Azərbaycan ilə Hindistan
arasında beynəlxalq
hüquq əməkdaşlığı
genişlənir
Azərbaycanın xarici dövlətlərlə hərtərəfli əməkdaşlıq və dostluq münasibətlərində hüquqi əlaqələr xüsusi yer tutur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müxtəlif dövlətlərlə 30-dək ikitərəfli müqavilələr, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi sahəsində əməkdaşlığa dair mühüm sənədlər imzalamışdır və bu əməkdaşlığı uğurla həyata keçirir.
Azərbaycan ilə Hindistan arasında əməkdaşlığın genişləndirilməsinə və dövlətlərarası müqavilə-hüquq bazasının zənginləşdirilməsinə böyük önəm verilərək iki ölkə arasında müvafiq müqavilə layihələri hazırlanaraq razılaşdırılmışdır.
Azərbaycanın Hindistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, həmin sənədlərin imzalanması məqsədi ilə Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə Hindistana səfər etmişdir. Səfər Hindistan Respublikasının hüquq və ədliyyə naziri A.Kumarın dəvəti ilə reallaşdırılmışdır.
Hindistanın Hüquq və Ədliyyə Nazirliyində aprelin 4-də keçirilmiş görüşdə A.Kumar Azərbaycanın iqtisadi inkişafını xüsusilə qeyd etmiş, ölkələrimiz arasında hüquqi sahədə əlaqələrin dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulamış, Azərbaycanın ədliyyə nazirinin Hindistana səfərinin qarşılıqlı fəaliyyətin inkişafına böyük təkan verəcəyini bildirmişdir.
Fikrət Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları, o cümlədən ədliyyə sistemində tətbiq olunan innovasiya və informasiya-kommunikasiya texnologiyaları, məhkəmə və penitensiar infrastrukturun müasirləşdirilməsi, habelə hakimlərin seçim prosesinin şəffaflığına görə Avropada örnək kimi dəyərləndiyi barədə məlumat vermiş, Ədliyyə nazirlikləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulamışdır.
Görüşdə konkret sahələr üzrə qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunmuşdur.
Sonra Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında Mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilə imzalanmışdır.
Azərbaycan-Hindistan hüquqi əlaqələrinin inkişafına mühüm əhəmiyyət verilərək geniş mətbuat konfransı keçirilmiş, jurnalistlərin sualları cavablandırılmışdır.
Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri, xarici işlər və insan ehtiyatlarının inkişafı üzrə dövlət naziri E.Ahamed ilə görüşmüşdür. Hindistanlı nazir ölkəmizlə iqtisadi əməkdaşlığın inkişafına böyük əhəmiyyət verildiyini qeyd etmiş, dövlətlərimiz arasında olan əlaqələrin müsbət dinamikası, qarşılıqlı səfərlərin intensivləşdirilməsi vurğulanmış, digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə Azərbaycan və Hindistan arasında cinayətkarların təslim edilməsi (ekstradisiya) haqqında müqavilə imzalanmışdır.
Elə həmin gün Hindistanın daxili işlər naziri S.Şinde ilə görüş keçirilmişdir. Görüşdə hindistanlı nazir Azərbaycanda həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatlarından məlumatlı olduğunu bildirmiş, hüquqi əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır.
Görüş zamanı Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə imzalanmışdır.
İmzalanma mərasimlərində qeyd olunmuşdur ki, dövlətlərarası müqavilələr ikitərəfli əməkdaşlığa mühüm töhfə verməklə ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin möhkəmlənməsinə, cinayətkarlığa qarşı mübarizədə hüquqi yardımın göstərilməsinə, cinayət əməli törətmiş şəxslərin təslim edilməsi sahəsində qarşılıqlı fəaliyyətin təşviqinə xidmət edəcəkdir.
Həmçinin həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunmuşdur.
Səmimi şəraitdə keçirilən bütün görüşlərdə ölkəmizdə aparılan hərtərəfli islahatlara maraq göstərilmişdir.
Tədbirlərdə
ölkəmizin Hindistandakı səfiri İbrahim Hacıyev
iştirak etmişdir.
Azərbaycan.-2013.- 5 aprel.- S.7.