Heydər Əliyev ideyaları müasir məhkəmə sisteminin
inkişafının əsasını təşkil edir
Tarixi
şəxsiyyətlərin böyüklüyü illər
keçdikcə daha aydın görünür. Millətinin
tarixində dərin iz qoymuş, onun keçmişini
yaratmış və gələcəyini müəyyən
etmiş insanların işi və ideyaları zaman məsafəsindən
daha uca görünür, daha aydın nəzərə
çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca
belə şəxsiyyətlərin taleyinin çətin və
keşməkeşli olduğunu dərk edirik, çünki
zaman məcrasına sığmayan belə insanlar özlərinin
bütün mənalı ömürlərini fədakarcasına
vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin
möhkəmləndirilməsinə həsr edirlər.
Keçmişin və yaşadığı dövrün
reallıqlarını nəzərə alaraq mümkün
olanı etmiş, hətta çoxlarına xülya kimi
görünənləri belə həyata keçirmiş
şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri,
müdrik ideyaları xalqın və dövlətin gələcəyinə
işıq salır. Belə şəxsiyyətlərin
varlığı ilk növbədə Ulu Tanrının həmin
xalqa verdiyi bəxşişdir.
Bu
baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrini
yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat
yolu, bizə və gələcək nəsillərə miras
qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz
nümunədir. Təkcə Azərbaycan xalqının deyil,
bütün türk dünyasının fəxri olan bu
böyük insanın gördüyü işlər, söylədiyi
fikirlər haqqında hələ çox əsərlər
yazılacaq, çox sözlər deyiləcəkdir. Bununla
yanaşı, Heydər Əliyevin hər bir insanın qəlbində
öz yeri, hər bir vətəndaşın taleyində
öz izi var. Onun dolğun və bütöv şəxsiyyət
obrazı hər bir azərbaycanlıya həmişə
canlı nümunə olmuş və gələcəkdə də
mükəmməl örnək olacaqdır.
Heydər
Əliyev bu gün həyatda olmasa da, onun ideyaları, dövlətçilik
amalları yaşayır, qurub yaratdığı müstəqil
Azərbaycan dövləti sürətlə inkişaf edir,
müasirləşir. Məhz dahi rəhbərin
xalqımız və dövlətimiz qarşısında
misilsiz xidmətlərinin məntiqi nəticəsidir ki, bu
gün ümummilli liderimiz xalqımız tərəfindən
hər zaman dərin ehtiramla xatırlanır, onun mənalı
ömrünə və zəngin fəaliyyətinə daim nəzər
salınır. Bu il ölkəmizdə ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi geniş qeyd olunur.
Ümummilli
liderimiz tarixin ən mürəkkəb və məsuliyyətli
dövrlərində Azərbaycanın milli mövcudluğunu
yaşatmaq kimi ağır bir yükün altına girərək
xalqımızın ən çətin məqamlarında onu
üzləşdiyi faciələrdən xilas etmək
üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Hələ Azərbaycana ilk rəhbərliyi dövründə
böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə
baxmayaraq, Heydər Əliyev azərbaycançılıq
ideyasının, milli özünüdərkin inkişafı,
xalqın tarixi yaddaşının özünə
qaytarılması prinsipləri əsasında milli dövlətçilik
arzularının və hisslərinin güclənməsinə,
real siyasi faktlara çevrilməsinə nail olmuşdur.
Ulu
öndər dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi
əldə etmək qədər də onu qoruyub saxlamaq, əbədiliyini
dönməz etmək çətindir. Bu baxımdan dövlətçiliyimizin
möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi
töhfələr əvəzsizdir. Heydər Əliyevin
1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə
qayıdışı milli müstəqil dövlətimizin
qorunması və möhkəmləndirilməsi
baxımından həlledici rol oynamışdır. Ulu öndər
Heydər Əliyev hələ 1969-1982-ci illərdə rəhbər
olduğu dövrdə Azərbaycanın gələcək
müstəqilliyinin iqtisadi əsaslarını yarada
bilmişdi. Bu baza əsasında məhz Azərbaycan müstəqillik
əldə etdikdən sonra milli dövlətçiliyimizin
möhkəmləndirilməsi üçün çox ciddi
sosial-iqtisadi, siyasi islahatlar həyata keçirilmiş, əhəmiyyətli
addımlar atılmışdır. Bu əhəmiyyətli
addımlar özünü ilk növbədə, Azərbaycanda
hakimiyyətdə səriştəsiz dairələrin
olduğu 1991-1993-cü illərdə mövcud olan xaosun,
anarxiyanın aradan qaldırılmasında, dövlət və
xalq arasında möhkəm birliyin yaradılmasında göstərmişdir.
Azərbaycan
dövlətini yenidən quran Heydər Əliyev yaxşı
anlayırdı ki, cəmiyyət həyatının
sağlamlaşdırılmasına, mənəvi-intellektual
yüksəlişə xidmət edən islahatlar həyata
keçirməli, cəmiyyətin mənəvi bütövlüyünə
nail olmalı idi. Ona görə də ulu öndər ilk
növbədə həllini gözləyən bu və digər
problemlərin öhdəsindən uğurla gəldi, hətta
ölkənin müstəqil, təminatlı gələcəyinə
etibarlı zəmin formalaşdıra bildi.
Dövlətin möhkəmliyi üçün qanunun aliliyinin vacibliyini vurğulayan Heydər Əliyev ölkəmizdə bu ali prinsipin bərqərar olunmasını, zamanın tələbinə və reallığa uyğun yeni qanunların yaradılmasını, işlək mexanizmlərin formalaşdırılmasını təmin etdi. 1995-ci ildə ulu öndərin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası dünya standartlarına uyğun şəkildə işlənib hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu. Konstitusiyasının qəbul edilməsi ilə respublikamız hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımladığını bir daha dünyaya nümayiş etdirdi. İlk milli Konstitusiyamız müstəqil Azərbaycan dövlətinin inkişafının əsas istiqamətlərini müəyyənləşdirən hüquqi prinsipləri özündə ehtiva edən tarixi bir sənəd olaraq dövlətinin inkişafına və Azərbaycan xalqının rifahına xidmət edən dövlət idarəetmə mexanizminin istinad etməli olduğu hüquqi bazaya çevrildi.
Sivil cəmiyyətin ayrılmaz tərkib hissələrindən biri müstəqil məhkəmə hakimiyyətidir. Ulu öndər bunu əsas tutaraq məhkəmə-hüquq islahatı konsepsiyasının hazırlanmasını və həyata keçirilməsini daim diqqətdə saxlayırdı. Bu baxımdan hakimlərin demokratik prinsiplər, şəffaf prosedurlar əsasında, beynəlxalq standartlara uyğun, aşkarlıq şəraitində seçilməsi, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində mütərəqqi addımlar atıldı.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
imzaladığı "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında" sərəncamında haqlı olaraq qeyd olunur
ki, "Azərbaycanda müasir demokratik, hüquqi və
dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
təşəkkülü, milli-mənəvi dəyərlərə
qayıdış və elmin, təhsilin, mədəniyyətin
inkişafı əbədi surətdə Heydər Əliyevin
adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu
Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin
bölünmə prinsipinin təsbit olunması, hüquq
normalarının və qanunvericilik bazasının beynəlxalq
standartlara uyğunlaşdırılması, müasir idarəetmə
üsullarının bərqərar olması və müvafiq
dövlət qurumlarının formalaşdırılması
Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən
genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".
Doğrudan da dahi rəhbərin həyata keçirdiyi
genişmiqyaslı quruculuq işlərini sadalamaqla qurtarmaq
olmaz. Çünki Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında xidmətləri misilsizdir.
Xalqımız
həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyevin
müstəsna xidmətləri, başladığı
çoxşaxəli islahatlar kursu, müəyyən etdiyi
inkişaf strategiyası, demokratik hüquqi dövlət
quruculuğu, bir sözlə, milli dövlətçilik
ideyaları, yüksək amalları bu gün dahi rəhbərin
siyasi kursunun layiqli davamçısı möhtərəm
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Bu siyasi xətt Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunu getdikcə artırır, ölkəmizin regionda
liderlik mövqeyini gücləndirir.
Tarixi
təcrübə göstərir ki, siyasi liderliyin ən əhəmiyyətli
cəhətlərindən biri idarəetmə aparatına səriştəli,
xalqına vicdanla xidmət edən, savadı ilə fərqlənən
kadrların cəlb olunmasıdır. Bu baxımdan Heydər Əliyev
yolunu uğurla davam və inkişaf etdirən cənab
İlham Əliyev dövlət başçısı kimi səlahiyyətlərinin
icrasına başladığı ilk gündən ulu öndərin
milli dövlətçilik kursunu inamla davam etdirir. Dövlət
başçısı müasir qloballaşma
dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn
mənzərənin əsas cizgilərinə cavab verən
siyasət yürüdür, zamanın nəbzinə,
dünyada baş verən yeniliklərə uyğun
düşünülmüş və uzaqgörən strategiya
həyata keçirir. Cənab İlham Əliyev
novatorçudur. Onun fəaliyyətinin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Həyata keçirdiyi
genişmiqyaslı islahatlar prosesinin, tətbiq olunan yeniliklərin
məqsədi bilavasitə insan amili ilə bağlıdır.
İnsanların rifahının yüksəldilməsi, vətəndaşların
layiqli həyat səviyyəsinin təmin olunması, bir
sözlə, insan hüquq və azadlıqlarının
etibarlı təminatı Prezident İlham Əliyevin fəaliyyətinin
əsas prioritet xəttini təşkil edir.
İnsan
hüquqlarının müdafiəsinə xidmət edən məhkəmə
sisteminin müasirləşdirilməsini də dövlətimizin
başçısı xüsusi diqqətdə
saxlamışdır. Bu sahədə mühüm addımlar
atılmış, vacib qərarlar qəbul olunmuşdur. Məhkəmələrin
işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə
uyğunlaşdırılması baxımından 2004-cü
ilin dekabrında "Məhkəmə-Hüquq Şurası
haqqında" yeni qanunun qəbulu, habelə "Məhkəmələr
və hakimlər haqqında" qanuna dəyişikliklərin
edilməsi, 2006-cı ilin yanvarında Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və "Azərbaycan Respublikasının bəzi
qanunvericilik aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə
fərman xüsusi vurğulanmalıdır.
Dövlət
başçısının siyasi iradəsi ilə son illər
məhkəmə sistemi daha da müasirləşdirilərək
Avropa standartlarına tam uyğunlaşdırılma istiqamətində
mühüm və ardıcıl tədbirlər
görülmüş, hakimlərin müddətsiz - son
yaş həddinədək təyinatı, onların fəaliyyətlərinin
qiymətləndirilməsi və intizam məsuliyyətinin təkmil
əsasları təsbit olunmuş, onların seçiminin
Avropada ən mütərəqqi qaydaları müəyyən
edilmiş, əhalinin məhkəmələrə vaxt itirmədən
müraciətlərinin yaxşılaşdırılması
məqsədilə 12 yeni regional məhkəmə
yaradılmış, hakimlərin sayı 2 dəfə
artırılmışdır.
Bu il
dövlətimizin başçısının təşəbbüsü
ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili"
elan olunmuşdur. İKT-lərin tətbiqinin geniş vüsət
aldığı bir vaxtda bu texnologiyalar məhkəmə
sistemində də geniş istifadə olunmağa
başlanılmışdır. Təsadüfi deyil ki, məhkəmə
infrastrukturunun inkişafı çərçivəsində
yeni məhkəmə binalarının inşası zamanı
onların müasir İKT-lərlə təchiz olunmasına
xüsusi diqqət yetirilir. Sözsüz ki, bütün bunlar
ilk növbədə insanlara keyfiyyətli xidmət göstərməyə,
onların məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılmasına yönəlmişdir.
Qeyd
olunmalıdır ki, məhkəmə-hüquq
islahatlarının uğurla davam etdirilməsi məhkəmə
hakimiyyətinin real təminatçısı olan möhtərəm
Prezident cənab İlham Əliyevin bu sahəyə xüsusi
diqqət və qayğısının təzahürüdür.
Ümumiyyətlə isə məhkəmə-hüquq
sisteminin inkişafının, bütövlükdə, ölkəmizin
dinamik iqtisadi tərəqqisinin təməlində
düzgün strategiya, düşünülmüş və
tarazlı siyasət, çevik idarəçilik dayanır. Əminik
ki, ölkə rəhbəri cənab İlham Əliyevin həyata
keçirdiyi uğurlu iqtisadi, sosial, siyasi fəaliyyət
bundan sonra da öz bəhrəsini verəcək və
xalqımız yeni-yeni nailiyyətlərin, tarixi qələbələrin
şahidi olacaqdır.
Teymur QURBANOV,
Şabran Rayon Məhkəməsinin hakimi
Azərbaycan.-2013.- 13 aprel.- S.5.