Amerikanın «The Hour» qəzetində ABŞ-ın Azərbaycana
və Ermənistana maliyyə
yardımı göstərməsi haqqında məqalə dərc
olunmuşdur
Konnektikut
ştatında nəşr olunan "The Hour" qəzetində
ABŞ-ın Azərbaycana və Ermənistana maliyyə
yardımı göstərməsi haqqında məqalə dərc
edilmişdir. ABŞ Azərbaycanlıları Şəbəkəsinin
(USAN) üzvü Elşən Əliyevin müəllifi
olduğu bu məqalədə aprelin 10-da elan edilmiş
"maliyyə yardımı büdcəsinin layihəsinə
şərti dəstək" ifadə olunur. Müəllif
qeyd edir ki, ABŞ-ın region ölkələrinə maliyyə
yardımı göstərməsi zamanı iki əsas məqam
nəzərə alınmalıdır: 1) Azərbaycanın Ermənistan
tərəfindən işğal olunmuş Dağlıq
Qarabağ regionuna bilavasitə maliyyə yardımı göstərilməsinə
yol vermək olmaz; 2) ABŞ-ın ən güclü hərbi
müttəfiqi kimi Azərbaycan hərbi proqramlar
üçün, o cümlədən Beynəlxalq hərbi təhsil
və hazırlıq proqramı, Xarici dövlətlərə
hərbi maliyyə yardımı göstərilməsi
proqramı üçün Gürcüstana olduğu həcmdə
maliyyə yardımı almalıdır.
E.Əliyev
öz məqaləsində qanunvericiləri narkotik maddələrin
tranziti, qanunsuz silah satışı üçün istifadə
edilən Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ regionuna maliyyə yardımı dilənən
erməni lobbisinin məhdud maraqlarına uymamağa
çağırmışdır. Hər hansı humanitar
yardım üçün nəzərdə tutulmuş maliyyə
yardımı Azərbaycanın legitim hökuməti vasitəsilə
həyata keçirilməlidir. Daha sonra məqalədə
deyilir ki, "ABŞ Bakı hökumətinə məhəl
qoymadan işğal olunmuş Dağlıq Qarabağ regionuna
birbaşa maliyyə yardımı göstərən yeganə
ölkədir. Halbuki Abxaziya və Cənubi Osetiya (Gürcüstan),
Dnestryanı bölgə (Moldova) və s. kimi separatçı
qurumlara analoji yardım göstərilmir. Bundan başqa, Azərbaycanın
işğal olunmuş regionuna yardım göstərilməsi
ABŞ qanunlarına görə, xüsusən qanunverici
orqanın palatalarının razılıq komitəsinin 2012-ci
il tarixli məruzəsinin 7070-ci maddəsinə görə
qanuna ziddir. Elşən Əliyevin məqaləsi region ölkələrinə
göstərilən maliyyə yardımının qeyri-bərabərliyi
və erməni lobbisinin mənafeyi barədə qanunvericilərin
və ABŞ hökumətinin məlumatlandırılması
üzrə ABŞ azərbaycanlıları şəbəkəsinin
keçirdiyi kampaniya çərçivəsində dərc
olunmuşdur.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 16 aprel.- S.5.