyir. Görüşdən sonra nümayəndə heyətlərinin rəhbərləri ulu öndərə valeh olduqlarını açıq şəkildə bildirməklə belə bir müdrik insanın onların da ölkələrinə rəhbərlik etmələrini arzuladıqlarını gizlətmədilər.

Ulu öndərin rəhbərliyi ilə ölkədə geniş miqyasda islahatlar və özəlləşdirmə prosesləri davam etdikcə həmkarlar ittifaqı təşkilatlarının işçilərin marağını qorumaq funksiyasını yerinə yetirmək imkanları da genişlənirdi. Özəlləşdirmə haqqında qanunun və proqramın layihələri işlənib hazırlanarkən həmkarlar ittifaqlarının verdikləri əksər təkliflər nəzərə alınmışdı. İlk növbədə, bu təkliflər - əmək kollektivlərinə öz qazanclarından müəssisənin özəlləşdirilməsində istifadə etmək hüququ verilməsi, müəssisələrin özəlləşdirilməsi zamanı əmək kollektivlərinə əlavə hüquqların verilməsi, özəlləşdirilən müəssisələrin işçilərinin, eləcə də işdən azad olunanların iqtisadi və sosial müdafiəsi məsələlərini əhatə edirdi. Müəssisə və təşkilatlarda əmək münasibətlərini tənzimləyən kollektiv müqavilələrin bağlanmasına xüsusi diqqət yetirilirdi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişaf yolları araşdırılmış, inkişafına mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Bu tədbirlərin iştirakçısı kimi əminliklə deyə bilərəm ki, sahibkarlığın inkişafına kömək sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsi nəticəsində 2003-cü ildən etibarən ölkəmizdə yeni sosial tərəfdaşlığın subyekti yarandı. Artıq Baş Kollektiv Sazişin imzalanmasında üç tərəf iştirak edirdi. Əvvəlki ikitərəfli sazişdə işçinin bilavasitə işlə təmin olunması, iş şəraiti, əməkhaqqı üçün konkret məsuliyyət daşıyan bir subyektin olmaması sazişin müddəalarının yerinə yetirilməsində bir sıra problemlər yaradırdı. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında üçtərəfli Baş Kollektiv Sazişin imzalanması ilə ölkədə sosial dialoqun, əmək münasibətlərinin tənzimlənməsinin, əməkdaşlığın inkişafının yeni mərhələsi başladı. Əldə etdiyimiz uğurlar Azərbaycanın özünəməxsus iqtisadi inkişaf modelinin formalaşması, demokratik həyat tərzinin diktə etdiyi reallıq kimi azad bazar iqtisadiyyatına keçidin təmin olunması, iqtisadi, siyasi və hüquqi islahatların davam etdirilməsi məhz Heydər Əliyevin ideyalarının bəhrəsidir.

Ömrü boyu xalqına bağlı olan Heydər Əliyev sübut etdi ki, istək, iradə, vətənpərvərlik və milli təşəbbüskeşlik hissi olan zaman az müddətdə çox uğurlara nail olmaq mümkündür. Heydər Əliyevin daxili əminliyi cəmiyyətin və onun üzvlərinin də özünə inamını bərpa etdi. Dövlət quruculuğunun praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Bunların sayəsində Azərbaycan Həmkarlar İttifaqları cəmiyyətdə yerini taparaq özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində gördü. Əmin oldu ki, respublikanın ən kütləvi ictimai təşkilatı kimi onu qarşıda daha böyük hədəflər gözləyir və qət edəcəyi tərəqqi yolu uğurlarla müşayiət olunacaqdır.

Ümummilli lider Heydər Əliyev AHİK-ə ünvanladığı tövsiyələrində həmkarlar İttifaqlarının fəaliyyətində prinsipiallığı, qərarların qəbulunda obyektivliyi və qərəzsizliyi mühüm şərtlərdən hesab edirdi. Həmkarlar İttifaqlarına inamın azalmaması, onun nüfuzunun artması bu şərtlərin yerinə yetirilməsindən çox asılıdır. Heydər Əliyevin imzaladığı "Həmkarlar ittifaqları haqqında" qanunla bizə verilmiş hüququn - həmkarlar ittifaqları tərəfindən ictimai nəzarətin həyata keçirilməsi sübut etmişdir ki, işçilərin əmək hüquqlarının pozulmasının qarşısını almaq məqsədilə müəssisə və təşkilatlarda ictimai nəzarətin təmin edilməsi vacibdir. Həmkarlar ittifaqları pozulmuş hüquqların bərpa edilməsi, ərizə və şikayətlərə baxılması sahəsində yaxından iştirak edirlər.

Hər bir ölkənin inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu və gücünü müəyyən edən başlıca amillər insan hüquq və azadlıqlarının qorunması, demokratik proseslərin dərinləşməsi, hüquqi dövlət quruculuğu, ölkə iqtisadiyyatının inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Ümummilli liderin müəyyənləşdirdiyi mükəmməl strategiya bu amillərin hər bir vətəndaşın mənafeyinə xidmət etməsi üçün ciddi əsaslar formalaşdırmışdır.

Bütün mənalı həyatını ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ulu öndər Heydər Əliyevin çıxış və nitqlərində qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini ölkənin bir nömrəli problemi adlandırması təsadüfi deyildi. Onun ən böyük arzusu 1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğv olunması idi.

Ulu öndər doğma ocaqlarından didərgin salınmış, dözülməz məhrumiyyətlərə düçar olmuş bir milyondan çox soydaşımızın vəziyyətinə xarici dövlət başçıları ilə keçirilən çoxsaylı görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində mütləq toxunardı. Qısa vaxtda qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq normalara uyğun hüquqi baza yaradıldı, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" uzunmüddətli Dövlət Proqramı təsdiq edildi. Onların sosial problemlərinin həlli ilə bağlı tədbirlər bu gün də davam etdirilir.

AHİK və onun üzv təşkilatları bunlara cavab olaraq qaçqınlara və məcburi köçkünlərə yardım göstərilməsində - onlara yaşamaq üçün sığınacaq verilməsindən tutmuş geyim, ev əşyaları, avadanlıq, ərzaq məhsulları və s. ilə təmin edilməsində əllərindən gələni əsirgəməmişdir. İmkan daxilində qaçqınlar iş yeri ilə təmin edilmiş, ehtiyacı olanlara hər il yüz min manatlarla maddi yardım göstərilmiş, bəziləri himayəyə götürülmüşlər.

Məlum olduğu kimi, AHİK-in tabeliyində olan kurort və sanatoriyaların, turist bazalarının əksəriyyətində qaçqınlar və məcburi köçkünlər yerləşdirilmişdir. Onların kommunal-məişət problemlərinin həllinə daim kömək göstərilmişdir. Azərbaycan Həmkarlar İttifaqları indiyədək bu xeyirxahlıq missiyasını davam etdirir, qaçqın və məcburi köçkünlərə bir an da olsun diqqəti azaltmır.

Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə Azərbaycanın inkişaf strategiyasının hazırlanmasında hər hansı bir ölkənin təcrübəsinin olduğu kimi tətbiqinə yol verməmiş, xalqımızın milli özünəməxsusluğunun, respublikamızın iqtisadi inkişaf səviyyəsinin, coğrafi şəraitinin və digər amillərin nəzərə alınmasını vacib saymışdır. Ulu öndər hər hansı modelin respublikamızda eksperiment kimi nəzərdən keçirilməsinə, "demokratiyanın ixracı" cəhdlərinə qarşı çıxmış, ölkəmizdə iqtisadi və demokratik inkişaf modelinin formalaşdırılmasını vacib hesab etmişdir.

Ümummilli lider Heydər Əliyevin 90-cı illərin əvvəlində dediyi "İndi Azərbaycan müstəqil dövlətdir, öz taleyini özü həll edir. Biz tarixi irsimizin - zəngin mədəni irsimizin əsasında müasir, güclü Azərbaycan qururuq" sözləri mənim üçün çox qiymətlidir. Çünki az sonra Heydər Əliyev Azərbaycanın strateji kursunda demokratik inkişafın əsas yer tutduğunu, heç bir qüvvənin ölkəmizi bu yoldan döndərmək imkanında olmadığını bəyan etdi. Zaman göstərdi ki, Azərbaycanın quruculuq dövrü yüksək inkişaf, tərəqqi illəri kimi səciyyələnmiş, bütün sahələrdə yeniləşmə baş vermişdir. Azərbaycan dünya miqyasında keçid dövrünü yaşayan ölkələr üçün də örnək-nümunədir. Ümumi nəticə isə bundan ibarətdir ki, bütün mənalı həyatını öz ölkəsinin inkişafına həsr edən Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Hələ neçə-neçə nəsil Heydər Əliyevin zəngin siyasi irsindən faydalanacaqdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da yarandığı 20 il ərzində dövlətin ictimai-siyasi həyatında mühüm rol oynamaqla iqtisadiyyatın və cəmiyyətin inkişafı ilə əlaqədar əməkçilərin qanuni hüquqlarının müdafiəsinə fəal yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində qarşıda duran vəzifələri yerinə yetirir. Həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq ruhunun bərqərar olması, sosial-ədalət prinsiplərinə əməl edilməsi, işçilərin əmək hüquqlarının qorunması, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Hazırda Azərbaycan Həmkarlar İttifaqları ictimai təşkilatlar arasında öz kütləviliyinə görə mühüm yer tutur. Ölkə üzrə həmkarlar ittifaqı üzvlərinin sayı bir milyon altı yüz min nəfərdir. Həmkarlar ittifaqları strukturlarında 17.173 ilk təşkilat, 498 şəhər və rayon həmkarlar ittifaqı komitə və şuraları, 25 sahə həmkarlar ittifaqı, 1 vilayət həmkarlar ittifaqı şurası fəaliyyətdədir. Milli qanunvericilik bazasının təkmilləşdirilməsi həmkarlar ittifaqları üçün geniş fəaliyyət imkanları yaratmışdır. Zamanın tələblərinə uyğun olaraq, 2006-2012-ci illərdə "Həmkarlar ittifaqları haqqında" qanuna zəruri dəyişikliklər və əlavələr edilmişdir. Qanunda həmkarlar ittifaqlarının statusunu daha aydın əks etdirən, həmkarlar ittifaqlarının maliyyə cəhətdən gücləndirilməsini təmin edən bənd, bəzi məqamları dəqiqləşdirən maddələr əlavə edilib, ilk təşkilatların fəaliyyətini məhdudlaşdıran maddələr isə çıxarılıb. Bu əhəmiyyətli dəyişikliklər dövlət orqanlarının və vəzifəli şəxslərin həmkarlar ittifaqlarının fəaliyyətinə müdaxilə etmələrinin qarşısını alıb, nəticədə həmkarlar ittifaqları daha geniş səlahiyyətlərə malik olan və əmək qanunvericiliyinin tətbiq edilməsinə ictimai nəzarəti həyata keçirən bir quruma çevrilib.

Bu il respublika ictimaiyyəti xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 90 illiyini böyük ehtiram və sonsuz sevgi hissi ilə qeyd edir. Xalqımızın ən böyük şəxsiyyətlərindən olan ümummilli lider Heydər Əliyev Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlərinə görə heç vaxt unudulmayacaqdır.

 

 

Səttar MEHBALIYEV,

AHİK-in sədri, Milli Məclisin deputatı,

 iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 5 aprel.- S.4.