Azərbaycan müəyyən etdiyi hədəflərə uğurla
çatır
Regionların sosial-iqtisadi inkişafına yönəldilən
ikinci Dövlət
Proqramının təsdiq edildiyi gündən 4 il keçir
Dörd
il əvvəl Prezident İlham Əliyev "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında fərman
imzalamışdır. Bu, regionların inkişafına yönəldilən
ikinci Dövlət Proqramı idi. Birinci proqram isə
2004-2008-ci illəri əhatə etmişdi.
Birinci
Dövlət Proqramında və "Bakı şəhərinin
qəsəbələrinin 2006-2007-ci illər üzrə
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair Tədbirlər Proqramı"nda, bu istiqamətdə qəbul
edilmiş digər sənədlərdə nəzərdə
tutulmuş tədbirlərin uğurlu icrası inkişafın
keyfiyyətcə yeni mərhələsinin başlanğıcını
qoymuşdu. Belə ki, onlar qeyri-neft sektorunun davamlı
inkişafına, yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, regionlarda kommunal, xidmət və sosial
infrastruktur təminatının həcminin və keyfiyyətinin
yüksəlməsinə təkan vermişdi. Bununla
yanaşı, sahibkarlıq mühiti daha da
yaxşılaşmış, iqtisadiyyata investisiya
qoyuluşları artmış, əhalinin məşğulluq
səviyyəsi yüksəlmiş və yoxsulluğun səviyyəsi
aşağı düşmüşdü.
2004-2008-ci
illərdə həyata keçirilmiş məqsədyönlü
tədbirlər nəticəsində ölkədə 27,5 mindən
çox yeni müəssisə yaradılmış, 547,5 min
daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi
13,2 faizədək azalmışdı. Bu müddətdə
ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft
sektorunda məhsul istehsalı 1,8 dəfə
çoxalmış, iqtisadiyyatın bütün sahələrində
dinamik artım müşahidə edilmiş, o cümlədən
sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının
ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə
artmışdı.
Dövlət
bu istiqamətdə işlərin davam etdirilməsini məqsədəuyğun
saymışdır. Odur ki, Prezidentin 14 aprel 2009-cu il fərmanında
deyilirdi: "Azərbaycan Respublikası regionlarının
mövcud potensialından daha səmərəli istifadə etməklə
yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək bu gün də dövlətin
qarşısında duran əsas vəzifələrdəndir".
İkinci
Dövlət Proqramı əsasən üç bölmə
üzrə tərtib olunmuşdur. Bunlardan birincisi ölkə əhəmiyyətli,
ikincisi Bakı şəhərinin rayon və qəsəbələrini
əhatə edən, üçüncüsü isə Azərbaycanın
iqtisadi rayonları üzrə görüləcək tədbirlərdir.
Regionlarda həyata keçiriləcək işlər
Abşeron, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz,
Lənkəran, Naxçıvan, Kəlbəcər-Laçın,
Şəki-Zaqatala, Yuxarı Qarabağ iqtisadi rayonları
üzrə müəyyənləşdirilmişdir.
Ötən
dövr ərzində ölkənin sosial-iqtisadi
inkişafı sahəsində həyata keçirilən tədbirlər,
gerçəkləşdirilən layihələr bu möhtəşəm
proqramın necə yerinə yetirildiyinə aydın
sübutdur. Bu il fevralın 12-də Bakı Biznes Mərkəzində
Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfrans keçirilmişdir. Burada
qazanılmış nailiyyətlərdən
danışılmış, qarşıda duran işlər
müəyyənləşdirilmiş və mövcud problemlər
çözülmüşdür.
Dövlət
başçısı birinci Dövlət Proqramının qəbulundan
keçən 9 il ərzində ölkədə sosial-iqtisadi
inkişafı təmin etmək üçün görülən
işlərə və əldə olunan nailiyyətlərə toxunaraq
demişdir: "Bütövlükdə əgər 2004-cü
ildən bu günə qədər keçən dövrü
təhlil etsək, görərik ki, biz bütün işləri
ardıcıllıqla aparmışıq və
aparırıq. Ölkədə gedən proseslər müsbət
istiqamətdə inkişaf edir. Bu fikri təsdiqləyən
statistik rəqəmlər də vardır. Son 9 il ərzində
ölkə iqtisadiyyatı üç dəfədən
çox artmışdır. Hesab edirəm ki, bu, dünya
miqyasında analoqu olmayan göstəricidir. Sənaye
istehsalı təxminən üç dəfə artmışdır,
ölkə iqtisadiyyatına təxminən 130 milyard dollar sərmayə
qoyulmuşdur və keçən il sərmayə qoyuluşu
rekord həddə çatmışdır - 22 milyard dollardan
çox. Onlardan 13 milyardı yerli investisiyalar olmuşdur".
Azərbaycan
iqtisadiyyatı ulu öndər Heydər Əliyevin
yaratdığı möhkəm zəmin üzərində
inkişaf edir. İndi böyük vüsət alan və
uğur qazanan islahatlara hələ
1990-cı illərin ortalarında başlanmışdır. O
dövrdə ümummilli lider əsaslı, köklü və
radikal iqtisadi islahatlara xeyir-dua vermiş və onların reallaşmasına
rəhbərlik etmişdir. Ölkəyə xarici investisiyalar
cəlb olunmuşdur. Ulu öndər tərəfindən əsası
qoyulmuş və bu gün də uğurla icra edilən yeni
neft strategiyası böyük nailiyyətlərin zəminini
yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramlarının icrasında da neft
strategiyası böyük rol oynamışdır. Belə ki,
onun sayəsində imkanlarımız artmış və maliyyə
vəziyyətimiz yaxşılaşmışdır.
Son 9
ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə
artaraq 46 milyard dolları ötüb. Yoxsulluğun səviyyəsi
44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər
azalıb. 2003-2012-ci illərdə Azərbaycan
iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar
investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil
edib.
Enerji,
nəqliyyat təhlükəsizliyi məsələlərində
böyük uğurlar əldə olunub. Son illərdə ərzaq
təhlükəsizliyi məsələsi gündəmdədir.
Nəqliyyat və enerji sahəsində irəli sürülən
təşəbbüslər və həyata keçirilən
layihələr təkcə ölkəmizin deyil, bölgənin
və qitənin maraqlarını təmin edir. Azərbaycan bu
sahələrdə əvəzolunmaz tərəfdaşa
çevrilib. Avropa ölkələrinin bəzilərinin enerji
balansında Azərbaycan neftinin payı 30-40 faizə
çatır. Bu isə o deməkdir ki, Azərbaycan öz neft
resursları ilə bir sıra ölkələrin enerji təhlükəsizliyini
təmin edir. TANAP layihəsi isə Azərbaycan qazının
Avropaya nəqlini təmin edəcək. Bakı-Tbilisi-Qars dəmir
yolunun tikintisi başa çatdıqdan sonra yaranan daimi dəhliz
bizim gücümüzü daha da artıracaq.
Ötən
dövrdə sənayeləşmə siyasəti
başlıca prioritetlərdən biri olub. Aqrar sektorun
inkişafı daim diqqət mərkəzində
saxlanılır. 2003-2012-ci illərdə aqrar sektor 1,4,
heyvandarlıq məhsullarının istehsalı 3,4 dəfə
artıb. Bu dövr ərzində turizm sürətlə
inkişaf edib. Ölkəmizə gələn turistlərin
sayı 3,3 dəfə çoxalıb.
Ölkədə
həyata keçirilən infrastruktur layihələri də
kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə və bu sahənin
inkişafına görə Azərbaycan öncül yerlərdədir.
Bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə
çıxarılıb.
Sahibkarlığın
inkişafı ilə bağlı ciddi addımlar
atılıb. Bölgələrdə gedən böyük
quruculuq işləri, infrastruktur layihələri sahibkarlıq
üçün münbit zəmin yaradıb. Belə ki, kənd
bölgələrinə fasiləsiz elektrik enerjisinin verilməsi,
yeni qaz xətlərinin çəkilməsi, yolların təmir
edilməsi həmin ərazilərdə yeni müəssisələrin
yaradılmasına təkan verib.
Sahibkarlığın
inkişafı üçün verilən dövlət maliyyə
dəstəyi də mühüm rol oynayır. Son illər ərzində
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
sahibkarlara güzəştli kreditlərlə 1 milyard 200 milyon
manat vəsait verilib. Təkcə keçən il bu fondun vəsaitləri
hesabına 2419 sahibkarlıq subyekti güzəştli kreditlər
alıb. Bu kreditlərin hesabına 9 mindən çox yeni
iş yerinin yaradılması nəzərdə tutulub. Kreditlərin
83 faizi regionların payına düşüb.
Sosial
həyatımızda baş verən yeniliklər də məqsədyönlü
siyasət sayəsində mümkün olub. Başqa sözlə,
ölkədə iqtisadi sahədə aparılan islahatlar
güclü sosial siyasətlə tamamlanır. 2004-cü ildə
orta əməkhaqqı təxminən 100 dollar səviyyəsində
olduğu halda, bu gün 500 dollara çatıb. Orta pensiya on dəfə
artaraq 20 dollardan 200 dollara yüksəlib.
Təkcə
2012-ci il ərzində ölkədə 120,4 min yeni, o cümlədən
95,7 min daimi iş yeri açılıb. İkinci Dövlət
Proqramı çərçivəsində 2009-cu il
yanvarın 1-dən bu il yanvarın 1-nə kimi 361,4 min, o
cümlədən 275,3 min daimi iş yerləri
yaradılıb.
Son 9
il ərzində 2500-ə yaxın məktəb, 500-dən
çox yeni tibb müəssisəsi, 35 olimpiya idman kompleksi və
digər obyektlər istifadəyə verilib.
İnfrastruktur layihələri
sırasında yolların tikintisi və təmiri xüsusi
önəm daşıyır. Bir sıra magistral və kənd
yolları artıq qaydaya salınıb. Bu istiqamətdə
işlər davam edir.
Bütün
bunlar adi rəqəmlər deyil. Onlar ölkənin sürətli
inkişafını, insanların rifahının daha da
yaxşılaşdığını, dünyada dövlətimizin
reytinqinin yüksəldiyini səciyyələndirir. Təsadüfi
deyil ki, dünyanın ən nüfuzlu "Standard &
Poor's", "Fitch" və "Moody's" beynəlxalq
agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq
görülən ilk ölkə də məhz Azərbaycandır.
"Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz
144 ölkə arasında 46-cı, MDB məkanında isə
ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq
imici durmadan yüksələn Azərbaycan "Yüksək
insan inkişafı" və "Yuxarı orta gəlirli"
ölkələr qrupuna daxildir.
Başqa
sözlə desək, həm 2004-cü ildə, həm də
2009-cu ildə qəbul edilmiş dövlət proqramları
ölkənin inkişafında böyük rol oynayıb. Onların
sayəsində Azərbaycanın hərtərəfli,
dayanıqlı, şaxələnmiş iqtisadiyyatı təmin
edilib. İkinci proqram üçün nəzərdə
tutulan vaxtın bitməsinə 9 ay qalır. Prezident İlham Əliyev
qarşıya qoyulan vəzifələrin layiqincə başa
çatdırılacağına inamını ifadə edərək
demişdir: "Ölkədə gedən müsbət dəyişikliklər
deməyə əsas verir ki, bu ilin sonuna qədər ikinci
Dövlət Proqramının tam icrası təmin ediləcəkdir.
Bu ilin sonuna qədər dövlət investisiya proqramında və
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş bütün məsələlər
öz həllini tapmalıdır".
Flora SADIQLI
Azərbaycan.-2013.- 14 aprel.- S.7.