Uşaqların icbari dispanserizasiyası
haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu
qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən
uşaqların sağlamlığının qorunması və
möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını,
uşaqlar arasında aparılan
müalicə-profilaktika tədbirlərini müəyyən
edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
1-ci fəsil
Ümumi MüddƏalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu
qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.1.1. uşaqların dispanserizasiyası -
uşaqların sağlamlığının qorunması,
normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə
aşkar edilməsi məqsədilə kompleks profilaktika,
diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən
ibarət olan aktiv dinamik müşahidə sistemi;
1.1.2.
müalicə-sağlamlaşdırıcı tədbirlər
- uşaqların sağlamlığının möhkəmləndirilməsini
təmin edən müalicə və reabilitasiya;
1.1.3. uşaqlara illik profilaktik baxış -
uşaqların hər il bir və ya bir neçə ixtisas
üzrə mütəxəssislər tərəfindən
aktiv tibbi müayinəsi;
1.1.4. müşahidə ili - təqvim ili ərzində
dispanserizasiya üçün uçota alınmış
uşaqlara münasibətdə dispanserizasiya tədbirlərinin
həyata keçirildiyi zaman kəsiyi;
1.1.5. skrininq müayinəsi - uşaqlar arasında xəstələnmə
riski və patologiyası olanların erkən aşkar edilməsi
məqsədilə aparılan xüsusi diaqnostik tədqiqatlar.
Maddə 2. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Uşaqların
icbari dispanserizasiyası haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu qanundan, "Əhalinin
sağlamlığının qorunması haqqında" və
"Uşaq hüquqları haqqında" Azərbaycan
Respublikasının qanunlarından, digər normativ hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3. Uşaqların icbari dispanserizasiyasının məqsədi
Uşaqların
icbari dispanserizasiyasının məqsədi uşaqların
sağlamlığının qorunması və möhkəmləndirilməsinə
yönəlmiş tədbirlərin həyata keçirilməsi,
uşaqlar arasında xəstələnmə, sağlamlıq
imkanları məhdudluğunun və ölümün səviyyəsinin
azaldılması və uşaqların xəstəliklərdən
qorunmasıdır.
Maddə 4. Uşaqların icbari dispanserizasiyasının əsas
prinsipləri
4.1. Uşaqların
icbari dispanserizasiyasının əsas prinsipləri
aşağıdakılardır:
4.1.1. qanunçuluq, insan və vətəndaş
hüquqlarına və azadlıqlarına riayət və
hörmət edilməsi;
4.1.2. uşaqların icbari dispanserizasiyasının
planlı, kompleks və sistemli həyata keçirilməsi;
4.1.3. uşaqların sağlamlıq vəziyyətindən
asılı olaraq müalicə-sağlamlaşdırıcı
tədbirlərin seçilməsi;
4.1.4. icbari dispanserizasiyanın bütün uşaqlar
üçün mümkünlüyü.
Maddə 5. Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi
sahəsində dövlətin vəzifələri
5.1. Dispanserizasiyanın
həyata keçirilməsi sahəsində dövlətin vəzifələri
aşağıdakılardan ibarətdir:
5.1.1. uşaqların sağlamlığının
qorunması sahəsində dövlət siyasətinin əsaslarının
müəyyən edilməsi;
5.1.2. dispanserizasiya tədbirlərinin həyata keçirilməsi
qaydasının müəyyən edilməsi;
5.1.3. dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi;
5.1.4. uşaqlara keyfiyyətli tibbi-sosial
yardımın göstərilməsinə təminat verilməsi;
5.1.5. dispanserizasiyanın nəticələrinin təhlili
əsasında müalicə-sağlamlaşdırıcı tədbirlərinin
vaxtında həyata keçirilməsi;
5.1.6. illik baxışlar və zəruri müayinələr
keçirməklə dispanser müşahidənin keyfiyyətinin
yüksəldilməsi;
5.1.7. hər uşaqla bağlı
aparılmış müayinə və müalicə-sağlamlaşdırıcı
tədbirlərinin qeydiyyatının aparılması;
5.1.8. uşaqlarda patologiyaların və digər
pozuntuların erkən mərhələdə aşkar edilməsi;
5.1.9. dispanserizasiya barəsində maarifləndirmə
işinin təşkili.
Maddə 6. Uşaqların icbari dispanserizasiyası sahəsində
dövlət təminatlı yardım tədbirləri
6.1. Uşaqların
icbari dispanserizasiyasını həyata keçirmək məqsədilə
dövlət aşağıdakılara təminat verir:
6.1.1. dispanserizasiyadan keçiriləcək
uşaqlara tibbi xidmətin həcmi və keyfiyyət
standartlarının (beynəlxalq tələblərə
uyğun) təsdiq edilməsinə;
6.1.2. dispanserizasiyadan keçiriləcək
uşaqların registrinin yaradılması və onun
aparılmasına;
6.1.3. hər il uşaqların sağlamlıq vəziyyətinin
müəyyən edilməsi və qiymətləndirilməsinə;
6.1.4. uşaqlar arasında xəstəliklərin səbəblərinin
erkən aşkar edilməsi və onların aradan
qaldırılması üzrə sosial, sanitariya-gigiyena,
epidemiya əleyhinə və müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsinə;
6.1.5. xəstəliklərin nozoloji formalarına
tutulmuş uşaqların dispanser qeydiyyatına
alınmasına;
6.1.6. uşaqlara dispanser xidmətinin göstərilməsində dar ixtisaslar üzrə mütəxəssislərin
iştirakının təmin edilməsinə;
6.1.7. uşaqların dispanserizasiyası zamanı
uçot və qeydiyyat işinin lazımi səviyyədə
aparılmasına;
6.1.8. xəstələnmə riski olan
uşaqların müalicə-diaqnostika yardımına olan tələbatının
təmin edilməsi məqsədilə iqtisadi, hüquqi və
təşkilati tədbirlərin həyata keçirilməsinə;
6.1.9. xəstə və xəstələnmə riski
olan uşaqların tibbi-sosial müəssisələrdə
yerləşdirilməsinə, eləcə də onların
tibb müəssisəsinin göndərişi əsasında
sanatoriya-kurort müalicəsinin təşkilinə;
6.1.10. uşaqlar arasında xəstəliklərin
profilaktikası və onların fəsadları ilə
mübarizə sahəsində beynəlxalq əməkdaşlığa
şərait yaradılmasına.
2-ci fəsil
UŞAQLARIN İCBARİ
DİSPANSERİZASİYASININ TƏŞKİLİ
Maddə 7. Uşaqların icbari dispanserizasiyasının
planlaşdırılması və həyata keçirilməsi
7.1. Uşaqların
icbari dispanserizasiyası onların yaşı və
sağlamlıq vəziyyəti nəzərə alınaraq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir. Bu qaydalar valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların, sosial təhlükəli vəziyyətdə
olan uşaqların, sağlamlıq imkanları məhdud
uşaqların, cəzaçəkmə müəssisələrində
olan uşaqların icbari dispanserizasiyasını da əhatə
edir.
7.2. Dispanserizasiyadan
keçiriləcək uşaqlar həcmi və keyfiyyət
standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən tibbi yardımla təmin olunurlar.
7.3. Uşaqların
icbari dispanserizasiyasının həyata keçirilməsinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət nəzarəti təmin
olunur.
7.4. Uşaqların
icbari dispanserizasiyası zamanı müayinələrin və
baxış keçirəcək ixtisaslı mütəxəssislərin
siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
7.5. Uşaqların
icbari dispanserizasiyasının planlaşdırılması məqsədilə
müvafiq icra hakimiyyəti orqanı dispanserizasiyadan
keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların
uçotunu aparır. Uşaqların uçotu
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
7.6. Xəstə və
xəstələnmə riski olan uşaqlara müalicə-sağlamlaşdırıcı
tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunmuş qaydada həyata keçirilir.
7.7. Uşaqların
icbari dispanserizasiyası onların qanuni nümayəndələrinin
razılığı ilə aparılır.
7.8. Dispanserizasiyanın
nəticələri əsasında uşaqlar müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi
sağlamlıq qrupları üzrə
bölüşdürülür. Xəstə və xəstələnmə
riski olan uşaqlar dispanser qeydiyyatına
götürülür və müalicə üçün təyinat
alırlar, eləcə də hər bir uşaq
üçün fərdi sağlamlaşdırma və
reabilitasiya proqramı tərtib edilir.
Maddə 8. İcbari dispanserizasiyanın təqvimi
8.1.
İcbari dispanserizasiyanın həyata keçirilməsi
müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş dispanserizasiya təqvimində
müəyyən olunur.
8.2.
İcbari dispanserizasiya tədbirləri təqvimə uyğun
olaraq müşahidə ili ərzində
Azərbaycan Respublikasının vətəndaşlarını,
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxsləri və əcnəbiləri əhatə
edir.
Maddə 9. İcbari dispanserizasiyadan keçmiş uşaqların
registri
9.1.
İcbari dispanserizasiyadan keçmiş uşaqların registri
uşaqların sağlamlıq
vəziyyəti və müalicə-profilaktika tədbirlərinin
səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılır. İcbari dispanserizasiyadan keçmiş uşaqların registri
kağız üzərində və elektron
daşıyıcılarında aparılır.
9.2.
İcbari dispanserizasiyadan keçmiş uşaqların registrində
uşağın şəxsiyyəti, dispanserizasiyanın nəticələri
və sağlamlıq vəziyyəti barədə qısa məlumat,
aldığı tibbi yardımlar haqqında göstərişlər
qeyd olunur, hər bir uşaq üçün xüsusi kart
doldurulur və bu kart ümumi məlumat bankına daxil edilir.
Maddə 10. İcbari dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi
10.1.
Uşaqlara dövlət tibb müəssisələrində
icbari dispanser xidmətinin göstərilməsi dövlət
büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
10.2.
İcbari dispanserizasiya tədbirləri bələdiyyə və
icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki
şəxslərin ianələri, eləcə də
qanunvericiliklə nəzərdə tutulan digər vəsaitlər
hesabına da həyata keçirilə bilər.
Maddə 11. Uşaqların icbari dispanserizasiyası tədbirləri
11.1.
Uşaqların icbari dispanserizasiyası tədbirləri
aşağıdakılardır:
11.1.1. uşaqların
hər il tibbi baxışdan keçirilməsi (laborator,
instrumental və skrininq müayinələr də daxil olmaqla);
11.1.2. müasir diaqnostika metodlarından istifadə etməklə
ehtiyacı olanların müayinəsinin davam etdirilməsi;
11.1.3. uşaqların sağlamlıq vəziyyətinin
müəyyən edilməsi və fərdi qaydada qiymətləndirilməsi;
11.1.4. sağlam, xəstə və xəstələnmə
riski olan uşaqların bir-birindən ayrı müşahidə
edilməsi;
11.1.5. xəstə və xəstələnmə riski
olan uşaqlar arasında müalicə-sağlamlaşdırıcı
tədbirlərin həyata keçirilməsi;
11.1.6. tibbi və sosial tədbirlər kompleksinin
hazırlanması və həyata keçirilməsi, habelə
uşaqların sağlamlıq vəziyyətinin dinamik
müşahidəsi;
11.1.7. xəstəliklərin nozoloji formasından
asılı olaraq uşaqların dispanser nəzarətinə
götürülməsi.
Maddə 12. İcbari dispanserizasiya sahəsində maarifləndirmə
12.1.
Dövlət əhali arasında uşaqların icbari
dispanserizasiyası barəsində maarifləndirməni həyata
keçirir.
12.2. Təhsil
müəssisələri şagirdlər arasında
dispanserizasiya barəsində maarifləndirmə işini təşkil
edir.
12.3.
Dövlət kütləvi informasiya vasitələrindən
istifadə etməklə əhalinin, xüsusilə də,
valideynlərin, dispanserizasiyanın məqsəd və vəzifələri,
onun həyata keçirilməsi qaydası və əhəmiyyəti
barəsində məlumatlandırılması
üçün tədbirlər görür.
Maddə 13. İcbari dispanserizasiyadan keçiriləcək
uşaqların və onların qanuni
nümayəndələrinin hüquqları
13.1.
İcbari dispanserizasiyadan keçiriləcək
uşaqların və
onların qanuni nümayəndələrinin
aşağıdakı hüquqları vardır:
13.1.1. bu qanunla müəyyən edilmiş qaydada dispanserizasiyadan keçmək;
13.1.2. dispanserizasiyanın nəticələrindən
asılı olaraq tibbi göstərişlər əsasında
ambulator, stasionar və ya sanatoriya-kurort şəraitində
tibbi yardım almaq;
13.1.3. dispanserizasiyanın nəticələri, o
cümlədən aparılmış müayinə-müalicə
tədbirləri, habelə sağlamlığının vəziyyəti
haqqında tam və obyektiv məlumat almaq;
13.1.4. pozulmuş hüquqları barədə qanunla
müəyyən edilmiş qaydada müvafiq orqanlara və ya məhkəməyə
müraciət etmək.
Maddə 14. İcbari dispanserizasiyadan keçiriləcək
uşaqların qanuni nümayəndələrinin vəzifələri
14.1.
İcbari dispanserizasiyadan keçiriləcək
uşaqların qanuni nümayəndələrinin vəzifələri
aşağıdakılardır:
14.1.1. dispanserizasiya ilə əlaqədar tibb
işçilərinin göstərişlərini yerinə
yetirmək;
14.1.2. həkimin çağırışı ilə
uşağı aidiyyəti tibb müəssisəsinə gətirmək;
14.1.3. daimi yaşayış yerini dəyişdirdikdə
bir ay müddətində ərazi üzrə tibb müəssisəsində
uçota alınmaq;
14.1.4. uşağın icbari dispanserizasiyasından
imtinanın səbəbini yazılı şəkildə
bildirmək.
3-cü fəsil
YEKUN MÜDDƏALAR
Maddə 15. Qanunun pozulmasına görə məsuliyyət
Bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər
qanunla müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 16. Beynəlxalq əməkdaşlıq
Uşaqların icbari dispanserizasiyası sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən həyata
keçirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart
2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.1.