Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16/61 saylı, 03 avqust 2010-cu il tarixli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 3/12

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 16/61 saylı, 03 avqust 2010-cu il tarixli Qərarı ilə formalaşdırılmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyaya Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29.6-cı maddəsinə əsasən rəhbərlik etməli olan Mərkəzi Seçki Komissiyasının sədr müavini əvəz edildiyindən, habelə həmin Komissiyada nümayəndəsi təmsil olunan Mərkəzi Seçki Komissiyası nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin adı dəyişdirildiyindən, göstərilən qərarda müvafiq düzəlişlərin edilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 29.6-cı maddələrinə uyğun olaraq  qərara alır:

1. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə Komissiyanın yenidən formalaşdırılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 03 avqust 2010-cu il tarixli 16/61 saylı Qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının  sədr müavininin sədrliyi ilə, aşağıda göstərilən qurumlar tərəfindən ayrılmış mütəxəssislərdən ibarət tərkibdə Mərkəzi Seçki Komissiyasının 1/03 saylı 14 iyun 2003-cü il tarixli qərarı ilə yaradılmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya yenidən formalaşdırılsın:

  Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi;

  Bakı Şəhər İcra Hakimiyyəti;

  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi;

  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin Təşkilat şöbəsi;

  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi".

 

2. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

 

Azərbaycan.- 2013.- 12 aprel.- S. 6.