Əkrəm Naibova erməni
qardaşlarından hədiyyə
Azərbaycan xalqına qarşı çıxaraq erməniləri müqəddəsləşdirən Əkrəm Naibov arzusuna çatdı. Onun bədnam "Daş yuxular" cızmaqarası Yerevandakı "Nork" nəşriyyatında ermənicə çap edildi. Naibovun erməni qardaşı Leonid Zulfuqaryan adıçəkilən "əsəri" birinci tərcümə edərək başqalarını qabaqlayıb.
Xatırladaq
ki, Rusiyanın "Drujba narodov" jurnalında rusca çap
ediləndən və Azərbaycanda böyük səs-küyə
səbəb olandan sonra "əsəri" Ermənistanda da
oxuyanlar az olmamışdı. Azərbaycan xalqı Əkrəm
Naibovu satqın elan etdiyi halda,
Ermənistanda onun əsəri "tarixi həqiqətləri
cəsarətlə qələmə almaq cəhdi" kimi qiymətləndirilmişdi.
"Əsərdə" yazıçının doğma kəndində
- Naxçıvanın Əylis kəndində ötən əsrin
əvvəlində baş verən hadisələrdən,
Bakı və Sumqayıt faciələrindən
danışılır.
Əsəri
təcrümə edən L.Zulfuqaryan Ə.Naibov barədə
fikirlərini belə ifadə edib: "Romana gəldikdə,
ikinci belə bir president yoxdur. Ona görə yox ki, bu romanda
qaldırılan məsələlər Azərbaycanda heç
zaman müzakirəyə çıxarılmayıb. Ona
görə ki, həmin məsələləri bu səviyyənin
yazıçısı, bu qədər tanınan yazar
qaldırmayıb". Tərcüməçinin fikrincə,
"əsərin" ən uğurlu alınan hissələri
müəllifin doğulduğu Əylisə - Aqulisə aid
bölümlərdir".
Azərbaycan
xalqını təhqir edən Əkrəm Naibov isə
utanmadan "əsərin" tərcümə olunmasına
da münasibət açıqlayıb.
"Yazıçı" iddia edib ki, "roman" nəşr
olunarkən qarşı tərəf ondan bu məsələ
ilə bağlı heç nə soruşmayıb: "Mən
yenə də bu fikirdəyəm ki, biz özümüz bu əsərə
qarşı nə qədər artıq dərəcədə
əsəbilik göstərsək, erməni tərəfi də
bir o qədər bundan istifadə edəcək. Məsələyə
ümumbəşəri mənəvi dəyərlər
mövqeyindən yanaşsaq, bu yazıda Azərbaycan
xalqına başıaşağılıq gətirəcək
heç nə yoxdur".
Maraqlıdır ki, yazdığı cızmaqarasında azərbaycanlıların vəhşiliklərindən bəhs edən bu şəxs utanmadan bu ifadələri işlədə bilir. "Mənəvi dəyərlər mövqeyindən yanaşsaq" ifadəsini dilinə gətirərək təhqir etdiyi milləti əsəbilik göstərməməyə çağırır. Əslində burada təəccüblü heç nə yoxdur. Çünki Əkrəm Naibovun xislətindəki erməni sevgisi artıq hər kəsə bəllidir. Xalq artıq sərhədin o tayındakı ermənilərlə yanaşı, öz içərimizdə olan Əkrəm Naibovla Rüstəm İbrahimbəyovu Azərbaycan dövlətinin düşməni hesab edir. Hər iki şəxsin ermənipərəst maskası artıq yırtılıb. Biri qədim Azərbaycan torpağı olan Əylis kəndinin adını belə erməniləşdirir, digəri Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır. Biri erməniləri Dağlıq Qarabağ münaqişəsinin qurbanı hesab etdiyi halda, digəri bu üzdəniraqları məzlum obrazında dünyaya təqdim edir.
Guya Əkrəm
Naibov bilmirmi ki, erməni dilinə tərcümə olunan
"əsəri" antiazərbaycançı şəbəkə
üçün bir vasitədir? Əlbəttə o çox
yaxşı anlayır ki, erməni diasporu tezliklə həmin
"cızmaqaranı" başqa-başqa dillərdə tərcümə
etdirərək Avropada yayacaq və bundan istifadə edib Azərbaycana
qarşı təbliğatlarını gücləndirəcəklər.
Bax, Əkrəm Naibovun da istəyi budur. Azərbaycan xalqı
təhqir olunsa da, yazdığı "əsər" bir
neçə dilə tərcümə olunaraq yayılsın
ki, o, erməni dostları qarşısında borclu
qalmasın. İndi ermənilər təkcə Rüstəm
İbrahimbəyovu deyil, Əkrəm Naibovu da içimizdə
yaşayan erməni kimi qəbul edirlər. Həm də ki, hər
iki şəxsin erməni həsrəti yəqin çox
çəkməyəcək. Çünki biri Azərbaycanda
ictimai-siyasi sabitliyi pozmağa cəhd edərək ölkədə
anarxiya yaratmaq istəyən qüvvələrə dəstək
verdiyinə və keçən həftə xalqı təhqir
etdiyinə görə artıq Bakıya gələ bilmir. Digərinin
isə təhqir etdiyi millətin üzünə baxmağa belə
cəsarəti yoxdur. Ona görə də erməni sevdalı
yazıçı və kinorejissor Ermənistandakı əzizləri
tərəfindən daha tez qəbul edilə bilərlər. Ə.Naibovdan
fərqli olaraq R.İbrahimbəyov Rusiyada, Fransada mütəmadi
olaraq erməni dostları ilə görüşür və təlimatını
alır. Yəqin ki, iki həmfikirli ermənipərəst
bundan sonra belə görüşləri birlikdə tez-tez
keçirəcəklər. Bunu da unutmayaq ki, xalqımız
artıq onlara qiymətini verib.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 13 aprel.- S.10.