«Uşaqların icbari
dispanserizasiyası haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli
qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin qanunun 7.1-ci maddəsinə uyğun olaraq, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.6. həmin qanunun 7.2-ci maddəsinə uyğun olaraq dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmini və keyfiyyət standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.7. həmin qanunun 7.6-cı maddəsinə uyğun olaraq, xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.8. həmin qanunun 10.1-ci maddəsinə uyğun olaraq, dispanserizasiya tədbirlərinin maliyyələşdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi:
2.1. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə uyğun olaraq, uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etsin;
2.2. həmin qanunun 7.5-ci maddəsinə uyğun olaraq, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotu qaydasını müəyyən etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Müəyyən edilsin ki:
4.1. "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci, 7.2-ci, 7.6-cı və 10.1-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.2.
həmin qanunun 7.3-cü, 7.4-cü, 7.5-ci (hər iki halda),
7.8-ci, 8.1-ci və 9.1-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
10 aprel 2013-cü il
Azərbaycan.-2013.- 14 aprel.- S.2.