Azərbaycan Prezidenti İlham Əliyev Çinin
baş prokuroru, Beynəlxalq
Antikorrupsiya Qurumları Assosiasiyası prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi. Siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini dedi. Dövlət başçısı ölkələrimiz arasında iqtisadi sahədə də yaxşı nəticələrin əldə olunduğunu vurğuladı. Prezident İlham Əliyev hüquq-mühafizə orqanlarının arasında əməkdaşlığın inkişaf etdirilməsinin ölkələrimiz arasında mövcud olan çoxşaxəli əlaqələrin genişləndirilməsinə müsbət təsirini göstərəcəyini vurğulayaraq Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının prezidenti Çao Cianminqin ölkəmizə səfərinin bu əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycanın
Çinin böyük və etibarlı dostu olduğunu
vurğulayan cənab Çao Cianminq ölkəmizin regionda
mövqelərinin daha da güclənməsində maraqlı
olduqlarını dedi. Qonaq Azərbaycan ilə Çinin beynəlxalq
təşkilatlarda bir-birinə qarşılıqlı dəstək
vermələrinin önəmini qeyd etdi. O, Beynəlxalq
Antikorrupsiya Qurumları Assosiasiyası çərçivəsində
ölkələrimizin hüquq-mühafizə
orqanlarının korrupsiyaya qarşı mübarizə sahəsində
uğurlu əməkdaşlıq etdiklərini bildirdi.
AzərTAc
Azərbaycan.-2013.- 13 aprel.- S.3.