Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir

 

Bu il mayın 29-dan iyunun 1-dək Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə "Çeşidli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO və BMT-nin Dünya Turizm Təşkilatı çıxış edirlər.

İkinci Bakı Forumunda indiki mərhələdə mədəniyyətlərarası münasibətlərin normal inkişafına mane olan məsələlər, təhdidlərin aradan qaldırılması üçün müxtəlif mövzularda maraqlı debatlar təşkil ediləcəkdir. Eyni zamanda, mədəniyyətlərarası dialoqun konseptual, idarəçilik, siyasi və praktik aspektləri, mədəni-sosial, dini, iqtisadiyyat, biznes sahələrinin təsirləri müzakirə olunacaqdır.

Bu tədbir həmçinin Azərbaycanın beynəlxalq tərəfdaşları ilə, iştirakçı ölkə və təşkilatlarla bu sahədə müvafiq təcrübəni bölüşmək, eləcə də yeni təşəbbüsləri irəli sürmək imkanı yaradacaqdır.

Forum çərçivəsində Azərbaycanın Şərqlə-Qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq dünyada ilk dəfə Şərq-Qərb Mədəniyyət Nazirlərinin Görüşünün keçirilməsi nəzərdə tutulur.

Forumda beynəlxalq qurumların rəhbərləri, dünyanın 100-dən çox ölkəsindən nazirlər, ekspertlər, beyin mərkəzlərinin rəhbərləri, alimlər və mədəniyyətlərarası dialoqla məşğul olan mərkəzlərin yüksək səviyyəli nümayəndələri iştirak edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci il 27 may tarixli sərəncamına uyğun olaraq  forum hər iki ildən bir Bakıda keçirilir.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.7.