Heydər Əliyev
- 90: Uğurlu modernləşmə xətti
"Azərbaycan"
qəzetinin Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birgə
keçirdiyi "dəyirmi masa"
2013-cü
ilin də Azərbaycan xalqı üçün əvvəlki
dövrlər kimi mühüm siyasi, sosial-iqtisadi və mədəni
uğurlarla zəngin olacağı şübhəsizdir. Eyni
zamanda, bu il əlamətdar hadisələrin yubileyləri ilə
tarixə yazılacaq. 2013-cü ildə Azərbaycan Xalq
Cümhuriyyətinin, Azərbaycan ordusunun yaranmasının
95-ci, Milli Qurtuluşun 20-ci ildönümü tamam olur. Bu ilin
mühüm tarixlərindən biri də Prezident İlham Əliyevin
ölkəyə rəhbərliyinin 10 ilinin tamamı olacaq.
İlin
əlamətdar hadisələrindən biri də ulu öndər
Heydər Əliyevin 90 illik yubileyidir. Artıq neçə
vaxtdır ki, ölkənin hər yerində Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər
keçirilir. Xalqımızın elliklə, dövlət səviyyəsində
qeyd etdiyi hadisələrə daim özünün yüksək
töhfələrini verən "Azərbaycan" qəzeti də
ulu öndər Heydər Əliyevin 90 illiyinə xüsusi diqqət
yetirir. Qəzetin bu istiqamətdə həyata keçirdiyi
layihələrdən biri Heydər Əliyevin xatirəsinə
həsr olunmuş "dəyirmi masa"ların təşkilidir.
Növbəti belə "dəyirmi masa" Sumqayıt şəhərində
keçirildi.
Tədbiri
açıq elan edən "Azərbaycan" qəzetinin
baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
- Bəşər
tarixi böyük şəxsiyyətlərin qələbələrinə,
uğurlarına çox şahidlik edib. Həmin şəxsiyyətlərin
qurub-yaratdıqları, miras qoyduqları irs xalqlarının gələcəyinə
işıq salıb, sonrakı tarixini, dünyadakı yerini
müəyyənləşdirib. Məhz ona görə də
belə şəxsiyyətlər tarixdə dahi, öndər,
lider kimi öz layiqli yerini tutublar.
Azərbaycanın
da dövlətçilik tarixində böyük şəxsiyyətləri,
dünyaya meydan oxuyan sərkərdələri,
yaşadıqları dövrün reallıqlarını dərk
edərək xalqımızın milli maraqlarını ən
yüksək səviyyədə qorumağa
çalışan istimai-siyasi xadimləri çox olub. Təbii
ki, onların hər biri bu və ya başqa şəkildə
Azərbaycan dövlətinin möhkəmlənməsinə,
xalqımızın firəvan gələcəyinə yönəlmiş
xidmətlər göstərib. Lakin onların heç birini Azərbaycan
xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər
Əliyevlə müqayisə etmək mümkün deyildir!
Çünki ulu öndər Heydər Əliyev bir çox
siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini
gerçəkləşdirib, əməlləri və
yaratdıqları ilə ən yeni tariximizin parlaq,
işıqlı səhifəsini yaradıb!
Qarşıdan
Heydər Əliyevin 90 illik yubileyi gəlir. Hər birimiz
üçün əziz və doğma olan bu hadisə ərəfəsində
ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti
və xalqı qaşısında xidmətlərinə nəzər
yetirməklə həm də bu böyük şəxsiyyətin
xatirəsinə öz ehtiramımızı ifadə edirik.
Çünki ümummilli lider
Heydər Əliyev fəaliyyətinin hər bir məqamı
ilə xalqın, dövlətin, cəmiyyətin və onun
üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan
torpağının, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının mənafeyi və bütövlüyü uğrunda
fədakarlıqla çalışıb, müstəqilliyimizin
möhkəmləndirilməsi, dövlətçiliyimizin
inkişafı, demokratiyanın genişləndirilməsi,
xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi görüb.
Heydər
Əliyevin ümummilli liderə çevrilməsini təmin edən
ən başlıca amil onun çətin və mürəkkəb
siyasi şəraitdə belə xalqının, dövlətinin
problemlərinə biganə qalmaması olub. Hələ ötən
əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin
rəhbərliyi altında respublikada həyata keçirilən
genişmiqyaslı islahatlar iqtisadi potensialın
formalaşdırılmasına, sosial-mədəni həyatın
canlandırılmasına və milli-mənəvi dəyərlərin
dirçəldilməsinə yönəldilərək gələcək
müstəqilliyin təmin olunması üçün zəmin
hazırlayıb. O illərdən respublikamızda milli müstəqilliyə
etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və
mənəvi-intellektual mühit yaradan ulu öndər məhz bu möhkəm
bünövrə üzərində xalqın azadlıq,
istiqlaliyyət və müstəqillik ideallarına
qovuşmasını təmin edib. Bu günün zirvəsindən
baxdıqda, həmin illərdə Heydər Əliyevin
xalqının hüquqlarını qoruyan, haqqı nahaqa verməyən,
milliləşdirmə siyasəti aparmaqla həm də
ziyalı elitasını sərt təqiblərdən qoruyan
fenomenal lider keyfiyyətləri daha qabarıq
görünür. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi
sayəsində yüksək iradə göstərməklə
milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini,
tarixi dövlətçilik ənənələrini qorumaq əzmini
toplaya bilib, dövlət müstəqilliyi üçün zəruri
potensial formalaşdırıb. Keçmiş imperiya daxilində
hansı qlobal proseslərin getdiyini daha dərindən
müşahidə etmək imkanına malik olan Heydər Əliyev
Azərbaycanın müstəqillik əldə edəcəyini
öncədən görüb, bu prosesi sürətləndirən
mühüm addımlar atıb.
Ümummilli
lider 1982-ci ildən sonra - SSRİ-ni idarə edən
aparıcı simalardan biri kimi Kremldə çalışdığı
dövrlərdə də Azərbaycanın gələcək
müstəqilliyinə xidmət edən bir sıra addımlar
atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə,
ermənilərin məkrli torpaq ilhaqına qarşı
barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid
edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə
görə 1987-ci ildə SSRİ rəhbərliyindən
uzaqlaşdırılan ulu öndər Heydər Əliyev
sonrakı mərhələdə də Azərbaycanla
bağlı siyasi proseslərə biganə qalmamış,
90-cı illərin əvvəlində Naxçıvana
qayıdaraq siyasi proseslərdə fəal iştirak etməklə
Azərbaycanın dövlət müstəqilliyinə real zəmin
formalaşdırıb.
Heydər
Əliyevin 1993-cü ildə xalqın istəyi ilə siyasi
hakimiyyətə tarixi qayıdışı Azərbaycanı
bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən
silinməyin real təhlükəsindən xilas etdi. Müstəqilliyimiz
əbədiliyə və dönməzliyə çevrildi.
Ayrı-ayrı siyasi partiyalara və insanlara məxsus qanunsuz
silahlı dəstələr ləğv edildi, hakimiyyət
uğrunda zorakılıq yolu ilə aparılan fasiləsiz
mübarizələrə son qoyuldu. Cəbhə bölgəsində
heç bir kənar qüvvənin iştirakı olmadan
uzunmüddətli atəşkəsə nail olundu, ölkədə
möhkəm və dönməz sabitlik yaradıldı. Bu
sabitlik illər boyu girdabında
çabaladığımız dərin ümummilli
böhrandan yaxa qurtarmağa və dövlətin
qarşısında duran bir sıra problemlərin uğurlu həllinə
imkan verdi. Ən əvvəl Azərbaycan ətrafında
yaradılmış informasiya blokadası
dağıdıldı və Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə əsl
həqiqətlər dünya ictimaiyyətinə
çatdırıldı. Sərbəst bazar iqtisadiyyatı
prinsiplərini bərqərar etmək, xalqın rifahını
və həyat şəraitini yaxşılaşdırmaq
yolunda ardıcıl tədbirlər görülməsinə
başlandı. Dəfələrlə ölkə
başçısına qarşı yönəldilmiş
terror əməllərinin qarşısı alındı,
bütün təxribatlara baxmayaraq, 20 sentyabr 1994-cü ildə
dünyanın aparıcı dövlətlərinin iri neft
şirkətlərinin iştirak etdiyi "Əsrin müqaviləsi"
neft kontraktı imzalandı. Bundan sonra da iyirmidən çox
neft müqaviləsi imzalanaraq ölkə iqtisadiyyatına 60
milyard ABŞ dolları həcmində sərmayə
qoyulmasına təməl yaradıldı. Bazar
iqtisadiyyatına sürətli keçidi şərtləndirən
islahatlar aparıldı, MDB məkanında ilk dəfə
olaraq ölkəmizdə aqrar islahatı aparılaraq torpaq həqiqi
sahibinə, təmənnasız olaraq kəndlilərə
paylandı. Geniş şəkildə özəlləşdirilmə
nəticəsində sahibkarlığın inkişafına
şərait yaradıldı. Avratlantik məkana inteqrasiya edən
Azərbaycan demokratik dəyərləri əxz etdi, mətbuat
və söz azadlığı tam təmin edildi.
Bütün
bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər
Əliyev siyasətinin nəticəsində əldə edildi. Buna
görə də Azərbaycan cəmiyyəti Heydər Əliyevin
zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin,
iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin
edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi
qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə
uyğun təkmilləşdirən dövlət
başçısı İlham Əliyev əsl vətənpərvər
və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi
vədlərin böyük əksəriyyətini əməli
işi ilə doğruldaraq hər bir vətəndaşın
layiqli Prezidenti olduğunu sübuta yetirib. Son 10 ildə
respublikada uğurla həyata keçirilən siyasət, ilk
növbədə, ölkədəki ictimai-siyasi sabitliyin
möhkəmləndirilməsinə, Azərbaycanın
demokratik və sosial-iqtisadi inkişafı məqsədinə
yönəlib. Cənab İlham Əliyev bu dövr ərzindəki
fəaliyyəti ilə xalqın seçimini doğrultmağa
qadir qətiyyətli, peşəkar və milli maraqlara
bağlı rəhbər olduğunu nümayiş etdirib.
İndi
respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq
meydanına çevrilmişdir. Ölkədə həyata
keçirilən sosial infrastruktur layihələri də Azərbaycan
insanının firavan həyat tərzinin təmini məqsədinə
xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər
bir vətəndaş öz gündəlik həyatında, məişətində
hiss edir. Yaşayış binaları, evlər, məktəb və
xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir,
körpülər salınır, park və xiyabanlarda,
memarlıq binalarında yenidənqurma işləri
aparılır. Son illərdə Azərbaycanın siması
büsbütün, tanınmaz dərəcədə dəyişib.
Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə
etiraf edirlər.
Ölkəmizdəki
yüksəlişi Sumqayıtın da timsalında aydın
görmək mümkündür. Hələ sovet
dövründə Azərbaycanın əsas sənaye mərkəzi
statusuna sahib olmuş Sumqayıt bu şərəfli adı
indi də daşımağa qadirdir. Son illərdə şəhərdə
onlarca yeni istehsal müəssisələrinin
yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin
fəaliyyətinin canlandırılması bunu təsdiq edir.
Ümumiyyətlə, gənclər şəhəri olan
Sumqayıt son illərdə bir çox istiqamətlər
üzrə qazandığı nailiyyətlərlə fərqlənir.
Yəqin ki, "dəyirmi masa"da çıxış edənlər
bütün bunlar barədə ətraflı
danışacaqlar.
İndi
isə çıxış üçün söz
Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizova verilir.
Eldar ƏZİZOV:
-
Sumqayıt şəhərinin inkişafında Heydər Əliyevin
misilsiz xidmətləri olmuşdur. Hakimiyyətdə olduğu
illərdə sumqayıtlılar
ulu öndərin xüsusi diqqət və
qayğısını hər zaman hiss etmişlər.
Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin
formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində
onun əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi
dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin
hər səfəri şəhərin yaddaşında
böyük tarixi hadisə olmuşdur.
Heydər
Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə
Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri
var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü
ilə yüngül sənaye müəssisələri və
sənayenin digər sahələri inkişaf etdirildi, yeni
istehsal sahələri istismara verildi. Ümumiyyətlə,
1969-1982-ci illərdə Sumqayıtın iqtisadi potensialı
2,5 dəfə artmışdır. Bu dövrdə ulu öndərin
rəhbərliyi altında Sumqayıtda çoxsaylı müəssisələr
də istifadəyə verilmişdir. Bunlardan Kompressorlar zavodunu,
Üst trikotaj və Xovlu
İplik fabriklərini, Süd və Yeyinti məhsulları
kombinatlarını, 20-dən çox orta məktəbi,
uşaq bağçalarını, Ü.Hacıbəyli
adına "Kimyaçılar" mədəniyyət
sarayını və başqa obyektləri misal göstərmək
olar.
1960-cı illərdə Sumqayıtda mənzil tikintisi
problemi vardı. Sənaye kompleksi sürətlə
inkişaf etdiyindən Azərbaycanın müxtəlif yerlərindən
bura gənclər axışıb gəlir, müəssisələrdə
işə düzəlir, ailə həyatı qururdular. Mənzil almaq üçün isə illərlə
növbəyə durmağa məcbur olurdular. Şəhərdə fəaliyyət göstərən
1 və 2 saylı tikinti trestləri isə bu problemin tam həll
olunmasında çətinlik çəkirdi. Bunu hiss edən
cənab Heydər Əliyevin təşəbbüsü ilə
Sumqayıtda 3 saylı Evtikmə kombinatı işə
salındı. Xüsusi layihəyə əsasən,
şəhərdə panel evlərin tikintisi sürətləndirildi
və mənzil problemində yaranmış gərginlik aradan
götürüldü.
Məhz 70-ci illərdə əsaslı tikintinin geniş
miqyas alması nəticəsində Sumqayıt nəhəng
tikinti meydançasına çevrilmişdi. Şəhərə
gələn qonaqlar, xarici nümayəndələr burada
aparılan quruculuq prosesinin miqyası və vüsətinə
heyran qalırdılar. Dünyanın demək olar ki, əksər
ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının
keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim
maraqlanan, tez-tez məlumatlar alan ölkə
başçısı Sumqayıtı həmişə öz
nəzarəti altında saxlayır, ortaya çıxan
bütün problemlərini operativ
həll edirdi. Bu diqqət və qayğının nəticəsi
idi ki, 70-ci illərdə Sumqayıtda hər il
80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə
verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat
sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi,
60 uşaq tərbiyə müəssisəsi,
saysız-hesabsız mədəniyyət, məişət xidməti,
ticarət obyektləri, səhiyyə ocaqları məhz
ümummilli liderin o dövrdəki məqsədyönlü
sosial siyasətinin bəhrələridir.
1970-1980-ci illərdə Sumqayıt öz iqtisadi
potensialına görə SSRİ məkanında
tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar
ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan
münasibətini nümayiş etdirirdi. Azərbaycan
imperiya tərkibində olmasına baxmayaraq, sürətlə
inkişaf edirdi. Ən əsası respublika rəhbərinin
diqqət və qayğısı sayəsində şəhər
əhalisinin
rifahı durmadan yüksəlirdi. Adamlar
yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq,
qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər,
inşaatçılar, əmək qəhrəmanları şəhəri
kimi şöhrət qazanmışdı.
Heydər Əliyev vaxtaşırı Sumqayıtda olur,
şəhər fəalları ilə görüşür,
onları narahat edən problemlərlə maraqlanırdı. Qaldırılan
hər bir problem diqqətsiz qalmırdı. Vaxtilə Azərbaycan
Boru-prokat zavodunda
gərgin vəziyyət yaranmışdı. Bundan xəbər tutan Heydər Əliyev şəxsən
həmin zavoda gələrək işçilərlə
görüşmüş, sonra zavodun iqtisadi böhrandan
çıxması üçün xüsusi proqram işlənib
hazırlanmışdı. Artıq bir neçə il sonra müəssisənin istehsal etdiyi məhsullar
xarici ölkələrə ixrac olunmağa
başlamışdı.
Sumqayıtın mədəniyyətinin və təhsilinin,
habelə elm ocaqlarının inkişafı daim ölkə rəhbərinin
diqqət mərkəzində olurdu. Ulu öndər H.Ərəblinski adına Sumqayıt Dövlət Dram
Teatrının genişlənməsi, onun keçmiş
ittifaq miqyasında tanınması üçün əlindən
gələni etmişdi. Sumqayıt teatrında tamaşaya
qoyulan "Bütün Şərq bilsin" tamaşasına
baxmağa gələn Heydər Əliyev yaradıcı
kollektivlə görüşmüş ,
onlara dəyərli məsləhətlər vermişdi. Bu tamaşanın Moskvada göstərilməsi
üçün Mədəniyyət Nazirliyinə müvafiq
tapşırıq vermiş, bir neçə ay keçdikdən
sonra tamaşa Moskva Bədii Dövlət Teatrının səhnəsində
müvəffəqiyyətlə oynanılmışdı.
Moskvada nəşr olunan kütləvi informasiya
vasitələri sumqayıtlıların peşəkarlıqlarını
və yaradıcılıqlarını yüksək qiymətləndirmişdi.
Bu yüksəlişə səbəb məhz
Heydər Əliyevin sumqayıtlılara, onun mədəniyyət
xadimlərinə göstərdiyi qayğı idi.
Heydər
Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçildikdən
sonra da Azərbaycan xalqına, o cümlədən sumqayıtlılara həmişəki
kimi böyük diqqət və qayğı göstərmişdir.
Ulu öndər Moskvada olarkən
Sumqayıtın problemləri ilə daim maraqlanırdı.
Uzun illər tikintisi yarımçıq qalmış
Ü.Hacıbəyli adına
"Kimyaçılar" Mədəniyyət sarayı o
zamankı respublika rəhbərlərinin diqqətindən kənarda
qalmışdı. Sumqayıtın bir qrup
ziyalısının məhz Heydər Əliyevə məktubla
müraciətindən sonra o böyük insanın
tapşırığı ilə bu məsələ nəzarətə
götürüldü və tezliklə tikilib istifadəyə
verildi.
Azərbaycan
müstəqillik əldə etdikdən sonra 1991-1993-cü illərdə
ölkədə
xaos, özbaşınalıq hökm
sürürdü və dövlətimizin məhvolma təhlükəsi
yaranmışdı. Belə bir məqamda Heydər
Əliyev bu ağır və məsuliyyətli, tarixi əhəmiyyət
kəsb edən dövrdə Azərbaycan xalqına arxa durdu.
Əgər Heydər Əliyev bir neçə
ay gec gəlmiş olsaydı, indi Azərbaycanın
mövcudluğu sual altında idi. Ulu
öndər yenidən hakimiyyətə gəldikdən sonra
qısa müddətdə sabitliyi bərpa etdi, iqtisadi
böhranı aradan qaldırdı və Azərbaycan iqtisadiyyatı
sürətlə inkişaf etməyə başladı. Ölkədə özəl sektorun, sahibkarlıq fəaliyyətinin,
investisiya mühitinin formalaşması sahəsində
böyük addımlar atıldı. Demokratik
respublika quruculuğu sahəsində misilsiz xidmətlər
göstərildi. Müasir demokratik Azərbaycanın
memarı Heydər Əliyevin yüksək siyasi qabiliyyəti
nəticəsində Azərbaycan 1993-2003-cü illərdə
çox böyük sürətlə inkişaf etdi. Azərbaycanın
beynəlxalq nüfuzu artmaqla bərabər, proseslərə təsiretmə
gücü də yüksəldi.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını,
siyasətini Prezident İlham Əliyev yüksək səviyyədə
davam etdirir. Cənab İlham Əliyevin yüksək intellekti nəticəsində
bütün sahələrdə Azərbaycan sürətli
inkişaf tempi nümayiş etdirir. Artıq
dünya ekspertləri də dövlətimizin nailiyyətlərini
böyük maraqla izləyirlər. Əlbəttə,
bütün bunlar öz-özünə alınmayıb.
Düzgün siyasi, iqtisadi təhlil və eyni
zamanda, yüksək iradə, böyük zəhmət sayəsində
yaranan prosesdir. Neçə ildir ki,
dünyada iqtisadi böhran davam etməkdədir. Hazırda həmişə nümunə göstərilən
Avropada işsizlər ordusu yaranmışdır. Avropa ölkələri böhran içindədir.
Bu, dünya dövlətlərinə də təsir
edir. Çünki bütün ölkələr
bir sistem şəklində qarşılıqlı əlaqələr
formasında fəaliyyət göstərir. Lakin Azərbaycan dayanmadan inkişaf edir. Müqayisə etsək görərik ki, bütün
bu böhran illərində Azərbaycan öz inkişaf tempini
qoruyub saxlamışdır. Son 10 ildə Azərbaycanda
ümumi məhsul istehsalı 3 dəfədən çox,
dövlət büdcəsi 15 dəfədən çox,
valyuta ehtiyatları isə 18 dəfədən çox
artmışdır. Azərbaycanın valyuta ehtiyatları
48 milyard dollar səviyyəsindədir. Bütün
bunlar tarixi nailiyyətdir.
Cənab İlham Əliyev
Sumqayıta, sözün həqiqi mənasında, xüsusi
diqqət və qayğı ilə yanaşır. Təkcə son iki ildə cənab Prezident
Sumqayıta 4 dəfə səfər etmişdir. Onun siyasəti nəticəsində bütün
şəhərlərimiz kimi Sumqayıt da sürətlə
abadlaşır, güclü sənaye mərkəzinə
çevrilir. Ötən il "Azgüntex" günəş
modulları və LED lampalar istehsalı sahələri istifadəyə
verilmişdir, transformatorlar, şüşə emalı
zavodlarında, kağız-karton istehsalı kombinatında və
yağ istehsalı fabriklərində isə tamamlanma işləri
yekunlaşır. Hazırda Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərmanı ilə
Sumqayıt Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar
Parkı yaradılmaqdadır. "Azot
gübrəsi-karbamid" zavodunun inşası ilə əlaqədar
işlər davam etdirilir. Müasir standartlar səviyyəsində
neft-kimya sənayesi üçün hər il yüzlərlə
ixtisaslı fəhlə-kadrların hazırlanacağı Təlim-Tədris
Mərkəzi fəaliyyətə
başlamışdır. Sumqayıt Texnologiyalar
Parkında kabel zavodunun ikinci mərhələsinin,
sendviç panelləri istehsalı zavodunun, ümumilikdə 8
zavodun inşası davam etdirilir. Tekstil
fabrikində istehsala başlanıb. Yeni
çörək zavodunun inşası yekunlaşmaq üzrədir.
Bütün bunlar qeyri-neft sektorunun
inkişafını və cənab Prezidentin sumqayıtlılara
olan münasibətini nümayiş etdirir. Biz hər birimiz Azərbaycanda
yaşamağımızla fəxr etməliyik. Cənab
İlham Əliyevin ətrafında sıx birləşərək
əsası Heydər Əliyev tərəfindən qoyulan
siyasi kursun davam etdirilməsi üçün daha əzmlə
çalışmalıyıq.
Bəxtiyar SADIQOV:
- Azərbaycan
2009-cu ildə iqtisadi sahədə keçid dövrünü
başa vurub, ölkəmizdə yeni tipli iqtisadiyyat, yeni bazar
münasibətləri tam formalaşıb. Sumqayıt isə hələ
sovet dövründən nəinki Azərbaycanın,
bütün keçmiş SSRİ-nin əsas sənaye mərkəzlərindən
biri olaraq tanınıb. Xüsusən kimya sənayesi
aparıcı sahələrdən biri olub. SSRİ-nin süqutundan sonra Sumqayıtın zəifləyən
sənaye potensialı son illərdə yenidən dirçəlib.
Hazırda sənaye sahələri Sumqayıtda
dinamik inkişaf edir və yeni tipli iqtisadiyyat bu şəhərin
yüksəlişində əsas amilə çevrilir. Söz "Qartal" tikinti firmasının rəhbəri
Şahin Məmmədova verilir.
Şahin MƏMMƏDOV:
- Sumqayıt SSRİ dövründə nəhəng
kimya, metallurgiya, tekstil və digər sahələr üzrə
ixtisaslaşmış bir şəhər idi. Lakin Sovet İttifaqı
dağıldıqdan sonra iqtisadi əlaqələrin
qırılması, xammal və satış bazarının
olmaması, eləcə də zavod və fabriklərdəki
avadanlıqların fiziki və mənəvi surətdə
köhnəlməsi səbəbindən demək olar ki, əksər
zavod və fabriklər öz fəaliyyətini
dayandırdı və ya az güclə
işləməyə başladı. Bu proses də əhalinin
sosial durumunun çox aşağı düşməsinə
gətirib çıxardı.
Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəlişi ilə digər sahələrdə olduğu kimi,
Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə
qədəm qoydu. Ulu öndərin şəhərimizlə
bağlı strategiyası belə idi ki, Sumqayıt yenidən ənənəvi
sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına
söykənərək müasir müəssisələr
açılsın. Ən vacibi isə Sumqayıtda
insanların rahat yaşamaları üçün müvafiq
şərait yaradılsın və yeni iş yerləri
açılsın, bununla da Sumqayıt yenidən iqtisadi və
kadr potensialı ilə seçilən bir şəhərə
çevrilsin.
Ulu öndərin apardığı və Prezident
İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və
sosial siyasətin nəticəsində bu məqsədə
addım-addım yaxınlaşaraq möhtəşəm
nailiyyətlər əldə edilir. Regionların
sosial-iqtisadi inkişafına dair birinci dövlət
proqramının uğurla icrası, habelə ikinci dövlət
proqramı çərçivəsində qarşıya
qoyulan vəzifələrin reallaşdırılması
Sumqayıt şəhərini də dinamik inkişaf yoluna
çıxarıb. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi
çəkisi yüksəlib, sahibkarlığın
inkişafının daha da sürətləndirilməsi,
istehsal və emal muəssisələrinin fəaliyyətinin bərpası
və genişləndirilməsi, iqtisadi və sosial-mədəni
infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində
uğurlu nəticələr qazanılıb. Əminliklə
deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye
mərkəzidir. Şəhərin iqtisadi
strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma,
elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti
materialları istehsalı müəssisələri daxildir.
Şəhərdə mövcud olan ağır sənaye
müəssisələrinin əksəriyyəti müasir
texnologiya əsasında yenidən qurulub. Konkret
ifadə etsək, Sumqayıtda artıq 200-dən çox sənayeyönümlü
müasir texnologiya əsasında işləyən müəssisə
fəaliyyət göstərir. Ən
önəmlisi budur ki, belə müəssisələrin əksəriyyəti
müasir dünya standartlarının tələblərinə
uyğun texnologiya ilə işləyir və biz sahibkarlar da bu
faktordan bəhrələnirik.
Müstəqil Azərbaycanda sahibkarlıq institutunun
formalaşıb inkişaf etməsinin müəllifi də
ümummilli lider Heydər Əliyevdir. Ölkəmiz yeni dövlət
müstəqilliyini əldə etdikdən sonra ulu öndərin
ikinci dəfə siyasi hakimiyyətə
qayıdışına qədər olan dövr ərzində
iqtisadi sferada həyata keçirilən yanlış siyasət və
bunun nəticəsində formalaşmış mühit
sahibkarlığın, onun maddi əsasının
yaranmasına qətiyyən imkan vermirdi. Yalnız Heydər Əliyevin
hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü
siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində
ölkədə siyasi və makroiqtisadi sabitliyə nail
olunması ilə sahibkarlar sinfinin formalaşması
üçün həm hüquqi baza yaradıldı, həm
digər mühüm əməli tədbirlər
görüldü, həm də dövlət tərəfindən
özəl sektora hərtərəfli dəstək
nümayiş etdirildi. Ulu öndərin gördüyü
işlər sayəsində sahibkarlığın hüquqi
bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi,
ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar
münasibətləri əsasında iqtisadiyyatın
inkişafına şəraitin yaradılması,
sahibkarlığa təminat verilməsi, rəqabət
mexanizminin formalaşması və inkişafı, həmçinin
rəqabətin qorunması ilə bağlı müddəalar
öz əksini tapdı. Sahibkarlığın
inkişafının zəruri hüquqi mühitinin
formalaşdırılması istiqamətində qəbul
edilmiş Azərbaycan Respublikasının qanunları və
digər qanunvericilik aktları sahibkarlığın bir sistem
halında hüquqi bazasını təşkil etdi.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
isə Azərbaycanda sahibkarlığın daha da sürətli
inkişafı üçün çox əlverişli
mühit yaranıb. Cənab Prezident birmənalı şəkildə
bildirib ki, sahibkarlar
dövlətimizin əsas dayaqlarından biridir. İcra orqanları sahibkarlara kömək etməlidirlər,
onların işinə qarışmamalıdırlar. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son
toplantısında sahibkarların işinə yersiz müdaxilələrə
son qoyulması və onları dəstəkləməklə
bağlı tapşırıqları bizdə gələcəyə
daha nikbinliklə baxmağa imkan verir. Təbii ki, iş adamları da
öz vəzifə borclarını şərəflə yerinə
yetirməli, vergiləri tam və vaxtında ödəməlidirlər.
Bir məsələni də xüsusi
vurğulamaq istəyirəm ki, son illər qanunvericilikdə
edilmiş bir sıra dəyişikliklər sahibkarların fəaliyyətini
daha da asanlaşdırıb. Yeni Tikinti Məcəlləsinin
qüvvəyə minməsi, Vergi Məcəlləsindəki dəyişikliklər
sahibkarların fəaliyyəti üçün hüquqi
bazanı daha da təkmilləşdirib.
Bütün
bunların nəticəsidir ki Azərbaycanda ümumi daxili məhsul
istehsalında özəl sektorun artıq xüsusi çəkisi
aydın hiss olunur, iqtisadi artımın təminatında
sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə
güclənir. Dövlət tərəfindən
sahibkarlığın inkişafına yaradılan şərait
və müxtəlif formalarda verilən dəstək, eyni
zamanda, sözügedən institutun daha sürətli tərəqqisi
məqsədilə sistem halında ardıcıllıq prinsipi
ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi
islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının
ölkə iqtisadiyyatının yüksəlişində
mühüm rol oynayan subyektlərdən biri olaraq
çıxış etməsinə möhkəm bazis
yaradıb. Hazırda Sumqayıtda 14074 fiziki, 3061
hüquqi şəxs qeydiyyata alınıb. Son illərdə sahibkarların sayı xeyli artıb
və bu, şəhərimizdə dövlət-sahibkar
münasibətlərinin sağlamlaşmasının ən
obyektiv göstəricisidir. Məhz bunun nəticəsidir
ki, son iki ildə şəhər büdcəsinin subsidiyadan
asılılığı aradan qaldırılıb. Rəhbərlik
etdiyim "Qartal" tikinti firması bir sıra kommunikasiya və obyektlərin
tikintisi üzrə Azərbaycanda lider firmadır. Nümunə
olaraq bildirim ki, firmamız ödədiyi vergilərlə
Sumqayıt şəhər büdcəsinin 3,5
faizini maliyyələşdirir. Vergiləri
ödəmək sahibkarın dövlət qarşısında
öhdəliyinin yerinə yetirilməsidir.
Qazandığımız nailiyyətləri Prezident
İlham Əliyevin apardırı uğurlu siyasətin nəticəsi
kimi dəyərləndiririk. Bu il Azərbaycanda
prezident seçkiləri keçiriləcək. İnanırıq ki, Heydər Əliyev siyasi kursunun
ardıcıllığını təmin edən, bu siyasəti
dövrün nəbzini tutmaqla daha da inkişaf etdirən cənab
İlham Əliyev bu seçkidə də qələbə
qazanaraq gələn 5 ildə xalqımıza rəhbərlik
edəcəkdir. Reallıq da cənab
İlham Əliyevin növbəti dövr üçün
prezidentliyini diqtə edir. Çünki
ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövlətinin qazandığı
uğurların fonunda yeni dövr üçün hədəflər
daha aydın görünür. Bu hədəflərə
çatmaq üçün isə sahibkarlar da daxil olmaqla,
bütün Azərbaycan xalqı seçkidə ən layiqli
namizəd olacaq İlham Əliyevə səs verəcək!
Bəxtiyar SADIQOV:
- İnkişafın Azərbaycan modelinin əsas
xüsusiyyətlərindən biri sosial sahənin
inkişafıdır. Bu da Azərbaycanın sosial dövlət
olmasının göstəricisidir. Azərbaycanda əhalinin
bütün təbəqələri dövlətin sosial diqqətini
hiss edir. Xüsusən qaçqın və məcburi
köçkünlərin sosial şəraitinin
yaxşılaşdırılması, əhalinin məşğulluq
probleminin aradan qaldırılması, müharibə əlillərinin,
veteranların mənzil təminatı, gənclərin və
ahılların spesifik problemlərinin həlli dediklərimizə
misaldır. Bu barədə danışmaq üçün
söz Qarabağ müharibəsi əlilləri, veteranları
və şəhid
ailələri ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan
Hacızadəyə verilir.
Tərlan HACIZADƏ:
-
Respublikamızın iqtisadi baxımdan qüdrətlənməsi,
dünya birliyində öz yeri olan dövlətə
çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən
təsdiq olunan reallıqdır. Həyata
keçirilən dövlət proqramlarının konkret nəticəsi
olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz
görünən tərəfləri sürətlə
inkişaf edir, dünya standartlarına uyğun müasir
iqtisadi infrastruktur formalaşır. Bütün
bunlar sistemli şəkildə paralellik təşkil edərək
vətəndaşların sosial rifahının yüksəlməsinə
əhəmiyyətli dərəcədə təsir göstərir.
Ulu
öndər Heydər Əliyevin müəllifi olduğu
müstəqil Azərbaycanın hərtərəfli
inkişaf konsepsiyasının əsas tərkib hissələrindən
biri olan sosial siyasət kursunun Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
dövrün tələblərinə adekvat şəkildə,
həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək
davam etdirilməsi əhalinin sosial müdafiəsi sahəsində
böyük tarixi nailiyyətlər əldə edilməsinə
gətirib çıxarıb. Dövlət
başçısının iqtisadi sferada həyata
keçirdiyi siyasətin mühüm cəhətləri hər
zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi,
yoxsulluq probleminin birdəfəlik həllinə nail olmaq
üçün əhalinin həyat səviyyəsinin yüksələn
xətt üzrə inkişaf etdirilməsi və beləliklə,
insanların layiqli həyat tərzinin təmin edilməsidir.
Digər tərəfdən, elmi-nəzəri və
iqtisadi əsaslara söykənməklə sosial prioritetlərin
düzgün müəyyənləşdirilməsi cənab
İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin
səciyyəvi cəhətlərini təşkil edir.
Bu gün ölkəmizdə sosial müdafiənin diqqətçəkən
mühüm tərəflərindən biri aztəminatlı
insanlara dövlət büdcəsi hesabına ödənilən
ünvanlı dövlət yardımının, o cümlədən
xüsusi kateqoriyadan olan vətəndaşlara sosial muavinətlərin
verilməsidir.
Bunun nəticəsində aztəminatlı təbəqə,
xüsusilə də muharibə iştirakçıları
dövlət qayğısını öz üzərlərində
tam hiss edirlər. Fürsətdən
istifadə edərək Sumqayıt şəhərində
yaşayan Qarabağ müharibəsi əlillərinə və
veteranlarına, şəhid ailələrinə göstərilən
diqqət və qayğını vurğulamaq istərdim.
Sumqayıt şəhərində ümumilikdə
1000-ə yaxın müharibə əlili və şəhid
ailəsi yaşayır. Sumqayıtın
torpaq sahəsi məhdud olmasına baxmayaraq, ötən illər
ərzində bu kateqoriyadan olan insanlara kommersiya və digər
təyinatlar üzrə müvafiq torpaq sahələri
ayrılıb. Bayramlar ərəfəsində
bu insanlara şəhər icra hakimiyyəti və sahibkarlar tərəfindən
sovqatlardan ibarət bağlamalar və maddi yardımlar göstərilir.
Ən əsası isə artıq neçə illərdir
ki, müharibə veteranlarının və əlillərin,
şəhid ailələrinin sosial-məişət problemlərinin
həlli istiqamətində əməli işlər
görülür. Buna misal olaraq, onların dövlət tərəfindən
pulsuz mənzillərlə və "Lifan" markalı
maşınlarla təmin olunmalarını göstərmək
olar. 1999-cu ildən bəri Sumqayıt
şəhərində imtiyazlı şəxslər
üçün 9 bina inşa edilib. Nəticədə
dövlət tərəfindən pulsuz olaraq 379 ailə 17 min
kvadratmetrdən çox yaşayış sahəsinə malik
olan mənzillərlə təmin olunub. Bunlardan
278-si Qarabağ müharibəsi, 78-i şəhid, 23-ü
Çernobıl əlili ailəsidir. Xüsusi
olaraq 2012-ci ilin dekabr ayında imtiyazlı şəxslər
üçün tikilib istifadəyə verilən,
respublikamızada analoqu olmayan 12 mərtəbəli və 96 mənzilli
binanı vurğulamaq istəyirəm. Bizim
üçün olduqca fərəhli idi ki, bu binanın mənzillərinin
orderini məhz Prezident İlham Əliyev şəxsən təqdim
etdi. Beləliklə, bir daha təsdiq olundu
ki, sosial sahəyə diqqət ən yüksək səviyyədə
nəzarətdədir.
Vətəndaşların sosial müdafiəsi dedikdə
kateqoriyasından asılı olmayaraq, bütün əlillərin
- fiziki cəhətdən qüsurlu insanların
sağlamlığının bərpası
yönümündə görülən işləri də
vurğulamaq lazımdır. Buna misal olaraq, Sumqayıtda əlilliyin
qarşısının alınması və reabilitasiyası məqsədilə inşa
olunmuş və hazırda uğurla fəaliyyət göstərən
Əlillərin Bərpa Mərkəzini göstərmək
olar. Pekin Yay Paralimpiya Oyunlarının keçirilməsi ərəfəsində,
2008-ci ilin avqust ayında Qafqazda ilk dəfə olaraq
Sumqayıt şəhərində inşa olunmuş Paralimpiya
İdman Kompleksinin açılışı və
paralimpiyaçılarımızın yolasalma mərasimində
Prezident İlham Əliyevin iştirakı da ölkəmizdə
əlilliyin bərpası və bu insanların sağlam həyat
tərzinə olan diqqətin nümunəsidir. Bu
mənada deyə bilərik ki, dövlət
başçısı İlham Əliyev fəaliyyəti
dövründə cəmiyyətimiz üçün
taleyüklü məsələlərin yoluna
qoyulmasının müəllifinə çevrilib, onun
ardıcıl və sistemli surətdə həyata
keçirdiyi islahatlar mənəvi yüksəlişə və
həmrəyliyə xidmət edib.
Bu gün Azərbaycanın ən ağrılı
problemi torpaqlarımızın Ermənistan tərəfindən
işğal olunması, 1 milyondan artıq azərbaycanlının
qaçqın və məcburi köçkün vəziyyətinə
düşməsidir. Hər min nəfərə düşən
məcburi köçkün əhalisinin sayına görə
Azərbaycan dünyada ən yüksək göstəricilərdən
birinə malikdir. 1988-ci ildən etibarən
təqribən 16 min ailə və yaxud 70 min nəfər
soydaşımız Sumqayıt şəhərinə pənah
gətirib. Bunlardan 3000 ailə Ermənistandan
öz ata-baba yurdlarından zorla qovulmuş, 13000 ailə isə
işğal altında olan ərazilərdən məcburi
köçkün düşən həmvətənlərimizdir.
Pənah gətirmiş köçkünlər
əsasən müəssisələrin yataqxanalarında,
uşaq bağçalarında, texniki-peşə məktəblərində,
tikintisi başa çatmamış yaşayış
binalarında və digər yerlərdə məskunlaşıblar.
Son illərdə
dövlətimiz məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində əsaslı
addımlar atır. Mühüm nailiyyətlərdən biri çadır düşərgələrinin ləğv edilməsidir. Dövlət başçısı qaçqın və
məcburi köçkünlərə daim diqqət və
qayğı göstərir, onların problemlərinin həllinə
çalışır. Azərbaycan Prezidentinin
2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq
edilmiş "Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı"na uyğun olaraq, qaçqın və məcburi
köçkünlər üçün 1 milyon 474 min
kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli
evlərdən ibarət məhəllə və fərdi evlər
inşa edilib, 134 məktəb və digər sosial obyektlər
istifadəyə verilib. Cari ilin sonuna kimi isə
daha 20.000 məcburi köçkün ailəsinin
köçürülməsi həyata keçiriləcəkdir.
Torpaqlarımız işğaldan azad olunduqdan
sonra isə "məskunlaşdırma prosesi"
"qayıdış proqramı" ilə əvəz
olunacaqdır.
Şəhərimizdə də qaçqın və məcburi
köçkünlərin uçotu dəqiqləşdirilib,
müvəqqəti sıx məskunlaşdıqları obyektlərin
siyahısı tərtib edilərək müvafiq dövlət
qurumlarına təqdim edilib və 51200 nəfər
üçün vahid informasiya bazası
yaradılmışdır. İndiyədək
keçirilmiş əmək yarmarkalarında 675 nəfər məcburi
köçkün işlə təmin olunub.
Azərbaycanda son illərdə əldə olunan
uğurlu nəticələr ölkəmizin davamlı
inkişaf etdiyini təsdiqləyir. İqtisadi və sosial
sahələrdə aparılan ardıcıl islahatlar vətəndaşlarımızın
daha yaxşı yaşamasını təmin etməklə
qarşıda yeni imkanlar açır. İrəlidə
isə bizi daha böyük uğurlar gözləyir və
bunun nəticəsi olaraq insanlarımızın dövlətin
sosial qayğısını daha güclü şəkildə
hiss edəcəkləri şübhəsizdir.
Bəxtiyar SADIQOV:
-
Sumqayıt hələ sovet dövründən abad şəhər
kimi tanınıb. Təbii ki, son illərdə
burada da genişmiqyaslı abadlıq və quruculuq işləri
görülüb və nəticə etibarilə şəhərin
ümumi mənzərəsi daha da gözəlləşib.
Şəhərin küçələrindən
də görünür ki, abadlıq və quruculuq
Sumqayıtda da əsas fəaliyyət istiqamətidir. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən
biri Sumqayıtın Bakı standartlarına çatmasıdır.
Bu barədə danışmaq üçün
söz Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər
Təşkilatının idarə heyətinin üzvü
Ceyhun Məmmədova verilir.
Ceyhun MƏMMƏDOV:
- Ölkəmizdə
son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən
biri regionların, hər bir rayonun, şəhər və kəndlərin
inkişafıdır. Prezident İlham Əliyevin
təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair
dövlət proqramlarının uğurlu icrası müddətində
bütün bölgələrdə yeni istehsal və xidmət
müəssisələri fəaliyyətə başlayıb, əsaslı
quruculuq və abadlıq işlərinə start verilib. Bu proqramlar sosial sahədə qarşıda duran
problemlərin də həllində mühüm rol oynayır.
Yeni müəssisələrin yaradılması tarazlı
inkişafla bərabər, əhalinin məşğulluq
problemlərinin yoluna qoyulması və yeni iş yerlərinin
açılması ilə müşayiət edilir. Dövlət proqramları çərçivəsində
regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin
kommunal xidmətlərlə, o cümlədən elektrik
enerjisi, qaz və su ilə təchizatının
yaxşılaşdırılması, səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin
daha da yaxşılaşdırılması istiqamətində
mühüm tədbirlər həyata keçirilir.
Bütün
bu işlər doğma şəhərimiz Sumqayıtda da
yaxından hiss olunmaqdadır. Hər zaman
Sumqayıta və sumqayıtlılara xüsusi ehtiram və
diqqətlə yanaşan Prezident İlham Əliyevin son iki ildə
Sumqayıta etdiyi 4 səfər onun şəhərimizə və
şəhər əhalisınə olan xüsusi diqqətinin
göstəricisidir. Eyni zamanda, son illərdə
şəhər sakinlərinin sosial rifah halının daha da
yaxşılaşdırılmasına xidmət edən
mühüm infrastruktur layihələrinin həyata
keçirilməsi, dayanmadan aparılan abadılıq və
quruculuq işləri də dövlət
başçısının Sumqayıta olan diqqətinin bariz
nümunəsidir. Cənab Prezident Sumqayıt Olimpiya
İdman Kompleksinin açılışı mərasimindəki
çıxışı zamanı dediyi "Biz Sumqayıtın
inkişafına çox böyük diqqət göstəririk.
Sumqayıtı müasir sənaye mərkəzinə
çevirmək üçün konkret proqramlarımız,
icra mexanizmlərimiz var və biz bunu edəcəyik"
sözləri dövlət başçısının
Sumqayıta olan diqqətini təsdiq edir.
İndiyədək görülən işlərin nəticəsində
Sumqayıt çox qısa bir müddət ərzində
öz simasını dəyişib. Binalarin dam
örtüklərinin və fasad hissələrinin tam yenilənməsi,
yol kənarlarında yerləşən ticarət obyektlərinin
müasir memarlıq üslubunda yenidən qurulması, səkilərin
daş piltələrlə döşənməsi, yeni
işıq dirəklərininin quraşdırılması, digər
sosial obyektlərin yaradılması,
yaşıllıqların salınması və digər
işlər şəhərimizin estetik baxımdan gözəlliyinə
böyük töhfələr verməkdədir.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə
Sumqayıtda Cənubi Qafqazın ən böyük istehsal mərkəzlərindən
olan Texnologiyalar Parkının ərsəyə gətirilməsi,
"Kimyaçılar" mədəniyyət
sarayının qarşısında şəhərin baş
meydanının salınması üçün görülən
işlər, Sumqayıt Cümə məscidinin əsaslı
təmir olunması və burada möhtəşəm minarənin
ucaldılması, Heydər Əliyev Mərkəzinin
inşasının başa çatması, Gənclər
evinin tikintisinə başlanılması quruculuq işlərinin
Sumqayıtın inkişafında əsas fəaliyyət
istiqamətlərindən biri olduğunu göstərir.
Şəhər
sakinlərinin ən sevimli istirahət məkanlarından biri
olan Nəsimi adına mədəniyyət
və istirahət parkında yeni lahiyə əsasında əsaslı
təmir və yenidənqurma işlərinin ikinci mərhələsi
aparılmaqdadır. Nəsimi heykəli ətrafında
kompleks şəkildə yenidənqurma və abadlıq işləri
isə başa çatıb. Ulu öndər Heydər Əliyevin
adını daşıyan parkın bir hissəsi, Sumqayıtda
ilk klassik meydan olan möhtəşəm "Bayraq Meydanı", yenidən
qurulmuş "Bələdiyyə parkı", dünya
standartlarına uyğun, yüksək səviyyədə əsaslı
təmir olunan 1 saylı Uşaq Gənclər İdman məktəbi
şəhər sakinlərinin istifadəsinə verilib.
Hazırda
Sumqayıtın mərkəzi küçələri ilə
bərabər məhəllə və mikrorayondaxili ərazilərində
də yenidənqurma və bərpa işləri
aparılmaqdadir. Belə ki, şəhərin 10, 13, 17 və
18-ci mikrorayonlarında, Hacı Zeynalabdin qəsəbəsinin
Şirvan yaşyış masivində gözəl
görünüşlü nümunəvi məhəllələr
yaradılıb, bu ərazilərdə yollar asfaltlanıb, yeni
uşaq istirahət guşələri, attraksionlar, mini-futbol və
basketbol meydançaları salınıb, sakinlərin normal
istirahətini təmin etmək üçün yeni oturacaqlar
qoyulub. Bu irimiqyaslı lahiyələrin tərkib
hissəsi olaraq, qədim tarixə malik Corat qəsəbəsinin
Sahil küçəsi tərəfindən giriş hissəsində
tarixi ornamentləri özündə əks etdirən Qala
divarlarının tikilməsi və divarların üstünə
qədim topların yerləşdirilməsi buraya xüsusi
gözəllik verib.
Bu gün hər bir şəhər sakini aparılan və
səngimədən davam etdirilən abadlıq və quruculuq
işlərinin nəticəsində günü-gündən
gözəlləşən şəhərimizi gəzməkdən,
sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir
ki, cənab Prezidentin tapşırığı ilə ölkə
boyu aparılan abadılıq və quruculuq işləri,
şəhərimizdə də ən yüksək səviyyədə
öz təzahürünü tapmaqdadır. Sumqayıt
sakini olaraq əminliklə deyə bilərəm ki, cənab
Prezidentin təşəbbüsü ilə Sumqayıtın gələcək
inkişafı üçün hazırlanan möhtəşəm
proqram və layihələrin nəticəsində şəhərimiz
qısa bir zamanda tam olaraq yeniləşərək nəinki
respublikamızın, hətta Avropanın və dünaynın
ən gözəl guşələrindən birinə
çevriləcək. Prezident İlham Əliyev
çıxışlarının birində deyib: "Mən
Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm.
Mən şəhərdə dəfələrlə
olmuşam, bundan sonra da dəfələrlə olacağam.
Çünki hələ ki, burada görüləsi
işlər çoxdur". Ölkə
başçısının bu sözləri görülən
işlərin hələ bitmədiyini və bundan sonra da
şəhərimizin gözəlləşməsi və
inkişafı üçün yeni-yeni layihələrin həyata
keçiriləcəyinin sübutudur.
Bu gün qazandığımız bütün
uğurlar Azərbaycanın istər iqtisadi, istərsə də
siyasi baxımdan qüdrətlənməsinin göstəricisidir. Azərbaycanın dinamik
inkişafına, dünyanın geosiyasi proseslərində fəal
iştirakına, BMT-nin Təhlükəsizlik
Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin
təmin olunmasına töhfələr verməsinə,
"Azərspace" ilk telekommunikasiya peykinin orbitə
buraxılması ilə ölkəmizin bölgədə və
dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları
sektorunun inkişafına xüsusi diqqətlə
yanaşmasına, mühüm beynəlxalq ictimai, siyasi,
iqtisadi, humanitar forumların, konfransların, idman
yarışlarının keçirildiyi mərkəzə
çevrilməsinə görə Prezident İlham Əliyevin
Böyük Britaniyanın nüfuzlu "The Business Year"
jurnalı tərəfindən "İlin adamı" elan
edilməsi görülən işlərə dünya ictimaiyyətinin
verdiyi yüksək qiymətdir.
Lakin bütün bu nailiyyətlər bəzi daxili və
xarici dairələri narahat edir. Onlar hər vasitə
ilə Azərbaycanın nüfuzuna kölgə salmağa
çalışırlar. Ancaq bir məsələni bilməlidirlər
ki, Azərbaycan xalqı ağı qaradan seçməyi
bacarır və antiazərbaycançı şəbəkə
öz çirkin əməlləri ilə heç nəyə
nail ola bilməyəcək! Əminliklə
qeyd etmək istəyirəm ki, görülən və səngimədən
davam etdirilən bu işləri, aparılan uğurlu, praqmatik
daxili və xarici siyasəti yüksək dəyərləndirən,
Vətənini, millətini sevən hər bir azərbaycanlı
bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx
birləşərək onun ən etibarlı dayağı
olacaqdır!
Bəxtiyar SADIQOV:
- Bu
gün Azərbaycanda həyata keçirilən kompleks
inkişaf siyasəti digər tərəfləri ilə
yanaşı, mədəni həyatımızın da zənginləşməsinə
böyük töhfələr verir. Ölkəmizin sənaye
mərkəzlərindən olan Sumqayıtda da bu tendensiya
yaxından hiss olunur. Sumqayıtda hər il
ənənəvi mədəniyyət tədbirləri, insan
inkişafına xidmət edən digər mədəni layihələr
reallaşdırılır. Bu sahədə
Sumqayıtın artıq öz ənənələri də
formalaşıb. Bütün bunlar barədə məlumat
vermək üçün söz Sumqayıt Dövlət Texniki Kollecinin
direktoru Mətanət
Pirquliyevaya verilir.
Mətanət PİRQULİYEVA:
-
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu müstəqil Azərbaycan bu gün dünyanın ən
sürətlə inkişaf edən ölkələri
sırasındadır. Hazırda ulu öndərin
siyasi kursu Prezident İlham Əliyev tərəfindən yüksək
səviyyədə davam etdirilir və daha da zənginləşdirilir.
Yürüdülən
siyasət nəticəsində ölkəmiz bütün
istiqamətlərdə - iqtisadiyyat, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə
yüksək nailiyyətlər əldə edib. Azərbaycanın
valyuta ehtiyatlarının son illərdə 48 milyard dollar səviyyəsinə
çatması iqtisadi inkişafımızın göstəricilərindən
biri kimi qəbul edilir. Dünyada mürəkkəb
iqtisadi və siyasi mənzərənin yarandığı bir
dövrdə Azərbaycanın öz inkişaf tempini qoruyub
saxlaması və gündən-günə güclənməsi
cənab Prezidentin yorulmadan həyata keçirdiyi fəaliyyətin
məntiqi yekunudur.
Yeni əsrin yeni tendensiyalarına uyğun olaraq, Azərbaycan
dünya miqyasında nümunə olan bir iqtisadi modellə irəliləyir. Bu il Azərbaycanın
tarixində ilk dəfə olaraq telekommunikasiya peykinin orbitə
buraxılması dövlətimizin informasiya texnologiyaları
sahəsində əldə etdiyi nailiyyətlərə
misaldır. Biz inanırıq ki, Prezident
İlham Əliyevin fəaliyyəti nəticəsində
dövlətimiz daha da inkişaf edəcək və yeni-yeni
nailiyyətlər əldə olunacaqdır.
Dünyada hər bir xalqın inkişaf səviyyəsinin
göstəricilərindən biri onun mədəniyyətidir. Azərbaycan
bu sahədə də tarixi nailiyyətlər əldə
etmişdir. 2012-ci ilin may ayında Avropanın mötəbər
musiqi yarışması sayılan "Eurovision" mahnı
müsabiqəsinin Bakıda keçirilməsi
xalqımızın mədəniyyətinin təbliği və
dünyaya çatdırılmasında böyük rol
oynadı. Pranetimizdə yaşayan yüz
milyonlarla insanın yaxından izlədiyi bu müsabiqə
dövlətimiz tərəfindən yüksək səviyyədə
keçirildi. Əlbəttə, tədbirin dövlətimizin
adına layiq, dünyaya nümunə olan
bir səviyyədə keçirilməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın əvəzsiz rolu oldu. Fərəh
hissi ilə qeyd etməliyik ki, indiyədək Mehriban xanım Əliyevanın
yüksək təşkilatçılıq qabiliyyəti sayəsində
ölkəmizdə nəinki bu müsabiqə, həmçinin
müxtəlif beynəlxalq tədbirlər də ən
yüksək səviyyədə təşkil olunub. Bütün bunlar Azərbaycan dövlətinin
yüksəlişinin, qüdrətlənməsinin və tərəqqisinin
göstəricisidir.
Respublikamızda olduğu kimi, Sumqayıtda da yüksək
inkişaf tempi özünü göstərməkdədir. Sumqayıt respublikada, həmçinin
regionda inkişaf etmiş şəhərlər arasında müasir
dizayn baxımından özünəməxsus yer
tutmaqdadır. Cənab
Prezidentin "Sumqayıt qısa müddətdə Bakı
standartlarına yaxınlaşmalı və dünyanın ən
gözəl şəhərlərindən birinə
çevrilməlidir" sözləri şəhərimizə
olan xüsusi münasibətinin təcəssümüdür.
Mən diqqəti xüsusilə şəhərimizdə
mədəniyyət sahəsində əldə olunan
uğurlara yönəltmək istəyirəm. Fərəhlə
qeyd etməliyik ki, Prezident İlham Əliyevin və Mehriban
xanım Əliyevanın mədəniyyət sahəsinə
göstərdiyi həssas münasibət şəhərimizdə
bir çox xüsusiyyətləri ilə sezilməkdədir.
Dahi şairimiz Nəsiminin adına olan
parkın, şəhərimizdəki mədəniyyət evlərinin
ən yüksək səviyyədə təmir edilməsi cənab
Prezidentin mədəniyyətə olan böyük diqqət və
qayğısının nümunəsidir.
Sumqayıtda keçirilən maraqlı və orijinal tədbirlər
də mədəniyyət sahəsində böyük irəliləyişlərə
səbəb olmuşdur. Bu baxımdan əminliklə deyə bilərik
ki, son illər Sumqayıt, sözün həqiqi mənasında,
mədəni tədbirlərin kütləvi şəkildə
keçirildiyi bir mərkəzə çevrilmişdir.
Hər il böyük təntənə ilə
qeyd olunan "Şəhər günü" artıq
sumqayıtlıların doğma bayramı kimi qəbul edilir. "Şəhər günü"ndə
Sumqayıtda möhtəşəm paradın təşkil
olunması, musiqili konsert proqramları və müxtəlif
ölkələrdən gəlmiş incəsənət
qruplarının çıxışları bu tədbiri daha
da rövnəqləndirir.
Hər il may ayında şəhərimizdə simfonik
konsertlər keçirilir Bu konsertlərdə
sumqayıtlılar klassik musiqiləri böyük zövqlə
dinləyirlər. Şəhərimizdə hər il nəhəng paxlavanın, tortun təqdim
olunması isə Sumqayıtın kreativ şəhər kimi
çıxış etməsi üçün əsas
yaradır.
Sumqayıt idman və təhsil sahəsində də
imkanlarını gündən-günə artırır. Cənab
Prezidentin xüsusi qayğısı sayəsində
Sumqayıtda tikilən hər növ idman kompleksləri gənc
nəslin daha aktiv və sağlam şəkildə
böyüməsinə, cəmiyyətdə özünəlayiq
yer tutmasına şərait yaratmışdır. Hər
il keçirilən məhəllələrarası
futbol yarışları, velosiped yürüşləri,
marafonlar və bir çox bu formatda olan tədbirlər
insanlarımızın sağlamlığına diqqətlə
yanaşmağın bir forması kimi qəbul edilir.
Keçirilən bu cür tədbirlər kütləviliyi
ilə seçilir, şəhər sakinlərini bir-birlərinə
yaxınlaşdırır, insanların hər cəhətdən
daha da inkişafına, yaxşı mənada dəyişməsinə
və ictimai həyatda hər kəsin fəal iştirakına
böyük zəmin yaradır. Ən əsası
bütün bunlar artıq Sumqayıtın öz ənənələrinin
formalaşmasına gətirib çıxarıb.
Həyata keçirilən bütün bu tədbirlər
şəhərimizə dəvət etdiyimiz xarici qonaqlarda da
gözəl təəssüratlar yaradır. Bütün
bu tədbirlər həm də Sumqayıtın yaxın
zamanlarda Bakı standartlarına çatmasına və
dünyanın ən gözəl şəhərləri
sırasında yer almasına böyük töhfələr
verir. Biz sumqayıtlılar ümummilli
lider Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevə çətin və şərəfli fəaliyyətində
uğurlar və yeni-yeni qələbələr arzu edirik.
Prezidentimizi əmin edirik ki, bütün
sumqayıtlılar onun həyata keçirdiyi işlərdə
dəstək olacaq, verdiyi tövsiyə və
tapşırıqları həyata keçirmək
üçün var qüvvələrini əsirgəməyəcəklər.
Bəxtiyar SADIQOV:
-
Ümummilli lider Heydər Əliyev çox çətin,
mübarizə və qələbələrlə dolu bir
ömür yaşadı. Bəlkə də tərəziyə
qoyulsa, çətin günləri xoş günlərindən
çox oldu. Buna baxmayaraq, xoşbəxt ömür
yaşadı! Əvvəla, tarixin onun üzərinə
qoyduğu şərəfli missiyanı - Azərbaycanı
parçalanmaq və bir dövlət kimi məhvolmaqdan
qurtararaq müstəqilliyinin qorunub saxlanılması və əbədiliyə
çevrilməsi vəzifəsini yerinə yetirdi. İkincisi, bu yolda gördüyü işlərlə
- iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu
və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki
cahanşümul fəaliyyəti nəticəsində
özü XX və XXI əsrlər Azərbaycanının ən
görkəmli şəxsiyyəti kimi dünya tarixinə
düşdü. Heydər Əliyevin ən böyük
xoşbəxtliyi isə, şübhəsiz, müəyyən
etdiyi yolun bu gün də uğurla davam etdirilməsidir!
Ümummilli lider Heydər Əliyevdən cismən
ayrıldığımız ötən 10 ildə dövlət
quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan
uğurlar da sübut edir ki, onun ideyaları həmişəyaşar
və məğlubedilməzdir!
"Mən hər bir azərbaycanlının Prezidenti
olacağam" - deyən Pezident İlham Əliyev isə
ötən 10 ildə bu vədinə sadiqliyini dəfələrlə
əməli işi ilə sübuta yetirib. Xalqın
xoş gününə, rahat yaşayışına
çalışan dövlət rəhbəri ən çətin
və qayğılı günlərində də
insanların yanında olub. Ölkədə
həyata keçirilən sosial infrastruktur layihələri də
Azərbaycan insanının firavan həyat tərzinin təmini
məqsədinə ünvanlanır. Ölkənin
iqtisadi uğurlarını hər bir vətəndaş öz
gündəlik həyatında, məişətində hiss
edir! Bu gün ikinci elə bir dövlət tapmaq çətindir
ki, dövlət büdcəsi, hərbi xərcləri, valyuta
ehtiyatları qısa müddətdə dəfələrlə
artsın! Bununla da cənab İlham Əliyev ulu öndər
Heydər Əliyevin arzularını praktik şəkildə
gerçəkləşdirməklə xalqa rəhbərlik
missiyasının öhdəsindən layiqincə gəlir!
Prezident İlham Əliyevin rəhbərliyi altında bu
gün ölkəmizin əldə etdiyi böyük
uğurların təməlində, heç şübhəsiz,
ulu öndərin zəngin siyasi-mənəvi irsi və
dövlətçilik məktəbi dayanır. Bu, qalibiyyət yolu, Heydər
Əliyev yoludur! Prezident İlham Əliyev isə Heydər Əliyevin
siyasi kursunun ən layiqli davamçısıdır! Bu kurs Azərbaycan
xalqı üçün alternativsizdir və hər şey deməkdir!
Qarşıdan gələn prezident seçkilərində
də xalqın yeganə namizədi cənab İlham Əliyevdir.
Azərbaycan xalqı bu seçkidə cənab İlham Əliyevə
yenidən səs verməklə, əslində, ölkənin
yüksəlişinə, güclənməsinə və həm
də özünün xoşbəxt gələcəyinə
səs vermiş olacaqdır!
Azərbaycan.-
2013.- 12 aprel.- S. 4-5.