Dilçiliyin
inkişafına dair Dövlət
Proqramı
Dövlət başçısı İlham Əliyev 9 aprel 2013-cü il tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, qloballaşma şəraitində dilçiliyin inkişafını təmin etmək üçün bir sıra məsələlər müvafiq təşkilatların nəzərinə çatdırılıb.
Dövlət Proqramında bildirilir ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dəfələrlə təsdiq edildi ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayandı, nüfuzunu qaldırdı, tərəqqisi üçün illərlə mübarizə apardı və istəyinə nail oldu. Elə bu şərəfli xidmətin nəticəsidir ki, ana dilimizin adı çəkilən kimi ulu öndəri xatırlayırıq. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Heydər Əliyevin xidmətləri unudulmazdır. Elə Dövlət Proqramında da bu məsələlər bir daha haqlı olaraq diqqətə çatdırılıb: "Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli 506 nömrəli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.
Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması dövrün tələbidir. Gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi çox vacibdir. Bu səbəbdən də Prezident sərəncamına əsasən qəbul edilmiş Dövlət Proqramının məqsəd və vəzifələri çox aydındır. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsi Dövlət Proqramının əsas vəzifələrindəndir. Bu proqramın icrasından gözlənilən nəticələr Azərbaycan dilinin və dilçilik elminin inkişafına hesablanıb. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi sayəsində mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün də mexanizmlər işə düşəcək. Elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi gözlənilən nəticələrə daxildir. Azərbaycan dilinin düzgün işlədilməsi və onun təmin olunması üçün müvafiq internet resurslarının da yaradılması nəzərdə tutulub.
Dövlət Proqramının icrası ilə əlaqədar hazırlanan Tədbirlər Planında da həyata keçiriləcək tədbirlərin adı, icraçılar və icra müddəti dəqiq göstərilib. Bu plana əsasən, 2013-cü ildən start götürülən Dövlət Proqramı 2020-ci ildə başa çatmalıdır. Elə tədbirlər də var ki, onlar 2015-2016-cı illərdə öz nəticələrini verməlidir. Normativ hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, öyrənilməsi, təbliği sahəsində qarşıda duran vəzifələr konkret və aydın şəkildə göstərilib. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi birbaşa olaraq dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və təbliği ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair tədbirləri hazırlayıb iki il ərzində mütləq həyata keçirməlidirlər. Kütləvi informasiya vasitələrində ana dilimizin təbliği ilə əlaqədar adını çəkdiyimiz təşkilatlarla bərabər Milli Televiziya və Radio, Mətbuat şuraları mütəmadi olaraq iş aparmalıdırlar. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının da tətbiqi mütləqdir. Tədbirlər Planında bu ciddi məsələlərin icrası birbaşa Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılıb.
Təbii ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Dövlət Proqramından irəli gələn vəzifələrə əsasən, xalqın milli sərvətinə diqqət və qayğı ilə yanaşılmalı, tələb edilən vəzifələr yerinə yetirilməlidir. Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə ana dilini ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı. Bu, danılmaz bir faktdır ki, milli dövlətçiliyin başlıca rəmzi də elə ana dilidir. Ulu öndərə məxsus fikirdir: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".
Dövlət rəhbərləri arasında ilk dəfə məhz Heydər Əliyev ədəbiyyatla cəmiyyətin münasibətlərini sahmana saldı. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ana dilinin himəyadarı oldu. Səlis, rəvan və aydın nitqi ilə həm də gözəl və dəyərli bir nümunə yaratdı: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir". Heydər Əliyev onu həmişə anlatmağa və şüurlara biryolluq həkk etdirməyə çalışırdı ki, dil yalnız mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, azərbaycançılıq fəlsəfəsinin təməl problemidir. Bu səbəbdən də Heydər Əliyevin ana dilimizə göstərdiyi həssas münasibətdə millətin və dövlətin taleyi dayanırdı. Dil həm də şərəfli dünənimiz, qürurlu bugünümüz və gələcəkdəki əbədiliyimizdir.
Prezident İlham Əliyev də ana dilimizin keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqliyi ilə seçilir. Ziyalılar, alimlər, yazıçı və şairlər, eləcə də sadə insanlarla keçirdiyi görüşlər zamanı dəfələrlə Azərbaycan dilinə olan sevgisinin ifadəsi kimi yumşaq, səlis, təmiz və aydın nitqi ilə nümunə göstərib. Aprelin əvvəlində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun şəkildə istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etmək məqsədilə imzaladığı sərəncamda da ana dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının tətbiqi yolunda ayrı-ayrı təşkilatların, qurumların qarşısında duran vəzifələri konkret göstərdi.
Dövlət
Proqramının hazırlanmasına qədər gələn
yol müəyyən tədbirlərin həyata keçməsi
ilə müşahidə olundu. Belə ki, Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında", "Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında" 2004-cü ildə
imzaladığı sərəncamlara əsasən, latın
qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin,
elmi əsərlərin, lüğət və bədii ədəbiyyat
nümunələrinin çap olunaraq istifadəyə verilməsi
milli ədəbi dilin daha da zənginləşməsi ilə
yanaşı, dilçiliyin əsaslı inkişafı
baxımından da əhəmiyyətli oldu. Sonrakı illərdə
də dilçiliyin inkişafı ilə əlaqədar
ölkədə dil siyasəti uğurla həyata keçirilməyə
başladı. Nəsimi adına Dilçilik İnstitutunun
maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar
Prezidentin sərəncamı oldu. Nəhayət, "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət
Proqramı" ölkə Prezidentinin müxtəlif zamanlarda
imzaladığı sərəncamlardan irəli gələn məsələlərin
həllinə yönəlib.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 13 aprel.- S.10.