Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

 

Aprelin 14-də Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

 

Dövlət başçısı iclasda nitq söyləmişdir.

 

 

Prezident İlham Əliyevin giriş nitqi

 

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin birinci rübünün sosial-iqtisadi yekunlarını müzakirə edəcəyik.

Keçən ilin yekunları çox müsbət idi. Keçən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edirdi. Ölkə qarşısında duran bütün əsas vəzifələr icra edilmişdir. İqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan işlər də yüksək səviyyədə idi. Yəni, keçən ilin yekunları bu ilin inkişafına da möhkəm zəmin yaratmışdır.

Azərbaycanda iqtisadi islahatlar uğurla aparılır, davam etdirilir. İslahatlar artıq gözəl nəticələrə gətirib çıxarır və bu baxımdan 2013-cü il də keçən illərdən fərqlənmir. Ancaq hesab edirəm ki, biz 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr görəcəyik. Ümid edirəm ki, 2013-cü il xüsusilə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında rekord ili olacaqdır.

Bildiyiniz kimi, iqtisadiyyatın şaxələndirilməsi məsələsi bizim üçün iqtisadi sahədə əsas prioritetdir. Xüsusilə enerji sektorunda görülmüş işlər nəticəsində demək olar ki, bütün hədəflərin təmin edilməsi şəraitində qeyri-neft sektorunun inkişafı təbii ki, prioritet olmalıdır. 2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir.

Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur. Yəni, bu, hesab edirəm ki, bugünkü Azərbaycan iqtisadiyyatını təhlil etmək üçün əsas göstərici olmalıdır. Çünki əvvəlki dövrlərdə də, bu gün də Azərbaycanın iqtisadi inkişafını təhlil edənlər bəzi hallarda bu inkişafı neft-qaz amili ilə bağlayırlar. Şübhə yoxdur ki, ilk illərdə - müstəqilliyimizin ən ağır dövründə, 1990-cı illərin ortalarında başlamış neft strategiyamız ölkə iqtisadiyyatına böyük təkan vermişdir və bu gün neft-qaz sektoru ölkə iqtisadiyyatında önəmli bir yer tutur. Ancaq bizim əsas uğurlarımız müdrik iqtisadi islahatlar nəticəsində təmin edilmişdir və bu il qeyri-neft sektorunun 11,4 faiz artması özlüyündə bir göstəricidir. Bu onu göstərir ki, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkəmiz neft-qaz amilindən asılılığını azaldır və beləliklə, dayanıqlı inkişaf artıq reallıqdır.

Makroiqtisadi göstəricilər də çox müsbətdir. İnflyasiya cəmi 1,2 faiz təşkil edir. Keçən il inflyasiya 1,1 faiz idi. Keçən ilin yekunlarını müzakirə edərkən mən qeyd etmişdim ki, bu il də inflyasiya birrəqəmli olmalıdır. Ancaq görürük ki, nəticələr daha da yaxşıdır - 1,2 faiz inflyasiya, əlbəttə, makroiqtisadi sabitlik üçün çox önəmli olan bir məsələdir. Eyni zamanda, daim qeyd etdiyim kimi, bizim bütün məqsədlərimizin mərkəzində insan amili dayanır. İnflyasiyanın aşağı səviyyədə saxlanması, əlbəttə ki, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir.

Əhalinin pul gəlirləri isə təxminən 6 faiz artmışdır. Biz burada da real artımı görürük. Kənd təsərrüfatında 4 faizdən çox artım olmuşdur. Bu da çox gözəl göstəricidir. Valyuta ehtiyatlarımız da artmaqdadır. Baxmayaraq ki, 2013-cü ildə böyük infrastruktur layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Eyni zamanda, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi gedir. Maaşlar və pensiyaların məbləği artırılacaqdır və daim artırılır. Buna baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı yenə də artıra bilirik.

Xərclər də kifayət qədər çoxdur. Xərclər, əlbəttə ki, ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət göstərir. Ancaq əvvəlki dövrlərdə qarşıya hədəf qoyulmuşdur ki, biz valyuta ehtiyatlarımızı ildən-ilə artırmalıyıq və bunu edirik. Bu göstəriciyə, xüsusilə adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya miqyasında ön sıralardadır.

Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram bu il başa çatacaqdır. Əminəm ki, proqram artıqlaması ilə icra ediləcəkdir. Çünki son illər ərzində proqrama əlavələr edilmişdir, yeni proqramlar qəbul olunmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışdır ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.

Regionlarda quruculuq işləri aparılır, sosial infrastruktur yaradılır. Hesab edirəm ki, 2013-cü ildə bu istiqamətdə əsas məsələlər öz həllini tapacaqdır. Sosial infrastrukturun modernləşdirilməsi və yenidən yaradılması ilə bağlı müvafiq göstərişlər verilmişdir. Dövlət büdcəsində bu məqsədlər üçün kifayət qədər böyük məbləğlər nəzərdə tutulur və vaxtaşırı Prezidentin Ehtiyat Fondundan bu məqsədlərə əlavə vəsait ayrılır. Deyə bilərəm ki, iki regional inkişaf proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir. Əgər 2004-cü ildə birinci proqram qəbul olunmasaydı, indi hazırda şaxələndirilmiş iqtisadiyyatdan söhbət belə gedə bilməzdi.

Onu da deməliyəm ki, iqtisadi islahatlar, eyni zamanda, mötəbər beynəlxalq qurumlar tərəfindən də qeyd edilir. Azərbaycan o ölkələrdəndir ki, öz daxili imkanlarına söykənir, öz iqtisadi və siyasi inkişafını özü təmin edir. İqtisadi sahədə seçdiyimiz kurs beynəlxalq qurumlar tərəfindən də qiymətləndirilir. Buna görə baxmayaraq ki, bu gün hələ də bəzi ölkələrdə böhran öz acı nəticələrini göstərməkdədir, Azərbaycanda nə böhranın ən qızğın çağında, nə də indi maliyyə və iqtisadi böhranın heç bir əlaməti yoxdur. Bunun başlıca səbəbi Azərbaycanın müstəqil siyasətidir, müstəqil iqtisadi siyasətdir, bizim maliyyə vəziyyətimizdir və artıq həyat göstərir ki, bu, yeganə düzgün bir yoldur.

İslahatların davam etdirilməsi əlbəttə, ki, inkişafımızı daha da gücləndirəcəkdir. Ancaq yenə də deyirəm, çox əlamətdar haldır ki, beynəlxalq qurumlar da bunu qeyd edirlər. Xüsusilə əsas reytinq agentlikləri "Standard & Poor's", "Fitch" və "Moody's" Azərbaycanın kredit reytinqini artırmışlar. Bunlardan yuxarı reytinq agentlikləri yoxdur. Avropanın bəzi ölkələrinin kredit reytinqlərinin aşağı salındığı bir dövrdə Azərbaycanın reytinqi qalxır. Davos Dünya İqtisadi Forumu dörd il ardıcıllıqla Azərbaycan iqtisadiyyatını MDB məkanında ən rəqabət qabiliyyətli iqtisadiyyat kimi qeyd edir. Bu gün dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə Azərbaycan iqtisadiyyatı 46-cı yerdədir.

Deyə bilərəm ki, Davos İqtisadi Forumu dünya miqyasında bir nömrəli beynəlxalq forumdur. Bu forumun, əlbəttə, həm siyasi, həm iqtisadi istiqaməti vardır. Azərbaycan bu forumun fəal iştirakçısıdır və bu il ilk dəfə olaraq Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, böyük uğurla keçirilmişdir. Forumda səslənən fikirlər, o cümlədən Azərbaycan iqtisadiyyatı, ümumiyyətlə, ölkəmizin inkişafı ilə bağlı səslənən fikirlər çox müsbət idi. Bu fikirlər və bu qiymət deyə bilərəm ki, ən yüksək qiymətdir. Çünki biri var hansısa qondarma qeyri-hökumət təşkilatı yalançı bir reytinq düzəldir və istənilən halda siyasi sifarişlər əsasında ölkələrin elə bil ki, sıralamasını müəyyən edir. Biri də vardır ki, mötəbər beynəlxalq qurumlar, Dünya Bankı, Dünya İqtisadi Forumu, Valyuta Fondu, digər mötəbər beynəlxalq qurumlar Azərbaycanda gedən prosesləri təqdir edir, yüksək qiymətləndirir.

Yəni, iqtisadi islahatlar bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Hazırda ümumi daxili məhsulun 83 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Dövlət inhisarında olan şirkətlər də tədricən beynəlxalq mühasibat və beynəlxalq idarəçilik prinsiplərinə keçir. Bu proses də gedir, daha da sürətlə getməlidir. Dövlət şirkətləri, yəni, strateji, ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə fəaliyyət göstərən dövlət şirkətləri də korporativ üsul-idarə ilə idarə edilməlidir və bir daha demək istəyirəm ki, bu istiqamətdə son illər ərzində böyük nailiyyətlər müşahidə olunur.

Sosial məsələlərin həllinə gəldikdə, qeyd etdiyim kimi, bu məsələlər də həmişə olduğu kimi, bizim üçün prioritetdir. Əgər belə olmasaydı, son 10 il ərzində yoxsulluq 50 faizdən 6 faizə düşməzdi. Bu da neft-qazla zəngin olan ölkələr üçün deyə bilərəm ki, çox əlamətdar bir göstəricidir. Çünki neftlə, qazla zəngin olan ölkələrdə bir çox hallarda təbəqələşmə prosesi gedir - varlılar daha da varlanır, kasıblar daha da kasıblaşır. Deyə bilərəm ki, bizim sosial və iqtisadi siyasətimizin uğurla aparılması bu fəsadların da qarşısını alıbdır.

Sosial məsələlərin həllinə gəldikdə, - mən sosial infrastruktur layihələrini qeyd etmək istəyirəm, - xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq.

Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır. Sosial məsələlərin həllində, əlbəttə ki, ilk növbədə, biz məcburi köçkünlərin problemlərini qeyd edirik, daim bu məsələlərlə məşğuluq. Son bir neçə ay ərzində bu istiqamətdə də çox önəmli hadisələr baş vermişdir. Keçən ilin sonunda biz Müşfiqabad qəsəbəsində böyük bir şəhərciyin açılışını qeyd etmişik. Bu yaxınlarda Masazır qəsəbəsində böyük şəhərciyin açılışını qeyd etmişik. Bir neçə gündən sonra Mingəçevirdə böyük şəhərciyin açılışı qeyd ediləcəkdir. Bütün mənzillər yüksək keyfiyyətlə tikilmişdir, bütün infrastruktur - məktəblər, uşaq bağçaları, tibb məntəqələri, su, qaz, işıq, bütün digər infrastruktur layihələri nəzərdə tutulur. Dövlət Neft Fondundan bu il 300 milyon manat yalnız tikinti işlərinə ayrılmışdır. Artıq Prezidentin Ehtiyat Fondundan müəyyən məbləğ ayrılmışdır və istisna olunmur ki, gələcəkdə də, bu ilin sonuna qədər yenə də ayrılacaqdır. Biz demək olar ki, hər il köçkünlər üçün yeni bir şəhər salırıq. Bu il 20 min köçkün yeni evlərə, mənzillərə köçürüləcəkdir. Artıq yataqxanalardan köçürülmə prosesi başlamışdır, vaxtilə fin qəsəbələrində məskunlaşmış köçkünlər artıq bu il tamamilə oradan köçəcək və "fin qəsəbəsi" anlayışı "çadır şəhərciyi" anlayışı kimi birdəfəlik aradan götürüləcəkdir.

Amma bilirik ki, hələ də çətin, ağır vəziyyətdə yaşayan köçkünlər var - məktəblərdə, uşaq bağçalarında, yataqxanalarda, hərbi hissələrin ərazilərində. Onların köçürülməsi də təmin ediləcəkdir. Bu il və gələn il, ondan sonrakı illərdə bu məsələ həm bizim büdcəmizdə, Dövlət Neft Fondunun büdcəsində və ümumiyyətlə, Azərbaycanda diqqət mərkəzində olacaqdır.

O ki qaldı beynəlxalq məsələlərin təhlilinə, deyə bilərəm ki, Azərbaycan öz beynəlxalq mövqelərini bu ilin əvvəlində də möhkəmləndirə bilmişdir. Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir. Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu, ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir neçə gün bundan əvvəl MDBMİ-nin forumunda mən Azərbaycanın rəsmi mövqeyini bir daha bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü danışıqlar mövzusu deyil, heç vaxt olmayıbdır, heç vaxt olmayacaqdır. Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına biz heç vaxt imkan verməyəcəyik və çalışacağıq ki, bütün imkanlardan istifadə edib tezliklə bu münaqişəni həll edək. Bu münaqişənin həlli beynəlxalq hüquq normaları əsasında olmalıdır, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qeyd-şərtsiz icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan çəkilməlidir.

Bununla bərabər, biz bundan sonra da öz gücümüzü - siyasi, iqtisadi, hərbi gücümüzü artırmalıyıq, artırırıq və bu, bizim suveren hüququmuzdur. Bir daha demək istəyirəm, məndə heç bir şübhə yoxdur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür - Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.

Bununla bərabər, bir daha demək istəyirəm ki, biz münaqişə dövründə çox fəal işləmişik. Biz münaqişə dövründə geridə qalmış ölkədən inkişaf edən ölkəyə çevrilmişik. Biz bu dövrdə iqtisadi sahədə inqilabi islahatlar aparmışıq. Biz ölkəmizi möhkəmləndirə bilmişik. Bu gün Azərbaycan və Bakı dünya mərkəzlərindən biridir. Baxın, şəhərimizdə, ölkəmizdə nə qədər beynəlxalq tədbir keçirilir. Demək olar ki, hər ay, bəzi hallarda ayda bir neçə dəfə beynəlxalq forumlar, iqtisadi forumlar, mədəniyyətlə, sivilizasiyalar dialoqu ilə bağlı forumlar. Yəni, Bakı, Azərbaycan bir daha demək istəyirəm ki, dünya mərkəzlərindən birinə çevrilibdir. Bakıda siyasi məsələlər, regional əhəmiyyətli məsələlər müzakirə edilir.

Bakıda keçirilən Davos Forumunun əsas mövzusu Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında əlaqələr və bu əməkdaşlığın gələcəyi ilə bağlı idi. Bu forum məhz Bakıda keçirilibdir. Yəni, beynəlxalq aləm də Bakını regional mərkəz kimi tanıyır. Bu, reallıqdır. Ancaq bununla bərabər, mən bir daha demək istəyirəm ki, bizim istəyimiz də, niyyətimiz də və artıq görülən işlər də regional çərçivələrdən çoxdan çıxıbdır. Azərbaycanda həll olunan məsələlər, qəbul edilən qərarlar nəinki regionun inkişafına, qitədə gedən bəzi proseslərə də öz təsirini göstərir. Biz artıq ciddi beynəlxalq amilə çevrilmişik. Siyasi təşəbbüslər bizim razılığımız olmadan, bizim maraqlarımız təmin edilmədən öz həllini tapa bilmir.

Biz enerji diplomatiyası istiqamətində bir çox hallarda vacib qərarların təşəbbüskarıyıq. Bu sahədə gedən proseslər bizim qərarımızdan asılıdır. Bu da reallıqdır. İqtisadi əməkdaşlıq, nəqliyyat məsələlərinin həlli, Asiyanı Avropa ilə birləşdirən dəhlizlərin fəaliyyət göstərməsi ilə bağlı bizim sözümüz həlledicidir. Bu söz təşəbbüslərin irəli sürülməsidir və bu təşəbbüslərin həyata keçirilməsidir. Yəni, budur bugünkü Azərbaycan.

Ancaq bizim siyasətimiz, bir daha demək istəyirəm ki, xoşniyyətlidir. Biz bütün ölkələrlə münasibətləri qarşılıqlı hörmət və bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Bu, dünya miqyasında, beynəlxalq aləmdə qəbul edilən prinsipdir. Biz özümüz bilirik ölkəmizi necə idarə etməliyik. Bizə kənardan məsləhətlər lazım deyildir. Biz güclü ölkəyik. Xalqla iqtidar arasında birlik, vəhdət vardır.

Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir - həm siyasi, iqtisadi, həm də energetika, mədəniyyət sahələrində. Ölkəmizin dünya mərkəzlərindən birinə çevrilməsi, beynəlxalq reytinq agentliklərinin qiymətləri, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz bu inkişafın göstəricisidir. Ona görə bir daha demək istəyirəm ki, xarici siyasətlə bağlı biz bundan sonra da bütün ölkələrlə bərabərhüquqlu münasibətlərin inkişafında maraqlıyıq.

Xarici siyasətlə bağlı bizim prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Əsrlər boyu Azərbaycan başqa ölkələrin, imperiyaların tərkibində yaşamışdır. Əsrlər boyu biz müstəqillikdən  məhrum idik. Azərbaycanda gedən proseslər başqa mərkəzlərdən idarə edilirdi. 21 ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq. Bundan böyük xoşbəxtlik ola bilməz. Bundan böyük dəyər ola bilməz. Biz sözün əsl mənasında, müstəqil dövlətik. Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır.

İqtisadi sahədə aparılan islahatlar, eyni zamanda, sosial məsələlərin həlli bizi gücləndirir. İmkan verir ki, biz dünya miqyasında öz sözümüzü deyək. Ona görə biz iqtisadi məsələlərin həlli ilə bağlı həm proqramlar qəbul etmişik, həm də ölkədə gedən quruculuq işlərinə mütəmadi qaydada qiymət veririk. İndi isə keçirik müzakirələrə və söz verilir vergilər naziri Fazil Məmmədova.

Vergilər naziri Fazil MƏMMƏDOV ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə təsadüf edən 2013-cü ilin uğurla başladığını bildirdi, birinci rübün makroiqtisadi göstəriciləri barədə məlumat verərək dedi:

- Azərbaycanda strateji valyuta ehtiyatları 2013-cü ilin əvvəli ilə müqayisədə 2,6 faiz artaraq 48 milyard ABŞ dollarına çatmışdır ki, bu da 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir. Bu isə iqtisadi təhlükəsizlik baxımından dünya miqyasında əhəmiyyətli göstəricilərdən biridir.

2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsinin mədaxili 131 faiz yerinə yetirilmişdir. Büdcəyə daxil olmuş 4 milyard 670 milyon manat vəsaitin 2 milyard 840 milyon manatı Dövlət Neft Fondunun, 1 milyard 524 milyon manatı Vergilər Nazirliyinin, 290 milyon manatı isə Dövlət Gömrük Komitəsinin hesabına təmin edilmişdir. Dövlət büdcəsinin xərcləri 4 milyard 515 milyon manat təşkil etmişdir. İqtisadi təsnifata uyğun olaraq cari ilin 3 ayı ərzində dövlət büdcəsi xərclərinin 25,8 faizi və ya 1 milyard 164 milyon manatı sosialtəyinatlı xərclərin - əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərclərinin maliyyələşdirilməsinə ayrılmışdır.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, eyni zamanda, bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyalar, regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan vermişdir. Regionların inkişafı, öz növbəsində, vergi daxilolmalarına da müsbət təsir göstərmişdir. Əhalinin böyük əksəriyyətinin regionlarda kənd təsərrüfatı ilə məşğul olmasına, ailə-kəndli təsərrüfatlarının və kəndli təsərrüfatının digər sahələrinin uzun illər vergidən azad edilməsinə baxmayaraq, regionlar üzrə daxilolmalar son 10 ildə 11,8 dəfə artmışdır. Sahibkarlıq subyektlərinin qeydiyyat prosedurlarının sadələşdirilməsi nəticəsində 2013-cü ilin birinci rübündə 20 min 885 sayda qeydiyyata alınan vergi ödəyicisinin 65,5 faizi regionların payına düşür.

Cənab Prezident, qeyri-neft sektorunun ortamüddətli perspektiv hədəfinə çatmaq istiqamətində Sizin tərəfinizdən atılan ən mühüm addımlardan biri də daxili və xarici investisiyaların təşviqi siyasətinin davam etdirilməsi, o cümlədən dövlət investisiyalarının artırılmasıdır. 2013-cü ilin birinci rübü ərzində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinə 1 milyard 913 milyon manat və yaxud 2011-2012-ci illərin birinci rübündə üst-üstə istifadə olunmuş 1,5 milyard manat vəsaitdən 413 milyon manat və ya 27,5 faiz çox vəsait yönəldilmişdir.

Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturun tikintisi və yenidən qurulması üçün Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunmuş kredit hesabına 181 milyon manat məbləğində vəsait xərclənmişdir. Özəl sektorun inkişafının sürətləndirilməsi və həmçinin iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrinə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə 2013-cü ilin birinci rübü ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 606 sahibkara 81,3 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlər hesabına da 2380-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə maliyyələşdirilmiş investisiya layihələrinin sayı 26 faiz, verilmiş güzəştli kredit vəsaitinin həcmi 65,6 faiz, yeni yaradılacaq iş yerlərinin sayı isə 11 faiz artmışdır. Güzəştli kreditlərin 50,2 faizi aqrar sahənin, 49,8 faizi isə müxtəlif sənaye sahələrinin inkişafına yönəldilmişdir. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqaməti verdiyiniz tapşırıqların icrasının nəticəsi olaraq respublika ərazisində yaradılan sənaye və texnologiya parklarının, idarəedici təşkilatının və operatorunun müddətsiz, bu cür parklarda fəaliyyət göstərən rezident hüquqlu şəxslər və fərdi sahibkarlar isə 7 il müddətinə bütün birbaşa vergiləri ödəməkdən azad edilmişdir. Sizin siyasi iradəniz hesabına qəbul edilən bu dəyişikliklər xarici və yerli investorlar arasında böyük rezonans doğurmaqla, innovativ istehsal və informasiya texnologiyalarının inkişafını sürətləndirəcək, bu sahədə qabaqcıl təcrübənin iqtisadiyyatda tətbiqinə geniş şərait yaradacaqdır.

Yuxarıda qeyd edilən tədbirlərlə yanaşı, Sizin "hər bir inkişaf, nəhayət, ölkə vətəndaşlarının rifahını yüksəltməlidir" tələbiniz əməkhaqlarının davamlı artımı, əməkhaqlarından tutulan vergilərin azalması istiqamətində ardıcıl olaraq həyata keçirilməkdədir. Bu ildən gəlir vergisinin 14 faiz dərəcə ilə tutulan hissəsi 2000 manatdan 2500 manata qədər qaldırılmış, verginin yuxarı həddi isə 30 faizdən 25 faizə endirilmişdir. Görülən bu tədbirlər iş yerlərinin rəsmiləşdirilməsinə də müsbət təkan vermiş və əmək münasibətlərinə nəzarətin gücləndirilməsi ilə bağlı verdiyiniz tapşırıqlarla əlaqədar aidiyyəti dövlət orqanları ilə birgə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq, son 9 ayda 56 mindən artıq vergi ödəyicisi üzrə 190 mindən yuxarı rəsmiləşdirilməmiş iş yerləri rəsmiləşdirilmişdir.

Cari ilin 1 aprel tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikası vətəndaşları olan əmanətçilərinə 589,9 milyon manat, o cümlədən bu ilin ilk 3 ayında 35,2 milyon manat məbləğində fərdi birdəfəlik ödənişlər edilmişdir.

Fazil Məmmədov dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə dövlət başçısının tapşırıqlarına əsasən İKT sisteminin təkmilləşdirilməsi, xüsusilə "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların stimullaşdırılması və digər məsələlərlə bağlı görülən işlər barədə dövlət başçısına məlumat verərək dedi:

- Möhtərəm cənab Prezident, Zati-aliləri, artıq heç kəsə sirr deyil ki, müstəqil Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə ortamüddətli perspektivdə qarşıya qoyulan bütün hədəflərə nail olacaq və 2020-ci ilə daha güclü və daha firavan ölkə kimi qədəm qoyacaqdır. Sizi əmin etmək istəyirəm ki, bu yolda 2013-cü ilin də dövlətçiliyimizin uğurlu illərindən biri olması üçün üzərimizə düşən bütün vəzifələr tam şəkildə yerinə yetiriləcəkdir.

 

Diqqətinizə görə təşəkkür edirəm.

 

*   *   *

 

Müdafiə sənayesi naziri Yavər CAMALOV Silahlı Qüvvələrin müasir tələblərə cavab verən silah və döyüş sursatları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq dedi:

- Cənab Prezident, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr nəticəsində iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. Bütünlükdə sənayenin inkişafı ilə yanaşı, Sizin sahəyə göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində hər il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də yeni istehsal sahələrinin qurulub istifadəyə verilməsi ənənəyə çevrilmişdir.

Cari ildə də Sizin iştirakınızla yeni istehsal sahələrindən: müxtəlifçaplı döyüş sursatlarının istehsalı mərkəzi, döyüş sursatlarının utilizasiyası mərkəzi, kiçikçaplı döyüş sursatları üçün nəzarət sınaq mərkəzi, müxtəlif növ minaların və aviasiya bombalarının doldurma mərkəzi və alışdırıcı kapsulların istehsalı mərkəzlərinin açılışları aprel-may aylarında nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Sizin rəhbərliyinizlə ölkənin müdafiə qüdrəti gündən-günə güclənir və nəticədə Silahlı Qüvvələrimiz regionun qüdrətli ordusuna çevrilmişdir.

2013-cü ilin ilk rübü də Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu olmuşdur. Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil etmişdir. 2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilmişdir. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanmışdır. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artmışdır.

Birinci rübdə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, "Zəfər-K" tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar.

Nazirliyin müəssisələri tərəfindən istehsal edilmiş 30 "Matador" və "Marauder" zirehli nəqliyyat vasitələrinin və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları üzrə 5 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir. Həmçinin Müdafiə Nazirliyinin istifadəsində olan 27 "Orbiter" tipli pilotsuz uçuş aparatları üzərində əsaslı təmir və təkmilləşdirmə işləri aparılaraq sifarişçiyə təhvil verilmişdir. Hazırda 60 zirehli maşının və "Aerostar" tipli pilotsuz uçuş aparatları üzrə 4 sistemin istehsalı üçün müvafiq işlər aparılır. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 71 mövzunu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılmışdır. Hesabat dövründə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması işləri tam başa çatdırılmışdır. Məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur.

Bundan başqa, cari ildə NATO standartlarına uyğun 7,62x51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, piyada əleyhinə qəlpəli minaların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusitəyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaqdır. 

Möhtərəm Prezident, Sizin göstərişinizlə ötən illərdə olduğu kimi, bu il də bir sıra mühüm layihələrin reallaşdırılmasına vəsait ayrılmışdır. Məlum olduğu kimi, bütün növ döyüş sursatlarının istehsalında əsas dəstləşdirici kimi bir sıra partlayıcı maddələrdən - barıt, trotil və heksogendən istifadə olunur. Həmin məmulatların xarici ölkələrdən alınıb gətirilməsi müəyyən vaxt tələb etdiyini və onların əldə olunmasında bir sıra problemlərin yarandığını nəzərə alaraq partlayıcı maddələrin istehsalı üzrə zavodların tikintisi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə cari ildə həmin məmulatların istehsalı üzrə 3 zavodun tikintisinə başlanılacaqdır. Artıq layihələr icradadır. Məlumat üçün bildirirəm ki, həmin zavodlar üçün lazım olan müasir texnoloji avadanlıqların çox hissəsi ölkəyə gətirilmişdir.

2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan daha 6 istehsal sahəsində son tamamlanma və sazlama işləri aparılır. Həmin sahələr - 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı, 23, 30 və 40 millimetrlik döyüş sursatları üçün müxtəlif tipli partlayıcıların istehsalı, 30 millimetrlik A42 topunun istehsalı, artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin gövdələrinin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı sahələri, habelə adıçəkilən mərmilərin doldurulması və yığılması zavodlarıdır. Bununla da nazirliyin yaranmasından keçən müddət ərzində istifadəyə verilmiş istehsal sahələrinin ümumi sayı 47-yə çatacaqdır.

İstifadəyə veriləcək yeni istehsal sahələrini müasir avadanlıqlarla təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin şirkət və firmalarından 300-ə yaxın dəzgah, xüsusi cihaz və alətlərin alınması üzrə müqavilələrin bağlanmasına başlanılmışdır. Bu işlər qısa müddətdə başa çatdırılacaqdır.

Nazirliyin müəssisələrində istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində nümayişi artıq ənənə halını almışdır. 2009-cu ildə İstanbul sərgisində nazirlik 27 adda məmulatla təmsil olunduğu halda, ötən ilin noyabrında İndoneziyada keçirilən sərgidə 125 adda məmulat nümayiş etdirilmişdir. Bu ilin mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində isə 130 adda məmulatla iştirak edəcəyik. İlk dəfə olaraq 7,62x54 millimetrlik "Gürzə" pulemyotu, 7,62x51 millimetrlik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcəkdir. Məlumat üçün bildirim ki, bu, artıq XI beynəlxalq sərgidir ki, nazirlik istehsal etdiyi məhsullarla iştirak edir. Həmişə olduğu kimi, bu sərgidə də hərbi texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunacağı və bir sıra  yeni layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur. Onu da qeyd edim ki, respublikamızın tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakı şəhərində "ADEX-2014" Beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə təşkilati işlərlə yanaşı, dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Ümidvarıq ki, Sizin dəstəyiniz sayəsində bu sərgi yüksək səviyyədə keçiriləcəkdir.

Yavər Camalov daha sonra mülki təyinatlı məhsulların istehsalı, ixtisaslı kadrların hazırlanması, elektron hökumətə keçidlə bağlı nazirlikdə görülən işlər barədə də məlumat verdi.

 

*   *   *

 

Səhiyyə naziri Oqtay ŞİRƏLİYEV dövlətin sosialyönümlü siyasətinin səhiyyə sahəsində köklü dəyişikliklərə səbəb olduğunu konkret faktlarla əsaslandıraraq dedi:

 

- Son 10 ildə ölkə büdcəsində səhiyyə xərcləri 11 dəfədən çox artmışdır. Ölkəmizdə müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş 500-dən çox səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Təkcə 2012-ci ildə 38 tibb müəssisəsi fəaliyyətə başlamışdır. Xüsusilə əlamətdardır ki, onların böyük bir qisminin açılışında dövlət rəhbəri şəxsən iştirak etmiş və öz xeyir-duasını vermişdir. Bu sahədə işlər bu il də davam etdirilir. Hazırda 69 səhiyyə obyektində təmir-tikinti işləri aparılır. Onlardan 50-nin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına indi Bakı Sağlamlıq Mərkəzində, Sumqayıt şəhər 1 nömrəli xəstəxanada, Abşeron, Ağcabədi, Ağsu, Cəlilabad, Yevlax, Astara və Lənkəran mərkəzi rayon xəstəxanalarında tikinti və əsaslı təmir işləri aparılır. Bundan əlavə, elə bu günlərdə ana və uşaqların müalicəsi və reabilitasiyasını həyata keçirən Elmi-Tədqiqat Pediatriya, Mamalıq və Ginekologiya institutlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılmışdır. Bütün bunlar paytaxtda və bölgələrdə tibb xidmətinin səviyyəsini yüksəltmək üçün geniş imkanlar açır.

Səhiyyə sahəsində həyata keçirilən dövlət proqramları da artıq öz bəhrəsini verir. Ana və uşaq sağlamlığı üzrə Proqramın icrası sahəsində ölkəmizdə uşaq və ana ölümü göstəriciləri son illərdə dinamik şəkildə ilbəil azalır. Ana ölümü əmsalı 34,2-dən 14,9-a enmiş, körpə ölümü göstəricisi 12,7-dən 10,8-ə azalmışdır. Bu nəticələr bizim üçün çox əhəmiyyətlidir. Çünki bu rəqəmlər həm səhiyyənin inkişafı göstəricisidir, eyni zamanda, hər bir ananın və hər bir körpənin həyatı əvəzolunmazıdır.

Ölkə səhiyyəsində strateji əhəmiyyət daşıyan sahələrdən biri də qan xidmətinin inkişafıdır. Azərbaycanda təhlükəsiz donor qanı ilə təminat məsələsi bu gün praktiki olaraq həll edilmişdir. Qan tədarükü 6,8 tondan hazırda 25,9 tonadək artmışdır.

Dünyada olduğu kimi, Azərbaycanda da şəkərli diabet xəstəliyi aktual problemdir. 180 min xəstənin dərmanlarla özünənəzarət vasitələri - qlükometr və test sistemləri ilə dövlət hesabına təmin edilməsi, Heydər Əliyev Fondunun bu sahədə gördüyü işlərin, o cümlədən uşaqların reabilitasiyası üçün yaratdığı imkanların nəticəsi olaraq həmin xəstəlikdən ölüm göstəricisi üç dəfə azalmışdır. Onkoloji xəstələr də daim diqqət mərkəzində saxlanılır. Bu xəstəliklərdən əziyyət çəkən uşaqlara xidmətin yaxşılaşdırılması məqsədilə ötən il Milli Onkologiya Mərkəzinin uşaq klinikası istifadəyə verilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların da müalicəsi indi tam həcmdə dövlət hesabına təmin olunur. Xüsusilə əlamətdardır ki, ölkəmizdə yaradılmış 27 hemodializ mərkəzindən 20-si bölgələrdə fəaliyyət göstərir. Bu da xəstələri həftələrlə bir neçə dəfə Azərbaycanın müxtəlif yerlərindən Bakıya gəlmək məcburiyyətindən azad edibdir.

Ümumiyyətlə, səhiyyə sahəsində aparılan islahatlar, pullu tibbi xidmətin ləğvi, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəticəsində həm paytaxtda, həm də bölgələrdə dövlət tibb müəssisələrinə müraciətlərin sayı dəfələrlə çoxalmışdır. Səhiyyə ocaqlarında çalışan mütəxəssislərin səviyyəsinin artması da az əhəmiyyət daşımır.

Ulu öndər Heydər Əliyev kadr potensialının gücləndirilməsinə daim xüsusi önəm verirdi. Onun qabaqcıl klinikalara göndərdiyi həkimlər Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında böyük rol oynamışlar. Ümummilli liderin yolunu bu sahədə də davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, səhiyyə mütəxəssisləri daim təkmilləşməli, dünyada səhiyyə sahəsində yaranan yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırmalıdırlar. Bu məqsədlə yüzlərlə azərbaycanlı həkim həm xarici ölkələrin klinikalarında, həm də Azərbaycana dəvət olunmuş aparıcı mütəxəssislərin keçdiyi təlimlərdə öz biliklərini zənginləşdirirlər. Bundan əlavə, tibb işçilərinin sertifikatlaşdırılması, tibbi təhsildə rezidenturanın tətbiqi kimi tədbirlər də davam etdirilir. Kadr potensialının gücləndirilməsinə yönəldilmiş işlərin nəticəsi olaraq, bu gün dövlət klinikalarında əvvəllər ölkəmizdə müalicəsi mümkün olmayan bir çox ağır xəstəliklər müalicə edilir. Orqan transplantasiyası, kardiocərrahiyyə üzrə çox mürəkkəb əməliyyatlar yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bu sahədə çox əhəmiyyətli addımlardan biri də bu ildən etibarən həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsidir. Elektron vasitələrdən istifadə olunmaqla keçirilən bu imtahan həm həkimlərin işə qəbulunda şəffaflığı təmin etməyə, həm də onların peşəkarlıq səviyyəsini obyektiv müəyyənləşdirməyə imkan verir.

Qeyd etmək lazımdır ki, informasiya-kommunikasiya texnologiyaları tək bu imtahanda deyil, səhiyyənin digər sahələrində də tətbiq olunur. Elektron səhiyyə sistemi çərçivəsində yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman vasitələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti, uşaqlar üçün "Elektron sağlamlıq kartı", obliqat qruplar üçün "Elektron tibbi müayinə kartı" sistemləri tətbiq edilibdir. Elektron səhiyyə sistemi bütün ölkə üzrə əhalinin sağlamlığı ilə bağlı informasiyanı tez və effektiv təhlil etməyə imkan yaradır. Əhalinin sağlamlığının qorunması sahəsində xəstəliklərin profilaktikası da mühüm əhəmiyyət daşıyır. İndi Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uşaqlar 10 xəstəliyə qarşı peyvənd alırlar. Həm vaksinasiya, həm də digər tədbirlər sayəsində ölkəmizdə epidemioloji stabilliyə nail olunubdur. Bir neçə ildir ki, poliomielit, difteriya, parotit, məxmərək kimi ağır xəstəliklər qeydə alınmır. Profilaktika ilə yanaşı, xəstəlikləri vaxtında aşkarlamaq da çox önəmlidir. Bununla əlaqədar ölkə başçısı xüsusilə qeyd etmişdir ki, hər bir vətəndaş öz sağlamlığının qayğısına qalaraq ildə heç olmasa bir dəfə müayinədən keçməlidir. İndi bunun üçün hər bir şərait və imkan vardır.

Möhtərəm cənab Prezident, Sizin tövsiyənizi rəhbər tutaraq 2012-ci ilin dekabrında Səhiyyə Nazirliyi tərəfindən "Sağlamlıq ayı" keçirilmişdir. Bu tədbir çərçivəsində ölkənin bütün şəhər və rayonları üzrə bir ay ərzində üç milyona yaxın insan səhiyyə müəssisələrinə dəvət olunmuş və orada hərtərəfli tibbi müayinələrdən keçirilmişlər. Çox əlamətdardır ki, müayinə olunanların 15 faizində, - bu da 400 mindən artıq insan deməkdir, - müxtəlif xəstəliklər ilk dəfə aşkarlanmışdır. Həmin xəstələr müvafiq ambulator və stasionar müalicəyə cəlb olunmuşlar. Vətəndaşların sağlamlığının qorunmasında əhəmiyyətli rol oynayan bu tədbirin müsbət nəticələri, iqtisadi və sosial səmərəsi özünü hələ gələcəkdə göstərəcəkdir. Ümumiyyətlə, əhalinin səhhəti naminə bu gün görülən işlər gələcək nəsillərin sağlamlığına göstərilən qayğıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə siyasətini daim dəstəkləyən tibb işçiləri onu həyata keçirmək üçün bundan sonra da əzmlə çalışacaqlar.

 

Diqqətinizə görə minnətdaram.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.1-2.