İordaniyanın nüfuzlu qəzetləri Bakıda keçirilmiş III Beynəlxalq Muğam Festivalından yazırlar

 

İordaniyanın nüfuzlu "əl-Ğəd" və "əl-Rəy" qəzetlərinin 11 aprel tarixli nömrələrində Bakıda keçirilmiş "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalı ilə bağlı məqalələr dərc olunmuşdur.

Azərbaycanın İordaniyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalələrdə bu il martın 9-da Bakıda "Muğam aləmi" III Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasiminin keçirildiyi, Azərbaycanın birinci xanımı, Beynəlxalq festivalın prezidenti Mehriban Əliyevanın açılış mərasimində çıxış etdiyi xatırlanır. Ərəbdilli oxuculara məlumat verilir ki, martın 19-dək davam edən festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı olmuşdur.

Məqalələrdə qeyd edilir ki, dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsildən-nəslə yaşadan xalq musiqisi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur. Bildirilir ki, Azərbaycan milli musiqisinin təməlini muğam təşkil edir. Təsadüfi deyildir ki, muğam 2003-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Yazılarda diqqətə çatdırılır ki, artıq Azərbaycanda hər il keçirilən Beynəlxalq Muğam Festivalına dünyanın çoxsaylı ölkələrindən nümayəndələr iştirak edir. Bundan başqa, iordaniyalı nümayəndələr - əl-Cundi və Səlamənin festivalda uğurlu iştirakından ətraflı bəhs olunur.

Məqalələrdə, həmçinin Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun Azərbaycanda elm və təhsilin inkişafı, mədəni irsimizin dünyada təbliği istiqamətində görülən işlər haqqından da ətraflı məlumat verilir.

 

 

Azərbaycan.-2013.- 13 aprel.- S.11.