«Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması»
İctimai Birliyinin mərkəzi qərargahında «Dolu»
filminin təqdimatı olmuşdur
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında çəkilmiş "Dolu" filminin təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, təqdimatın əvvəlində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov film haqqında geniş məlumat vermişdir. Bir daha xatırlatmışdır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünün qarşısını almaq, ölkəmizin ərazi bütövlüyünü qorumaq uğrunda 20 min soydaşımız qəhrəmancasına şəhid olmuşdur.
Qeyd etmişdir ki, xalqımızın minlərlə igid oğul və qızları erməni işğalçılarına qarşı mübarizə tariximizə əsl qəhrəmanlıq səhifələri yazmışlar. Belə igid insanların döyüş yolundan bəhs edən "Dolu" filmi müstəqillik illərimizdə bu mövzuda çəkilmiş ən dəyərli ekran əsərlərindən biri hesab olunmağa layiqdir.
E. Əhmədov
bu gün xalqımızın belə filmlərə daha
çox ehtiyacı olduğunu bildirərək qeyd etmişdir
ki, Ermənistanın hərbi təcavüzünə məruz
qalmış Qarabağ bölgəsindən olan gənclərimiz
gərək yaxın tariximizin qanlı səhifələrini
unutmasınlar və bu qəhrəmanlardan ibrət
götürsünlər.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, icma rəhbəri Bayram Səfərov 20 il əvvəl Azərbaycanın işğal olunmuş rayon və kəndlərində baş verənlər haqqında öz fikirlərini tədbir iştirakçılarına çatdırmış, gəncləri bu hadisələri unutmamağa çağırmışdır. O, son illərdə Azərbaycan dövləti tərəfindən Ermənistanın etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasətinin nəticələrinin, eləcə də Qarabağ haqqında həqiqətlərin dünyaya daha dolğun və obyektiv çatdırılması istiqamətində çox mühüm addımların atıldığını bildirmişdir.
İcma rəhbəri demişdir ki, bu cür filmlərin gənc nəslə çatdırılması həm yaşadığımız faciəli hadisələrin unudulmaması, həm də yetişməkdə olan nəslin vətənpərvərlik ruhunun güclənməsində mühüm əhəmiyyətə malikdir.
Bayram Səfərov Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti və çoxşaxəli diplomatik fəaliyyəti sayəsində tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyini bildirmişdir.
Tanınmış yazıçı, Milli Məclisin deputatı Aqil Abbas qələmə aldığı eyniadlı romanın motivləri əsasında çəkilmiş "Dolu" filminin artıq bir sıra ölkələrdə də uğurla nümayiş olunduğunu söyləmiş, əsərin yaradıcı heyətini tədbir iştirakçılarına təqdim etmişdir.
Filmin ssenari müəllifi bu gün Azərbaycanın dinamik inkişaf edən və hər an Ali Baş Komandanın əmri ilə düşmənə lazımi cavab verməyə qadir güclü orduya malik bir ölkə olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu cür filmlərin çəkilməsi və gənc nəslə təqdim olunması torpaqlarımızın azadlığı uğrunda aparacağımız mübarizədə ən böyük silahlarımızdan biri olacaqdır. Məhz həmin cəsur oğulların davamçıları olacaq gələcək qəhrəmanlar Azərbaycan bayrağını Şuşaya, Xankəndiyə sancacaqlar. Ali Baş Komandanımızın əmri ilə hamımız birlikdə torpaqlarımızı işğaldan azad edəcəyik.
Sonra film nümayiş olunmuşdur. Ekran əsəri böyük maraqla izlənilmiş və sürəkli alqışlarla qarşılanmışdır.
Filmin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı xalq artisti Polad Bülbüloğlu, icraçı prodüseri Nadir Əliyevdir.
"Dolu" filmində əsas rollarda Məmməd Səfa, Şamil Süleymanov, Fuad Poladov, Rza Rzayev, Elvin Əhmədov, Fərhad İsrafilov və başqaları çəkilmişlər.
Sonda
icma rəhbəri Bayram Səfərov Aqil Abbası Azərbaycan
ədəbiyyatının inkişafındakı xidmətlərinə
görə Prezident İlham Əliyevin sərəncamı ilə
"Şöhrət" ordeni ilə təltif olunması
münasibətilə bütün Qarabağ əhalisi
adından təbrik etmiş, yaradıcı heyətə
uğurlar arzulayaraq Şuşanın və bütün
torpaqlarımızın azad ediləcəyi günün
yaxında olduğunu və qələbə ruhlu filmlərin
doğma Qarabağımızda nümayiş etdiriləcəyinə
əminliyini bildirmişdir.
Azərbaycan.-2013.- 14 aprel.- S.6.