Antiazərbaycançı şəbəkənin niyyəti ölkəmizdə sabitliyi pozmaqdır

 

Qanunsuz yollarla gəncləri ifrat radikal əməllərə sövq etmək cinayət məhsuliyyəti yaradır

 

ABŞ-ın Milli Demokratiya İnstitutu tərəfindən Azərbaycanda "Facebook" sosial şəbəkəsi vasitəsilə inqilab planlaşdırılması layihəsinə 2 milyon dollar ayrıldığı barədə məlumatlar ictimaiyyət arasında ciddi narahatlıq yaradıb. Antiazərbaycançı şəbəkənin ölkəmizdəki ictimai sabitliyi pozaraq vətəndaş qarşıdurması, xaos yaratmaqla öz məkrli planlarını həyata keçirmək niyyətləri açıq-aydın hiss olunmaqdadır. Milli Demokratiya İnstitutu insan haqları və demokratiya adı altında bəzi gənclərə, xüsusilə də aqressiv müxalifət kimi tanınan partiyalara maliyyə yardımı ayıraraq onları küçələrə çıxarıb dövlət əleyhinə müxtəlif şüarlar səsləndirməyə təhrik edir. Bu baxımdan, təşkilatın sağlam və doğrudan da beynəlxalq hüquq prinsiplərinə uyğun  fəaliyyət yolu tutduğuna şübhələr yaranır.

Ancaq hər kəs bilir ki, bu cür hərəkətlər həm Azərbaycan Konstitusiyasına, həm də beynəlxalq hüquq normalarına ziddir. Ümumiyyətlə, hər hansı bir ölkənin daxili işlərinə müdaxilə, ərazisində sabitliyin pozulmasına cəhd göstərmə diplomatik normaların kobud şəkildə pozulması deməkdir. Ölkədə sabitliyin pozulması məqsədilə qanunsuz yollarla siyasi qüvvələri ifrat radikal əməllərə sövq etmək cinayət məhsuliyyəti yaradır. Bir sözlə, Milli Demokratiya İnstitutunun  bu cür  davranışları bilavasitə cinayət məsuliyyətinə gətirib çıxaran hərəkətlərdir. Yəni onların bu əməllərinə qarşı da konkret addımlar atılmalıdır.

Yayılan məlumatlarda bildirilir ki, Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs Gürcüstan, UkraynaMoldovada hakimiyyət dəyişikliyi dövründə bu ölkələrdə işləyib. İndibu şəxs Azərbaycanda oxşar plan üzrə fəaliyyət göstərir. Son 1 il ərzində Azərbaycanda həyata keçirdiyi proqramlar 2 hədəfə - gənclərə və sosial şəbəkəyə yönəlib. Bunu sübut edəcək faktlar isə kifayət qədərdir. Martın 10-da əsgər ölümündən yararlanaraq icazəsiz mitinq keçirən bir qrup gənc məhz sosial şəbəkə vasitəsi ilə aksiyaya çağırılmışdı. Qarşısı alınmasaydı həmin icazəsiz aksiya zamanı günahsız insanlar "Molotov kokteyl"lərin qurbanları olacaqdı. Həmin mitinqə gənclərin cəlb olunması, partlayıcı maddələrin hansı yollarla əldə olunması sual doğurmurmu? Konkret olaraq bəlli olur ki, Milli Demokratiya İnstitutu son dövrlərdə öz statusuna uyğun olmayan fəaliyyət göstərir. Qurum külli miqdarda pulun hara xərcləndiyi barədə məlumat vermir. Bir qayda olaraq onun adı ölkədə icazəsiz aksiyalarda, hökumətə qarşı fəaliyyətdə hallanır. Faktiki olaraq həmin təşkilat özünü müxalif qüvvələrdən biri kimi aparır. Belə olan halda, aydın məsələdir ki, hakimiyyət reaksiya verməlidir. Çünki hər bir dövlət özünün suverenliyini qorumaq üçün qətiyyətli mövqeyini ortaya qoymalıdır.

Milli Demokratiya İnstitutunun bu cür fəaliyyətinə münasibət bildirən qeyri-hökumət təşkilatlarının rəhbərləri də eyni fikirdədirlər. Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyir ki,  hər bir qeyri-hökumət təşkilatı fəaliyyətində şəffaf olmalıdır. QHT-lərin vətəndaş cəmiyyətinin vacib institutu olduğunu nəzərə alsaq, bu qurumlar öz fəaliyyətlərində qanunun aliliyini rəhbər tutmalıdırlar. Onun sözlərinə görə, son vaxtlar ABŞ-ın Milli Demokratiya İnstitutunun ölkəmizdəki nümayəndəliyinin fəaliyyəti ilə bağlı yayılan məlumatlar narahatlıq doğurur. Azərbaycan Baş prokurorunun bununla bağlı ABŞ səfirinə müraciət etməsi isə qanunların aliliyi prinsipinin qorunub saxlanmasının vacibliyindən irəli gəlir: "İstər Milli Demokratiya İnstitutu, istərsə də başqa bir qurum ilk növbədə, şəffaf fəaliyyət göstərməlidir. Azərbaycan dövlətindən, qurumlarından şəffaflıq tələb edən təşkilatların özləri cəmiyyətə açıq olmalıdır. Əgər adıçəkilən qurumun fəaliyyətində qərəzli, Azərbaycan qanunlarına zidd olan hər hansı məsələ varsa, təbii ki, qanun qarşısında cavab verməlidir. Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlar, şirkətlər fəaliyyətləri ilə bağlı vaxtaşırı cəmiyyətə, müvafiq orqanlara açıqlama verməlidirlər".

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərov  qəzetimizə açıqlamasında bildirdi ki, Baş Prokurorluğun Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı apardığı araşdırma və baş verən hadisələr həqiqətən ciddi narahatlıq doğurub. Onun fikrincə, Azərbaycanda seçki ili olduğu üçün antimilli qüvvələr fəallaşmağa başlayıb. Milli Demokratiya İnstitutu isə özünə yaxın çevrəni maliyyələşdirməklə ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışır: "Seçki ilində həm sabitliyin pozulmasına, həm də bəzi gənclərə sosial şəbəkələrdə və digər kütləvi tədbirlərdə qarşıdurma yaratmaq üçün maliyyə yardımı ayrılması bizi ciddi narahat edir. Bilirik ki, bütün bunların əsas məqsədi heç də həmin təşkilatların prinsiplərində göstərdikləri kimi maarifləndirmək işi deyil, yalnız seçki ilində Azərbaycanın inkişafına mane olmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkədə iğtişaşlar yarada biləcək hallara dəstək verməkdir". A.Əsgərovun fikrincə, bu məqsədlə Azərbaycandakı antimilli qüvvələrdən də istifadə olunur. Qısa bir zamanda külli miqdarda vəsaitin ayrılması, onun hara xərclənməsi ilə bağlı açıqlama verilməməsi həmin vəsaitin hansı məqsədlər üçün istifadə olunduğunu şübhə altına alır. Lakin ölkə ictimaiyyəti, gənclər təşkilatları, əksər QHT-lər buna qarşı çıxaraq bəyan edirlər ki, Azərbaycanı sevməyən, onun inkişafını qəbul etməyən bəzi antimilli qüvvələr və onları dəstəkləyən ölkədəki bəzi qurumların fəaliyyəti iflasa uğrayacaqxalq prezident seçkilərində öz layiqli namizədinə dəstək olacaq.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov da vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq birmənalı şəkildə Milli Demokratiya İnstitutunun Azərbaycanda pozuculuq işləri ilə məşğul olmasını pislədi. Onun fikrincə, bu qurum demokratik dəyərləri təbliğ etmək adı altında ölkədə çox çətinliklə əldə olunmuş əmin-amanlığı, ictimai-siyasi sabitliyi pozmağa çalışır. Zorakılıq, qarşıdurma yaradan hallara dəstək vermək, bir ölkənin daxili işlərinə qarışmaq yolverilməzdir: "Nə ABŞ-da, nə Fransada, nə də İngiltərədə fəaliyyət göstərən bir Azərbaycan təşkilatı həmin dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də MDİ kimi təşkilatlar da Azərbaycanda öz prinsiplərinə uyğun fəaliyyət göstərməlidirlər". Ş.Camalov hesab edir ki, söylənilən faktlarla bağlı hər hansı bir QHT-yə dəstək göstərilməsi, maliyyə vəsaitinin ayrılması ən azı ölkə qanunvericiliyinə ziddirbunun qarşısı mütləq alınmalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının üzərinə böyük yük düşür: "Çünki biz 1990-cı illərin əvvəllərində olan Azərbaycanı görmüşükbunun bir daha təkrarlanmasını istəmirik. Ərəb ölkələrində baş verən xaosun Azərbaycanda təkrarlanması qeyri-mümkündür. Ona görə ki, Azərbaycan hakimiyyətinin məqsədyönlü siyasəti ölkəni dünyaya tanıdıb və söz sahibinə çevirib. Bunu hər bir Azərbaycan vətəndaşı görürbu inkişafı, yüksəlişi müsbət qiymətləndirir. Vətəndaş cəmiyyətinin üzvü olaraq biz də ölkədə qarşıdurma, anarxiyanın yaranmaması üçün öz səylərimizi əsirgəmirik. Ona görə də dövlət qurumlarından tələb edirik ki, bu cür məsələlərə öz reaksiyalarını bildirsinlər".

Ş.Camalov bildirdi ki, onlar Milli Demokratiya İnstitutuna dəfələrlə müraciət etsələr də cavab verilməyib. Səbəb isə aydındır. Bu qurum müstəqil, tərəfsiz fəaliyyət göstərən təşkilalarla əməkdaşlıq etmir. Yalnız Azərbaycanın əleyhinə hər hansısa bir kampaniyada iştirak edən təşkilata daha tez maliyyə vəsaiti ayırır. 

"Milli Demokratiya İnstitutunun Azərbaycanın daxili işlərinə müdaxiləsi, siyasi tərəf kimi çıxış etməsi nə onların üzərinə götürdüyü öhdəliklərlə, nə də beynəlxalq hüquq konvensiyaları ilə bir araya sığır". Bu fikirləri isə "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı söylədi. O, beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyinə diqqət çəkərək, ölkəmizdə hakimiyyətin mənbəyinin xalq olduğunu, Azərbaycan iqtidarının yalnız öz cəmiyyəti qarşısında hesabat verdiyini vurğuladı: "Milli Demokratiya İnstitutu və digər beynəlxalq təşkilatların aranı qatmaq cəhdləri, Azərbaycandakı əlaltılarından çirkin məqsədlər üçün istifadə etmələri öz hüquqi qiymətini almalıdır. Biz ilk dəfə deyil ki, beynəlxalq təşkilatların bu cür  münasibəti ilə rastlaşırıq. Milli Demokratiya İnstitutunun ölkənin daxili işlərinə bu şəkildə müdaxiləsi, siyasi tərəf kimi çıxış etməsi nə onların üzərinə götürdüyü öhdəliklərlə, nə də beynəlxalq hüquq prinsipləri ilə bir araya sığır. Təbii, Azərbaycanın siyasi və iqtisadi baxımdan artan qüdrəti, regionun lider dövlətinə çevrilməsi bəzi antiazərbaycançı dairələri narahat edir və onlar hər vəchlə beynəlxalq miqyasda ölkəmizi gözdən salmağa çalışırlar. Lakin təcrübədən bilirik ki, bu cür təzyiqlər heç zaman keçərli olmayıb və bundan sonra da keçərli olmayacaq. Milli Demokratiya İnstitutunun və digər beynəlxalq təşkilatların ölkədə aranı qatmaq cəhdləri gec-tez hüquqi qiymətini alacaq. Bu mənada Baş prokuror Zakir Qaralovun bu məsələ ilə bağlı ABŞ səfirliyinə müraciət etməsini müsbət qiymətləndiririk. Nəhayət, dünyanı öz inhisarına almaq istəyən Qərb dairələri başa düşməlidirlər ki, hər bir ölkənin qanunlarına hörmətlə yanaşmaq lazımdır".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 5 aprel.- S.7.