Böyük düha

 

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 90 illiyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan olunması ilə bağlı müxtəlif səpgili  silsilə tədbirlər keçirilir. Heydər Əliyev Universitetinin məşğələləri, fakültə elmi konfransları, kitab və rəsm sərgiləri, müxtəlif idman yarışları gənc nəslin ulu öndərə sevgi və ehtiramını ifadə etməklə yanaşı, bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsinə xidmət edir. Belə silsilə tədbirlərdən olan "Heydər Əliyev xarici tələbələrin gözü ilə" mövzusunda elmi konfrans isə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində təşkil olundu. Konfransdan öncə ümummilli liderin möhtəşəm abidəsi ziyarət edildi.

Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, milli birlik və vətəndaş həmrəyliyinin bərqərar olunmasında,   beynəlxalq arenada tanıdılmasında misilsiz xidmətlərinin olmasından danışdı. Qeyd olundu ki, Heydər Əliyev ideologiyası yeni dövrün reallıqlarına uyğun, müasir modeldə və yaradıcı şəkildə uğurla davam etdirilir.

Konfransda universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi, Banqladeş vətəndaşı Feroz Ahmed "Heydər Əliyev böyük tarixi şəxsiyyətdir", qardaş Türkiyə Cümhuriyyətinin təmsilçisi, xarici tələbələr üçün hazırlıq kursunun dinləyicisi Gözdə Karakoyun "Heydər Əliyev siyasətində Türkiyə", qonşu Gürcüstandan universitetdə Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kursda təhsil alan Nona Nikabadze "Heydər Əliyev  Gürcüstan", Cənubi Koreya vətəndaşı, Xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Sio Sumin "Heydər Əliyev və Cənubi Koreya", Müalicə işi ixtisası üzrə I kurs tələbəsi, nigeriyalı Samson Odigie "Heydər Əliyev xalqlar dostluğunun hamisi kimi" mövzularda məruzələr etdilər. Məruzələrdə dünyanın nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevin beynəlxalq təhlükəsizlik və sülhün əldə edilməsinə, dünya xalqlarınn dostluq və qardaşlıq şəraitində dinc yanaşı yaşamasına xidmət göstərən müdrik xarici siyasətindən danışıldı. Vurğulandı ki, Naxçıvan Dövlət Universitetinin bugünkü inkişafı, burada 13 ölkədən olan 300-ə yaxın xarici vətəndaşın təhsil alması ümummilli liderin təhsil strategiyasının və düşünülmüş xarici siyasətinin əməli bəhrələrindəndir.

Konfransın sonunda muzeylə tanışlıq oldu.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.-2013.- 13 aprel.- S.10.