Azərbaycan-Kanada əməkdaşlığının müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur

 

Aprelin 4-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kanada parlamenti İcmalar Palatası sədrinin müavini Barri Devolinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Azərbaycan-Kanada münasibətlərinin mövcud vəziyyətindən məmnunluğunu bildirmişdir. Parlament diplomatiyasının səmərəliliyini qeyd edən Elmar Məmmədyarov ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi baxımından ölkələrimizin parlamentləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulamış, səfərin iki ölkə arasındakı münasibətlərə öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Barri Devolin ölkəmizdə dinamik iqtisadi inkişafın müşahidə olunduğunu bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan-Kanada əməkdaşlığının müxtəlif sahələrdə, xüsusilə kənd təsərrüfatı və neft-qaz sahələrində inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.

Kanadalı qonaq Azərbaycanda mövcud olan tolerantlıq ənənələrinin və çoxmədəniyyətliliyin əhəmiyyətini vurğulamışdır. Görüşdə həmçinin digər maraq doğuran məsələlər ətrafında da  fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 5 aprel.- S.5.