Azərbaycanın uğurlarını təmin edən milli iqtisadi inkişaf modelinin müəllifi

 

Müstəqillik hər bir xalqın, dövlətin davamlı inkişafını milli ideya səviyyəsinə yüksəldərək mövcud iqtisadi, elmi-intellektual və mədəni potensialdan səmərəli istifadəyə geniş imkanlar yaradır. Müstəqillik nemətinə qovuşan hər bir xalq ilkin mərhələdə onu qoruyub saxlamaq, möhkəmləndirmək, dövlətin gələcək inkişafına etibarlı bünövrə hazırlamaq kimi məsuliyyətli və çətin mərhələni də keçməli olur. Müstəqil Azərbaycan 1993-cü ilin iyun ayında üzləşdiyi bu taleyüklu mərhələni məhz qətiyyətli və müdrik lider Heydər Əliyevin rəhbərliyi altında geridə qoymuş, elmi təməl üzərində davamlı inkişaf yolunu müəyyənləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla anılır. Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıtdı, özünün dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə ucaldı. Böyük öndər Heydər Əliyev qısa zamanda ictimai-siyasi sabitliyi təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirdi. İqtisadi sahədə mərhələlərlə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümümi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanırdı.

Təcrübə göstərir ki, istənilən dövlətdə davamlı sosial-iqtisadi inkişafa və yeniləşməyə yalnız çoxmülkiyyətli iqtisadiyyat, azad rəqabət və liberal qiymətlər şəraitində nail olmaq mümkündür. İqtisadi transformasiya prosesi adətən, təkamül yolu ilə baş verir və bir qayda olaraq iqtisadi münasibətlərin bütün səviyyələrini əhatə edir. Bu baxımdan Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrünü üç əsas mərhələyə ayıra bilərik: 1991-1995-ci illəri əhatə edən tənəzzül, 1995-2003-cü illəri əhatə edən dirçəliş və 2003-cü ildən sonrakı dövrü əhatə edən dinamik inkişaf dövrləri.

Birinci dövr üçün olduqca mürəkkəb siyasi və sosial-iqtisadi vəziyyət səciyyəvi idi. 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu, müəssisələr arasında mövcud əlaqələrin pozulması, siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması ölkənin sosial-iqtisadi həyatında xaosa gətirib çıxarmışdı. Bu neqativ proseslər əhalinin güzəranının ağırlaşmasına səbəb olmuşdu. 1991-1995-ci illərdə əhalinin pul gəlirləri real ifadədə 3,3, adambaşına orta hesabla 3,6 dəfə aşağı düşmüşdü. 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əməkhaqqı isə 5,7 dəfə azalmışdı. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə siyasi sabitlik bərqərar oldu, atəşkəs əldə edildi, irimiqyaslı iqtisadi islahatlara başlanıldı.

Ulu öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdı. Heydər Əliyev qısa zamanda özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə meydan açan, dövlətsizləşdirməni özündə ehtiva edən, sosialyönümlü mahiyyət daşıyan, habelə xarici iqtisadi əlaqələrin gücləndirilməsi və münbit biznes mühitinin formalaşdırılması yolu ilə ölkəyə investisiya axınını stimullaşdıran liberal inkişaf modelinin praktik surətdə gerçəkləşdirilməsinə nail oldu. "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır" - deyən Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu.

Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşırdı. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatlar aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin ümdə şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı və 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirildi. Ümumilikdə bu sektora 60 milyard dollar xarici sərmayə yönəldildi.

"Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də, ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ümummilli lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Ümumilikdə neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında da lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu. İqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Ümummilli lider Heydər Əliyev respublika iqtisadiyyatındakı tənəzzül prosesinin və hiperinflyasiyanın qarşısını almaq, makroiqtisadi sabitliyə nail olmaq üçün ilkin mərhələdə sərt büdcə-kredit siyasətinə üstünlük verdi. Hökumətin çevikliyini, işləkliyini təmin etmək üçün yeni dövrün tələblərinə uyğun struktur islahatları başlandı, habelə özəlləşdirmənin birinci mərhələsinin həyata keçirilməsi istiqamətində qətiyyətli qərarlar qəbul edildi. 1996-ci ildən etibarən dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi prosesinə başlanılması sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olmasına, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyasına, insanların şüurunda, həyat tərzində kardinal dəyişikliklərə səbəb oldu. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesi hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edirdi. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə, dünya təsərrüfat sisteminə inteqrasiyasına etibarlı zəmin yaratdı.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı. Bununla yanaşı, kənd təsərrüfatı məhsulu istehsalçıları torpaq vergisindən başqa bütün digər vergi ödənişlərindən azad edildilər. Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi.

Keçid mərhələsində həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi idi. Azərbaycanın nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə edilməsi üçün Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Azərbaycan Respublikası beynəlxalq bazarlara çıxmaq məqsədilə təhlükəsiz və effektli nəqliyyat birləşmələrinin inkişafına çox böyük üstünlük verirdi. Tarixi İpək yolunun bərpası ideyasının əfsanədən reallığa çevrilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər respublikamızın geostrateji və coğrafi əhəmiyyətini daha da artırdı. Beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması məhz ulu öndər Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir. TRASEKA layihəsi 1993-cü ildə Brüsseldə keçirilən Avropa İttifaqının sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və adı çəkilən təşkilatla imzalanmış sazişə əsasən həyata keçirilir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlandı. Məhz həmin bu proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq "Brüssel bəyannaməsi" adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans 1998-ci ilin sentyabrında Bakıda keçirildi.

Respublikada özəl sektorun inkişafı, ictimai-siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olan sahibkarlar sinfinin formalaşması da məhz ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri ilə bağlıdır. Ulu öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən milli sahibkarlarla görüşür, onların qayğılarını, problemlərini öyrənir, mövcud çətinliklərin həlli məqsədilə operativ qərarlar qəbul edirdi. Sahibkarlarla ilk belə səmimi görüşlərdən biri də 1996-cı ilin əvvəlində keçirilmişdi. Həmin görüşdə iş adamları sahibkarlığın inkişafı sahəsində mövcud çətinlikləri diqqətə çatdırmış, səmərəli nəticələrə nail olmaq üçün təkliflər irəli sürmüşdülər. Ulu öndər sahibkarları diqqətlə dinləmiş, özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin aradan qaldırılması ilə bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər Əliyev həmin görüşdə sahibkarlıq subyektlərinə dövlət büdcəsindən güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar münasibətlərinin institusionallaşması üçün Azərbaycan Respublikası Prezidenti Yanında Sahibkarlar Şurasının yaradılması ilə bağlı təşəbbüslərə müsbət yanaşmış, bununla əlaqədar operativ qərarlar qəbul etmişdi. Ulu öndərin sərəncamı ilə yaradılan şuranın məqsədi ölkədə sahibkarlığın inkişafına nail olmaq, iş adamlarının dövlət başçısının yürütdüyü siyasətin həyata keçirilməsində səmərəli, fəal iştirakını istiqamətləndirmək, bu yolda mövcud olan problemləri araşdırmaq və onların həlli üçün təkliflər verməkdir. Şura ölkədə sahibkarlığın inkişafına, bu sahəyə dövlət qayğısının artırılmasına, mövcud problemlərin həllinə, ölkə iqtidarının müəyyənləşdirdiyi mükəmməl inkişaf strategiyasının reallaşmasına öz töhfəsini verdi.

Ümumilikdə 1995-2003-cü illəri əhatə edən dirçəliş mərhələsi Azərbaycanın dünya iqtisadi sistemində layiqli yer tutması, ölkə iqtisadiyyatına xarici investorların cəlb olunması məqsədilə sərmayələrin qorunması ilə səciyyəvidir. Bu dövrdə iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Ölkəmizlə 40-a yaxın ikitərəfli sazişlər imzalandı, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri quruldu. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4, iqtisadiyyatla məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artdı. İnflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçdi. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı.

Bütün bunlar ona gətirib çıxardı ki, ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir modeli - Azərbaycan modeli formalaşdı. Bu modelin fərqləndirici xüsusiyyətini isə inkişaf üzrə müəyyən olunmuş istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, gələcəyə hesablanan cəsarətli qərarların qəbul olunması, sosialyönümlülüyün gözlənilməsi, milli mentalitetin nəzərə alınması və mütərəqqi dünya təcrübəsinə arxalanması təşkil edir. Prezident İlham Əliyevin 2013-cü il yanvarın 21-də imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamda vurğulandığı kimi: "Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev tərəfindən yeni prinsiplər əsasında qurulan iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir".

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın mütərəqqi inkişaf yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını vahid məram və məqsədlər ətrafında toparlayır. Həm də onunla təsəlli tapırıq ki, ümumilli liderin möhtərəm Prezident İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkəyə rəhbərlik etdiyi 10 ilə yaxın müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərdi, onun ictimai rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini şərtləndirdi.

2003-cü ilin oktyabrından başlanan yeni inkişaf mərhələsində iqtisadi sahədə keçid dövrünün başa çatdırılması üçün qətiyyətli, çevik addımlar atılmış, zəruri islahatlar həyata keçirilmişdir. 2009-cu ilin noyabrında BDU-nun 90 illik yubileyində dərin məzmunlu nitq söyləyən dövlət başçısı tarixi bəyanatla çıxış edərək ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün artıq geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırmışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedirdi. Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur.

Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmənin qanunverici bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

Qarşıdakı dövrdə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində Azərbaycanın gələcək inkişaf perspektivlərini dərin elmi əsaslarla müəyyənləşdirən konseptual əhəmiyyətli sənəddir. 2020-ci ilədək respublikada ümumi daxili məhsulun 2 dəfəyədək artımını nəzərdə tutan həmin sənəddə qeyri-neft sektorunun inkişafını, ölkənin ixrac potensialının gücləndirilməsini strateji hədəflər kimi müəyyənləşdirmişdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı məqsədilə həyata keçirdiyi tədbirlər bu baxımdan mühüm əhəmiyyətə malikdir. Nazirlik Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2004-cü il tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın, habelə 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın həyata keçirilməsinə məsul dövlət orqanı kimi Azərbaycanın qeyri-neft sektorunda mühüm nəticələr əldə etməsinə sanballı töhfələrini vermişdir. Bu və digər inkişaf proqramları nəticəsində bölgələrin siması dəyişmiş, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, yeni iş yerlərinin açılması naminə sistemli addımlar atılmışdır. Regionların inkişafına xidmət edən kompleks tədbirlərin davamlı səciyyə daşıması isə tamamilə təbiidir: inkişaf etmiş dövlətlərin  təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini qorumaq üçün regional inkişafda tarazlığın, tarixi məşğulluq ənənələrinin saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham Əliyevin son 10 illik iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların imzalanması məhz bu reallığa əsaslanır.

Son illərin statistik göstəriciləri regionların sosial-iqtisadi inkişafına yönəlmiş çoxşaxəli tədbirlərin praktik nəticələr verdiyini təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış və onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

2012-ci ildə ölkədə ümumi daxili məhsulun istehsalı 2,2 faiz artmış, prioritet təşkil edən qeyri-neft sektoru üzrə isə artım 9,7 faiz olmuşdur. İqtisadiyyata bütün maliyyə mənbələri hesabına 25,8 milyard ABŞ dolları məbləğində investisiya yönəldilmişdir və bunun da 75 faizi qeyri-neft sektorunun payına düşür. İllik inflyasiyanın 1,1 faiz həddində saxlanılması sosialyönümlü siyasət üçün əlverişli zəmin yaratmışdır.

Prezident İlham Əliyevin ötən 10 ildə sahibkarlığın inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər də ardıcıllığı, səmərəliliyi və sistemliliyi ilə diqqəti cəlb edir. Hələ 2004-cü il 1 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. Antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərlə regional iqtisad məhkəmələrinin yaradılması, Rəqabət Məcəlləsinin hazırlanması və s. kimi tədbirlər də bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları ilə bağlı Bakı Biznes Mərkəzində təşkil olunmuş konfransda "Mən daim sahibkarlarla görüşürəm, həm Bakıda, həm bölgələrdə açdığım müəssisələrin sayı bəlkə də indi yüzlərlə, minlərlə ölçülür. Ancaq hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər" - deyən Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyindən sonra sahibkarların qanuni mənafelərinin qorunması, onların fəaliyyətinə müdaxilələrin qarşısının alınması istiqamətində tədbirlər bir qədər də gücləndirilmişdir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin müzakirəsinə təqdim edilmiş  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun layihəsinin ölkədə iş adamlarının fəaliyyəti üçün daha geniş imkanlar açacağı bildirilir. Qanun layihəsinin qəbulundan sonra sahibkarlıq subyektlərində aparılan yoxlamaların vahid qaydaları bu sənədlə müəyyən ediləcək. Məqsəd sahibkarlıq subyektlərinə qarşı çoxsaylı yoxlamaları azaltmaq, qanunsuz müdaxilələri aradan qaldırmaqdır. Yeni qanunda bir sahibkarın bir neçə qurum tərəfindən yoxlanmasının qarşısını almaq üçün vahid məlumat reyestrinin yaradılması nəzərdə tutulur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans Azərbaycanda aqrar sektorun da dinamik inkişaf yolunda olduğunu göstərir. Ötən il aqrar sektorda artım 6,6 faiz təşkil etmişdir. Respublikamızda həyata keçirilən aqrar siyasətin əsas istiqamətlərindən biri də ölkə əhalisinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına maksimum dərəcədə ödənilməsidir. Nazirlər Kabinetinin regionların sosial-iqtisadi inkişafına həsr olunmuş son iclasında bildirilmişdir ki, əsas ərzaq məhsullarının istehlakı 100 faiz Azərbaycanda istehsal edilən mallar hesabına təmin olunmalıdır. Bu məqsədlə hələ bir neçə il bundan əvvəl taxıl istehsalı ilə məşğul olacaq iri fermer təsərrüfatlarının yaradılması barədə Azərbaycan Prezidenti müvafiq dövlət qurumlarına tapşırıqlar vermişdir. Artıq Ağcabədi və Beyləqan rayonlarında ümumi sahəsi beş min hektar olan iki iri fermer təsərrüfatı yaradılmışdır. Bu təsərrüfatlarda buğdanın məhsuldarlığının ən azı 40-50 sentner olması nəzərdə tutulur. Yaxın üç-dörd ilə 40-50 belə təsərrüfat yaradılacadır. Yeni iri təsərrüfatların yaradılması, suvarma-meliorasiya layihələrinin icrası torpaqlardan səmərəli istifadə etməklə yanaşı, yeni iş yerlərinin açılması, yerli istehsalın artımı, kənd təsərrüfatında yaranan əlavə dəyərin çoxalması, iqtisadiyyatın canlanmasını da təmin edəcəkdir.

Bütün bunlar göstərir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda uğurla davam etdirilən iqtisadi siyasət tam mahiyyəti ilə vətəndaş amilinin mənafeyinin təmin olunmasına, insanların rifah halının yüksəlməsinə xidmət edir. Müstəqilliyin bəhrələrini zaman keçdikcə Azərbaycan vətəndaşı öz taleyində, həyatında daha qabarıq hiss edir. Və həm də ürəkdən inanır ki, Prezident İlham Əliyev yürütdüyü praqmatik siyasətlə qarşıda müəyyənləşdirdiyi milli ideyanı - müstəqil Azərbaycanın müasir və qüdrətli dövlətə çevrilməsini inamla təmin edəcəkdir.

(Məqalə İqtisadi İnkişaf Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan olunmuş yaradıcılıq müsabiqəsinə təqdim edilir).

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 14 aprel.- S.4.