Baş nazirin müavini Əli Həsənov Bərdədə qaçqın və məcburi köçkünlər üçün salınan yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı müşavirə keçirmişdir

 

Aprelin 12-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlər üçün salınan yeni yaşayış məhəlləsində tikinti işlərinin gedişi ilə bağlı vəziyyəti öyrənmək məqsədilə Bərdədə olmuşdur.

AzərTAc xəbər verir ki, yaşayış məhəlləsində tikintinin gedişi ilə tanış olan Ə.Həsənov burada inşaatçılarla müşavirə keçirmiş, icraçılara işləri yüksək keyfiyyətlə və vaxtında yerinə yetirmələri üçün tapşırıqlar vermişdir.

 Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınan yeni yaşayış məhəlləsində hər biri 5 mərtəbəli olmaqla 15 ədəd yaşayış binası, 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, həkim məntəqəsi, klub icma mərkəzi, inzibati bina, poçt inşa edilir. Binalardakı mənzillərin 70-i bir, 430-u iki, 325-i üç, 45-i dördotaqlıdır. Burada tikinti işləri ilə 20-yə yaxın şirkət məşğul olur. İşlər tam yekunlaşdırıldıqdan sonra yeni məhəllədəki mənzillərə Bərdə rayonu ərazisindəki təhsil müəssisələrində müvəqqəti məskunlaşmış ailələr köçürüləcəkdir.

Məlumat verilmişdir ki, 2011-2013-cü illərdə 2 milyon kvadratmetr sahəsi olan 31 min mənzildən ibarət bütün sosial-texniki infrastruktura malik 78 müasir qəsəbə salınmış, 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

2013-cü il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan ayrılacaq vəsait hesabına 4 min ailə - 20 min nəfər məcburi köçkün üçün 8 qəsəbə və məhəllə salınacaqdır. Dövlət başçısının göstərişinə əsasən, Bakı şəhərindəki yataqxanalarda məskunlaşmış 120 min nəfər məcburi köçkün üçün Abşeron rayonunun Qobu bələdiyyəsi ərazisində 500 hektar torpaq sahəsi ayrılmışdır.

Müşavirədə tikinti şirkətlərinin nümayəndələri çıxış edərək inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırmışlar.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov müşavirəyə yekun vurmuşdur.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.7.