Şamaxıda «Dövlət-din münasibətləri və maarifləndirmə işi» mövzusunda üçüncü regional konfrans keçirilir

 

Aprelin 12-də Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi, Şirvan bölgəsində fəaliyyət göstərən dini icma sədrlərinin, imam və axundların, eləcə də fəal dindarlar və ilahiyyatçıların iştirakı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda ikigünlük regional konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli proseslərinə cəlb olunmaları məqsədi ilə keçirilən regional konfransda Milli Məclisin deputatları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri, Şirvan bölgəsi üzrə rayonların icra strukturlarının, Qafqaz Müsəlmanları İdarəsinin, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edirlər.

Regional konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərindəki abidəsini ziyarət etmiş, önünə əklil və çiçəklər qoymuş, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildirmişlər.

Daha sonra konfrans iştirakçıları Şamaxı rayonunun ərazisindəki qəhrəman türk əsgərinin abidəsini ziyarət etmiş, Cümə məscidində olmuşlar.

Vergilər Nazirliyinin Şamaxı rayonundakı Tədris Mərkəzində işə başlayan konfransın əvvəlində Azərbaycanın dövlət himni səsləndirilmişdir.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş regional konfransın ölkəmizdə dövlət-din münasibətlərinə müsbət təsirini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətlənməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Natiq bu istiqamətdə ümummilli liderin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dövlət-din münasibətlərinin  inkişafına göstərdiyi qayğıdan, həyata keçirdiyi irimiqyaslı işlərdən danışmışdır.

Qeyd edilmişdir ki, bu gün ölkəmizdə məscidlər, tarixi abidələr bərpa edilir, eyni zamanda, yeniləri tikilərək dindarların istifadəsinə verilir. Məsələn, elə tarixi şəhər olan Şamaxının Cümə məscidinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yenidən bərpası bu qəbildən olan tədbirlər sırasındadır. Eyni zamanda, bu gün dini maarifləndirmə sahəsində də geniş işlər aparılır. Bir müddət əvvəl axund və imamlar üçün xütbə vəsaitləri toplusunun nəşr edilməsi buna bariz nümunədir.

Komitə sədri son vaxtlarda dini icmaları və dindarları siyasiləşdirmə meyillərindən də danışmışdır. Qeyd etmişdir ki, ölkəmizdəki sabitliyi pozmaq niyyətində olan və xarici qüvvələrin təsiri altında hərəkət edən bir sıra siyasi qruplar məqsədlərinə çatmaq üçün dini icmaları və dindarları öz çirkin oyunlarında alət etməyə çalışırlar. Amma bu niyyətdə olanlar unudurlar ki, Azərbaycan xalqı, o cümlədən ölkəmizdəki dini icmalar dövlətçilik prinsiplərinə sadiqdirlər. Əminik ki, dini icmalar bundan sonra da bu cür çirkin oyunlara qoşulmayacaqlar.

E.İskəndərov icmaları dini maarifləndirmə sahəsində fəal olmağa və bir sıra radikal qüvvələrin qarşısında əsas silah olan düzgün maarifləndirmə istiqamətini təbliğ etməyə çağırmışdır. Bildirmişdir ki, xalqın dini maarifləndirilməsində, həmçinin islamın düzgün təbliğində dini qurumların, din xadimlərinin üzərinə böyük vəzifələr düşür. Bu cür hallara qarşı hamımız birgə mübarizə aparmalıyıq.

Dövlət Komitəsinin sədri "Qazi azan: haqqın və haqqımızın səsi" kampaniyası barədə də danışmışdır. Bildirmişdir ki, Qazi Qarabağ azanının səsləndirilməsi işğal altında olan torpaqlarımızı daim xatırlamaq üçündür. Bu təşəbbüs Dövlət Komitəsi tərəfindən dəstəklənmişdir və belə bir təklif irəli sürülmüşdür ki, dini icmalar bu azanı hər cümə günü öz məscidlərindən səsləndirsinlər. Ümidvarıq ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan Qazi Qarabağ azanı dini icmalarda vətənpərvərlik hissini daha da gücləndirəcəkdir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının  Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Canpolad Musayev bildirmişdir ki, bugünkü konfrans sayca üçüncü olsa da, sonuncu deyildir. Belə bir təşəbbüsü irəli sürənlərə təşəkkürünü bildirən natiq bu cür tədbirlərin ölkə dindarlarının maarifləndirilməsi işində mühüm rol oynayacağını qeyd etmişdir.

Milli Məclisin deputatları Elton Məmmədov və İlham Məmmədov konfransın əhəmiyyətini vurğulayaraq qeyd etmişlər ki, bu cür tədbirlərin keçirilməsi zəruridir. Natiqlər bu təşəbbüsün dövlət-din münasibətlərinin tənzimlənməsində, dövlətimizin inkişafı istiqamətində dəyərli iş olduğunu önə çəkmişlər.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müşaviri Fuad Nurullayev isə ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışmış və vurğulamışdır ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töhfələrini verməkdir.

Digər çıxış edənlər də Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruriliyini vurğulamışlar.

Aprelin 13-də konfrans öz işini davam etdirəcəkdir.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.8.