Səbail rayon qadınlarının konfransı keçirilib

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Səbail rayon qadınlarının növbəti IV konfransı keçirilib.  Konfransda rayonun sənaye, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq-mühafizə, təsərrüfat sahələrində, dövlət və bələdiyyə qurumlarında, ictimai birlik və təşkilatlarda fəaliyyət göstərən qadınların nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Azərbaycanda qadına münasibət həmişə yüksək olmuşdur.

"Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə qadın siyasətinə daim diqqət yetirmişdir" - deyən Asif Əsgərov əlavə edib ki, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi onun adı ilə bağlıdır. Ümummilli liderin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş qadın və kişilərin hüquq bərabərliyi prinsipi insan hüquqlarının ayrılmaz elementisosial ədalət şərtlərindən biridir. O qeyd edib ki, Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulmuşdur. O illərdə ölkə rəhbərinin qadınların cəmiyyətdəki statusunun yüksəldilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar oldu. 1998-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı, həmin il Qadınların I qurultayı keçirildi. Ulu öndərin 2000-ci il 6 mart tarixli "Azərbaycan Respublikasında qadın siyasəti haqqında" fərmanı  isə qadınların potensialının tam açılması üçün institusional mexanizm oldu.

Asif Əsgərov bildirib ki, Azərbaycan qadınları müsəqil dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayırlar. Qadınlarımızın fəallığı günbəgün artır, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatında onların rolu əhəmiyyətli dərəcədə yüksəlir. Bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti bütün qadınlarımız üçün örnəkdir. Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti son dərəcədə təqdirəlayiqdir.

Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova  Səbail rayonunda yaşayan əhalinin 51,2 faizini qadınlar təşkil etdiyini bildirib. İqtisadiyyatın müxtəlif sahələrində çalışanların 31,1 faizi qadınlardır. Rayonda müxtəlif sahələrdə çalışan qadınların 13,3 faizi təhsil, 8,1 faizi səhiyyə, 7,7 faizi mədəniyyət və incəsənət, 9,2 faizi rabitə, 11,5 faizi ticarət, 8 faizi dövlət idarəetməsində işləyirlər. 23 mindən çox üzvü olan YAP Səbail rayon təşkilatının 55,6 faizi qadınlardır.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, 132-134 saylı təhsil kompleksinin direktoru Sara Xanlarova, 3 saylı musiqi məktəbinin direktoru Məhin Orucova və başqaları çıxış edərək qadınların cəmiyyətdəki rolundan danışıblar.

Konfransda respublika qadınlarının qurultayına 18 nəfər nümayəndə seçilib.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 13 aprel.- S.10.