Dövlətin milli maraqları var, xalqın rəyi və ona müvafiq müəyyən olunmuş xətt var

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 15-də "Media forum" saytının suallarını cavablandırıb

 

- Aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Rəsmi mətbuat əvvəlki iclaslardan geniş məlumat yayırdı. Sonuncu iclas haqda isə qısa məlumat verildi. İclasda hansı məsələlər müzakirə olunub?

- İclas ilin birinci rübünün yekunlarına həsr olunmuşdu. Bu, artıq ənənə halını alıb. Ölkə başçısı hər il dörd dəfə Nazirlər Kabinetinin sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş geniş iclasını keçirir. Aprelin 14-də keçirilən iclasda Prezident İlham Əliyev ilin üç ayının yekunlarına dair açılış nitqi söylədi. Dövlət başçısı çıxışında son üç ayda sosial-iqtisadi sahədə qeydə alınan rəqəmləri, göstəriciləri açıqladı, ümumi daxili məhsulun 3,1 faiz, əhalinin pul gəlirlərinin 6 faiz artdığını, qeyri-neft sektorunda 11,04, kənd təsərrüfatı sahəsində isə 4 faiz artım olduğunu bildirdi. Prezident dedi ki, son üç ayda Azərbaycanda cəmi 1,2 faiz inflyasiya olub. Vergilər naziri Fazil Məmmədov, müdafiə sənayesi naziri Yavər Camalov, səhiyyə naziri Oqtay Şirəliyev və başqaları ilin üç ayında gördükləri işlər və qarşıda duran vəzifələr barədə danışdılar.

Daha sonra Prezident İlham Əliyev bütövlükdə 2013-cü ildə Azərbaycanın sosial-iqtisadi siyasəti, daxili və xarici siyasəti, qarşıda duran əsas vəzifələr haqqında danışdı, həmin vəzifələri bir-bir göstərdi. Bununla bağlı mətbuatda geniş məlumat yayılacaq. Bu vəzifələr iqtisadiyyatın şaxələndirilməsi siyasətinin, əvvəlki dövrlərdə qəbul olunmuş dövlət proqram və layihələrinin, xüsusən də sosial layihələrin icrasının davam etdirilməsi, iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin olunması, bu sahədə mövcud olan süni monopoliya yaradılması meyillərinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi, daxili bazarda rəqabətə davamlılığın gücləndirilməsi, xarici bazar üçün nəzərdə tutulmuş mal istehsalının artırılması, istehsalın təşkil olunması, sahibkarların dəstəklənməsi, o cümlədən kreditlərin verilməsi formasında dəstəklənməsi, ixrac mallarının nomenklaturasının genişləndirilməsi, yeni yaranan müəssisələrdə müasir texnologiyaların tətbiq edilməsi, kadr hazırlığı məsələlərinin həllindən, ipoteka kreditlərinin həcminin və onların paylanması üsullarının asanlaşdırılmasından ibarətdir. Dövlət başçısı xüsusi qeyd etdi ki, bu gün Azərbaycan gənclərinin mənzilə olan ehtiyacını ödəmək üçün ölkənin valyuta ehtiyatlarından ipoteka kreditlərinə ayrılmış vəsaitlərin həcmi artırılmalı, gənclərə ipoteka kreditlərinin verilməsi asanlaşdırılmalıdır. Ölkənin ərzaq, energetika, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olundu və cənab Prezident bu sahədə dövlətin qarşısında duran məsələləri sadaladı. Dövlətin investisiya proqramı, daxili və xarici investisiyaların artırılması məsələlərinə toxunuldu. Qeyd olundu ki, ötən il Azərbaycana ümumilikdə 22 milyard dollar həcmində investisiya yönəldilib. Bunun 30 faizi xarici, 70 faizi daxili investisiyadır.

Dövlət başçısı müşavirə iştirakçıları qarşısında bu investisiyalardan həm xaricdə, həm də daxildə səmərəli istifadə olunması məsələsini, sosial layihələr, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi tələbini qoydu, 2014-2019-cu illər üçün yeni regional inkişaf proqramının hazırlanması tapşırığını verdi. Regional inkişaf proqramı bu il başa çatacaq və gələn ildən yeni beşillik regional inkişaf proqramı həyata keçiriləcək. Müşavirə bütövlükdə Azərbaycanın sosial-iqtisadi, daxili-xarici siyasətinin nəticələrinin təhlilinə, yeni vəzifələrin müəyyən olunmasına həsr olunmuşdu.

- Müşavirə həftənin bazar günü keçirilib. Əvvəllər belə praktika vardımı?

- Ümummilli lider Heydər Əliyevin zamanında bazar günü müşavirələrin keçirilməsi praktikası çox geniş tətbiq olunurdu. O zamanlar Prezident Administrasiyası rəsmiləri, nazirlər, digər dövlət məmurları bazar günləri işdə olurdular. Bu praktika 2005-ci ilədək davam etdi, ondan sonra bazar günü iclasları olmadı. Amma Prezident İlham Əliyevin qrafiki həddindən artıq sıxdır, aprelin 15-16-da dövlət başçısının bölgələrə səfərləri nəzərdə tutulub. Bunu nəzərə alaraq müşavirəni bazar günü keçirmək qərara alındı.

- Belə iclasların proseduru necədir? Bazar günü nazirləri, komitə sədrlərini iclasa toplamaq problem yaratmadı ki?

- Burada belə bir problem yoxdur və hər şey normaldır. Protokol xidməti iclasın bazar günü keçiriləcəyini iki gün öncədən elan etmişdi. Biz aprelin 12-də, cümə günündən bilirdik ki, bazar günü toplantı olacaq. İclas təxminən saat 9:30-da başlandı və 13-də qurtardı.

- Prezident İlham Əliyev bundan əvvəl keçirdiyi müşavirədə məmurlara ciddi iradlar bildirmişdi. Sonuncu müşavirədə yenidən o məsələlərə toxunuldumu? Prezidentin narazı qaldığı və xüsusi qabartdığı məsələlər vardımı?

- Prezident çıxışında bu məsələnin üzərinə bir daha qayıtdı, antikorrupsiya tədbirlərinin davam etdirilməsi, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu mübarizənin sistemləşdirilmiş formada aparılması məsələlərinə və başqa bir neçə məsələyə toxundu. Rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin həm inzibati, həm iqtisadi, həm də institusional yolla sistemli şəkildə aparılması sahəsində konkret tapşırıqlar verdi, bunları bir vəzifə kimi bütün məmurların yerinə yetirməli olduğunu vurğuladı. Cənab Prezident çıxışında həm də məmurların vətəndaşlarla iş qaydası, onların vətəndaşlarla ünsiyyəti, münasibəti, məmurların özünün ümumi davranış normaları, dövlət qulluğundakı məsuliyyətlərinin artırılması kimi məsələlərlə bağlı fikirlərini bildirdi.

- Nazirlər, komitə sədrləri rayonlara gedib vətəndaşlarla görüşlər keçirilər. Bunda məqsəd nədir və iclasda görüşlərin nəticələrinə toxunuldumu?

- Bu görüşlər yeni başlanıb - aprelin əvvəlindən. Cəmi on beş gündür ki, bu görüşlər keçirilir və davam etdiriləcək. Fevral ayında keçirilən müşavirədə dövlət başçısının məmurların qarşısında qoyduğu vəzifələrin həlli məqsədilə nazirlər və komitə sədrləri bölgələrə gedirlər, bu görüşlər qrafikə salınıb. Görüşlərdə bir neçə məqsəd var. Birinci məqsəd dövlət qulluqçuları, xüsusən də mərkəzi icra hakimiyyəti orqanlarının təmsilçiləri ilə əhalinin təmaslarını çoxaltmaq, əhalinin sosial-iqtisadi və digər ehtiyaclarının ödənilməsi sahəsində yerlərdəki strukturların fəaliyyətini dəyərləndirmək, səmərəliliyi artırmaqdır. İkinci məqsəd məmurlarla vətəndaşlar arasında təması çoxaltmaqla vətəndaşların problem və ehtiyaclarını birbaşa ödəmək və mümkün olduğu qədər yerindəcə həll etməkdir. Üçüncü məqsəd isə mərkəzi icra hakimiyyəti orqanı rəhbərlərinin rayonlardakı sosial-iqtisadi inkişafın nəticələri ilə tanış olması, öz sahələri üzrə işlərin görülməsi, onların dəyərləndirilməsi, qiymətləndirilməsidir.

Bizdə əvvəllər belə təcrübə vardı. Ümummilli lider Heydər Əliyevin dövründə də bu praktika tətbiq olunurdu. Nazirlərin, komitə sədrlərinin bölgələrə səfərləri son zamanlar bir az səngimişdi. Çünki Prezident İlham Əliyev özü bölgələrə tez-tez səfərlər edir, məsələlərlə bilavasitə özü yerindəcə tanış olur, tapşırıqlar verir. Dövlət başçısı hər rayonda bir neçə dəfə olub. O cümlədən bu səfərlər zamanı mərkəzi icra hakimiyyəti orqanlarının, müvafiq sahələrin rəhbərləri Prezidenti müşahidə etdiyinə görə onların ayrıca görüşlər keçirməsinə ehtiyac bir qədər azalmışdı. Son zamanlar isə belə səfər və görüşlərə yenidən ehtiyac yaranıb. Cənab Prezident də müşavirədə qeyd etdi ki, bunlara ehtiyac heç vaxt azalmayıb, vətəndaşlarla işləmək həmişə vacibdir, insanların qayğıları ilə mərkəzi hakimiyyət orqanları rəhbərlərinin bilavasitə tanış olması günün aktual məsələsidir.

- Amma görüşlərin keçirilmə formatından narazılıqlar var. Görüşlərdə əvvəlcədən siyahı tutulur, yerli məmurlar görüşə kimi istəyirlər onu buraxırlar, bəzi insanlara icazə verilmir. Görüşləri açıq formada etmək daha effektli olmazmı?

- Daxil olan narazılıqları araşdırırıq. Biz nazirlərin yerlərdə formal görüşlər, ütülü qəbullar keçirməsinin tərəfdarı deyilik. Prezident İlham Əliyev onların qarşısına bu vəzifələri qoymayıb. Əgər nazir, komitə sədri rayona gedibsə, həmin rayonda qəbula düşmək istəyən hər bir şəxs qəbula yazılmalıdır və qəbul olunmalıdır. Yerli məmurlar da buna şərait yaratmalıdır. Bunun başqa alternativi ola bilməz. Görüşlərin konsepsiyası bundan ibarətdir, hamının qarşısına bu vəzifələr qoyulub. Biz həmin görüşlərə mətbuat nümayəndələrini də göndəririk, mətbuatda yazılanları izləyirik. Əgər siz dediyiniz hallar müşahidə olunacaqsa, narazılıqlar daxil olacaqsa, əlbəttə, bunlara qarşı konkret tədbirlər görüləcək.

- Yəqin ki, Nazirlər Kabinetinin iclasında qarşıdan gələn prezident seçkisi də diqqət mərkəzində olub. Məsələ hansı kontekstdə müzakirə olundu?

- Bu müşavirədə ümumiyyətlə seçki mövzusuna toxunulmadı. Seçkilərlə bağlı heç bir çıxış olmadı və heç bir təhlil aparılmadı. Bu yalnız 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının, daxili və xarici siyasətin yekunlarına həsr olunmuş müşavirə idi.

- Əli müəllim, artıq prezident seçkisində iştirak etmək üçün namizədliyini irəli sürən siyasətçilər var. Yeni Azərbaycan Partiyası seçkiyə partiya sədri, dövlət başçısı İlham Əliyevin namizədliyi ilə gedəcəyini qeyri-rəsmi elan edib. YAP, hakimiyyət öz namizədini rəsmi formada nə vaxt elan edəcək?

- Prezidentliyə namizədlərin elan olunması və müvafiq olaraq siyasi  institutlar tərəfindən, konkret olaraq siyasi partiyalar və seçicilərin təşəbbüs qrupları tərəfindən dəstəklənməsi, onların irəli sürülməsi proseduru Seçki Məcəlləsində göstərilib. Bunun vaxtı, çərçivəsi var. Bu çərçivəyə uyğun olaraq YAP da, seçicilərin təşəbbüs qrupları da öz təşəbbüslərini həyata keçirəcəklər. Cənab İlham Əliyevin namizədliyi artıq müəyyən QHT-lər, seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Bunların sırasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Veteranlar Birliyi, Qızıl Aypara Cəmiyyəti və onların yerlərdəki təmsilçiləri var. Amma siyasi institut olaraq YAP prezidentin partiyası kimi bu proseduru Seçki Məcəlləsində göstərilmiş çərçivəyə uyğun şəkildə həyata keçirəcək. Bunun konkret reallaşdırılması Seçki Məcəlləsində müəyyənləşdirilmiş qrafikə uyğun olacaq.

- Prezident İlham Əliyev indiyədək prezidentliyə yenidən namizəd olub-olmayacağı haqda mövqe bildirməyib. Bu nə ilə bağlıdır? Bu məsələdə hansısa tərəddüdlər var, yoxsa bu, planlaşdırılmış siyasətdir? Niyə Prezident İlham Əliyev özü bu barədə açıq bəyanat vermir?

- Lazım olanda bəyanat da veriləcək. Bu gün hələ o bəyanata ehtiyac yoxdur.

- ATƏT-in Bakı ofisi və Milli Demokratiya İnstitutu ilə bağlı müəyyən proseslər baş verdi. Hazırda vəziyyət necədir? Hakimiyyət Milli Demokratiya İnstitutunun fəaliyyəti ilə bağlı araşdırmalar aparıldığını bəyan etmişdi. Araşdırmalar başa çatıbmı? ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi gözlənirmi?

- Müzakirələr gedir. Bununla bağlı müvafiq orqanlar iş aparır. ATƏT-lə bağlı Xarici İşlər Nazirliyi, Milli Demokratiya İnstitutunun Azərbaycandakı fəaliyyəti ilə bağlı bu sahəyə aid qurumlar araşdırma aparırlar. Nəticə haqqında cəmiyyətə məlumat veriləcək.

- Hadisələr müəyyən qədər tənqidlərə səbəb oldu. Sizcə, seçki ilində bunlar Azərbaycanın daha çox tənqidlə üzləşməsinə gətirib çıxarmırmı?

- Hakimiyyət üçün belə tənqidlər də, bunun baş verdiyi zaman kəsiyi də, tənqidlərin önəmi də onların yalnız milli maraqlara cavab verib-verməməsi ilə ölçülür. Dövlətin qanunları var, dövlətin milli maraqları var, xalqın rəyi və ona müvafiq müəyyən olunmuş xətt var. Bu xəttə uyğun gələnlərə münasibət bildirilir, onunla bağlı tövsiyələr nəzərə alınır, uyğun gəlməyənlər dövlətin öz iradəsi çərçivəsində dəyərləndirilir və müvafiq siyasət formalaşdırılır, addımlar atılır.

- Milli Demokratiya İnstitutu Azərbaycanın milli maraqlarına toxunubmu?

- Mən bunu xırdalamaq istəmirəm. Hazırda bu institutun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti ilə bağlı cəmiyyətdə, jurnalistikada, dövlət qurumlarında bəlli mövqelər var. Bu mövqelər araşdırılandan sonra konkret qərar veriləcək.

- İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun səlahiyyət müddəti başa çatıb. İsmayıl Ömərov iki dönəm baş direktor olub. Hakimiyyət onun işini necə qiymətləndirir? İsmayıl Ömərovun baş direktorluğa yenidən namizəd olmasını istəyirsinizmi?

- Hakimiyyətin İctimai Teleradionun fəaliyyətini müsbət, ya mənfi dəyərləndirməsinin baş direktor seçkisinə, onun əvəzlənməsinə, yaxud da işini davam etdirməsinə dəxli yoxdur. İctimai Teleradionun Yayım Şurası və ictimaiyyət var. İctimaiyyəti təmsil edən doqquz nəfər məsələni müəyyən edəcək. Bundan sonra məlum olacaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətinə İsmayıl Ömərovla davam edəcək, yoxsa yeni baş direktor seçəcək.

 

 

Azərbaycan.-2013.- 16 aprel.- S.5.