Azərbaycanın və Çinin hüquq
sistemləri arasında əlaqələr genişlənir
Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının baş prokuroru, Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının (İAACA) prezidenti Çao Cianminqin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 12-də Ali Məhkəmədə olmuşdur.
Ali Məhkəmənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məhkəmənin sədri Ramiz Rzayev ilə keçirilən görüşdə qurumun strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.
Ali Məhkəmənin
sədri qeyd etmişdir ki, Azərbaycan məhkəmə-hüquq
sahəsində dünyanın bir çox inkişaf etmiş
ölkələri ilə ikitərəfli və beynəlxalq təşkilatlar
vasitəsilə uğurla əməkdaşlıq edir.
Azərbaycanda ən yüksək qanunvericilik prinsipləri fəaliyyət göstərir. Ölkəmizdə Avropa kontinental məhkəmə sistemi tətbiq olunur. Beynəlxalq hüquqi aktlara, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının müddəalarına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.
Ali Məhkəmənin sədri bildirmişdir ki, Müstəqil Dövlətlər Birliyinə daxil olan respublikalar sırasında Azərbaycan əhalinin sayına görə ən az cinayət hadisəsi qeydə alınan ölkədir. Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması hərbi məhkəmələrin fəaliyyətini daha zəruri edir.
Ali Məhkəmənin sədri Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyası ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin transmilli cinayətkarlığa, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə, çirkli pulların yuyulmasına və saxtakarlıq kimi cinayət növlərinə qarşı birgə mübarizə aparılmasından məmnunluğunu ifadə etmiş, bu mübarizənin gələcəkdə daha səmərəli nəticələr verəcəyinə əminliyini bildirmişdir.
Çin Xalq Respublikası baş prokuroru Çao Cianminq vurğulamışdır ki, korrupsiya əleyhinə ciddi mübarizə aparan Azərbaycan Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının fəaliyyətinə bundan sonra daha yaxından dəstək verəcəkdir. Eyni zamanda, Azərbaycanın və Çinin hüquq sistemləri arasında əlaqələr genişlənəcəkdir. Buna bu gün imzalanmış "Azərbaycan Respublikası Baş Prokurorluğu və Çin Xalq Respublikasının Ali xalq Prokurorluğu arasında Əməkdaşlıq haqqında" Anlaşma Memorandumu əsaslı zəmin yaratmışdır.
Nümayəndə heyətinin üzvləri Ali Məhkəmənin inzibati binasını gəzmiş, hakimlərin iş şəraiti ilə tanış olmuş, məhkəmə tarixi muzeyinə baxmış, xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonda
Ali Məhkəmənin sədri Azərbaycanın məhkəmə
orqanlarına xüsusi maraq və diqqət göstərdiyinə,
həmçinin əhəmiyyətli görüşə
görə Çin Xalq Respublikasının baş prokuroru,
Beynəlxalq Antikorrupsiya Qurumları Assosiasiyasının
prezidenti Çao Cianminqə və nümayəndə heyətinin
üzvlərinə təşəkkürünü
bildirmiş, gələcək işlərində uğurlar
arzulamışdır.
Azərbaycan.-2013.- 13 aprel.- S.8.