AzərTAc-ın və İTAR-TASS-ın ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş birgə fotosərgisi açılmışdır

 

Aprelin 13-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin binasında AzərTAc ilə Rusiyanın İTAR-TASS agentliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş  fotosərgi açılmışdır.

Sərginin açılış mərasimində AzərTAc-ın baş direktoru Aslan Aslanov, İTAR-TASS-ın baş direktoru Sergey Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman və Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iştirak etmişlər.

Qonaqları salamlayan Aslan Aslanov demişdir ki, bu sərginin təşkilinə İTAR-TASS-ın göstərdiyi dəstəyin böyük  rəmzi mənası vardır. Çünki ümummilli lider Heydər Əliyev sovet dönəmində titanik fəaliyyəti ilə həm Azərbaycanın, həm də Rusiyanın inkişafına, müstəqillik illərində isə ölkələrimiz və xalqlarımız arasında yeni səviyyədə münasibətlərin möhkəmlənməsinə əvəzsiz töhfələr vermişdir. Təsadüfi deyildir ki, Rusiya Prezidenti Vladimir Putinin siyasət nəhəngi adlandırdığı ulu öndər Heydər Əliyevin təkcə öz xalqının deyil, çox geniş coğrafiyada yaşayan insanların tarixi taleyində müstəsna xidmətləri olmuşdur.

Sərgidə nümayiş etdirilən fotoşəkillərin İTAR-TASS-ın və AzərTAc-ın fotoarxivlərindən götürüldüyünü deyən A.Aslanov diqqətə çatdırmışdır ki, bu qiymətli yadigarlar dahi Heydər Əliyevin şərəfli ömür yolunun şanlı salnaməsinin kiçik bir hissəsidir.

Ulu öndər Heydər Əliyevin dünya miqyaslı siyasi lider istedadına malik olduğunu vurğulayan baş direktor demişdir ki, bu istedad dövlətin, ölkənin və xalqın inkişaf yollarını aydın görməkdə, qarşıya qoyulmuş məqsədlərə ardıcıl nail olmaqda mükəmməl şəkildə təzahür etmişdir. Heydər Əliyev müstəqil Azərbaycanın modernləşməyə əsaslanan inkişaf strategiyasını işləyib hazırlamış, onu milli dövlət quruculuğunun nəzəriyyə və təcrübəsinə çevirmişdir. Buna görə də ulu öndərin yaratdığı mükəmməl inkişaf trendləri yaşayır, inkişaf edir və bizdən öndə addımlayır. Bu strategiya bizə həmişə yeni zəfərlər gətirəcək, inkişafın Azərbaycan modeli kimi tarixdə əbədi qalacaqdır. İstər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında Heydər Əliyev suveren və müstəqil dövlətin simvolu, xarizmatik siyasət dahisi, cəsur insan, ən böyük vətəndaş kimi qalmışdır və qalacaqdır.

AzərTAc-ın baş direktoru qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Azərbaycan bölgənin şəksiz lider dövlətidir. Bu gün bütün dünyada Azərbaycan ilə ilk növbədə ona görə maraqlanırlar ki, bu ölkə postsovet məkanında iqtisadi və siyasi novasiyaları ən fəal şəkildə tətbiq edən bir dövlətdir. Bütün bunlar Heydər Əliyevin - Şərq müdrikliyini və Qərb dinamizmini özündə təcəssüm etdirən, Azərbaycanı dünyaya tanıdan dahi bir insanın möhtəşəm xidmətlərinin bəhrəsidir.

İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov demişdir ki, böyük insanlar tarixdə böyük izlər qoyur. Heydər Əliyev tarixdə böyük izlər qoyan dahilərdən biridir. Müasir Azərbaycan əsası Heydər Əliyev tərəfindən qoyulmuş məqsəd və hədəfləri Prezident İlham Əliyevin necə istedadla, yaradıcılıqla həyata keçirildiyini nümayiş etdirir. Azərbaycan gözümüzün qabağında inkişaf edir, müasirləşir. Azərbaycan heyrətamiz dərəcədə səxavətli, heyrətamiz dərəcədə səmimi ölkədir. Mən çox şadam ki, biz - AzərTAc və İTAR-TASS agentlikləri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş bu fotosərgini təşkil edə bildik.

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman bildirmişdir ki, Heydər Əliyev çox genişmiqyaslı şəxsiyyət, vətəndaş, öz ölkəsinin həqiqi vətənpərvəri, müasir Azərbaycanın əsasını qoymuş insandır. M.Qusman vurğulamışdır: "Mənim vətənim Azərbaycanın uğurları bütün sahələrdə - iqtisadiyyatda, mədəniyyətdə, sosial həyatda təzahür edir. Bütün bunların təməlini Heydər Əliyev qoymuşdur və bu gün Prezident İlham Əliyev tərəfindən bu dərəcədə parlaq şəkildə həyata keçirilir".

Sonra fotosərginin rəmzi açılışını bildirən lent kəsilmişdir. Qonaqlar və mərasimin iştirakçıları ulu öndər Heydər ƏIiyevin həyatının ən maraqlı anlarını yaşadan nadir fotoşəkillərlə tanış olmuşlar. Sərgidə AzərTAc-ın və İTAR-TASS-ın arxivlərindən seçilmiş 70-dən çox fotoşəkil nümayiş etdirilir.

AzərTAc və İTAR-TASS agentliklərinin rəhbərləri sərgi ilə tanışlıqdan sonra ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. AzərTAc-ın baş direktoru Aslan Aslanov görüşdə qeyd etmişdir ki, qarşılıqlı əlaqələrimiz informasiya fəaliyyətinin bütün sahələrini əhatə edir, agentliklərimizin birgə tədbirləri yüksək səviyyədə keçir. Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr edilmiş bu fotosərginin yüksək səviyyədə təşkili buna sübutdur. A.Aslanov əmin olduğunu bildirmişdir ki, bu əməkdaşlıq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.

İTAR-TASS agentliyinin baş direktoru Sergey Mixaylov fotosərginin təşkilini yüksək qiymətləndirərək vurğulamışdır ki, bu cür birgə tədbirlər iki milli agentliyin əməkdaşlığının uğurlu olmasını nümayiş etdirir.

İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman demişdir ki, bu yubiley sərgisi görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə ehtiramımızın göstəricisidir. Məhz Heydər Əliyevin xidmətləri sayəsində vətənim Azərbaycan çiçəklənən diyara çevrilmişdir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, bu cür tədbirlər, heç şübhəsiz, Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafına böyük töhfə verir. Diplomat qeyd etmişdir ki, ölkələrimiz arasında sıx dostluq və mehriban qonşuluq əlaqələrinin qurulmasında Heydər Əliyev böyük rol oynamışdır.

Tərəflər 2013-cü il aprelin 18-dən 20-dək Soçidə Qara dəniz regionu Ölkələrinin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) Baş Assambleyasının keçirilməsi ilə əlaqədar məsələləri də müzakirə etmişlər.

 

 

Azərbaycan.-2013.- 14 aprel.- S.6.