Kanada parlament nümayəndə heyətinə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
haqqında məlumat verilmişdir
Azərbaycanda
səfərdə olan Kanada parlamenti İcmalar Palatası sədrinin
müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə
heyəti aprelin 4-də Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənov ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, Əli Həsənov qonaqlara Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri,
nəticələri, yaratdığı problemlər,
qaçqın və məcburi köçkünlərin
bugünkü vəziyyəti, onların sosial problemlərinin
həlli istiqamətində görülən işlər barədə
məlumat vermişdir. Bildirmişdir ki, Ermənistanın hərbi
təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan
artıq soydaşımız qaçqın və məcburi
köçkün vəziyyətinə
düşmüşdür.
Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, işğal edilmiş Azərbaycan ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa olunması tələb edilmişdir. Bildirilmişdir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.
Əli Həsənov ölkəmizdə son doqquz ildə bir milyondan çox iş yerinin açıldığını, yoxsulluğun səviyyəsinin aşağı düşdüyünü, Azərbaycanın dünyada ən yüksək sürətlə inkişaf edən dövlət olduğunu qonaqların diqqətinə çatdırmışdır. Qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini bildirən Baş nazirin müavini, Prezident İlham Əliyevin bu istiqamətdə uğurlu, məqsədyönlü siyasəti nəticəsində ölkəmizin beynəlxalq nüfuzunun artdığını qeyd etmişdir.
Komitə sədri qonaqlara qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlət başçısının bu sahəyə olan diqqəti və qayğısı nəticəsində qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Bu qəsəbələrdə 140 min qaçqın və məcburi köçkün yerləşdirilmişdir. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.
Vurğulanmışdır
ki, 1990-cı illərin əvvəllərində Azərbaycan
hökumətinin qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin aradan
qaldırılması üçün praktiki olaraq heç
bir imkanı yox idi. Ancaq həmin dövrdə bir sıra beynəlxalq
humanitar təşkilatlar, o cümlədən Kanada təşkilatları ölkəmizə
bu istiqamətdə yardım göstərmişlər.
Azərbaycan-Kanada
münasibətlərinə toxunan Əli Həsənov əlaqələrimizin
inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Diqqətə çatdırmışdır ki, nümayəndə
heyətlərimizin qarşılıqlı səfərləri
ölkələrimiz arasındakı münasibətlərin
daha da genişlənməsinə töhfəsini verəcəkdir.
Barri Devolin Azərbaycanda müşahidə etdikləri sürətli inkişafdan, tolerantlığın yüksək səviyyəsindən məmnunluqlarını bildirmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulamışdır.
Sonda
qonaqlara "Ermənistanda aparılan etnik təmizləmə
və Ermənistan silahlı qüvvələri tərəfindən
Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində
yaranmış bir milyonadək qaçqın və məcburi
köçkünlər haqqında məlumat (1988-2011-ci illər)"
kitabı, münaqişədən bəhs edən filmin diskləri
təqdim edilmişdir.
Azərbaycan.-2013.- 5 aprel.- S.5.