Bakıda alman
fotoqrafı Helqa Parisin fotosərgisi
Bakıdakı
Müasir İncəsənət Muzeyində bu muzeyin,
Almaniyanın Azərbaycandakı səfirliyinin, həmin
ölkənin Xarici Əlaqələr və Höte
institutlarının birgə təşkilatçılığı
ilə tanınmış alman fotoqrafı Helqa Parisin fotosərgisinin
açılış mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri giriş sözü ilə
açan "YARAT!" Müasir İncəsənət Məkanının
rəhbəri Aida Mahmudova təqdim olunan sərginin əhəmiyyətindən
söz açmışdır.
Tədbirdə
əməkdar rəssam, Beynəlxalq Muzeylər
Şurasının və müasir incəsənət
kolleksiyası "SİMAM"ın üzvü, Höte
İnstitutunun Azərbaycandakı mədəni layihələr
üzrə nümayəndəsi Səbinə
Şıxlinskaya alman mədəniyyətini əks etdirən
sərginin Almaniyanın Xarici Əlaqələr İnstitutunun
dəstəyi ilə bütün dünyanı gəzərək
gözəl işlər nümayiş etdirdiyini
vurğulamışdır.
Sərginin
keçirildiyi məkanın önəmli olduğunu xüsusi
vurğulayan S.Şıxlinskaya bu fotosərgidə
nümayiş etdirilən əsərlərin Müasir İncəsənət
Muzeyində təqdim edilən əsərlərlə mədəni
dialoq yaratdığını da söyləmişdir.
Sonra
Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq
Mössinger və Almaniyanın Xarici Əlaqələr
İnstitutunun nümayəndəsi Lutz Birkholz
çıxış edərək sərginin keçirilməsinə
göstərdikləri dəstəyə görə Heydər Əliyev
Fonduna və Müasir İncəsənət Muzeyinə minnətdarlıqlarını
bildirmişlər. Onlar həmçinin fotoqraf Helqa Parisin həyat
və yaradıcılığından söz
açmışlar.
Bildirilmişdir
ki, 1938-ci ildə Pomeraniya vilayətinin Qollnov şəhərində
anadan olmuş tanınmış fotoqraf 1956-1960-cı illərdə
Berlində Moda və Geyim Texnikumunda təhsil almış, eyni
zamanda, kostyum dizaynı tarixindən
mühazirələr oxumuş, rəsm və foto
laboratoriyasında əlaqələndirici şəxs kimi
çalışmışdır. 1967-ci ildə fotoqrafiya sahəsində
bacarıqların təkmilləşdirilməsi üzrə
azad fəaliyyətlə məşğul olmuşdur.
1972-1990-cı illərdə keçmiş Almaniya Demokratik
Respublikasının Təsviri İncəsənət
Assosiasiyasının üzvü olmuşdur. 1996-cı ildən
Berlin İncəsənət Akademiyasının
üzvüdür.
Qeyd
edilmişdir ki, hazırda Berlin şəhərində
yaşayan Helqa Parisin işləri Almaniyanın fotoşəkillər
aləmində mühüm yer tutur. Otuz ildən artıq
müddətdə yaradılmış, ayrıca və
seriyalarla çəkilmiş Almaniya tarixinin təzahürü
olan fotoşəkillərin sayı rekord təşkil edir.
Helqa Paris mehriban, eyni zamanda, sərt baxışı ilə
İkinci Dünya müharibəsindən sonra - 1949-cu ildə əməkçi
və kəndli dövləti kimi yaradılmış, sonralar
"Soyuq müharibə" nəticəsində
parçalanmış, 1989-cu ildə isə yenidən birləşmiş
Almaniyanın şərqində yaşanan həyatı əks
etdirmişdir.
Gündəlik
həyatda yaranan münasibətləri, sadə və bəzən
bayağı anları sezib əks etdirmək Helqa Parisin maraq
dairəsindədir. Hadisələrin və tarixlərin ifadə
edilməsində insan hekayələrini, təcrübələrini
və müxtəlif hallarda davranışlarını təzahür
etdirən vasitələr kimi bədən pozaları,
baxışlar, mimika, jestlər, hərəkətlər, səthlərin
fakturasına müraciət olunur. O, unudulmuş və
baxımsız küçələri, dağılan evləri,
eyni zamanda, kafelərdə istirahət edənləri, oynayan
uşaqları, insanların və əşyaların
xüsusi incəliklərini eyni məharətlə göstərmişdir.
Mayın
3-dək davam edəcək sərgidə 140 əsər
nümayiş etdirilir.
Azərbaycan.-2013.- 14 aprel.- S.6.