«Nizami» Kino
Mərkəzində Azərbaycan kinomarafonuna daxil olan filmlərin
təqdimatı keçirilmişdir
Xəbər
verdiyimiz kimi, "YARAT!" Müasir İncəsənət Məkanının
"İNDİ" layihəsi çərçivəsində
martın 30-31-də 7-ci Azərbaycan kinomarafonu
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, "Nizami" Kino Mərkəzində
7-ci Azərbaycan kinomarafonuna daxil olan filmlərin təqdimatı
keçirilmişdir.
"İNDİ"
müxtəlif incəsənət sahələrinin əməkdaşlığı
üçün nəzərdə tutulan və "YARAT!"
Müasir İncəsənət Məkanı tərəfindən
həyata keçirilən bir layihədir. Layihə öz
sıralarına rəssamları, musiqiçiləri, ədəbiyyatşünasları
və kinematoqrafçıları cəlb etməyə
çalışır.
Tədbirdə
Azərbaycan kinomarafonunun iştirakçıları tərəfindən
36 saat ərzində çəkilmiş 7 qısametrajlı
film təqdim edilmişdir. Bəzi filmlər
"Cinemasports/Azerbaijan" səhifəsində əvvəlcədən
paylaşılmışdır. Eyni zamanda,
tamaşaçılar üçün sürpriz olan, müəlliflər
və təşkilatçılardan başqa heç kimin
görmədiyi bir layihə də təqdimata daxil
edilmişdir.
Təqdim
olunan işlər haqqında xüsusi dəvət olunmuş
kulturoloq, Avropa mədəniyyət parlamentinin üzvü
Cahangir Səlimxanov, rejissor, "Yuğ" Dövlət
Teatrının direktoru Tərlan Rəsulov, ssenarist və
dramaturq Ramiz Fətəliyev, rejissor-dokumentalist Nonna Müzəffərova,
ssenarist və prodüser İradə Bağırzadənin
daxil olduqları münsiflər heyətinin üzvləri
fikirlərini bildirmişlər. Adətən kinomarafon təşkilatçıları
iştirakçını qiymətləndirmir və təltif
etmirlər. Kinomarafonun qalibi və məğlubu olmur. Amma
münsiflərin ixtiyarı var ki, ayrı-ayrı işləri
xüsusi mükafatlarla təltif etsinlər.
Layihə
"Bank Technique"in sponsorluğu
ilə həyata keçirilmişdir.
"Bank
Technique" uzun müddətdir ki, Azərbaycan incəsənətinin
gənc nümayəndələrinin həyatında
yaxından iştirak edir.
Azərbaycan.-2013.- 13 aprel.- S.11.