Bakıda «Cənubi Qafqaz
və onun ətrafında geosiyasi
vəziyyətin formalaşdırılmasında NATO-nun rolu» mövzusunda konfrans keçirilmişdir
Aprelin
4-də Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzi (SAM) və NATO-nun
ölkəmizdəki əlaqələndirici səfirliyinin təşkilatçılığı
ilə "Cənubi Qafqaz və onun ətrafında geosiyasi vəziyyətin
formalaşdırılmasında NATO-nun rolu" mövzusunda
konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, konfransın "NATO-Azərbaycan: gələcək
əməkdaşlığa doğru" panelində Cənubi
Qafqaz ölkələrinin NATO missiyasına töhfələri,
ümumi təhlükəsizlik maraqları, müdafiə əlaqəli
məsələlər üzrə əməkdaşlıq
mövzularına geniş şəkildə toxunulmuşdur. Həmçinin
Azərbaycanın regionda yürütdüyü xarici siyasətin
möhkəmləndirilməsində beynəlxalq təşkilatların
rolu, NATO-nun regiondakı ölkələrlə münasibətlərinin
perspektivləri məsələləri də müzakirə
edilmişdir.
Konfransda
çıxış edən Azərbaycan Respublikası
Prezident Administrasiyasının siyasi təhlil və informasiya
təminatı şöbəsinin müdiri Elnur Aslanov NATO-Azərbaycan
əməkdaşlığının zəngin tarixə malik
olduğunu qeyd etmişdir. E.Aslanov Azərbaycanın sülhməramlı
hərbi kontingentinin Əfqanıstanda həyata keçirilən
NATO missiyalarında fəal iştirak etdiyini bildirmişdir.
Azərbaycan
ilə NATO arasında parlamentlərarası əlaqələrin
inkişaf etdiyini vurğulayan E.Aslanov ölkəmizin bu qurum ilə
hərbi sahədə islahatların aparılması istiqamətində
əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir.
Bu
cür mötəbər tədbirlərin keçirilməsinin
NATO ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinə
dəstək verdiyini vurğulayan E.Aslanov, Azərbaycanın
terrordan əziyyət çəkən ölkələrdən
biri olduğunu diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan
E.Aslanov məsələnin hələ də həll
olunmamasının səbəbi kimi Ermənistanın
qeyri-konstruktiv mövqeyini göstərmişdir.
E.Aslanov
qeyd etmişdir ki, dünya ictimaiyyətinin münaqişənin
həlli məsələsində qeyri-fəal mövqe
tutması da bir sıra maneələr yaratmaqdadır.
Bildirilmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həll olunmaması regionun
ümumi inkişafına mənfi təsir göstərməkdədir.
E.Aslanov bölgədə real inkişafın təminatı
üçün sülh və təhlükəsizliyin bərqərar
olunmasının zəruriliyini vurğulamışdır.
Daha
sonra çıxış edən Türkiyənin sabiq xarici
işlər naziri Hikmət Çətin Ermənistanın həyata
keçirdiyi işğalçılıq siyasəti nəticəsində
ölkənin regional inkişaf proqramlarından təcrid
olduğunu qeyd etmişdir.
Türkiyənin
münaqişənin ilk illərində onun həll edilməsi
istiqamətində müəyyən addımlar
atdığını diqqətə çatdıran H.Çətin
Ermənistanda sahibkarlığın zəif inkişaf etdiyini,
xarici investorların ölkəyə maraq göstərmədiklərini
bildirmişdir. Sabiq diplomat Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həll edilməsinin Ermənistan üçün yeni fürsətlər
yaradacağını, regionun bütövlükdə
inkişafını təmin edəcəyini bildirmişdir.
H.Çətin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin soyuq müharibə başa çatandan
sonra regionda yaranmış ən ciddi problemlərdən biri
olduğunu qeyd etmişdir. Dağlıq Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunu vurğulayan H.Çətin
münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində
həll olunmasının əhəmiyyətini qeyd etmişdir.
NATO
ilə Azərbaycan arasında əlaqələrin yüksək
səviyyədə inkişaf etdiyini bildirən
Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian
Çiobanu hərbi əməkdaşlığın
artırılması üçün bir sıra yeni layihələrin
nəzərdə tutulduğunu qeyd etmişdir.
Rumıniyalı səfir NATO-nun hərbi sahədə öz
layihələri ilə Azərbaycana gələcəkdə də
dəstək verəcəyini vurğulamışdır.
Azərbaycanın
beynəlxalq aləmdə nüfuzunun getdikcə daha da
artdığını bildirən diplomat Alyansın ölkəmizdə
silahlı qüvvələrin müasirləşdirilməsi,
mina təmizləmə məsələlərində
yardım göstərdiyini diqqətə çatdırmışdır.
Səfir qeyd etmişdir ki,
NATO
enerji təhlükəsizliyi sahəsində də Azərbaycana
dəstək verməkdədir.
SAM-ın
direktoru Fərhad Məmmədov Azərbaycanın 1994-cü
ildən NATO ilə "Sülh Naminə Tərəfdaşlıq"
Proqramı çərçivəsində səmərəli
əməkdaşlıq etdiyini, sonrakı dövrlərdə
rəsmi Bakının Alyansın bir sıra proqramlarına
qoşulduğunu xatırlatmışdır. SAM-ın direktoru
qeyd etmişdir ki, bu gün Azərbaycan NATO-nun sülhməramlı
əməliyyatlarına mühüm töhfə verir. Ölkə
Əfqanıstana yönəlmiş hərbi yardımlarda fəal
iştirak edir. Əfqanıstana tranzit yüklərinin
çatdırılmasının 30 faizini məhz Azərbaycan
təşkil edir.
NATO-nun
Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti
İdarəsinin Avratlantik inteqrasiya və təhlükəsizlik
bölməsinin məsul əməkdaşı Stefan Elqerzma tədbirə
video-konfrans vasitəsilə qoşulmuşdur.
Azərbaycanın
NATO-nun Əfqanıstandakı kontingenti üçün
mühüm tranzit ölkə olduğunu bildirən S.Elqerzma
bu əməkdaşlığın gələcəkdə də
davam etdiriləcəyinə əminliyini
vurğulamışdır. 2014-cü ildən sonra Əfqanıstanda
fəaliyyətlərin hansı istiqamətdə
olacağı ətrafında keçiriləcək müzakirələrdə
Azərbaycanın da fəal iştirak edəcəyinə
ümidvar olduğunu bildirmişdir.
S.Elqerzma
Azərbaycanın NATO ilə kiber təhlükəsizlik,
terrorçuluğa qarşı mübarizə məsələlərində
fəal əməkdaşlıq etdiyini bildirmişdir.
Azərbaycanın
NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər
İbrahim ölkəmizin Alyans çərçivəsində
mühüm infrastruktura rəhbərlik etdiyini bildirmişdir.
Tədbirin
"Uzunmüddətli regional münaqişələr: Azərbaycanın
gözləntiləri və perspektivləri" adlı 2-ci
hissəsində məsələ ilə bağlı ABŞ və
Avropa İttifaqının yanaşmaları təhlil
olunmuşdur.
Daha
sonra konfrans müzakirələrlə davam etmişdir.
Azərbaycan.-2013.- 5 aprel.- S.6.