Azərbaycan Prezidenti İlham Əliyev «Rossiya-24» telekanalına müsahibə vermişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
"Rossiya-24" telekanalının "Vesti v subbotu"
verilişinin aparıcısı Sergey Brilyova müsahibə
vermişdir.
AzərTAc
müsahibəni təqdim edir.
Sergey
Brilyov: 25 il əvvəl SSRİ nüvə silahından imtina
etməklə bağlı təbliğat aparırdı. Bu
gün bu, ABŞ Prezidenti Barak Obamanın rəsmi
şüarıdır. Yeni Rusiya ilə onun köhnə
tanışı Böyük Britaniya bu məsələyə
indi eyni cür baxır. Bəs görəsən, indi yeni
dövr başlanıb, yoxsa yox? Yəqin ki, bu sualın
cavabını Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunlarından daha yaxşı heç kim
bilməz. Biz də belə məzunlardan birinə - Azərbaycan
Prezidenti İlham Əliyevə müraciət etdik. Onun ölkəsi
haqqında bunu deyə bilərik ki, hazırda bu ölkə
BMT Təhlükəsizlik Şurasının
üzvüdür.
-
1990-cı illərin sonunda belə bir təəssürat
yaranırdı ki, guya tarixin sonudur. Amerika politoloqu Frensis
Fukuyama bunu belə ifadə etmişdi: "Kommunizm
çökdü, bəşəriyyətin bütün
problemlərinə isə yalnız liberal demokratiya cavab ola bilər".
Əslində son beş ilin hadisələri təəssüf
ki, bunun belə olmadığını sübut edir. Təkcə
avrozonadakı böhran çox mətləbləri aşkar
edir. Sizin fikrinizcə, prinsip etibarilə hansı yeni modellər
yarana bilər?
- Zənnimcə,
əlbəttə, hamımızda böyük xülyalar var
idi. İnkişafın hazırkı mərhələsində
düşünürəm ki, sizin dediyiniz kimi, yalnız
liberal demokratiya adlı bir modelin olmaması ilə
bağlı fikir güclənir. Bu, hətta onun müəllifliyi
iddiasında olan ölkələrdə də mövcud
deyildir. Avrozonada baş verən hadisələr və
böhran göstərir ki, dövlət nizamlanmaya
qarışmadığı təqdirdə dayanıqlı
yüksəlişi təmin etmək çox çətin
olacaqdır. Hesab edirəm ki, maliyyə və iqtisadi
böhrana görə günah siyasətçilərin məsuliyyətsizliyindədir.
Gələcək nəsillərin cibinə girənlər bəlkə
də təsəvvür etmirdilər, bəlkə də təsəvvür
edirdilər ki, bu, nəyə gətirib çıxara bilər.
- Bəlkə bu, hər halda idealizm idi? Məsələn, avronu götürək.
1999-cu ilin ruh
yüksəkliyini xatırlayırsınızmı?
Düşünmək olardı ki,
bir qədər sonra bütün məsələlər həll
olunacaqdır.
- Düşünürəm ki,
idealizm olsa da belə bu,
qəti qərar qəbul edənlərdə
yox idi. Həmin idealizm bu yolu
daha çox geosiyasi imkanları gücləndirməkdə görənlərdə
var idi. Çünki əgər tarixi perspektiv nöqteyi-nəzərindən baxsaq,
axı prinsipcə ötən yüz il ərzində
dünya siyasətində
milli və qlobal maraqları təmin etmək formalarından başqa heç nə dəyişməyib. Sadəcə, indi başqa formalar mövcuddur. Praktiki olaraq elə həmin üsullardan istifadə edilir: əmin etmək, əgər bu, alınmasa təzyiq, bu da baş tutmasa,
onda daha sərt üsullar tətbiq olunur. Ona görə də prinsipcə dünyada heç nə dəyişməyib. Sadəcə örtük dəyişib
və hansısa müddətdə 1990-cı illərdə
müstəqilliklərini bərpa
edən bəzi dövlətlər nə baş verdiyini anlamırdılar. Düşünürəm ki, indi xoş
günlər xülyası
quran və hansısa strukturlara daxil olanların bir çoxu dərin təəssüf
hissi keçirirlər.
Nüfuz
dairəsinə dair müəyyən qarşıdurma
indi də var, keçmişdə də olub.
Düşünürəm ki, bu, bəzi
dairələr tərəfindən
sadəlövhcəsinə qəbul olunur. Nüfuz dairəsi,
guya sənə hesabat verilən yerdir. Əslində isə nüfuz
dairəsi sənə
rahat olan, hörmət edilən, dəstək göstərilən
yerdir.
- Yəni, oraya ki, Foruma gəlmək
olar?
- Gəlmək və özünü evdəki kimi hiss etmək mümkündür.
- "Rossiya-24" telekanalında bu geniş buraxılış
üçün biz xüsusi
olaraq daha bir mövzunu saxladıq. Bəs necə olur
ki, SSRİ Xarici İşlər Nazirliyinin
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun məzunu
olan İlham Əliyevin prezidentliyi dövründə Qəbələdəki
Rusiya Radiolokasiya Stansiyasının işçi
heyəti Azərbaycanı
tərk edir?
- Azərbaycanın bu məsələyə nöqteyi-nəzərini
təqdim etmək üçün yəqin ki, bu barədə
bir qədər ətraflı danışmaq
lazımdır. Məsələ
ondadır ki, Bakıdan sonra Azərbaycanın ikinci turizm mərkəzi olan ən mənzərəli
guşələrindən birində
300 hektar sahəni əhatə edən əraziyə görə Qəbələ Radiolokasiya
Stansiyasının icarə
haqqı cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda
yaşayanlar dəniz kənarında istirahət
edirlərsə, biz, Xəzər
sahilində yaşayanlar
isə dağlarda dincəlirik. Buna görə də təbii ki, bu obyektə görə icarə ödənişinin reallığa
uyğun olması bizim istəyimiz idi.
Əvvəla, bir növ ötən
on ilə görə müəyyən dərəcədə
kompensasiya olardı. Çünki
ötən on il ərzində Azərbaycan heç vaxt qiymətlərə yenidən baxılması məsələsini qaldırmamışdı,
hərçənd hamının
fikrincə, elə Rusiyada da başa
düşürdülər ki, qiymət, yumşaq deyilərsə, rəmzidir. Bununla yanaşı, icarə haqqının artırılması
istəyi onunla əsaslandırılırdı ki, son 5-6 il
ərzində Azərbaycan
ilə Rusiya arasında hərbi-texniki əməkdaşlıqda böyük
irəliləyiş nəzərə
çarpırdı. Bu haqq-hesab milyard dollarlarla hesablanırdı.
Nə bir, nə iki,
nə üç, nə dörd milyard dollar. Mən artıq
gerçəkləşmiş və imzalanmış müqavilələrin sayını
sadəcə davam etdirmək istəmirəm.
Biz Rusiyanın hərbi texnikasını dünya qiymətlərinə
uyğun alırıq.
- Əlbəttə, axı
Siz Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatının üzvü
deyilsiniz.
- Əlbəttə. Təbii,
hesab edirik ki, əgər biz dünya qiymətlərinə
uyğun alırıqsa,
bütün başqa haqq-hesabları da dünya qiymətlərinə
uyğun aparırıqsa,
onda icarə qiyməti də buna uyğun, yaxud buna yaxın
olmalıdır. Üstəlik öz-özlüyündə Qəbələ Radiolokasiya
Stansiyasının Azərbaycan
üçün heç
bir əhəmiyyəti
yoxdur. Onun aldığı informasiya sadəcə bizə gərək deyildir. Qəbələnin
aldığı informasiyaya
qarşı hər hansı iş görmək üçün
bizim vasitəmiz yoxdur. Buna görə
də bu məsələ sırf dostluq və kommersiya münasibətləri
əsasında nizamlanmalıdır.
Biz də Rusiya tərəfinə əməkdaşlığı
daha beş,
yaxud on il uzatmağı təklif etdik. Amma artıq yeni
qiymətlərlə. Lakin bu təklif qəbul olunmadı. Başa düşdüyümüzə görə, çox güman ki, buna heç ehtiyac da yox
idi. Həm rəsmi şəxslərin,
həm Müdafiə Nazirliyinin və digərlərinin şərhləri
onu göstərir ki, Rusiyanın artıq həm fiziki, həm də mənəvi cəhətdən sadəcə
köhnəlmiş Qəbələ
Radiolokasiya Stansiyasına
nisbətən daha müasir aşkarlama stansiyası mövcuddur. Əslində, məsələnin məğzi də elə budur. Bu məsələ, - əgər medianı nəzərə almasaq, - ikitərəfli münasibətlərdə
qətiyyən narahatlıq
doğurmurdu və doğurmur.
- Kütləvi informasiya vasitələrində deyilirdi
ki, bu qərara
Sizi amerikalılar vadar edib?
- Bu, qətiyyən belə deyildir. Əvvəla, mən demək
istəyirəm ki, bizi heç kəs heç vaxt vadar edə
bilməz. Regional məsələlərin sonuncu
inkişaf tarixi, məhz sizin haqqında danışdıqlarınızın
regionda həyata keçirməyə çalışdığı
təşəbbüslər və bizim bu
təşəbbüslərə qarşı hərəkətlərimiz
onu göstərir ki, bizi heç
kəs heç nəyə məcbur edə bilməz. Xüsusilə də bizi strateji tərəfdaşımıza
qarşı hər hansı addım atmağa vadar etmək, ümumiyyətlə,
mümkün deyildir.
Buna görə də bu, mənim
dediklərimə əsaslanırdı.
- Bu şərhə görə
çox sağ
olun. Buna çoxdan
ehtiyac var idi.
- Sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 16 aprel.- S.4.