Böyük qəlbin
işığında
Zərifə Əliyeva-90
Akademik Zərifə Əliyevanın yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zahiri və daxili gözəllik, mehribanlıq, həssaslıq, ziyalılıq, bir sözlə, yüksək insaniyyətə xas bütün müsbət cəhətlər Zərifə xanımın gözəl simasında qovuşmuşdu. Azərbaycanın oftalmologiya elmini bütün dünyada tanıdan, fundamental əsərləri ilə şöhrət qazanan böyük alimin elmdə açdığı yol isə ildən-ilə inkişaf edir və o, milyonların qəlbində dərin hörmət və ehtiramla, rəğbətlə xatırlanır.
Bu ilin fevral ayında Prezident İlham Əliyev görkəmli alim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamda deyilir: "Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir". Sərəncamdakı bu cümlələri dönə-dönə oxudum. Oxuduqca da xəyal məni yenidən uzaq, lakin heç vaxt unudulmayan illərə apardı. Zərifə xanımın heç zaman yaddan çıxmayan işıqlı siması bir daha gözlərim önündə canlandı. Həyatımın onunla, ailəsi ilə birgə keçən anlarını, sevincli və kədərli günləri, nəhayət, ömrümün ən çətin məqamlarında - ömür-gün yoldaşımı qəflətən və vaxtsız itirəndə mənimlə yanaşı olduğu, dərdimə şərik çıxdığı saatları sanki bir daha yaşadım.
Belə bir xanımı yaxından tanımağın, üstəlik, onunla səmimi münasibətdə olmağın özü də bir səadətdir. Zərifə xanım vəfalı rəfiqə idi, qayğıkeş, mehriban, ünsiyyət saxlamağı bacaran səmimi insan idi. Biz onlarla ailəvi dost idik. Daha doğrusu, böyük şəxsiyyət, ulu öndər Heydər Əlirza oğlu Əliyev və ömür-gün yoldaşım, general-leytenant Arif Heydərov dost, yoldaş, silahdaş, məsləkdaş idilər. Zərifə xanımla mənim də münasibətlərim dostluğa çevrilmişdi. Təbiidir ki, mən bu iki böyük insan - ulu öndər Heydər Əliyev və əziz Zərifə xanım haqqında ayrı-ayrılıqda danışmağa çətinlik çəkirəm.
Ulu
öndər Heydər Əliyev və mərhum həyat
yoldaşım Arif Heydərov 1950-ci ildə tanış
olmuşdular. Elə o vaxtdan da işdəki
silaşdaşlıqları ilə yanaşı, həm də
həyatda dostluqları başlamışdı. Əgər bu
gün mən həmin münasibətlərdən ürək
dolusu danışa bilirəmsə, danışdıqca da həm
kövrəlir, həm xəyallanır, həm də
qürurlanıramsa, deməli, bu dostluq hələ də davam
edir. Baxmayaraq ki, ulu öndər də, Zərifə xanım
da, Arif Heydərov da cismən aramızda deyillər. Bəli,
bu dostluğun artıq 63 yaşı var. Yalnız kamil, mükəmməl,
müdrik və pak insanların dostluğunun əbədi
olduğunu söyləyənlər heç də səhv etməyiblər.
Ulu öndər 1996-cı ildə Arif Heydərovun 70 illik yubileyində bu barədə xüsusi vurğulamışdı: "Heç vaxt seçməmişəm ki, bu mənim dostumdur, o isə dostum deyildir. Bunlara baxmayaraq gənc yaşlarımda insanlar vardı ki, onlarla rəsmi münasibət saxlayardım, amma insanlar da vardı ki, rəsmi münasibətdən savayı, onlarla şəxsi münasibət də saxlayırdım. Arif Heydərova münasibətim məhz belə, şəxsi münasibət xarakteri daşıyıbdır. Bir də qeyd edirəm ki, bu şəxsi münasibətimiz də o vaxtdan sona qədər davam edibdir. Bunun da əsası var. Əsası da ondan ibarətdir ki, mən yalnız öz xasiyyətimə uyğun olan adamla şəxsi münasibət saxlaya bilərəm. Arif Heydərovun mənəvi dəyərləri, mənəviyyatı hər şeydən üstün tutması, sadəliyi, işgüzarlığı, öz üzərində daim çalışması, özünü təkmilləşdirməsi, işə sağlam münasibəti, sağlam əxlaqı - bunlar hamısı birlikdə mənim tələblərimə uyğun olduğuna görə mənimlə onun arasında şəxsi münasibətlər yaranmışdı". Ulu öndərin bu sözlərinin müqabilində elə bir fikir söyləmək, söz demək mümkün deyil ki, sonradan şaxələnib ailəvi dostluğa çevrilən həmin münasibətlərin kökünü və mahiyyətini açıqlasın.
Bu dostluğun sayəsində mən Zərifə xanımı çox yaxından tanıya bildim. Onun əsil-nəcabətinə bələd oldum. Bir həkim və alim kimi nələrə qadir olduğunu görə bildim. Əsl ziyalı Azərbaycan qadını, əsl həyat yoldaşı, əsl ana, əsl insan necə olur - sualının cavabını mən məhz Zərifə xanımın timsalında tapdım.
Azərbaycan xalqının ləyaqətli övladı Zərifə Əziz qızı Əliyevanın adı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da insanlara yaxşı tanışdır. Belə ki, tanınmış oftalmoloq bir həkim və alim kimi özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı.
Zərifə xanım xoşbəxt bir insan idi. Ən əvvəl
ona görə ki, tale ona tanınmış həkim və
görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində
dünyaya göz açmaq səadətini nəsib etmişdi.
Gendən gələn istedad, üstəlik də,
Əziz Əliyev kimi kamil bir şəxsiyyətdən
aldıqları milli-mənəvi dəyərlərimizdən
qaynaqlanan tərbiyə bu ailənin övladlarının
hamısına xalq üçün gərəkli insanlar kimi
yetişməyə imkan vermişdi. Zərifə
xanıma da əsil-nəcabətindən ən yüksək
keyfiyyətlər əmanət, pay kimi verilmişdi. Həkimlik sənətinə məhəbbəti də
ona atasından keçmişdi.
Bəli, Zərifə xanım elə bir ailədə
dünyaya gəlmişdi ki, orada xeyirxahlıq, alicənablıq,
insansevərlik kimi xüsusiyyətlər nəsildən-nəslə
genlərlə keçmişdi. Dövrünün
böyük şəxsiyyəti Əziz Əliyev
övladlarına mənəvi təmizlik, paklıq
aşılamışdı. Uşaqlıqda
yiyələndiyi xüsusiyyətlər Zərifə
xanımın əlindən həmişə tuturdu. O, təmkinli,
dözümlü, düşüncəli idi. Ağıllı
söhbətlərindən həmişə nə isə əxz
edir, nə isə öyrənirdin. Onunla
söhbət edəndən, məsləhətləşəndən
sonra həmişə daxili sakitlik tapırdın.
Zərifə Əliyeva insanlara şəfa və sevgi bəxş
edirdi. İşıq onun həyatının mənası
idi. Xəstələrə bəxş
etdiyi nur, əslində, qəlbinin işığı idi.
Bu xanım insanlara göstərdiyi
yaxşılıqların hamısını təmənnasız
edirdi. Özü də Zərifə
xanım təkcə xəstələrə deyil, problemi,
çətinliyi, dərdi olan bütün insanlara
işıqlı duyğular bəxş etməyi
bacarırdı. Köməyə, dəstəyə
ehtiyacı olanlara əl tutmağı özünün
insanlıq borcu sayırdı.
Onun təbabətə gəldiyi illərdə Azərbaycanda
göz xəstəlikləri geniş yayılmışdı. Əhalinin bir
qismi traxoma adlanan xəstəlikdən əziyyət çəkirdi.
Traxomanın müalicəsi üçün yollar axtaran
istedadlı həkim ardıcıl elmi axtarışlar
aparır, təcrübədə, yəni, gündəlik
işində mühüm nəticələr əldə
edirdi. Zərifə xanım 1960-cı ildə
"Traxomanın digər terapiya üsulları ilə birlikdə
sintomesinlə müalicəsi" mövzusunda müvəffəqiyyətlə
namizədlik dissertasiyası müdafiə etdi.
Mən
özüm həkim olmasam da, Zərifə xanımın
sevimli sənətinə böyük hörmətlə yanaşırdım. Onun sənət və elm sahəsindəki
uğurlarını mütəmadi izləyirdim. Bilirdim ki, Zərifə Əliyeva gənc həmkarlarının
da yaxın dostudur. O, geniş diapazonlu pedaqoji fəaliyyətlə
məşğul olurdu. 1967-ci ildə müsabiqə yolu ilə
Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda göz xəstəlikləri üzrə təkmilləşdirmə
kursu keçən həkimlər qarşısında dediyi
mühazirələr və apardığı praktik məşğələlər
onlar üçün çox faydalı olurdu. 1976-cı
ildə Zərifə xanım doktorluq dissertasiyası müdafiə
etdi.
Görkəmli alim bu institutda
çalışdığı ilk dövrdən görmə
orqanının patologiyasına xüsusi diqqət yetirirdi. Yadıma gəlir
ki, o, zərərli sənaye müəssisələrində
çalışan işçilərin oftalmoloji müayinədən
keçirilməsini təşkil etmişdi. Peşə ilə bağlı əmələ gələn
göz xəstəliklərinin profilaktikası və müalicəsi
ilə məşğul olurdu. Bu xəstəliklərin
yayılma qanunauyğunluqlarını aşkar etmək
üçün Bakı şin və kondisioner zavodlarında,
neft, kimya və yod sənayesi müəssisələrində
işləyənlərin gözlərinə mənfi təsir
göstərən amilləri öyrənir, onların
qarşısını almaq üçün tədbirlər
görürdü.
Zərifə xanımı daim düşündürən
məsələlərdən biri də həkim etikası, həkim-xəstə
münasibətləri idi. Təsadüfi deyil ki,
akademik gənc həkimlərin tərbiyəsinə,
onların peşə fəaliyyəti ilə bağlı
problemlərin öyrənilməsinə və həllinə
xeyli zəhmət sərf edirdi. Bu məsələ
ilə əlaqədar çoxlu məqalələr
yazmışdı, çıxışlar etmişdi. "Yüksək etimad" kitabı da cəmiyyətdə
həkimin şəxsiyyət kimi formalaşması prosesinə
həsr olunmuşdu. Onun bu mövzuya aid
baxışları "Həkimin yüksək vəzifəsi",
"Oftalmologiyanın aktual problemləri"
monoqrafiyalarında özünə yer almışdı.
"Həkimin əxlaqi tərbiyəsi,
deontologiya, tibbi etika və əxlaq məsələləri"
əsərində Zərifə xanımın həkimin vəzifə
borcuna, tibbi etikasına dair baxışları daha geniş
şəkildə əks olunmuşdu.
Bu mövzuda Zərifə xanımla dəfələrlə
söhbətlərimiz də olmuşdu. Akademik deyirdi
ki, həkimlə xəstənin birbaşa əlaqəsi
müalicənin səmərəsini yüksəldir, xəstəyə
ümid verir, orqanizmin xəstəliyə qarşı
müqavimətini artırır və bəzən hətta
dava-dərmandan da güclü təsir göstərir. Zərifə xanım həkim və xəstənin
qarşılıqlı münasibətlərinin əsas
qaydalarını tərtib etmiş, həkimin diaqnostika və
müalicə prosesində aparıcı rolunu göstərmiş,
tibb işçilərinin təkcə təhsilinin yox, həm
də tərbiyəsinin vacibliyini ön plana çəkmişdi.
O, həkim-xəstə münasibətlərinə toxunaraq
insanlar arasında ən incə, yaxın və həssas
münasibətlərin məhz həkimlə xəstə
arasında olduğunu göstərmiş və "həkim xəstənin
ən doğma adamıdır" - demişdi.
Mən bunu həyatda da əyani görə bildim. Ümumiyyətlə,
yaxşı insanlar, yaxşı dostlar yaman gündə bəlli
olur, çətin günlərdə sınaqdan
çıxırlar. Zərifə Əliyeva
mənim ən ağır günlərimin rəfiqəsi idi.
Və bu, təkcə Arif Heydərovu itirdiyim
vaxtlara aid deyil. Valideynlərimlə
bağlı da onun xeyirxahlığını unuda bilmirəm.
Anam ağır xəstə idi, son günlərini
yaşayırdı. Hamımızın
başı ona qarışmışdı. Digər tərəfdən də həmin vaxtlarda
atamın gözləri tutulmuşdu. Anamın
xəstəliyi barədə atama bir söz demədik. Çünki dözə bilməzdi. Gözlərində təcili əməliyyat
aparılmalı idi. Həkimi isə təbii
ki, Zərifə xanım idi. Yenə də
ona müraciət etdik. Xeyli müayinədən sonra dedi
ki, vaxt itirmədən əməliyyat etmək lazımdır.
Yoxsa, gözündəki azacıq işıqdan
da məhrum olar.
Amma
iş elə gətirdi ki, atamın göz əməliyyatının
təyin olunduğu gün anam dünyasını dəyişdi.
Mən Zərifə xanımdan xahiş etdim ki, əməliyyatın
vaxtını dəyişdirsin. O isə razılıq
vermədi, dedi ki, siz gedin dəfn mərasimini keçirin, yas
məclisinizi yola verin, atanın xəstəliyi ilə
bağlı nə məsələ varsa, özüm həll
edəcəyəm.
Belə də oldu. Zərifə xanım atamın xəstəliyi
ilə bağlı bütün qayğıları öz
üzərinə götürdü. Gözlərində
cərrahiyyə əməliyyatını həyata
keçirdikdən sonra xeyli müddət onun
çarpayısı yanında oturdu. Sonra
da hətta ona evində hazırladığı yeməklərdən
gətirdi. Doğma bir insan kimi onu öz əli
ilə yedizdirirdi.
Yas məclisi dağılışandan sonra xəstəxanaya
atamın yanına gəldik. Zərifə xanım
yenə də onun yanında idi. Atamla
şirin-şirin söhbət edirdi. Atamın
elə bil, hər şey ürəyinə dammışdı,
tez-tez anamı soruşur, deyirdi ki, niyə qızlar
görünmür. Yəni, məni və
bacımı xəbər alırdı. Zərifə
xanım isə cavab verirdi ki, buradadırlar, sadəcə
olaraq əməliyyatdan təzə
çıxdığınız üçün həkimlər
onlara içəriyə gəlməyə icazə vermirlər.
Beləcə, xəstəsini nigaran qalmağa
qoymurdu.
Atam bir gün də qəzetsiz qala bilmirdi. Respublikadakı
vəziyyət, bütün SSRİ-də olan sosial-siyasi
ab-hava, iqtisadiyyat, mədəniyyət, incəsənət məsələləri
onu daim maraqlandırırdı. Çünki
savadlı, ziyalı bir insan idi. Gəmi
kapitanı işləyirdi, özü də işinin
ustası idi. Xidmətlərinə görə
o dövrün yüksək mükafatı olan Lenin ordeni
almışdı. Bir gün xəstəxanaya
gələndə atamın çarpayısının
yanında xeyli qəzet gördük. Təəccübləndik.
Soruşduq ki, bu dar macalda qəzetlər
haradandır, bunları kimə aldırmısan, necə
oxuyursan? Dedi ki, mən belə həkim görməmişəm.
Zərifə xanımı nəzərdə
tuturdu. Qəzetləri mənim
üçün o aldırır, vaxtı olanda özü
oxuyur, olmayanda tibb bacısına tapşırır ki, onlar
oxusunlar. Oxuyurlar, mən də
darıxmıram. Sonra yenə də həkimindən
razılıq etdi. Dedi ki, elmli,
dünyagörüşlü, bütün sahələrdən
məlumatı olan xanımdır. Həm də
çox xeyirxahdır, mehriban və xoşxasiyyətdir.
Bəli,
belə bir kristal xarakterli, qəlbi saf, əməlləri
xeyirxah bir insan idi bizim Zərifə xanım!
Zərifə Əliyeva elə bir həkim idi ki, xəstələrini
təkcə dərmanla və cərrahiyyə əməliyyatı
vasitəsilə deyil, həm də sözün şəfqəti,
özünün müsbət aurası və ən incə
insani münasibətilə sağaldırdı. Həkimin
şirin dilinin, xoş rəftarının, gülər
üzünün xəstə üçün dava-dərman və
müalicə üsulları qədər vacib olduğunu həmişə
gənc həkimlərə xüsusi vurğulayırdı.
Beləliklə, xəstələrdə
özünə qarşı hörmət, məhəbbət
və inam yaratmışdı.
Zərifə xanımın ailəsinin, özünün
şöhrəti, adı-sanı ildən-ilə artsa da, o, həmişə
eyni cür - səmimi, mehriban, alicənab olaraq qalırdı.
Mənim şəxsi kitabxanamda Zərifə Əliyevanın
müəllifi olduğu bir sıra qiymətli kitablar qorunur. Onları
vaxtilə mənə özü
bağışlamışdı. Deyim ki,
bu görkəmli alimin kitabları arasında bir
çoxları təkcə həkimlər üçün
deyil, geniş oxucu kütləsi üçün də
maraqlıdır. Bunlar əsasən həkim
etikasına, xəstə-həkim münasibətlərinə
aid kitablardır ki, çox oxunaqlı, səlis üslubda
yazılıb. "Yüksək əqidə: həkimlik
etikası, həkimin ürəyinin və fikirlərinin
paklığı" kitabında yazırdı: "Xəstəyə
düzgün münasibət həkim sənətinin əsas
mahiyyətlərindəndir. Bəzən həkim
xəstəyə yardım göstərərkən xəstəliyin
xüsusiyyətlərindən asılı olaraq, həkim xəstənin
və onun qohumlarının yersiz məzəmmətlərini,
acı sözlərini, hətta hədələrini dinləməyə
məcbur olur. Başqa sənət sahibi
olanlar bundan inciyərək onu təhqir edəndən imtina edərdi,
üstünə qışqırıb onu qovardı. Lakin həkim belə hərəkəti özünə
rəva bilmir, özünün hissiyyatını və həyəcanını
büruzə verməyə ixtiyarı yoxdur. Həkim xəstənin
mənafeyini hər şeydən üstün tutmalıdır,
öz iş gününün qurtarmasına baxmayaraq, o, xəstəxanada
qalaraq xəstəyə yardım edir, hətta onun
çarpayısı yanında bir neçə sutka qalır,
bunun cavabı isə xəstənin təşəkkürlü
gülümsəmələri olur".
Bu gözəl, daxili dünyası zəngin olan alicənab
xanıma tale Heydər Əliyev kimi dahi bir şəxsiyyətin
ömür-gün yoldaşı olmağı qismət
etmişdi. Onlar eyni ildə dünyaya göz
açmışdılar. Hər ikisi
baharda doğulmuşdu. Qurduqları
möhkəm ailənin xoşbəxtliyinin mənbəyi də
xarakterlərindəki yüksək keyfiyyətləri idi.
Bu iki dahi insan sanki bir-birini tamamlayırdı.
Hətta deyərdim ki, onlar elə bir-biri
üçün və ikisi birlikdə xalqımız
üçün yaranmışdılar.
Xatirələr çəkib məni yenə uzaq illərə
aparır.
1969-cu ilin yayında Heydər Əliyev Azərbaycanın
rəhbəri seçildi. Bildiyimə görə,
o vaxt respublikanın daxili işlər orqanlarında ağır
vəziyyət yaranmışdı. Odur ki,
Daxili İşlər Nazirliyində dəyişikliklər
aparmaq zərurəti ortaya çıxmışdı. Biz həmin zaman Türkiyədə idik. Çünki Arif Heydərov dövlət təhlükəsizliyi
orqanlarında işlədiyi müddətin çox hissəsini
kəşfiyyat sahəsində çalışmışdı.
Ulu öndər onu Bakıya
çağırdı və nazir vəzifəsini təklif
etdi. Arif düşünmədən təklifi
qəbul etdi. Bir halda ki, Heydər Əliyev belə qərara
gəlmişdi, ikinci bir söhbət ola
bilməzdi. O, xalqına, Vətəninə xidmət edir və
eyni zamanda, böyük dostuna gördüyü işlərdə
kömək göstərir, dəstəkçi olurdu.
Biz ailəliklə bir-birimizin uğurlarına sevinirdik. Mən ulu öndərin rəhbərliyi
ilə respublikada vüsət alan
genişmiqyaslı işlərə sevinirdim. Zərifə
xanım mənim həyat yoldaşımın uğurları
ilə maraqlanır, bizim ailənin xoşbəxtliyinə
şad olurdu.
Arif Heydərov
səkkiz il daxili işlər naziri kimi məsul
və çətin vəzifədə
çalışdı. Bu illərdə onun təşkilatçılıq
qabiliyyəti, yüksək mənəvi keyfiyyətləri,
qanunun aliliyinə hörməti, cinayət və cinayətkarlığa
qarşı barışmaz olması özünü daha bariz
şəkildə göstərdi. O, ictimai-siyasi həyatın
qaynağında idi. Bütün bunları ulu
öndər çox yüksək dəyərləndirir və
görülən işləri həm özünə, həm
də Azərbaycanın inkişafına sanballı töhfə
sayırdı. 1971-ci ildə Arif Heydərov
general-leytenant rütbəsinə layiq görüldü.
Daha sonra "Qırmızı Bayraq",
"Şərəf nişanı" ordenləri və
medallarla təltif olundu.
Göstərilən etimadı doğrultması ulu
öndərin Arif Nəzər oğluna rəğbətini
daha da artırırdı. Bu, təbii ki, bizim ailə
dostluğumuza müsbət təsir edirdi.
1978-ci il iyunun 29-da bizim üçün böyük
bədbəxtlik üz verdi. Bir namərdin
gülləsi Arif müəllimin həyatına son qoydu.
Amma bu, təvazökarlıqdan kənar
olmasın, təkcə bizim ailənin dərdi və faciəsi
deyildi. "İnsan var evdən gedir, insan
var eldən gedir" - deyiblər. Və bu kədərə
də el-obanın şərik çıxması onun
doğmalarına təsəlli və səbir verdi.
O ağır günlərdə mənim,
övladlarımın, Arif Heydərovun bütün
doğmalarının mənəvi dayağı, köməyi
ulu öndər Heydər Əliyev oldu. Əvvəla
deyim ki, onun özü də bu qəfil hadisədən
möhkəm sarsılmışdı. Arif
dərhal keçinməmişdi, güllə yarası alandan
sonra da ölümlə həyat arasında mübarizə
aparırdı. Əziz və böyük
dostu onu bu amansız ölümün pəncəsindən
almaq üçün çox çalışdı, səy
göstərdi. Azərbaycan tibbinin, həkimlərinin
bütün imkanlarından istifadə olundu. Hətta ulu öndərin
çağırışı ilə cəmi bir neçə
saatdan sonra Moskvadan ən yüksək səviyyəli cərrahlar,
tibb alimləri gəlib çatdılar. Bütün
bunlar Heydər Əliyevin bir çox ali
keyfiyyətlərini nümayiş etdirirdi. Mən onun həm
necə sədaqətli bir dost olduğunu, həm də
xalqına, gərəkli insanlara, öz məsləkdaşı,
silahdaşı və etimad göstərdiyi kadra qiymət verən
rəhbər olduğunu bir daha əyani görürdüm.
Arif Heydərovun iş başında həlak olmasını o,
səngərdə son damla qanınadək vuruşan bir əsgərin
mərdliyi kimi dəyərləndirirdi. Bu,
çox yüksək qiymət idi və ulu öndərin qədirbilənliyini,
böyüklüyünü bir daha sübut edirdi.
Nəhayət,
Arif Heydərov dəfn olunmağa yola salınanda Heydər Əliyevin
onun cənazəsinə çiyin verməsi, onu əziz dost və
qardaş kimi son mənzilə yola salması heç vaxt
yadımdan çıxmaz. Bəli, o dəhşətli,
ağır günlərdə Zərifə xanım da bizim ailə
ilə birlikdə idi. Bu ailə bizimlə
kədərimizi bölüşürdü.
Zərifə xanımın işi, qayğıları
çox olsa da, məni tək buraxmır, bir gün belə,
yaddan çıxarmırdı. O qədər təsəlli, o qədər
ürək-dirək verirdi ki... Həyatımda
baş verən o gözlənilməz faciəni, kədəri
yaşamaqda Zərifə xanım mənə böyük mənəvi
dayaq oldu.
Ulu öndər Arif Heydərovu ölümündən
sonra da unutmadı, onun xatirəsinin əbədiləşdirilməsi
üçün mühüm tədbirlər həyata
keçirdi. Təkcə bir faktı qeyd etmək kifayətdir ki,
Heydər Əliyev dostu, məsləkdaşı Arif Heydərovun
xatirəsinin əbədiləşdirilməsi istiqamətində
dörd dəfə xüsusi sərəncam imzalayıb. Bunlardan birincisi ümummilli liderin Azərbaycana rəhbərliyinin
sovet dövrünə təsadüf edir. Belə ki,
1979-cu il martın 13-də Heydər Əliyevin
təşəbbüsü ilə Mərkəzi Komitənin
Bürosu Arif Heydərovun xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı xüsusi qərar qəbul etdi. Həmin qərarla Bakıdakı küçələrdən
birinə və Xəzər Gəmiçiliyinin bir gəmisinə
onun adı verildi.
İllər
keçdi, çox hadisələr baş verdi.
Bu ailə, şəxsən Zərifə
xanım Azərbaycanda yaşamadığı vaxtlarda da bizi
yaddan çıxarmırdı. Zəngləşirdik,
vəziyyətimizlə maraqlanırdı, yenə də mənə
ürək-dirək verirdi, arxa-dayaq olurdu. Axı, iki
uşaqla tək qalmışdım...
1985-ci ildə əziz Zərifə xanım Moskvada
dünyasını dəyişdi. Mən onun şəxsində
əvəzsiz bir insanı itirdim. Ulu
öndərin həyatında çox hadisələr oldu.
Amma bu həyatın keşməkeşliyində
də Heydər Əliyevin öz dostunu unutmaması bizi
yaşadan, ruhdan düşməyə qoymayan, sabaha aparan ən
güclü amil idi.
İkinci
dəfə hakimiyyətə qayıtdıqdan, Azərbaycanın
Prezidenti seçildikdən sonra Heydər Əliyev 1996-cı il mayın 24-də Arif Heydərovun 70 illik
yubileyinin keçirilməsi haqqında sərəncam
imzaladı. Ümummilli liderin 1996-cı il iyunun 27-də
imzaladığı "General-leytenant A.N.Heydərovun xatirəsinin
əbədiləşdirilməsi haqqında" sərəncamla
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tədris
Mərkəzinə, Milli Təhlükəsizlik Nazirliyinin sərhəd
qoşunlarının 4-cü sərhəd zastavasına Arif
Heydərovun adı verildi. Eləcə də
Bakı Şəhər İcra Hakimiyyəti həmin sərəncama
əsasən yaşadığımız binaya xatirə
lövhəsi vurdu.
1996-cı
il iyunun 28-də Şəhriyar adına Mədəniyyət
Sarayında onun 70 illik yubileyi təntənəli şəkildə
qeyd edildi. Ulu öndər burada dərin məzmunlu
parlaq bir nitq söylədi. O nitqin hər cümləsi,
hər sözü ummmilli liderin əhdinə və əqidəsinə
sadiq olan insana ehtiramla və həqiqi dostluğa məhəbbətlə
doludur.
"Arif Heydərov bir insan kimi çox sadə, təvazökar
və yaxşı bir yoldaş idi. Ona görə də mən
onunla şəxsən yoldaşlıq edirdim. Arif Heydərovun oğlanları, onun həyat
yoldaşı Adilə xanım indi burada iştirak edirlər.
Nə qədər vaxt keçib? Arif Heydərovun toyunu biz bir yerdə etmişik.
Arif Heydərovun Adilə xanımla evlənmə
mərasimində, toyunda mən iştirak etmişdim. Bir yerdə işləyərkən nə qədər
asudə vaxtlar da keçirmişdik. Mən
bunların hamısını daim keçmişin ən
xoş günləri kimi xatırlayıram. Mənim həyatım həmişə çox gərgin
olubdur. Həyatımda demək olar ki, gərginliklə
yanaşı, asudə bir vaxt kimi xatirimdə qalan günlər
çox az olub. Həm də
belə günlər mənim gənclik dövrümdə
olubdur. Bunların da bir çox hissəsi
məhz Arif Heydərovla bir yerdə olubdur. Bunlar hamısı mənim üçün əzizdir.
Biz həmin bu binada, salonda, bir yerdə
böyük iclaslar da, konsertlər də keçirmişik.
Bəzən böyük bir kollektivlə burada Yeni ili bir yerdə qarşılayırdıq. Bir yerdə çox yaxşı, şən
axşamlar da keçirmişik".
Bu nitqi dinlədikcə mən ötən illəri sanki
təzədən yaşayırdım. Zərifə
xanımla birlikdə keçirdiyimiz xoş günlər,
hüznlü məqamlar, atama qayğısı, mənə həmdəm
olmasıE çox anlar, çox hadisələr gözlərim
önündən keçirdi. Bu gün
onun bizimlə yanaşı olmadığı
üçün çox acıyırdım.
İndi xalqımız Zərifə Əliyevanın 90
illiyini təntənə ilə qeyd edir.
Bir
çoxları onu əlləri şəfalı, qəlbi
nurlu həkim kimi, bir çoxları xeyirxah insan, yaxşı
dost kimi xatırlayır. Azərbaycan həkimlərinin
böyük bir dəstəsi unudulmaz müəllim kimi, alim həmkarları
zəkalı elm xadimi kimi yad edir.
Yaşasaydı,
indi 90 yaşı olardı... Bu günlərdə
tez-tez öz-özümə bu sözləri
pıçıldayıram. Azərbaycan kimi
uzunömürlülər diyarında 90 yaş nədir ki... Ölüm Zərifə xanımı əlimizdən
tez aldı, cəmi 62 yaşında. Təsəllimiz
isə budur ki, Zərifə xanım Əliyeva özündən
sonra dəyərli əsərlər, layiqli yetirmələr,
saf əməllər, gözəl, xalqına, Vətəninə
layiqli övladlar qoyub getdi.
O, baharda
dünyaya gəlmişdi. Baharda da həyatdan
köçdü. Elə xatirələrdə də
baharın özü kimi xoş duyğularla yaşayır!
Adilə HEYDƏROVA,
əməkdar müəllim, Prezident
təqaüdçüsü
Azərbaycan.-2013.- 14 aprel.- S.5.