Nodar Şaşıqoğlu
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın xalq artisti Nodar Şaşıqoğlu 2013-cü il aprelin 12-də ömrünün 87-ci ilində vəfat etmişdir.
Nodar Şaşıqoğlu 1927-ci il mart ayının 10-da Batumi şəhərində anadan olmuşdur. Tbilisi şəhərində orta məktəbi bitirdikdən sonra o, 1945-1950-ci illərdə Şükin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil almışdır.
Sənət fəaliyyətinə Moskva şəhərində başlayan Nodar Şaşıqoğlu 1950-1957-ci illərdə burada Dram və Komediya Teatrında işləmiş, 1957-1962-ci illərdə "Azərbaycanfilm", "Mosfilm" və digər kinostudiyalarda çalışmış, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olmuşdur. 1973-cü ildən etibarən kino fəaliyyəti ilə yanaşı o, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir. Müxtəlif film çəkilişlərində iştirak edən Nodar Şaşıqoğlu 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Akademik Dram Teatrında çalışmışdır. 2004-cü ildən ömrünün sonunadək o, öz sənətkar taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlamışdır.
Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən istedadlı aktyor kimi tanınmış, böyük peşəkarlıq və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapmışdır. O, teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanmışdır.
Nodar
Şaşıqoğlunun sovet teatr sənəti tarixində həm
görkəmli şəxsiyyətlərin, həm də
müasirlərimizin yaddaqalan obrazları ilə özünəməxsus
yeri vardır. Onun dünya dramaturji irsinə müraciət etməklə
səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin
yaddaşına həkk olunmuşdur. Dərin lirizmi və
psixologizmi ilə seçilən həmin rollarda aktyor sənətin
incəliklərinə son dərəcə dərindən bələd
olduğunu dönə-dönə nümayiş etdirmişdir.
"Mosfilm", "Odessa" və Aleksandr Dovjenko adına kinostudiyalarda istehsal olunmuş müxtəlif filmlərdə aparıcı rolları ifa edən Nodar Şaşıqoğlunun yaradıcılığında "Azərbaycanfilm" kinostudiyasında yaratdığı obrazlar xüsusi yer tutur. Aktyorun çəkildiyi çox sayda filmlərdə məharətlə canlandırdığı surətlər kinematoqrafiya tarixinin parlaq səhifələrini təşkil edir. Nodar Şaşıqoğlu yüksək əxlaqi-mənəvi keyfiyyətlər təlqin edən romantik xarakterli qəhrəmanların obrazlarının mahir ifaçısı kimi tanınırdı. Azərbaycan kinosunun unudulmaz qəhrəmanlarının uğurlu ekran həyatı məhz onun bənzərsiz ifası ilə bağlıdır. "Uzaq sahillərdə" filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı isə sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülmüşdür. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olmuşdur.
Nodar Şaşıqoğlunun kino və teatr sənətinin inkişafı sahəsindəki xidmətləri Azərbaycanda yüksək qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüş, 2007-ci ildə isə müstəqil Azərbaycanın ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Tanınmış kino və teatr aktyoru, unudulmaz sənətkar və səmimi insan Nodar Şaşıqoğlunun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham
Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma
Abdullazadə, Əbülfəs Qarayev, Azər Paşa Neymətov,
Şəfiqə Məmmədova, Eldar Quliyev, Cənnət Səlimova,
Aleksandr Şarovski, Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov
Azərbaycan.-2013.- 13 aprel.- S.3.