Azərbaycanın və Çinin
prokurorluq orqanları arasında Anlaşma Memorandumu
imzalanmışdır
Aprelin
12-də Azərbaycan Respublikasının Baş
Prokurorluğunda ölkəmizdə rəsmi səfərdə
olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun
baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları
Assosiasiyasının (İAACA)
prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə ikitərəfli görüş
keçirilmiş və müzakirələrin nəticəsi
olaraq ölkələrimizin
prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin
perspektivlərini müəyyənləşdirən
Anlaşma Memorandumu imzalanmışdır.
Qonaqları
salamlayan baş prokuror Zakir Qaralov xalqlarımız arasında
formalaşmış zəngin tarixə malik və ildən-ilə
daha da genişlənməklə dərinləşən ikitərəfli
münasibətlərin inkişafında Azərbaycan və Cin
xalqlarının sınanmış liderləri Heydər Əliyev
və Tszyan Tszemin, sonrakı illər ərzində isə
dövlət başçıları İlham Əliyev və
Hu Cintaonun misilsiz xidmətlərini xüsusi qeyd etmişdir.
Diqqətə
çatdırılmışdır ki, Çin Xalq
Respublikası Azərbaycanın müstəqilliyini tanıyan
ilk dövlətlərdən biri olmaqla Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində beynəlxalq
hüququn norma və prinsipləri əsasında həllinə
tərəfdar olduğunu dəfələrlə bəyan
etmiş, öz mövqeyini beynəlxalq qurumlarda bildirmiş,
Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına
üzv seçilməsini qətiyyətlə dəstəkləmişdir.
Azərbaycan
Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq
Prokurorluğu arasında Beynəlxalq Prokurorlar Assosiasiyası
və İAACA çərçivəsində həyata
keçirilən əməkdaşlığın əhəmiyyəti
vurğulanmışdır. Xüsusi olaraq diqqətə
çatdırılmışdır ki, Prezident İlham Əliyevin
siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə
korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin
artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın
genişləndirilməsi məqsədi ilə, 2006-cı ildə
İAACA-nın yaradılması zamanı Azərbaycan bu təşəbbüsü
fəal surətdə dəstəkləmiş və bu gün
də ölkəmiz həmin təşkilatın işində
fəal iştirak edir. 2008-ci ilin martında İAACA-nın
İcraiyyə Komitəsinin iclasının və beynəlxalq
konfransın Bakıda keçirilməsi və həmin təşkilatın
vitse-prezidenti Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov
olması müsbət hal kimi dəyərləndirilmişdir.
Azərbaycan Prokurorluğunun strukturunda Korrupsiyaya qarşı
Mübarizə İdarəsinin yaradılmasını və
son illər ərzində bu sosial bəlaya qarşı
mübarizə sahəsində həmin qurum tərəfindən
görülən işləri diqqətə çatdıran
baş prokuror bu sahədə zəruri məlumatları
özündə əks etdirən sənədləri qonaqlara
təqdim etmişdir.
Azərbaycan
və Çin Xalq Respublikası arasında 1999-cu ildə
"Əməkdaşlıq haqqında" Sazişin
imzalanması ilə təməli qoyulan və bu gün
imzalanan Anlaşma Memorandumu ilə keyfiyyətcə yeni
müstəviyə qaldırılan ikitərəfli əlaqələrin
bundan sonra da yüksələn xətlə inkişaf edəcəyi
və tərəflərə öz səmərəsini verəcəyinə
inam ifadə olunmuşdur.
Görüşdə
Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun
baş prokuroru Çao Cianminq çıxış edərək
göstərilən yüksək qonaqpərvərliyə
görə dərin minnətdarlığını
bildirmiş, ölkəmizin prokurorluq orqanları ilə
sıx əməkdaşlıq əlaqələrinin
yaradılmasında böyük maraqlarının
olmasını diqqətə çatdırmışdır.
Azərbaycan və Çin arasında əlaqələrin
sıx olduğunu bildirən qonaq respublikamızın çox
qısa zamanda yüksək nailiyyətlər əldə etməsini
xüsusi qeyd edərək məhkəmə sisteminin
müasirləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə
hüquqi sahədə əməkdaşlıq üzrə
faydalı fikir mübadiləsi aparılmış, beynəlxalq
təşkilatlar çərçivəsində
qarşılıqlı fəaliyyətin səmərəliliyindən,
hüquqi əməkdaşlıq sahəsində mövcud
müqavilə bazasının təkmilləşdirilməsindən
danışılmış, tərəfləri
maraqlandıran məsələlər müzakirə edilərək,
iki ölkənin prokurorluq orqanları arasında
qarşılıqlı münasibətlərin bundan sonra da
uğurla davam etdiriləcəyinə əminlik ifadə
edilmişdir.
Qonaqlar
daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi
ilə tanış olmuşlar.
AzərTAc
Azərbaycan.-2013.- 13 aprel.- S.8.