Pakistanın «Diplomatik Star» jurnalında Azərbaycan Prezidentinin Dünya İqtisadi Forumunun açılışında iştirakı ilə bağlı geniş məqalə dərc edilmişdir

 

Pakistanın nüfuzlu "Diplomatik Star" jurnalında "Prezident İlham Əliyev Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun açılışında iştirak etmişdir" sərlövhəli məqalə dərc edilmişdir.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə son illərdə beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkəmizə dünyanın diqqətinin növbəti dəfə yönəldiyi,  Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunun keçirildiyi vurğulanmışdır. Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın forumun açılışında və birinci sessiyasında iştirak etdikləri diqqətə çatdırılmışdır.

Qeyd olunmuşdur ki, forumda dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etmişlər. Vurğulanmışdır ki, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab tədbirdə çıxış edərək son illər ərzində Azərbaycanda çox böyük iqtisadi artım göstəricilərinin qeydə alındığını bildirmişdir. Məqalədə qeyd olunmuşdur ki, natiq bunun ilk növbədə, ölkənin zəngin təbii resurs potensialının düzgün istifadəsi sayəsində mümkün olduğunu, bu nailiyyətlərin həmin resurslardan ölkə iqtisadiyyatının şaxələndirilməsində uğurla və bacarıqla istifadə edilməsi sayəsində qazanıldığını vurğulamışdır. Jurnalda Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi inkişaf potensialına həsr edilmiş videoçarxda Azərbaycan iqtisadiyyatının uğurlarına və potensialına xüsusi yer ayrıldığı qeyd olunmuşdur.

Məqalədə Prezident İlham Əliyevin forumda çıxış edərək Azərbaycanda aparılan iqtisadi islahatlar, enerji strategiyası, karbohidrogen resurslarının nəqli, icrada olan genişmiqyaslı layihələr  haqqında məlumat verdiyi vurğulanmışdır. Yazıda dövlətimizin başçısının "məqsədimiz enerji kapitalını insan kapitalına çevirməkdir və bu istiqamətdə təhsil əsas rol oynayır" sözləri sitat gətirilərək Azərbaycan iqtisadiyyatının son 10 ildə dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu, ümumi daxili məhsulun üç dəfə, sənaye istehsalının isə 2,5 dəfə artdığı bildirilmişdir. Həmçinin forumda Qazaxıstanın və Qırğızıstanın Baş nazirlərinin birinci müavinləri Bakitjan Sagintayevin və Comard Otorbayevin, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldızın, Rusiyanın VTB Bankının sədri və icraçı direktoru Andrey Kostinin çıxış etdikləri vurğulanmışdır. Çıxışlardan sonra forumun müzakirə şəraitində keçirildiyi və Prezident İlham Əliyevin suallara cavab verdiyi qeyd olunmuşdur.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.diplomaticstar.com/magazine/strategic-dialogue-on-the-future-of-the-south-caucasus-and-central-asia.html

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.3.