Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti
Nodar
Şaşıqoğlu son mənzilə yola
salınmışdır
Aprelin
12-də görkəmli teatr və kino aktyoru, Azərbaycanın
və Rusiyanın xalq artisti, Prezident təqaüdçüsü,
"Şöhrət" ordenli Nodar Şaşıqoğlu
son mənzilə yola salınmışdır.
AzərTAc
xəbər verir ki, vida mərasimində hökumət rəsmiləri,
elm və ictimaiyyət nümayəndələri,
tanınmış mədəniyyət xadimləri iştirak
etmişlər.
Mərhumun
cənazəsi Aktyorlar Evinin səhnəsində qoyulmuşdu.
Salonda həzin matəm musiqisi səslənirdi.
Sənətkarın tabutu önünə hökumət
təşkilatları və
müxtəlif kollektivlər
adından əklillər
düzülmüşdü.
Nodar Şaşıqoğlunun həmkarları,
dostları, tanışları,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, mərhumun
yaradıcılığının pərəstişkarları axın-axın
Aktyorlar Evinə gəlir, görkəmli sənətkara və gözəl insana son borclarını verirdilər.
Vida mərasimində görkəmli
sənətkar Nodar Şaşıqoğlunun həyat
və yaradıcılığından
danışan mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev aktyorun Azərbaycan teatrında çox böyük iz buraxdığını vurğulamışdır.
Bildirmişdir ki, Nodar Şaşıqoğlu
sağlığında dövlətin
diqqət və qayğısı ilə daim əhatə olunaraq "Şöhrət"
ordeninə layiq görülmüş, Prezident
təqaüdü almışdır.
Aktyorla bağlı əziz xatirələrini bölüşən
Ə.Vəliyev qeyd etmişdir ki, Nodar Şaşıqoğlu
1927-ci ildə Tbilisidə
dünyaya gəlmiş,
"Mosfilm", "Dovjenko",
"Odessa", "Azərbaycanfilm" kinostudiyalarında işləmişdir.
Azərbaycan səhnəsində
onlarla bir-birindən maraqlı rollar oynayan aktyor "Uzaq sahillərdə" filmində qəhrəman Mehdi Hüseynzadənin obrazından sonra xalqın yaddaşında
"Mixaylo" kimi qalmışdır.
"Mədəniyyət" telekanalının
rəhbəri, kinoşünas
Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorları
- xalq artistləri Aleksandr Şarovski və Məbud Məhərrəmov çıxış
edərək görkəmli
sənətkarın Azərbaycan
teatr sənətinin inkişafında əvəzsiz
xidmətlərindən danışmış,
onunla bağlı xatirələrini bölüşmüş,
aktyorun vəfatını
böyük itki hesab etmişlər. Bildirmişlər ki, Nodar Şaşıqoğlu
kimi əfsanəvi aktyorun ölümü Azərbaycan mədəniyyəti
və kinomuz üçün böyük
itkidir. Azərbaycan tamaşaçılarına "Mixaylo" obrazı ilə əziz olan Nodar Şaşıqoğlu
"Onun böyük ürəyi", "Uzaq
sahillərdə", "Əsl
dost", "Matteo Falkone",
"Səhər", "Bizim küçə",
"Leyli və Məcnun", "Telefonçu
qız", "De ki,
məni sevirsən!",
"Sevinc buxtası"
filmlərində çəkilmişdir.
Mərhumun ailə üzvləri
istedadlı sənətkarın
xatirəsinə göstərilən
hörmət və ehtirama görə dərin minnətdarlıqlarını bildirmişlər.
Sonra görkəmli aktyorun cənazəsi son mənzilə
yola salınmışdır.
Xalq artisti Nodar Şaşıqoğlu
İkinci Fəxri xiyabanda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!
Azərbaycan.-2013.- 13 aprel.- S.9.