Azərbaycan və Çin arasında hüquqi əməkdaşlıq inkişaf edir

 

Xəbər verildiyi kimi, Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının (IAACA) prezidenti Çao Cianminqin  başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan ilə hüquqi sahədə əlaqələrin genişləndirilməsi məqsədilə aprelin 12-də ölkəmizə səfərə gəlmişdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Çinin baş prokuroru Çao Cianminq Ədliyyə Nazirliyində olmuşdur.

Qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu ifadə edən ədliyyə naziri Fikrət Məmmədov dövlətlərimiz arasında geniş müqavilə-hüquq bazasına söykənən dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmişdir. Nazir  səmərəli qarşılıqlı fəaliyyət çərçivəsində ikitərəfli səfərlərin həyata keçirildiyini, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulamışdır. Çinin baş prokurorunun Azərbaycana səfərinin və prokurorluq orqanları arasında yenicə imzalanmış Anlaşma Memorandumunun əlaqələrimizin inkişafına böyük təkan olacağını bildirmişdir.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda ədliyyə və məhkəmə sisteminin inkişafı üzrə həyata keçirilən genişmiqyaslı islahatlar, əldə olunan nailiyyətlər barədə geniş məlumat vermiş, dövlətimizin güclü siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə tədbirlərindən, o cümlədən yeni şəffaf və innovativ xidmətlərdən, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən danışmışdır.

Respublikamıza ilk dəfə səfər etdiyini bildirən qonaq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasından böyük şərəf duyduğunu xüsusilə qeyd etmiş, səfərin yüksək səviyyədə təşkil olunmasına, səmimi qonaqpərvərliyə, dost və qardaş münasibətlərinin göstərilməsinə heyran qaldığını vurğulamışdır.

Ç.Cianminq ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün yeni bir səhifə açıldığını bildirmiş, ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətləri təqdir etmiş, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləmişdir.

Söhbət zamanı dövlətlərimizin beynəlxalq təşkilatlar, xüsusilə Çinin təşəbbüsü ilə yaradılmış dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarını birləşdirən nüfuzlu Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası daxilində faydalı əməkdaşlıq etdiyi vurğulanmışdır. Bu günlərdə Hindistanda İAACA-nın İcraiyyə Komitəsinin iclasının uğurlu keçməsi qeyd edilmiş, tədbirdə aparılmış məzmunlu müzakirələrin, qəbul olunmuş mühüm qərarların korrupsiyaya qarşı mübarizəyə, bu sahədə beynəlxalq əməkdaşlığa əlavə töhfə verdiyi bildirilmişdir. Azərbaycanın Assosiasiyanın işində fəal iştirakı, o cümlədən ədliyyə nazirinin İAACA-nın vitse-prezidenti kimi təşkilatın beynəlxalq əlaqələrinin genişlənməsində, korrupsiyaya qarşı qlobal çağırışların dəstəklənməsində təşəbbüskarlığı və dəyərli töhfələri yüksək qiymətləndirilmişdir.

Görüşdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunmuş, maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Nümayəndə heyəti nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, qonaqlara iki ölkə arasında hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim edilmişdir.

Ölkəmizdə korrupsiyaya qarşı qəti mübarizə tədbirlərinin aparıldığını nəzərə alaraq bu sahədə müsbət təcrübəmizlə tanış olmaq məqsədilə elə həmin gün Çinin baş prokuroru, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının prezidenti yeni fəaliyyətə başlamış "ASAN xidmət"  mərkəzinə baş çəkmişdir.

Ç.Cianminq mərkəzdə yaradılmış müasir şəraitdən məmnun qalmış, bu cür şəffaf və yeni konseptual xidmətlərin vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsində, korrupsiyaya qarşı səmərəli mübarizədə önəmli rolunu qeyd edərək Azərbaycan dövlətinin  başçısının bu sahəyə xüsusi diqqətini və siyasi iradəsini yüksək qiymətləndirmişdir. Mərkəzdən xoş təəssüratlarla ayrılan qonaq ölkəmizin antikorrupsiya sahəsində böyük nailiyyət əldə etdiyini və müsbət təcrübəmizin digər dövlətlərə yayılmasının əhəmiyyətini vurğulamışdır.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.8.