Mübarək səfərlər, unudulmaz
görüşlər
Sizin rayon bildiyiniz kimi, respublikamızın ərazisində təbiət etibarı ilə, iqlim etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik olan bir rayondur... Əsrlərdən-əsrlərə keçmiş tarixi abidələr, arxitektura abidələri, həm Lahıc, həm Basqal kəndinin timsalında, bütün sizin rayonun ərazisində olan başqa tarixi abidələrin timsalında özünü göstərir.
Heydər ƏLİYEV
Haqqın dərgahında müqəddəslər məqamında olan ulu öndərin pak ruhu qarşısında məsuliyyətimi dərk edərək əlimə qələm aldım. Dünya dəyərli insanın, yenilməz, fenomen rəhbərin, milli taleyimizi öz şəxsi taleyi kimi yaşamış ümummilli liderimiz Heydər Əliyevin İsmayıllıya səfərlərini yenidən yaddaşımda canlandırdım. İstədim ki, oxucular da tariximizin şərəfli səhifələrini vərəqləsinlər. Ulu öndərin hər bir rayonun timsalında insanlara necə səmimi, qayğıkeş, rəhbərlikdə necə qətiyyətli və güzəştsiz, qüdrətli və əvəzedilməz olduğunu duysunlar, dərk etsinlər. Bir daha yəqin edək ki, yüksəlişimiz, beynəlxalq nüfuzumuz, müstəqilliyimizin əbədiliyi, milli səadətimiz yalnız Heydər Əliyev yolunun yaradıcılıqla, ləyaqətlə, dəyanətlə davamından qaynaqlanır. Milli taleyimiz, sabahkı daha xoşbəxt, firavan həyatımız ulu öndər Heydər Əliyevin özü qədər inandığı İlham Əliyevin şərəfli adı ilə bağlıdır.
Milli qürurumuz, xəlqi rəhbərimiz Heydər Əliyevin İsmayıllıya səfərlərindən danışmağa başlarkən, əvvəlcə onu qeyd edim ki, onun bölgələrə etdiyi səfərlər həmin yerlərə sürətli inkişaf, yüksək rifah, zəngin sosial həyat gətirirdi. Əmək adamları ondan layiq olduqları dəyərli qiyməti alırdılar. Ulu öndərin respublikamıza rəhbərliyi zamanında neçə-neçə pambıqçı, üzümçü, maldar, sağıcı Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Səfərlər rayonların abadlaşmasına, tikinti-quruculuq işlərinin geniş vüsət almasına yeni təkan verdi. Hər bir bölgənin insanları Heydər Əliyevin gəlişini səbirsizliklə gözləyir, onunla görüşməyi arzulayırdılar.
İsmayıllı əhalisi bu arzusuna 23 iyul 1981-ci ildə çatdı. Xalqın ümidgahı olan Heydər Əliyev Gəraybəyli kəndinin yaxınlığında Ağsu-İsmayıllı sərhədində qarşılandı. Sonra Xəlilli kəndində üzüm bağının kənarında əhali ilə görüş oldu. Ümummilli lider hər bir əməkçi ilə səmimiyyətlə, hərarətlə görüşdü. Səfərbəredici, insana qayğı ilə zəngin çıxış etdi. Sovxoz direktoru Hüseyn Səfərovu, sağıcı Sosialist Əməyi Qəhrəmanı Gülüstan Həsənovanı, qabaqcıl üzümçülər Elmira Əliyevanı, İnnab Babayevanı dinlədi. Yüksək əmək nəticələrini təqdir edən xoş sözlər dedi. Gəraybəyli və Xəlilliyə qaz çəkilməsi və sosial obyektlərin tikilməsi barədə verilən tapşırıq çox qısa müddətdə icra olundu.
Səmimi söhbət zamanı Elmira Əliyeva el atasına dedi:
- Hörmətli yoldaş Əliyev, bilmirəm, Sizə necə təşəkkür edim?! Heç fikrimə gətirməzdim ki, Siz becərdiyim üzüm bağında olarsınız. 12 uşaq anasıyam. Böyük qızım bu il ali məktəbi bitirib, rus dilindən dərs deyəcək. Həyat yoldaşım da sovxozda çalışır. Əlimizin zəhmətinə güvənib firavan yaşayırıq.
Heydər Əliyev
razılıqla bildirdi:
- Belə ailə sahibi olduğunuz üçün sağ olun. Siz həm ailədə qəhrəmansınız, həm tarlada.
Kürdmaşı 1980-ci illərdə İsmayıllı təsərrüfatlarının üzümçülükdə flaqmanı idi. Ulu öndər burada üzümçülərlə, ağsaqqallarla görüşdü. Qulamalı kişi ilə Heydər Əliyevin görüş şəkli yerlərdəki fotolövhələrdə öncül yerdən asılmışdı. Kürdmaşı kənd sovetinin sədri Sənubər Zeynalova, sovxoz direktoru Tofiq Yəhyayev və partiya təşkilat katibi Zeynal Rüstəmov da bu görüşdə çıxış etmişdilər.
Bu görüşlər insanları qurub-yaratmağa, yüksək istehsal nəticələri qazanmağa, mənəvi ucalığa, vahid məqsəd uğrunda mübarizəyə səfərbər edirdi. Əməyi qiymətləndirilən zəhmət adamları xüsusi fədakarlıqla çalışır, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən ləyaqətlə gəlirdilər. 80-ci illərin rəqəmlərinə diqqət yetirdikdə hər kəs deyilənlərin şahidinə çevrilir.
1981-ci ildə rayonda 40860 ton, 1983-cü ildə isə 41800 ton taxıl, 38-586 ton kartof, 576-609 ton tərəvəz, 133-572 ton meyvə istehsal olunmuşdu. Üzümçülüyün inkişafı ümummilli liderin diqqətində olmuş, regionlarda sənayenin inkişafı daha çox üzüm emalı sayəsində təşəkkül tapmışdı. İsmayıllıda 1981-ci ildə 49922 ton, 1982-ci ildə 55308 ton, 1984-cü ildə isə 80346 ton üzüm istehsal edilmişdi. Bu rəqəmlər təkcə şərab istehsalının artımı deyildi. İnsanların pul gəlirinin artımı, həyat səviyyəsinin yüksəlməsi idi, yeni-yeni evlərin tikintisi, çoxsaylı minik maşınlarının alınması idi. Buna görə də rifahı durmadan yüksələn İsmayıllı əhalisi ulu öndər Heydər Əliyevə minnətdar idi.
Həmin gün ölkə rəhbəri " Zəka" kitab evinin açılışını etmiş, indiki RİH, maliyyə idarəsi və sosial müdafiə mərkəzinin yerində olan, müasir üslubda tərtib edilmiş ticarət cərgəsinə baxmış, görülən işləri bəyənmişdi. Kitab evinin açılışı zamanı dərin zəka və qlobal düşüncə sahibi Heydər Əliyevin dediyi tarixi, elmi və siyasi əhəmiyyətli sözləri bütün xalqımız üçün dəyərini nəzərə alıb oxucuların diqqətinə çatdırmaq istərdim: "Yoldaşlar, yaraşıqlı, həm daxili, həm xarici gözəl olan, xüsusi zövqlə tikilmiş bu kitab evinin istifadəyə verilməsi münasibətilə inşaatçılara öz razılığımı bildirirəm. Düzdür, tikmişiniz, indiki işin xeyri və gələcək səmərəsi bu kitab evindən necə istifadə edəcəyinizdə özünü göstərəcək. Onu bilməlisiniz ki, bu, kitab sərgisi deyil, bu ev istifadə edilmək üçündür. Kitab evi siyasi ədəbiyyatı yaymaqda xüsusilə təşəbbüskar olmalı, bədii, elmi, texniki kitabların təbliğatı sahəsində çox iş görülməlidir. Mən arzu edərdim ki, bu kitab evi sizin mədəni həyatınızda , mənəvi dünyanızda böyük rol oynasın, sizi cəmiyyətimizin ən xeyirli adamı olmağa çağırsın, yaxşı işləməyə səsləsin."
Ulu
öndərin o zamankı tapşırıqları bu gün də
ismayıllılıların yolunu nurlandırır, milli-mənəvi
dəyərlərə istinadən mədəni həyatını
zənginləşdirir. Müdriklik zirvəsinin fatehi olan ulu
öndərin siyasi-ideoloji irsi İsmayıllı sakinləri
tərəfindən onun vəsiyyətlərinə uyğun
öyrənilir, həyatda baş verən proseslərdən
baş çıxarmaq üçün həmin zəngin irsə
müraciət edilir.
Bir səmimi
görüş barədə də yaddaşlara həkk
olunanları qeyd etmək istərdim. Ticarət cərgəsinə
baxandan sonra Heydər Əliyev indi abidəsi ucalan meydana gəldi,
toplaşanlarla səmimi görüşdü. 97 yaşlı
Məşədi Kərim kişi ilə daha mehriban
salamlaşaraq soruşdu:
-
Kişi, neçə yaşın var?
- 97
yaşım var, sağlığına hələ də
işləyirəm.
-
Yüz yaşına gələk. Dolanışığın
necədir?
- Lap
yaxşı. Sənin kimi kişi olan yerdə hər şey
yaxşı olar! Sənin də 100 yaşın olsun!
Mehribanlığından
sevdiyi xalqa həyat eşqi bəxş edən ulu öndərin
Məşədi Kərim baba ilə söhbəti mənəvi
xəzinə kimi onun yeni-yeni nəsillərinə
ötürülür.
Muğanlı-İsmayıllı
yolunun çəkilişində, xüsusilə, Girdiman
çayı üzərində salınan körpüdə
çalışan inşaatçılar ulu öndərlə,
hərarətlə görüşdülər. Yol-nəqliyyat
naziri R.Xələfov işlərin gedişi barədə Heydər
Əliyevə məlumat vermişdi.
Heydər
Əliyevin bir neçə yerdə Girdiman çayı üzərindən
saldırdığı körpülər dağ zonasında
yaşayan insanları sellərdən, sulardan xilas etmişdi. Həmin
körpülər el arasında onun şərəfli adı
ilə adlandırılır.
Körpüdə
çalışan fəhlələrin bu gün də
yaşamaqda davam edənləri əllərində ulu öndərin
əllərinin hərarətini hiss edirlər. Çünki
o, hər bir fəhlə, hər bir mühəndislə əl-ələ
görüşmürdü. Ona gül verən gül
balaları bağrına basmışdı!
İnşaatçılara müraciət edərək
demişdi: "Siz çox xeyirxah iş
görürsünüz. Diqqət verin ki, tikdiyiniz
körpüdən bütün illər uzunu milyonlarla insan
keçəcəkdir. Gərək
çalışasınız ki, işiniz keyfiyətli olsun.
Tikdiyiniz körpüdən keçən hər kəs sizə
"əhsən" desin!"
Körpülər
tikildi, Girdiman çayı ram edildi, hamı rahatlıq
tapdı. Qədirbilən insanlar bu xeyirxah əməl sahibinə,
bu mərhəmətli insana, milli xilaskarımız olan Heydər
Əliyevə rəhmət diləyirlər. Onun müəyyən
etdiyi yolla yaşamağı, işləməyi, dövlətə
xidmət etməyi özlərinə vətəndaşlıq
borcu bilirlər.
24
iyul 1981-ci ildə rayon mədəniyyət evində fəallar
yığıncağı olmuş, ümummilli lider Heydər
Əliyev hər bir iştirakçıda daxili bir səfərbərlik
yaradan, insanları daha böyük uğurlara yönəldən
nitq söyləmiş, rayon rəhbəri Qəşəm
Aslanovun timsalında İsmayıllıda gedən işləri
təqdir etmiş, çox dəyərli tapşırıq və
tövsiyələrini vermişdi. Təsərrüfat işləri
ilə yanaşı, ümummilli liderimiz sosial problemlərin həlli
yollarından, mədəniyyətimizin inkişafından, kəndlərin
daha da abadlaşdırılması
və yaxşı yaşamaq üçün
bütün şəraitin yaradılması zəruriliyindən,
Lahıc qəsəbəsinin tarix-mədəniyyət
qoruğu elan olunmasından, tarixi abidələrə
qayğılı münasibətin formalaşmasından elmi-təhlili
səviyyədə danışaraq demişdi: "Mən bu
gün yol-nəqliyyat naziri Rafiq Xələfova və yoldaş
Aslanova ciddi göstəriş verdim ki, gələn ilin
üçüncü kvartalda Lahıc yolu tamamilə tikilsin,
bütün körpülər istifadəyə verilsin. Burada
Lahıca getmək üçün, bütün nəqliyyat
vasitələri ilə getmək üçün tam
yaxşı şərait yaradılsın".
Yol
çəkildi, dağ camaatı rahat həyata başladı,
gediş-gəliş asanlaşdı. Artıq bu zaman milli
iftixarımız, beynəlxalq təmsilçimiz Heydər Əliyev
daha geniş miqyasda Azərbaycanı təmsil edirdi. Moskvada
idi. Lahıc sakinləri minnətdarlıq teleqramlarını
və məktublarını oraya ünvanlayırdı.
Ümummilli
lider İsmayıllıya ilk səfəri zamanı turizmin
perspektivini, respublikamızın tarixinin öyrənilməsi və
təbliğini ideoloji işin ən
vacib istiqaməti kimi çox aydın görürdü. Qeyd
edirdi: "Vəzifələriniz ondan ibarətdir ki, rayonun ərazisində
olan bütün tarixi abidələrin hamısını bərpa
edəsiniz, yenidən qurub abadlaşdırasınız.
Onları qoruyasınız və onlardan indi bizim gənc nəslin
tərbiyəsi üçün, ümumiyyətlə,
respublikamızın tarixini təbliğ etmək
üçün səmərəli istifadə edəsiniz.
Rayon təbiətcə çox gözəl rayondur. Gözəl
meşələri, dağları, çayları, bulaqları
var. Bunlar hamısı doğrudan da, istirahət
üçün, turizm üçün çox
yararlıdır".
İndi İsmayıllıya ildə 50 mindən çox turist gəlir. Lahıc beynəlxalq turizm marşrutuna daxil olur. Qədim qəsəbə memarlığı, məişət mədəniyyəti, mənəvi dəyərləri ilə birgə qorunur, rayonun hər bir tarixi abidəsi, tikilisi tanınır, tanıdılır. Bu onun nəticəsidir ki, fenomenliyi dünyaya bəlli olan ümummilli liderimizin vəsiyyətlərinə məsuliyyətlə əməl edilir.
Fəallar yığıncağındakı nitqinin başlanğıcında bölgəmizə böyük qiymət verən Heydər Əliyev demişdi: "Sizin rayon, bildiyiniz kimi, respublikamızın ərazisində təbiət etibarı ilə, iqlim etibarı ilə, torpaq etibarı ilə gözəl guşələrdən biridir və böyük tarixə, böyük ənənələrə malik olan rayondur". O həmin gün axşam rayonun daha gözəl bir məkanına - İvanovkaya getmiş, təntənəli yığıncaqda N.Nikitinin sədr olduğu kolxoza Qırmızı Əmək Bayrağı ordeni təqdim etmişdi. Yaxşılıq və xeyirxahlıq üçün yaranmış ulu öndər İsmayıllıda xalqa məhəbbət missiyasını davam etdirirdi.
25 iyul 1981-ci ildə İvanovkadakı Kalinin adına kolxozun təcrübəsi əsasında "Heyvandarlığı və yemçiliyi əsaslı surətdə yüksəltmək yolları" barədə respublika seminar-müşavirəsi keçirilmişdi. Bütün rayonların birinci katibləri, icraiyyə komitəsi sədrləri seminarda iştirak etmiş, ümummilli liderin yüksəlişin əsası olan tapşırıqlarını almışdılar. Seminara rəhbərlik edən Heydər Əliyev demişdi ki, məqsəd Kalinin adına kolxozda toplanmış təcrübəni öyrənmək və sonra geniş yaymaqdır. Seminar iştirakçıları, xüsusən, heyvandarlıq və yem istehsalı mütəxəssisləri müzakirəyə böyük maraq göstərmişdilər. Onlar yem tədarük edilən sahələrdə, heyvandarlıq kompleksində, qarışıq yem hazırlanan sexlərdə olmuş, mal-qaranın yemlənməsini və süd sağımını müşahidə etmiş, yüksək nəticəli zootexniki və baytarlıq xidmətinin nəticələrini görmüşlər. Heydər Əliyev yekunda demişdir ki, seminar-müşavirə heyvandarlığı və yem istehsalını inkişaf etdirmək sahəsində işimizin yeni mərhələsinin başlanğıcı olacaqdır.
İvanovkada qazanılan qabaqcıl təcrübədə rayonun fəal iştirakı olmuşdur. Rayon rəhbərliyi oradakı kolxozun fəaliyyəti üçün həmişə münbit şərait yaratmış, hər bir yaxşı işini təqdir etmiş, başqa təsərrüfatlara nümunə göstərmişdi. Respublika müşavirəsinədək bir neçə dəfə qabaqcıl təcrübəni öyrənmək məqsədilə rayon miqyaslı seminar keçirilmişdi. Sosial-iqtisadı inkişafın, aqrar sahənin bütün istiqamətləri üzrə kamil mütəxəssis kimi tanınan Heydər Əliyevin rəhbərliyi ilə keçirilən seminar ümumilikdə İsmayıllıda heyvandarlığın inkişafına böyük təkan vermişdi.
1981-82-83-cü illərdə ət istehsalı 4762-4927-5142 ton, süd istehsalı 21250-22272-23052 ton olmuşdu. Yun və yumurta istehsalı da əhəmiyyətli dərəcədə artmışdı. Heyvandarlığın digər sahələrində də inkişaf yüksələn xətt üzrə getmişdir.
Ümummilli lider Heydər Əliyev ən çətin anlarda, taleyüklü məsələlərin həllində həmişə ürəkdən sevdiyi xalqının yanında olmuşdur. 1981-ci il noyabr ayının 30-da baş verən güclü zəlzələ nəticəsində əhali arasında qorxu yaranmışdı. Hamı evindən kənarda gecələyirdi. Dekabr ayının 5-də respublikamızın rəhbəri, xalqımızın ümidgahı Heydər Əliyev İsmayıllıya gəldi. Indiki Mübariz Orucov küçəsində, Mican, Mücühəftəran, Ruşan kəndlərində oldu. Evlərə baxdı, hamıya təskinlik gətirən, ümid verən sözlər dedi. Onun göstərişi ilə Nazirlər Soveti sədrinin müavini Əliş Ləmbəranski və birinci katib Qəşəm Aslanovun başçılığı ilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə qərargah yaradıldı. Ümummilli liderin təkidi ilə İsmayıllı barədə Ümumittifaq qərarı qəbul olundu, 22 milyon rubl vəsait ayrıldı. Görmədən təsəvvür etmək olmazdı ki, İsmayıllıya nə qədər tikinti materialı daşınır. Təkcə Müsüslü stansiyasında gündə 50-54 vaqondan tikinti materialları boşaldılır və rayona daşınırdı.
Ulu öndərin səfəri, əhali ilə qayğılı görüşü sanki qorxunu da aradan götürdü. Hamı evində gecələməyə başladı. Zəlzələ elə böyük dağıntılara səbəb olmamışdı, elə böyük ziyan vurmamışdı. Lakin nəticədə İsmayıllı içərisində yeni bir İsmayıllı, çoxsaylı sosial və istehsal obyektləri tikildi. Hündür mərtəbəli evlərin tikintisinə zəlzələdən sonra başlandı. Heydər Əliyevin rəhbər qüdrəti və qayğısı, insani böyüklüyü, xalqa məhəbbəti, milli taleyimizi yaşamaq məsuliyyəti İsmayıllıya, ismayıllılılara nicat gətirdi. Xalqının dar günündə onunla olmağı, harayına yetməyi özünün atalıq, oğulluq, böyüklük borcu bilən Heydər Əliyevin İsmayıllıya səfəri çoxlarının diqqətini bu bölgəyə yönəltdi. Bakı, Mingəçevir, Sumqayıt, Gəncə, Dərbənd zəlzələnin vurduğu ziyanı aradan qaldırmaqda rayona dost əlini uzatdı.
Təkcə 1982-ci ildə 16 milyon manatlıq tikinti-quraşdırma işləri görüldü. Bu da 1980-ci ildəkindən 4 dəfə, 1975-ci ildəkindən 13 dəfə çox idi. Birtipli layihə əsasında 18 məktəb, inzibati-binalar, uşaq bağçaları, uşaq xəstəxanası və poliklinikası, uşaq idman məktəbi, uşaq yaradıcılıq mərkəzi, bir neçə sənaye obyekti tikildi. Fərdi evlərin isə sayı-hesabı yox idi. Ev tikmək, təmir etmək istəyən kimsə heç bir çətinliklə üzləşmirdi. Dövlət bütün resurslarını İsmayıllıya yönəltmişdi. Tapşırıq ulu öndərdən gəldiyinə görə!
Ümummilli
lider Heydər Əliyevin Şəki şəhərinə səfər
edəcəyi xəbərini eşidən İsmayıllı
sakinləri təbii ki, onunla görüşmək fürsətini
əldən verməzdi. 08 noyabr
2002-ci ildə heç bir çağırış
olmadan böyük insan kütləsi öz qəlbinin
çağırışı ilə Nizami küçəsinin
başlanğıcındakı meydana
toplaşmışdı. Coşqun məhəbbətli
insanları görən Heydər Əliyev nəzərdə
tutulmayan dayanacaq etdi, əhali ilə görüşdü, yenə
də İsmayıllı barədə xoş sözlər
dedi: "İsmayıllı çox gözəl rayondur, mən
buranı yaxşı tanıyıram, əhalisi çox zəhmətkeşdir.
Azərbaycana rəhbərlik etdiyim o illərdə mən bu
rayondan bir dənə də olsun mənfi şey eşitməmişdim.
Təbiəti yaxşıdır, bütün ətrafı
gözəl meşələr çaylardır. Indi Allah sizə
belə gözəl yer nəsib edibdir".
Hər
gəlişi, hər görüşü el bayramına
çevrilən Heydər Əliyev burada da insanların
yaşayış tərzi ilə maraqlandı,
taxılçılıq, maldarlıq və
üzümçülüyün inkişafı, emal müəssələrinin
yaradılması ilə əlaqədar tapşırıq və
tövsiyələrini verdi. Sonra Şəkiyə yola
düşdü.
2002-ci
ildə yolüstü görüşü zamanı Heydər Əliyev
onu qarşılayanların ünvanına xoş sözlər
demişdi: "Mən sizin hamınıza can
sağlığı, bütün işlərinizdə
uğurlar arzu edirəm və ümidvaram ki, sizin də hər
birinizin, hər bir ailənin işləri get-gedə
yaxşı olacaqdır."
Ruhu
şad olsun müstəqilliyimizə əbədilik xarakteri verən
Heydər Əliyevin! Onun müəyyən etdiyi yolla
İsmayıllı inamla, dəyanətlə, ləyaqətlə
irəliləyir. Adını daşıyan mədəniyyət
mərkəzi yenidən qurulur, prospektdə abadlıq işləri
davam etdirilir. Yaşayış binaları, uşaq
bağçaları tikilir. Enerji təchizatı sistemi yenidən
qurulur. İdarəetmə təkmilləşdirilir.
İnsanların işləyib-yaşaması, sosial həyatının
zənginləşməsi üçün yeni layihələr
həyata keçirilir. Qüvvələr, imkanlar bilavasitə
xalqa xidmətə yönəlir.
Hər səfərindən yeni bir
inkişaf tarixi, yeni bir yüksəliş mərhələsi
yaranan Heydər Əliyev 1981-ci ilin iyul ayında
İsmayıllıya insanlara nur paylayan, görmək sevinci bəxş
edən görkəmli oftolmoloq, ömür gün
yoldaşı Zərifə xanım Əliyeva ilə gəlmişdi.
İki gecə İvanovkada M.V.Nikitinin qonağı
olmuşdular.
Mariya
Orlova o günləri belə xatırlayır: "Nikitin gələn
qonaqları mehmanxanaya dəvət etdi. Biz Zərifə
xanımla kəndə çıxdıq, küçələrdə
gəzdik. Mən evimdə Zərifə Əliyevanı
çaya qonaq etdim. Mehmanxanaya qayıdan zaman yolda hamı ilə
görüşür, hal-əhval tuturdu. Zərifə
xanım insanlarla görüşdən çox razı
qalmışdı".
Rayon
partiya komitəsinin ikinci katibi işləyən Gözəl
Osmanova da Zərifə xanım Əliyeva ilə
görüşmüş, onu müşayiət etmişdi. O
günləri yenidən yaşamaq üçün
yaddaşını vərəqləyən Gözəl
xanım deyir: "Zərifə xanımı müşayiət
etmək mənə həvalə olunmuşdu.
Tanışlığımız çox sərbəst və
səmimi oldu. Bu sadə, səmimi, mehriban insan məndə ən
xoş duyğuları yaradırdı. Həmin gün
İvanovkaya mükafat təqdim olunacaqdı. İclas salonuna
getdik. Sadəliyi və təvazökarlığı alimliyi qədər
yüksək olan Zərifə xanım Əliyeva birincidə
deyil, yeddinci sırada əyləşdi. Onun geyimi də, bəzək
əşyaları da, nitqi də sadə idi. İlk
baxışdan bu keyfiyyətlərinə görə adam onun
yanında özünü sərbəst hiss edirdi. Ümummilli
liderin İsmayıllıya səfəri Zərifə
xanımın iştirakı olduğuna görə daha zəngin
idi".
Bəli,
ənənələr bu gün daha yaradıcılıqla
davam edir. Möhtərəm Prezident İlham Əliyev bölgələrdə
gedən işlərlə bilavasitə tanış olur, əhali
ilə görüşür, hər bir rayonun vacib problemlərinin
həlli üçün öz ehtiyat fondundan vəsait
ayırır. Cənab İlham Əliyev baş nazir olarkən
2003-cü ildə, Azərbaycan Respublikasının Prezidenti
olarkən 19 avqust 2005-ci ildə və 29 oktyabr 2009-cu ildə
İsmayıllıya səfər etmiş, nailiyyətlərdən
razı qaldığını bildirmişdi.
Biz
bu gün ümummilli liderimizin əbədiyyətə
qovuşmasından kədərlənsək də, Tanrı tərəfindən
Azərbaycan dünyasına bəxş edilməsindən həmişə
sevinc duyuruq!
Fərman BƏŞİROV,
təhsil veteran
Azərbaycan.-2013.- 13 aprel.- S.3.