Parisdə Şuşa qaçqınlarına həsr olunan «Həsrət» sənədli filmi nümayiş etdirilmişdir

 

"Avropa ətrafında Avropa" devizi altında martın 13-dən aprelin 14-dək Parisdə keçirilən Böyük Avropanın müəllif və incəsənət filmlərinin Vlll festivalı çərçivəsində Azərbaycanı Avropada tanıtmaq istiqamətində önəmli tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə aprelin 11-də  paytaxtın möhtəşəm "Entrepot" kino zalında Böyük Britaniya kinematoqrafçıları Andrev Tompsonun və Lüsi Beleyin Şuşa qaçqınlarının həyatından çəkdikləri "Həsrət" sənədli filmi nümayiş etdirilmişdir.

Bu münasibətlə təşkil olunmuş tədbiri açan cəmiyyətin Paris ofisinin rəhbəri Eliza Pieter Azərbaycanla bağlı artıq ikinci filmin Parisdə nümayiş etdirildiyini xatırlatmış, "Həsrət" filminin süjeti barədə qısa məlumat vermişdir.

Festivalın təsisçisi və direktoru İrena Belic festival çərçivəsində  Azərbaycanla bağlı filmin ikinci dəfə nümayiş olunmasını fransızların az tanıdıqları bu ölkə barədə geniş məlumat əldə etməsində mühüm hadisə kimi qiymətləndirmiş, filmi ərsəyə gətirənlərə təşəkkürünü bildirmişdir.

Film Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi,  1988-1994-cü illərdə davam edən müharibə zamanı 35 min azərbaycanlının həlak olduğu,  minlərlə insanın yaralandığı və itkin düşdüyü, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyi, Azərbaycanın əzəli parçası Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzdan ermənilərin silah gücünə çıxardıqları bir milyondan artıq insanın qaçqın və məcburi köçkün həyatı yaşadıqları barədə məlumatla başlamışdır.

Filmdə Şuşa Musiqili Dövlət Dram Teatrı aktyorlarının, habelə şuşalı qaçqın və məcburi köçkünlərin ürəkağrısı ilə xatırladıqları hadisələrdən bəhs olunur. Teatrın direktoru Yadigar Muradovun Şuşanın yadigarı kimi teatrın fəaliyyətini davam etdirməsində səyləri, valideynlərini, oğul və qızlarını, yaxınlarını itirən, müharibənin müdhiş anlarını yaşayan insanların, habelə erməni snayperinin gülləsinə tuş gələn günahsız 9 yaşlı Fariz Bədəlovun gözüyaşlı anasının acı xatirələri filmin əsas qayəsini təşkil edir. Dövlətimizin qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə həyata keçirdiyi tədbirləri - yeni qəsəbələrin salınması, qaçqınların mənzillərlə təmin olunması da filmdə yer almışdır. Şuşa həsrəti ilə yaşayan bu insanların nə vaxtsa doğma Şuşaya qayıtmaq ümidlərini itirmədikləri filmdə xüsusi vurğulanmışdır.

Filmin dünyada qaçqın və məcburi köçkün düşən 25 milyon insana həsr olunduğu qeyd edilmişdir. Filmin baş prodüseri, Azərbaycan Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev 1980-ci ildə Afrikada olarkən Böyük Britaniyanın "Exploir" qrupunun film çəkilişinin şahidi olduğunu, artıq böyük bir təcrübəyə malik bu qrupun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı film çəkəcəyinə ümidvar olduğunu və onları belə bir film çəkməyə dəvət etdiyini, filmin ssenarisini də onların yazdığını diqqətə çatdırmışdır.

Film real hadisələrdən bəhs edir. Britaniyalı kinematoqrafçılar filmdə müharibənin dəhşətini yaşayan insanları göstərmişlər. Həqiqəti bilmək istəyənlər Fransada nəşr olunan xəritəni əldə etsin, Azərbaycanın Ermənistanın ərazisinə diqqət yetirsinlər. Onda onlar görərlər ki, Ermənistan Azərbaycanın qədər ərazisini işğal etmişdir. Ermənilərin işğalçılıq siyasətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq baxımından belə filmlərin dünyada nümayiş etdirilməsi çox vacibdir. Sonda Ç.Abdullayev tamaşaçıları maraqlandıran suallara ətraflı cavab vermişdir.

Filmin nümayişində Fransa ictimaiyyətinin nümayəndələri, deputatlar, Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov səfirliyin əməkdaşları, diasporumuzun təmsilçiləri iştirak etmişlər.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.-2013.- 13 aprel.- S.11.