Məhkəmə-hüquq islahatları
ölkəmizin ümumi inkişafına öz
töhfəsini verir
"Ölkəmizdə
demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii
ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər
aparılmalıdır. Çünki bu amillər bir-birindən
çox asılıdır. İndi Azərbaycanda həm
siyasi, həm də iqtisadi
islahatlar çox uğurla gedir.
Ölkəmiz müasirləşir, yeniləşir, dünya
birliyinin çox fəal və dəyərli üzvünə
çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq
islahatları da ölkəmizin ümumi inkişafına öz
töhfəsini verməlidir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan
xalqı öz yeni tarixinin yaradıcısı, XX əsrdə
xalqımızın yetişdirdiyi dahi siyasətçi və
görkəmli dövlət xadimi, müstəqil Azərbaycan
dövlətçiliyinin memarı Heydər Əliyevin anadan
olmasının 90 illiyini qeyd edir.
Zəngin
idarəetmə təcrübəsi və fitri istedadı, iti zəkası
hesabına yeni Azərbaycanı, bugünkü həyatımızın
gerçəkliklərini yaradan, onu gələcəyə
aparan inkişaf strategiyasını müəyyənləşdirən
Heydər Əliyev şəxsiyyətinin
böyüklüyünə öz xalqı tərəfindən
verilən qiymətin nəticəsidir ki, 1969-cu ildən
başlayaraq (qısa bir dövr istisna olmaqla) bu günə qədər
davam edən zaman kəsiyi "Azərbaycan tarixinin Heydər Əliyev
dövrü kimi" səciyyələndirilir.
XX əsrin
70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı
və bütövlükdə cəmiyyətimiz Heydər Əliyevin titanik səyləri nəticəsində
yeni impuls, yeni inkişaf parametrləri kəsb edərək əslində
özünün yeni mərhələsinə qədəm
qoymuşdur.
Bu
gün adı bütün dünya azərbaycanlıları tərəfindən
qürur və iftixar hissi ilə çəkilən bu fenomen
şəxsiyyət 35 ilə yaxın
müddətdə göstərdiyi xidmətlə Azərbaycan
xalqının neçə-neçə
minillikləri əhatə edəcək tarixi
yaddaşında silinməz iz
qoymuşdur. Ümummilli lider bu gün aramızda olmasa da, onun
çox çətinliklə,
əzab-əziyyətlə qurduğu və bizə ərməğan
qoyduğu müasir Azərbaycan Respublikası bu gün
yaşayır, sürətlə inkişaf edir, öz müstəqilliyini
daha da möhkəmləndirir.
Danılmaz
bir həqiqətdir ki, Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə qayıdışından sonra respublikamızın
hüquq-mühafizə orqanlarının fəaliyyətində
də əsaslı dönüş yaranmış, ciddi intizam
və tələbkarlıq şəraiti
formalaşdırılmaqla dövlət mənafeyi amilləri
ön plana çəkilmişdir. Məhz xalqımızın
ümummilli liderinin gərgin və məqsədyönlü fəaliyyəti
nəticəsində 1993-cü ilin ikinci yarısından
başlayaraq Azərbaycanda cinayətkarlıq və hüquq
pozuntularına qarşı
barışmaz müharibə elan edilməklə bütün
hüquq-mühafizə orqanlarının fəaliyyəti cinayətkar
təzahürlərə qarşı mübarizəyə səfərbər
edilmişdir.
Söz
yox ki, cinayətkarlığa qarşı mübarizə sahəsində
əldə edilmiş
bütün müsbət nailiyyətlər qanunun aliliyi
prinsipini fəaliyyətinin əsas devizinə çevirmiş
Heydər Əliyevin respublikamızda həyata keçirdiyi məqsədyönlü
hüquqi islahatların məntiqi nəticəsidir.
"İndiki
Azərbaycan dövlətinin yeritdiyi siyasət, qazanılan
uğurlar belə bir fikri əminliklə söyləməyə imkan verir ki, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə itirdiyimiz müstəqilliyi
bir də heç zaman əldən verməyəcək, onu
qoruyub saxlayacaq, dönməz, sarsılmaz və əbədi edəcəyik"
deyən ümummilli lider Heydər Əliyev bütün vəzifələrin
öhdəsindən bacarıqla gəldi və Azərbaycanın
müasir dünyanın inkişaf etmiş ölkələrindən
birinə çevrilməsinə
nail oldu.
Ulu
öndərin həmin qətiyyəti Azərbaycan ədliyyəsinin
misilsiz inkişafına stimul verdi. 1995-ci ilin noyabr
ayının 12-də ilk parlamentin seçilməsi, eyni
gündə qəbul edilmiş Konstitusiyamız, Əsas
Qanunumuzdakı insan hüquq və azadlıqlarının hətta
bir çox Avropa ölkələrindən belə yüksək
səviyyədə qorunmasını təsbit edən maddələr,
hüquq-islahat komissiyasının yaradılması və səmərəli
fəaliyyəti, nəhayət, "Məhkəmələr və
hakimlər haqqında" qanunun qəbul edilməsi ölkədə
ədliyyə sisteminin sürətli inkişafına zəmin yaratdı.
Ulu
öndər Heydər Əliyevin ölkəyə ikinci dəfə
rəhbərlik etdiyi dövr Azərbaycan ədliyyəsinin
inkişafı ilə xarakterizə edilir. Prezident İlham Əliyevin
dövlət başçısı kimi fəaliyyətə
başlamasından sonra isə respublikamızın ədliyyə
sistemi sözün həqiqi mənasında inkişaf etmiş dünya ədliyyəsinin
mühüm tərkib hissələrindən birinə çevrilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Respublikası məhkəmələrinin
təşkili və fəaliyyətinin təmin edilməsi
haqqında" 17 iyun 1999-cu il tarixli fərmanına əsasən
qanunun aliliyi və məhkəmə hakimiyyətinin müstəqilliyinin
təmin edilməsi, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı
insan hüquq və azadlıqlarının müdafiəsinin
genişləndirilməsi məqsədi ilə 2000-ci ilin
sentyabr ayında Azərbaycanda yeni - üçpilləli məhkəmə
sistemi yaradılaraq fəaliyyətə başlamış və
şəffaf prosedur əsasında hakim korpusu
formalaşmışdır.
Bu
gün Azərbaycan sürətlə inkişaf edir. Regionun ən
qüdrətli ölkələrindən birinə
çevrilmiş müstəqil respublikamızın
uğurlarının təməlində müdrik siyasət,
reallıqları nəzərə alaraq qurulmuş idarəetmə
prinsipləri durur. Bu siyasəti ulu öndər Heydər Əliyev
müəyyənləşdirmişdir. Bunu günün
reallıqlarına əsasən davam etdirən və müasir
idarəetmə prinsiplərini formalaşdıran isə
möhtərəm Prezident İlham Əliyevdir.
Dövrün
tələbi ilə səsləşən mütərəqqi
hüquq islahatlarının aparılması, ədalət
mühakiməsini həyata keçirən məhkəmələrin
müstəqilliyinin təmin olunması, qanunun aliliyi prinsipinin
bütün səviyyələrdə qorunması vətəndaş
cəmiyyəti quruculuğu prosesinin fundamental şərtlərindən
biridir. Təcrübə göstərir ki, yeni, müasir və
mükəmməl dövlətçilik modelinin
yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif
sahələrində bərqərar olması çevik
hüquqi mexanizmlərin yaradılmasından bilavasitə
asılıdır. Şübhəsiz ki, ictimai münasibətlər
qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı
mühüm yeniliklər hüquq sistemində də əsaslı
dəyişikliklər və yeniləşmə tələb
edir.
Bu
reallığı nəzərə alan Azərbaycan Prezidenti
İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu məhkəmə-hüquq islahatlarını inamla
davam etdirir. Dövlət başçısı sosial-iqtisadi
uğurların miqyasına, habelə cəmiyyətin demokratik
şüur səviyyəsinin yüksəlməsinə paralel
olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin
fəaliyyətinin müasirləşdirilməsini
vacib sayır.
2003-cü
ilin oktyabr ayının 15-dən ümummilli liderimizin siyasi
kursunun ən layiqli davamçısı möhtərəm
Prezident İlham Əliyevin dövlət
başçısı seçilməsindən sonra isə bu
il yaranmasının 95 illiyi tamam olacaq Azərbaycan ədliyyə
sistemi müasirləşmək, yeniləşmək
dövrünü yaşayır. Cənab İlham Əliyevin
bu sahə haqqında söylədiyi
istənilən fikir və ya imzaladığı hər
hansı sənəd məhkəmə-hüquq
islahatlarının daha da dərinləşdirilməsinə zəmin
yaratmışdır.
2004-cü
ilin dekabr ayında "Məhkəmə-Hüquq
Şurası" haqqında qanun qəbul olunmuş, "Məhkəmələr
və hakimlər haqqında" qanuna bir sıra mütərəqqi
dəyişikliklər edilmişdir. "Konstitusiya Məhkəməsi
haqqında qanuna əlavə və dəyişikliklər edilməsi
haqqında" 2003-cü ilin 23 dekabr tarixli qanuna əsasən,
vətəndaşların pozulmuş hüquq və
azadlıqlarının bərpası ilə bağlı
birbaşa Konstitusiya Məhkəməsinə müraciət
etməsi hüququnun həyata keçirilməsi müəyyən
olunmuşdur.
Prezident
İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq
islahatlarının əsas qayəsində həm də
regionlarda yaşayan vətəndaşların qanuni maraq və
mənafeyinin ədalət mühakiməsi yolu ilə
qorunması mexanizmlərinin təkmilləşdirilməsi
olmuşdur. Bu baxımdan dövlət
başçısının 19 yanvar 2006-cı il tarixli
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" fərmanı respublikanın məhkəmə
sisteminin əsaslı şəkildə müasirləşməsi
və təkmilləşdirilməsi
prosesində mühüm addımlardan biri kimi dəyərləndirilə
bilər. Bu fərman bölgələrdə yaşayan vətəndaşların
məhkəmələrə müraciət imkanlarını
genişləndirmiş, bu sahədə bir sıra yeniliklərə
imkan yaratmışdır.
Bu fərmana
əsasən, regionların sosial-iqtisadi inkişafı şəraitində
əhalinin hüquq institutlarına və hüquqi yardıma tələbatının
ödənilməsi üçün yeni regional məhkəmələr
yaradılmışdır. Fərmanın icrası ilə
bağlı vətəndaşların
narazılıqlarına səbəb olan sui-istifadə,
süründürməçilik hallarının və digər
nöqsanların aradan qaldırılması, vətəndaşların
məhkəmələrə inamının təmin edilməsi,
məhkəmələrə müraciət imkanlarının
asanlaşdırılması, məhkəmələrin
maddi-texniki təminatının gücləndirilməsi, məhkəmə
aparatlarının strukturunun və işinin təkmilləşdirilməsi
üzrə mühüm işlər
görülmüşdür.
Prezident
İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə
təsbit edilmiş "Azərbaycan Respublikasının məhkəmə
sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi
tədbirlər və "Məhkəmələr və hakimlər
haqqında" və "Məhkəmə-Hüquq
Şurası haqqında" Azərbaycan Respublikasının
qanunlarına dəyişiklliklər
və əlavələr edilməsi haqqında" qanun
da son illər respublikamızda həyata keçirilən məhkəmə-hüquq
islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.
Məhkəmə-hüquq sistemində aparılan islahatlar, qəbul
edilmiş yeni qanunlar və digər qanunvericilik aktları bizi
daha fəal, səmərəli çalışmağa,
qanunların aliliyinin təmin edilməsi uğrunda daha
prinsipial olmağa ruhlandırır.
Ümummilli
lider Heydər Əliyevin dövlət quruculuğu xəttini
uğurla davam və inkişaf etdirən, Azərbaycan
Respublikası Prezidenti kimi fəaliyyət göstərməsinin
on ili tamam olacaq dövlətimizin
başçısının söylədiyi bir fikir ədliyyə
işçilərinin fəaliyyət prinsipinə
çevrilmişdir: "Ölkəmizdə demokratik,
hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq
sisteminin islahatları ilə bərabər
aparılmalıdır. Çünki bu amillər bir-birindən
çox asılıdır. İndi Azərbaycanda həm
siyasi, həm də iqtisadi
islahatlar çox uğurla gedir.
Ölkəmiz müasirləşir, yeniləşir, dünya
birliyinin çox fəal və dəyərli üzvünə
çevrilir. Əlbəttə ki, məhkəmə-hüquq
islahatları da ölkəmizin ümumi inkişafına öz
töhfəsini verməlidir".
Tam qətiyyətlə
deyirik ki, ölkəmizdə aparılan məhkəmə-hüquq
islahatları respublikamızın ümumi inkişafına
öz töhfələrini verir. Əminik ki, Azərbaycan
Prezidenti İlham Əliyev insan hüquqlarının etibarlı
təminatına xidmət edən ədliyyə və məhkəmə
islahatlarını bundan sonra da inamla davam etdirəcəkdir.
Seyfəli SEYFULLAYEV,
Ağdam Rayon Məhkəməsinin
hakimi
Azərbaycan.-2013.- 13 aprel.- S.5.