Heydər Əliyev - 90: aqrar islahatların uğuru

 

"Azərbaycan" qəzetinin İmişli Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "dəyirmi masa"

 

2013-cü il Azərbaycanda dövlət səviyyəsində qeyd edilən bir sıra yubileylərlə əlamətdar olacaq. Belə ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95-ci, Milli Qurtuluş Gününün 20-ci, Azərbaycan Silahlı  Qüvvələrinin yaranmasının 95-ci, Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 10-cu ili tamam olacaq. Qarşıda bizi gözləyən ən əlamətdar hadisələrdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il yanvarın 22-də "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd ediləcəkdir.

Bu günlərdə "Azərbaycan" qəzetinin İmişli Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "dəyirmi masa" da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdu. Tədbir iştirakçıları İmişli rayonunun timsalında ulu öndərin müəyyən etdiyi kursun Azərbaycanın inkişafındakı rolundan bəhs etdilər.

 

"Dəyirmi masa"nı giriş sözü ilə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV açdı:

- Xalqımızın böyük oğlu Heydər Əliyev 34 ildən artıq bir dövrü əhatə edən zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna rol oynamışdır. Məhz buna görə də ulu öndərin adı tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk edilmişdir.

Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin milli mənafeyini daim uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran, cəmiyyətdə qanunçuluğu, hüquq qaydalarını təmin edən bir rəhbər idi. Hələ 1969-cu ildə Azərbaycana rəhbərliyinin elə ilk günlərindən Heydər Əliyevin Azərbaycan Respublikasının və xalqımızın inkişafı istiqamətində gələcək fəaliyyətinin, atacağı addımların konturları aydın idi. Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və mədəni inkişafa geniş yol açdı. Qısa zaman kəsiyində Azərbaycan keçmiş SSRİ-nin tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi. Ulu öndərin rəhbərliyi altında başlanan genişmiqyaslı işlərin nəticəsində Azərbaycan ittifaq respublikaları arasında öz layiqli yerini tutdu. Müstəqil Azərbaycanın sosial-iqtisadi bünövrəsi məhz Heydər Əliyevin sayəsində ötən əsrin 70-80-ci illərində qoyuldu və ölkəmizin gələcəyi üçün möhkəm təməl yaradıldı.

Müstəqilliyimizin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin qətiyyətsizliyi və səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə hətta Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Belə ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.

Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə quruculuq dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olundu, iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edildi. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutdu, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazandı. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, azad vətəndaş cəmiyyəti bərqərar edildi. Bir siyasətçi və qətiyyətli dövlət başçısı kimi Heydər Əliyevə olan inamın nəticəsi idi ki, 1994-cü ildə dünyanın ən böyük və nüfuzlu neft şirkətləri ilə Azərbaycan Respublikası arasında Xəzərin karbohidrogen ehtiyatlarının hasilatına və nəqlinə dair "Əsrin müqaviləsi" imzalandı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə möhkəm və dönməz sabitlik, milli birlik və həmrəylik təmin edildi. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini hiss etmişdir.

Bu gün Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi məhz Heydər Əliyev ideyalarının yaşamasının, ümummilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Son 10 ildə məhz Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsi ölkəmizə böyük uğurlar qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb.

Ulu öndər Heydər Əliyevin ideyalarının yaşaması, davam etdirilməsi, əslində Azərbaycan dövlətçiliyinin, cəmiyyətinin, ictimai-siyasi və mədəni həyatımızın inkişafı deməkdir. Xüsusən gənc nəsil, uşaq və yeniyetmələri milli, mənəvi, əxlaqi dəyərlərimizə sevgi ruhunda tərbiyə etmək üçün biz Heydər Əliyev şəxsiyyətinə daha çox müraciət etməliyik. Ulu öndərin doğum gününün hər il ölkə miqyasında qeyd olunması da məhz bu nəcib niyyətdən irəli gəlir. Bu mənada Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamı da ictimaiyyət tərəfindən yüksək razılıq hissi ilə qarşılanır.

Artıq respublikamızın hər bir bölgəsində Heydər Əliyevin 90 illik yubileyinə hazırlıq işləri başlayıb. "Azərbaycan" qəzetinin İmişli Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "dəyirmi masa" da ulu öndərin 90 illik yubileyinə həsr olunub. Məqsəd Heydər Əliyev siyasi kursunun Azərbaycanın inkişafındakı əvəzedilməz roluna İmişli rayonundakı yüksəlişin timsalında bir daha nəzər salmaqdır.

İndi isə söz İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə verilir.

 

Vilyam HACIYEV:

- Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri var. Heydər Əliyev müdrik siyasəti, möhkəm əqidəsi və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail oldu. Çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qısa müddət ərzində regionda öz mövqeyini möhkəmləndirdi, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı, iqtisadi və mədəni potensialından istifadə etməklə dünyanın dinamik inkişaf etməkdə olan ölkələrindən birinə çevrildi.

Azərbaycanda müasir, demokratik hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, elmin, təhsilin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadiyyatın müxtəlif sahələrinin, xüsusilə neft və qaz sənayesinin, kənd təsərrüfatının inkişafı və dirçəldilməsi, eləcə də dünya iqtisadiyyatına inteqrasiya bilavasitə ulu öndərin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, dünyanın aparıcı ölkələrinin neft şirkətləri ilə müqavilələrin bağlanması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa boru kəmərləri vasitəsilə neft məhsullarının birbaşa dünya bazarlarına ixracı, eləcə də qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və ölkəyə xarici investisiyaların cəlb edilməsi Heydər Əliyev uzaqgörənliyinin məntiqi nəticəsidir.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, MDB məkanında ilk dəfə olaraq torpaqların şəxsi mülkiyyətə verilməsi, kənd təsərrüfatının inkişafı ümummilli liderin səyi nəticəsində mümkün olmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə bölgələrin sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlamış, saysız-hesabsız zavod və fabriklərin açılmasına, on minlərlə yeni iş yerinin yaradılmasına nail olmuşdur.

Ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə digər rayonlarla yanaşı, İmişli rayonunun da iqtisadiyyatı xeyli inkişaf etmiş və siması dəyişərək müasir görkəm almışdır. Heydər Əliyev beş dəfə İmişli rayonuna səfər etmişdir. Onun hər gəlişi sadə zəhmət adamlarının sevincinə səbəb olmuş, eyni zamanda rayonumuzun iqtisadiyyatında mühüm istiqamət olan pambıqçılığın, taxılçılığın və heyvandarlığın inkişafına xüsusi təkan vermişdir. Heydər Əliyev rayonda kənd təsərrüfatı ilə yanaşı, sənayenin də inkişaf etdirilməsini diqqət mərkəzində saxlamış, qısa müddət ərzində İmişli rayonu aqrar rayondan aqrar-sənaye rayonuna çevrilmişdir. Təsadüfi deyil ki, 1979-cu ildə rayonumuza növbəti səfəri zamanı ulu öndər zəhmətkeşlərlə və neftçilərlə görüşü zamanı demişdir: "Rayonda indi yeni peşə sahələri - neftçilər nəsli yetişir, zəruri hallarda kənd əməkçilərinin neftçilərə, neftçilərin də əkinçilərə və heyvandarlara kömək əli uzatması olduqca vacibdir".

Heydər Əliyevin diqqəti və qayğısı sayəsində həyata keçirilən irimiqyaslı meliorasiya və irriqasiya tədbirləri nəticəsində İmişlidə də minlərlə hektar şoran torpaq təmizlənərək əkinə yararlı vəziyyətə gətirilmiş, Bəhrəmtəpə hidroqovşağı, "Yuxarı Qarabağ" kanalının istismarı, drenaj və suvarma şəbəkələrinin yaradılması İmişli rayonunun və ətraf rayonların əkin sahələrinin suvarılmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

Məlum olduğu kimi, ulu öndər qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini mütəmadi olaraq nəzarətdə saxlamışdır. O, 1998-ci ildə İmişli rayonuna növbəti səfəri zamanı məcburi köçkünlərlə görüşərək problemləri ilə maraqlanmış və onların sosial müdafiəsi istiqamətində mühüm tədbirlər həyata keçirmişdir. Bununla əlaqədar olaraq rayon ərazisində 8093 məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin salınmasına qərar verilmiş, yüzlərlə ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Heydər Əliyevin müəllifi olduğu milli inkişaf konsepsiyası bu gün onun siyasi varisi və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən geniş miqyasda həyata keçirilir. Ötən 10 ilə yaxın müddətdə respublikamızın inkişafı ilə bağlı yüzlərlə sənaye və infrastruktur layihələrinin reallaşdırılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramının qəbulu bunun əyani təsdiqidir.

Dövlət proqramlarının nəticəsi olaraq İmişli rayonunda da sənaye və istehsal müəssisələrinin yaradılması istiqamətində xeyli iş görülmüş, yeni iş yerlərinin açılması əsas prioritetlərdən biri olmuşdur. Belə ki, İmişli şəkər, spirt emalı, qarışıq yem, bitki yağları, kəllə qənd, "Araz" konservləşdirilmiş şirələr və konyak zavodlarının, quşçuluq-broyler fabrikinin və Qafqazda analoqu olmayan damazlıq yumurta istehsalı ilə bağlı yeni sənaye müəssisələrinin yaradılması, 50 min tonluq taxıl anbarının inşası, eləcə də 40-dan artıq ümumtəhsil məktəbinin tikintisi və ya əsaslı təmiri, səhiyyə və mədəniyyət obyektlərinin yenidən qurulması rayonun sürətli inkişafının əsas göstəriciləridir. Bununla yanaşı həyata keçirilən abadlıq-quruculuq işləri, küçə və prospektlərin, park və xiyabanların yenidən qurulması, çoxmənzilli ictimai yaşayış binalarının fasad hissələrinin aqlayla üzlənməsi, müasir işıqlandırma sistemlərinin quraşdırılması, Heydər Əliyev Mərkəzinin, Şahmat məktəbinin istifadəyə verilməsi, eləcə də sadalamadığımız digər tədbirlər İmişli rayonunu respublikamızın öndə gedən rayonlarından birinə çevirmişdir. Təsadüfi deyil ki, 28 oktyabr 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonumuza səfəri zamanı İmişli şəhər su anbarları kompleksinin açılış mərasimində iştirak edərkən görülən işləri yüksək qiymətləndirərək demişdir: "İmişli rayonunun son bir neçə ay ərzində uğurlu inkişafı məni ürəkdən sevindirir. Doğrudan da son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür. İmişlini tanımaq mümkün deyil. Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm. Doğrudan da tarixi dəyişikliklər baş vermişdir. Görülən bütün işləri sadalamaq üçün, yəqin ki, çox vaxt lazım olacaq, siz İmişli sakinləri bunu yaxşı bilirsiniz və bütün bu quruculuq, abadlıq işlərində fəal iştirak edirsiniz. Bu, sizin ümumi zəhmətinizin bəhrəsidir. Bir sözlə, istək, siyasi iradə və öz xalqına qayğı olan yerdə hər şey etmək mümkündür".

Ölkə Prezidentinin rayonumuza etdiyi tarixi səfərdən sonra aparılan tikinti, quruculuq və abadlıq işləri daha da sürətləndirilmiş, hazırda əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlər sona çatmaq üzrədir. Bundan əlavə, su-kanalizasiya layihəsinin icrası, qəsəbə və kəndlərin qazlaşdırılması, kəndlərdə müasir elektron ATS-lərin quraşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq şəhərin mərkəzində Gənclər Mərkəzinin, 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta və Xoşçobanlı kənd tam orta məktəbində bərpa-gücləndirmə və 8 əlavə sinif otağının tikintisi sona çatmaq üzrədir. Hazırda İmişli şəhər 5 saylı tam orta məktəbinin əsaslı təmirinə başlanılmış, yaxın vaxtlarda isə Sarıxanlı kənd 1 saylı, Cəfərli kənd 1 saylı, Buludlu və Cavadxanlı kənd tam orta məktəblərinin mövcud binalarında bərpa-gücləndirmə işlərinin aparılmasına, eləcə də Sarıxanlı və Ağamalılar kəndlərinə gedən yolların yenidən qurulmasına başlanılacaq.

 

Bəxtiyar SADIQOV:

- Ölkənin hər yerində olduğu kimi, İmişlidə də iqtisadi sahədə keçmiş ənənələr bərpa olunur və yeni tipli iqtisadiyyat rayonun yüksəlişində əsas amilə çevrilir. Bu işdə sahibkarların böyük xidməti var. İmişlidə də iş adamlarının fəaliyyətinə dövlət tərəfindən yüksək qayğı göstərilir. Bu mövzuda çıxış etmək üçün söz Azərbaycan Şəkər İstehsalat Birliyinin direktoru  Fərhad Tugala verilir.

 

Fərhad TUGAL:

- Rayonun kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq sahələrini, sənaye isə əsasən kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı və neft hasilatı müəssisələrini əhatə edir. Rayon ərazisində İmişli şəkər, bitki yağları, spirt emalı, qarışıq yem zavodları, Muradxanlı İriləşdirilmiş Neft Mədən İdarəsi, xam pambığı emal edən zavod, ət və yağ-pendir kombinatları, qum-çınqıl karxanaları, dəmir-beton, konserv və çörək zavodları, quşçuluq-broyler fabriki və bu kimi digər sənaye obyektləri fəaliyyət göstərir. Ümumiyyətlə, rayonda mədənçıxarma sənayesi üzrə 29, emal sənayesi üzrə 28, elektrik enerjisi, qaz və su təchizatı üzrə 14 müəssisə var.

Rayonun torpaq fondu 189026 hektardır. Onun 115843 hektarı dövlət mülkiyyətində, 33500 hektarı bələdiyyə mülkiyyətində, 39683 hektarı isə xüsusi mülkiyyətdədir. Torpaq fondunun 114000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Bunun da 72411 hektarı biçənək və otlaqlar, 41589 hektarı isə əkinə yararlı torpaqlardır.

İmişlidə aparılan torpaq islahatı nəticəsində 39683 hektar torpaq sahəsi 14818 kənd təsərrüfatı məhsullarının istehsalçısına verilmişdir. Ötən illər ərzində pambıqçılıq sahəsi istisna olmaqla, digər kənd təsərrüfatı məhsullarının istehsalı əsasən artmışdır. Belə ki, 1990-cı ilə nisbətən 2012-ci ildə kənd təsərrüfatı bitkilərinin cəmi əkin sahəsi 1192 hektar artaraq 41315 hektara, taxıl bitkilərinin əkini isə həmin dövr ərzində 4586 hektar artaraq 16128 hektara çatmışdır. Həmçinin yem bitkiləri və digər kənd təsərrüfatı bitkilərinin də əkin sahələri artmışdır. Bunun nəticəsi olaraq taxıl istehsalı 17946 ton artaraq 46397 tona, qarğıdalı istehsalı 1114 ton artaraq 1634 tona, kartof istehsalı 4076 ton artaraq 4468 tona, tərəvəz istehsalı 5335 ton artaraq 5932 tona, bostan məhsulları istehsalı 3778 ton artaraq 5082 tona, yem bitkiləri isə 124352 ton artaraq 198656 tona çatmışdır.

Aparılan uğurlu islahatlar nəticəsində rayonun əsas sosial-iqtisadi göstəricilərində yüksək artım dinamikası müşahidə olunmuşdur. Belə ki, 2003-cü illə müqayisədə sənaye məhsullarının həcmi 16,6 dəfə artaraq 139,2 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 3,1 dəfə artaraq 93,4 milyon manata, tikintinin həcmi 310 dəfə artaraq 93 milyon manata, ticarətin həcmi 5,3 dəfə artaraq 37,9 milyon manata, nəqliyyatın həcmi 4 dəfə artaraq 6,4 milyon manata, rabitənin həcmi isə 2,6 dəfə artaraq 0,6 milyon manata, bütövlükdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 7,8 dəfə artaraq 370,5 milyon manata çatmışdır. Həmçinin rayon iqtisadiyyatına qoyulmuş sərmayənin həcmi 100 dəfə artaraq 100 milyon manata, orta aylıq əməkhaqqı isə 7 dəfə artaraq 275,2 manata çatmışdır. İmişli rayonu artıq aqrar kənd təsərrüfatı rayonundan sənaye rayonuna, İmişli şəhəri isə aparılan abadlıq-quruculuq işləri nəticəsində abad, müasir şəhərə çevrilmişdir.

İmişli rayonunda pambıqçılığın, habelə kənd təsərrüfatı bitkilərinin əkininin artırılması, rayonda yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün "MKT" MMC-yə 3813 ha torpaq sahəsi verilmişdir.

2012-ci ildə rayonda sahibkarlığın inkişafı üçün hər cür şərait yaradılmış, iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 75,7 faiz təşkil etmişdir.

Ötən il ərzində rayonda fəaliyyət göstərən bank filialları tərəfindən sahibkarlara 38,8 milyon manat məbləğində müxtəlif növ kreditlər verilmişdir ki, onun da 11,9 milyon manatı uzunmüddətli kreditlər olmuş, həmçinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 151 sahibkarlıq subyektinə 14,3 milyon manat məbləğində kreditlər verilmişdir. 2004-2012-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 772 sahibkara 42,3 milyon manat vəsait verilmişdir ki, həmin vəsait hesabına yüzlərlə yeni iş yeri açılmışdır. Son illər ərzində rayonda inşa edilmiş iri sənaye obyektlərindən olan "Araz damazlıq quşçuluq" MMC, 50 min tonluq taxıl anbarı, "İmişli Quşçuluq" MMC, "Kristal fermer" MMC kimi müəssisələr məhz sahibkarlığın inkişafına dövlət qayğısı nəticəsində Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına inşa olunmuşdur.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanda dövlət siyasətinin mərkəzində insan dayanır. Bu gün ölkəmizdə sosial sahəyə diqqət, qaçqın və məcburi köçkünlərə sosial dəstək uğurlu bəhrələrini verir. Aztəminatlı vətəndaşlara dövlət qayğısının gücləndirilməsi, məşğulluq probleminin aradan qaldırılması, xüsusi kateqoriyadan olan insanların evlə təmini, gənclərin və ahılların spesifik problemlərinin həlli və s. təsdiq edir. Bu sahədə İmişli rayonunda görülən işlərlə bağlı danışmaq üçün söz Dövlətqaçqınkomun İmişli rayonu üzrə baş məsləhətçisi  Astan Abduləzimova verilir.

 

Astan ABDULƏZİMOV:

- Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra respublikamızda qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə dövlət səviyyəsində əhəmiyyət verilməyə, bu istiqamətdə ciddi və əməli tədbirlər həyata keçirilməyə başlanılmışdır. Bu barədə ulu öndər Heydər Əliyev demişdir: "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".

O dövrdə Heydər Əliyev tərəfindən imzalanmış "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş yüz minlərlə insanın hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhəmiyyət kəsb etmişdir.

Məlum olduğu kimi, torpaqlarımızın bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində ağır vəziyyətə düşmüş bir milyondan artıq əhalinin problemləri əvvəllər taleyin ixtiyarına buraxılmış, onların həlli ilə bağlı sistemli şəkildə heç bir iş görülməmişdir. Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan dövlət qurumlarının işinə tələbkarlıq artmış, 1995-ci ilin yanvarında ulu öndərin xüsusi sərəncamı ilə respublikamıza göstərilən beynəlxalq humanitar yardımların əlaqələndirilməsi məqsədilə beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası yaradılmışdır. "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, Nazirlər Kabineti qaçqınlar və məcburi köçkünlərlə, habelə Dövlətqaçqınkomun fəaliyyəti ilə əlaqədar o dövrdə 20-dən çox qərar və sərəncam qəbul etmiş, həmin qərar və sərəncamların icra mexanızmi ilə bağlı konkret tədbirlər planı hazırlayıb həyata keçirmişdir.

"Qaçqınların və məcburi köçkünlərin yaşadıqları şəhər və rayonlarda payız-qış mövsümünə hazırlıq və onlar üçün mənzil tikintisinin sürətləndirilməsi tədbirləri haqqında", "Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında", "Büdcədən maliyyələşdirilən müəssisələrdə və təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" və sair qərarlar köçkünlər üçün minimum həyat şəraiti yaratmaq istiqamətində müəyyən rol oynamışdır. Özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş səhiyyə, təhsil və mədəniyyət işçilərinin qayğıları ilə əlaqədar mühüm qərarlar qəbul edilmiş və büdcədən maliyyələşdirilən orqanların rəhbərlərinə tövsiyə edilmişdir ki, bu qəbildən olan, işləməyən köçkünlərin işə cəlb edilməsinə nail olsunlar.

Sosial sahəyə diqqət, qaçqın və məcburi köçkünlərə sosial dəstək, onlara yardımların verilməsi, məşğulluq və digər problemlərinin həlli istiqamətində ümummilli lider Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bütün bu məsələləri daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə müntəzəm qayğı və diqqət göstərməsi özlüyündə bir daha sübut edir ki, bu sahədə atılan hər bir addım, imzalanan fərman və sərəncam onların müxtəlif problemlərinin, xüsusən sosial-məişət problemlərinin həlli istiqamətində hərtərəfli tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır.

Məhz bunun nəticəsidir ki, 2012-ci ildə məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, yemək xərci müavinətlərinin, ailələrin yanacağa olan tələbatının, kommunal xidmətlərə görə xidmət təşkilatlarına müvafiq qaydalara uyğun vəsaitin ödənilməsi və digər mühüm məsələlərin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Cənab Prezidentin sərəncamına uyğun olaraq müxtəlif ərazilərdə yeni salınan və salınmaqda olan qəsəbələr, hündürmərtəbəli yaşayış binaları kompleksləri, dövlət proqramında və ona edilən əlavələrdə nəzərdə tutulan və artıq uğurla həyata keçirilən digər tədbirlər də məhz deyilənlərin təsdiqidir.

2012-ci ildə bu sahəyə ayrılmış vəsait hesabına bütün sosial-texniki infrastrukturları ilə birlikdə Müşfiqabadda 1440 məcburi köçkün ailəsi üçün 20 ədəd, Masazırda 760 məcburi köçkün ailəsi üçün 13 ədəd beşmərtəbəli, Mingəçevirdə 502 məcburi köçkün ailəsi üçün 10 ədəd doqquzmərtəbəli, Qəbələ rayonunun Zarağan bələdiyyəsi ərazisində bu rayonun beynəlxalq turizm mərkəzinə çevrilməsi ilə bağlı aparılan quruculuq işləri ilə əlaqədar köçürülmə zərurəti yaranmış obyektlərdə məskunlaşmış 155 məcburi köçkün ailəsi üçün 2 ədəd beşmərtəbəli yaşayış binalarından ibarət məhəllənin, Bərdə rayonu ərazisində 195 məcburi köçkün ailəsi üçün, Şəkidə 423 məcburi köçkün ailəsi üçün, İmişli rayonu ərazisindəki istismar müddəti başa çatmış fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitlərini yaxşılaşdırmaq məqsədilə nəzərdə tutulmuş 550 evdən, ilkin mərhələdə 325 evdən ibarət salınan yeni qəsəbələrin inşası sürətlə və keyfiyyətlə davam etdirilmiş, bunların bir çoxu istifadəyə verilmişdir.

İmişli rayonunda 4524 nəfər qaçqın və məcburi köçkün qeydiyyatdadır. Məlum olduğu kimi, dövlət başçısının tapşırığına əsasən çadır şəhərciklərində məskunlaşmış məcburi köçkünlər müasir tipli, bütün infrastruktura malik qəsəbələrə köçürülmüşlər. Hazırda isə fin tipli qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbələr, şəhərciklər salınır. Belə qəsəbələrdən biri də İmişli rayonunda inşa olunur. 100 hektar sahəni əhatə edəcək qəsəbədə ümumilikdə 550 evin tikintisi nəzərdə tutulmuşdur. İlkin mərhələdə 325 ev tikilmişdir. Bu evlərdən 30-u birotaqlı, 163-ü ikiotaqlı, 115-i üçotaqlı, 17-si isə dördotaqlıdır.

Bundan başqa, qəsəbədə 360 şagird yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, feldşer-mama məntəqəsi də olacaqdır. Qəsəbənin yollarına asfalt döşənəcək, ətrafda abadlıq, yaşıllaşdırma işləri görüləcəkdir. Hazırda ikimərtəbəli 360 şagird yerlik yeni məktəb binası istifadəyə verilmiş, qəsəbəyə qaz, elektrik və su xətləri çəkilmişdir. Rayon ərazisində məskunlaşmış bütün qaçqın və məcburi köçkün ailələrinin hər bir üzvünə hər ay 16,5 manat məbləğində yemək xərci, bayramlarda və əlamətdar günlərdə ət və digər ərzaq yardımları, qış aylarında hər ailəyə 40 litr hesabı ilə dizel yanacağı verilir. Onların bütün kommunal xərcləri normaya uyğun olaraq dövlət tərəfindən ödənilir. Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 1308 saylı sərəncamına uyğun olaraq rayonda məskunlaşmış məcburi köçkün ailələrindən 57 nəfər gənc bu hüquqdan istifadə edərək təhsil haqqını ödəmir.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq beynəlxalq humanitar təşkilatlar tərəfindən şəhərin Əzizbəyov küçəsində inşa edilmiş binada 80 məcburi köçkün ailəsi evlə təmin olunmuşdur.

Məcburi köçkünlərin yığcam yaşadıqları və müvəqqəti məskunlaşdıqları ərazilərdə, eləcə də yeni salınmış qəsəbədə iş yerləri yaradılmış, hazırda onlar dərzi, bərbər, ayaqqabı təmiri, gözəllik salonu, ticarət obyektləri, qəssab və s. peşə növləri ilə məşğul olurlar. Həmçinin yeni inşa olunmuş qəsəbədə sahibkarlığın inkişafı üçün hər bir ailəyə 0,06 ha həcmində, ümumi istifadə üçün isə 45 ha torpaq sahələri ayrılmışdır. Rayonda qeydiyyatda olan məcburi köçkün ailələrinin, xüsusən gənclərin və ahılların problemləri daim diqqət mərkəzində saxlanılmış, həmin problemlərin qısa müddətdə həlli əsasən təmin edilmişdir.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanın inkişafını xarakterizə edən əsas məqamlardan biri də ölkənin hər bir şəhərində, hər bir qəsəbə və kənddə abadlıq və quruculuq işlərinin aparılmasıdır. Abadlıq və quruculuq işlərinə İmişlidə də xüsusi diqqət yetirilir və bunun nəticəsidir ki, rayon mərkəzi və kəndlər yeni görkəm alır, parklar salınır, müasir mədəniyyət və digər sosial obyektlər yaradılır, zəruri infrastruktur formalaşdırılır. İmişli Rayon Ağsaqqallar Şurasının sədri  Mirələkbər Həsənovun çıxışı bu mövzudadır.

 

Mirələkbər HƏSƏNOV:

- Son dövrlərdə aparılan abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir. Ötən müddət ərzində şəhərin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri davam etdirilmiş, prospektin hər iki tərəfində 3 metr hündürlüyündə divarlar hörülmüşdür. Həmin divarlar aqlay daşlarla üzlənmiş, işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin şərq istiqamətində şəkər zavodu və qərb istiqamətində Rəsullu kəndi yaxınlığında giriş qapısı inşa olunmuş, prospektdə, M.Əzizbəyov və 20 Yanvar küçələrində müasir tipli elektrik dirəkləri, həmçinin müasir tipli işıqforlar quraşdırılmışdır.

Heydər Əliyev prospektindəki səkilərə plitələr döşənmiş, fərdi evlərin darvazaları eyni formalı darvazalarla əvəz olunmuşdur. Hazırda Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov və H.Aslanov küçələrindəki bütün ictimai yaşayış və inzibati binaların, ticarət obyektlərinin dam örtüyünün dəyişdirilməsi, fasad hissələrinə aqlay üzlük daşlarının qoyulması, qapı və pəncərələrin yeniləri ilə əvəz olunması işi aparılır. Həmçinin Heydər Əliyev prospektindəki magistral qaz xətti polietilen borularla əvəz olunur, qaz, telefon və elektrik xətlərinin yeraltı çəkilişi aparılır.

Vağzal meydanında inşa olunan sahəsi 8300 kv.m, hündürlüyü 100 metr olan Bayraq meydanının tikintisi başa çatmış, dəmiryol vağzalının inzibati binası yenidən qurulmuş və vağzal meydanında hörülmüş daş hasarlar aqlay üzlük daşlarla üzlənmiş, işıqlandırma sistemi quraşdırılmışdır.

Rayonda 6 ha ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri davam etdirilmiş, parkın ərazisindəki ictimai və inzibati binaların aqlay üzlük daşlarla üzlənməsi, binaların dam örtüklərinin dəyişdirilməsi işi başa çatdırılmış, parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılmış, yaşıllıqlar salınmış, regionda analoqu olmayan musiqili fontan istifadəyə verilmişdir. Parkın ərazisində Heydər Əliyev Mərkəzi üçün müasir üslubda inşa olunan yeni binanın tikintisi başa çatmış, sahəsi 2000 kv.m olan ikimərtəbəli mərkəzdə konfrans zalı, elektron kitabxana, dərnəklər, internet klubları, xarici dil kursları fəaliyyətə başlamışdır. Həmçinin 1800 kv.m ərazidə tikintisi davam etdirilən üçmərtəbəli Gənclər Mərkəzində konfrans zalı, kinoklub, kitabxana, kafe, çayxana və digər xidmət növlərinin fəaliyyət göstərməsi nəzərdə tutulmuşdur.

Hazırda şəhər ərazisindəki M.Ə.Sabir və Nizami adına parklarda da yenidənqurma və abadlıq işləri aparılır, parklardakı istismara yararsız çayxana binaları sökülərək müasir tələblərə cavab verən yeni obyektlər tikilir.

Nizami adına parkda yerləşən İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və şəhər bələdiyyəsinin inzibati binasının və digər tikililərin də  üzlük daşlarla üzlənməsi işi aparılır. 2012-ci il ərzində İmişli rayonu ərazisindəki magistral avtomobil yollarının ətrafına 36,3 min ədəd müxtəlif növ ağac əkilmişdir.

Rayonun qəsəbə və kəndlərində də abadlıq və quruculuq işləri davam etdirilmiş, qəzalı və istismar üçün yararsız vəziyyətdə olan təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlər müasir tələblərə uyğun yenidən qurulmuşdur. Belə ki, 180 yerlik Ağaməmmədəli, 220 yerlik Çaxırlı və Qaragüvəndikli və 360 yerlik Bəcirəvan kənd tam orta məktəbləri üçün yeni tədris binaları tikilərək cari ildə istifadəyə verilmişdir. Bundan əlavə, hazırda 180 yerlik Hacıbabalı kənd ümumi orta məktəbinin tikintisi davam etdirilir. 960 şagird yerlik İmişli şəhər 5 saylı məktəb-liseyin əsaslı təmirinə başlanılmışdır. Həmçinin 360 yerlik Sarıxanlı kənd 1 saylı və Buludlu, 624 yerlik Cəfərli kənd 1 saylı və 192 yerlik Cavadxanlı kənd orta məktəblərinin layihə-smeta sənədləri hazırlanmış və yaxın günlərdə həmin məktəblərin tədris binalarında bərpa-gücləndirmə işlərinə başlanacaqdır.

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması mütəmadi olaraq nəzarətdə saxlanılmış, Aranlı kənd sahə xəstəxanasının mövcud binası və Qızılkənd kənd sahə xəstəxanasının uşaq şöbəsi, eləcə də Cəfərli kənd tibb məntəqəsi əsaslı təmir edilmiş, Bəcirəvan kənd tibb məntəqəsi isə yenidən tikilmişdir.

Bununla yanaşı, rayonun kənd yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonun Məzrəli, Cəfərli, Göbəktala, Qızılkənd, ümumilikdə isə 13 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, magistral su xətti üzərində olan Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərini içməli su ilə təmin etmək üçün 100 mm-lik borular vasitəsilə çıxışlar qoyulmuş və yaxın günlərdə həmin kəndlərdə müvafiq işlərə başlanılacaqdır. Eyni zamanda Şahverdili, Aranlı, Qızılkənd, Oruclu və digər kəndlərdə sudan istifadə birlikləri üçün inzibati binaların tikintisi davam etdirilir.

Rayonun qəsəbə və kəndlərində sakinlərə göstərilən rabitə xidmətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə müvafiq tədbirlər həyata keçirilmiş, kəndlərdə yeni EATS-lərin quraşdırılması və internet istifadəçilərinin sayının artırılması diqqət mərkəzində saxlanılmışdır. Rayonun Xoşçobanlı və Qaravəlli kəndlərində 9 km uzunluğunda fiberoptik kabel çəkilmiş, bununla da mövcud olan EATS-lərin fiberoptik kabelləşməsi işi başa çatdırılmışdır. Qaralar kəndində xətt şəbəkəsinin tikintisi ilə əlaqədar əlavə telefon xətləri çəkilmiş, Xoşçobanlı və Hacalmuradlı kəndlərində xətt şəbəkəsinin genişləndirilməsi işi başa çatmışdır. Rayonun Muradxanlı, Qaradonlu, Göbəktala, Cəfərli, Sarıxanlı, Bəhrəmtəpə, Qaragüvəndikli, Məzrəli, Bəcirəvan, Əliqulular və Otuziki kənd EATS-lərində 48 portluq internet avadanlığı quraşdırılmışdır. Həmçinin rayonun Qızılkənd, Məzrəli və Məmmədli kəndlərində poçt şöbələri üçün yeni binaların tikintisi başa çatmış, müasir üslubda tikilmiş poçt şöbələri kənd əhalisinin istifadəsinə verilmişdir.

Rayonda kənddaxili yolların yenidən qurulması və təmiri diqqət mərkəzində saxlanılmış, 14 km-lik İmişli-Qaravəlli-Mirili avtomobil yolu, 29 km-lik İmişli-Kürdəmir yoluna asfalt örtük salınmışdır. Yaxın günlərdə müvafiq işlərə başlanılacaqdır. Həmçinin Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular-Muradxanlı-Göbəktala kəndlərində də avtomobil yollarının yenidən qurulmasına başlanılacaqdır.

Rayon qaz istismarı sahəsi tərəfindən İmişli şəhərinin və digər yaşayış məntəqələrinin qazlaşdırılması davam etdirilmiş, hazıradək 6735 abonentə təbii qaz xətti çəkilmişdir. Rayonun Yalavac, Rəsullu, Məhəmmədli, Cəfərli, Muradxanlı, Əliqulular, Ağaməmmədli və Oruclu kəndlərinin qazlaşdırılması məqsədilə Cəfərli, Ağaməmmədli, Muradxanlı və Yalavac kəndlərində müxtəlif diametrlərdə 32590 p/m polietilen boru xətləri çəkilmiş, həmin kəndlərdə qaz çəkilişi işləri başa çatdırılmışdır. Hazırda Yalavac kəndində qaz sayğaclarının quraşdırılmasına başlanılmış, 112 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Həmçinin Rəsullu kəndinə 18923 p/m polietilen, Bəhrəmtəpə qəsəbəsində məcburi köçkünlər üçün tikilən qəsəbəyə 9150 p/m polietilen, 9350 p/m isə polad borularla qaz xətti çəkilmişdir. 2013-cü ilin sonunadək dövlət proqramına uyğun olaraq rayonun digər kəndlərinə də qaz xəttinin çəkilişi sona çatdırılacaqdır.

 

Bəxtiyar SADIQOV:

- Mərhəmət və xeyirxahlıq ünvanı olan Heydər Əliyev Fondu həm də ölkəmizin bütün bölgələrində məktəb, xəstəxana və digər sosial təyinatlı obyektlərin tikintisinə, təmir olunmasına, tarixi-mədəni abidələrin, komplekslərin yenidən qurulmasına böyük töhfələr verir. Fondun xətti ilə İmişli rayonunda da böyük işlər görülür.  Bu barədə danışmaq üçün söz Namiq Abışov adına Qaralar kənd tam orta məktəbinin direktoru Xeyri Nəsirovaya verilir.

 

Xeyri NƏSİROVA:

 - Hər birimiz qürur hissi keçiririk ki, inkişaf etmiş müstəqil respublikamız, qüdrətli dövlətimiz var. Azərbaycan vətəndaşlarının bugünkü yüksək yaşayış səviyyəsi ölkəmizin inkişaf göstəricisidir. Bunu İmişli rayonunun timsalında da görmək, müşahidə etmək və təsdiqləmək olar. Son aylarda gözümüz önündə abadlaşan, gözəlləşən rayonumuz bütün parametrlər üzrə, infrastrukturuna görə müasir, abad şəhərlərlə müqayisə oluna bilər.

Respublikamızda müxtəlif sahələrə diqqət və qayğı, inkişaf və tərəqqidə Heydər Əliyev Fondunun xidmətləri və dəstəyi əvəzsizdir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu ümummilli liderin zəngin irsini öyrənib təbliğ etməklə yanaşı, xeyriyyəçiliyi, uşaqlara və digər ehtiyacı olan insanlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi ilə sözün əsl mənasında ümid, xeyirxahlıq və ümumxalq fondu kimi cəmiyyət arasında dərin nüfuz və hörmət qazanmışdır. Fond fəaliyyətə başladığı ilk gündən daşıdığı yüksək ada layiq olmuş, xalqımıza xidmət etməyə, Azərbaycanı dünyada layiqincə təmsil etməyə nail olmuşdur.

Heydər Əliyev Fondunun ümumxalq məhəbbəti qazanması ilk növbədə ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideyalarını həyata keçirməyə çalışması, dahi liderin xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzə çevrilməsi və xalqın mənəvi sərvətinin, milli mədəniyyətinin sadiq keşikçisi olmasıdır.

Milyonların ümid yerinə çevrilmiş Heydər Əliyev Fondu müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın inkişafına, mədəniyyətin tərəqqisinə və tarixin öyrənilməsinə kömək göstərir. Azərbaycan dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində məqsədyönlü, ardıcıl iş aparır. Fond elm və təhsil, səhiyyə, mədəniyyət, sosial sahə, idman, İKT, ekologiya, nəşrlər və Azərbaycanın təbliği kimi sahələri əhatə edən çox dəyərli layihələri uğurla həyata keçirir.

"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində fondun dəstəyi ilə ölkəmizdə təhsil müəssisələrinin, uşaq evlərinin, bağçaların təmiri və bərpası müntəzəm olaraq davam etmişdir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim fondun diqqət mərkəzindədir.

Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin ən müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var.

O cümlədən İmişli rayonunda da Heydər Əliyev Fondu tərəfindən Mürsəlli kənd tam orta məktəbi üçün 100 yerlik, A.Allahverdiyev adına Qaralar kənd tam orta məktəbi üçün 200 yerlik, N.Abışov adına Qaralar kənd tam orta məktəbi üçün 600 yerlik, şəhər 8 saylı tam orta məktəbi üçün 360 yerlik müasir tipli yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.

"Uşaq evləri və internat məktəblərinin inkişafı" proqramı çərçivəsində respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.

Heydər Əliyev Fondu hər il "Təhsilə dəstək" layihəsi çərçivəsində Ermənistanın təcavüzü nəticəsində doğma yurd yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir.

 "Təhsilə dəstək" layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən əyani vəsait kimi 140 adda plakat hazırlanaraq respublikanın ümumtəhsil məktəblərinə paylanmışdır. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə ilk dəfə olaraq Azərbaycan dilində müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir. O cümlədən İmişli rayonunun bütün ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış əyani tədris vəsaitləri ilə təmin edilmişdir. Bu əyani vəsaitlər keyfiyyətli tərtibatına, məzmununa və müasirliyinə görə çox dəyərli olub uşaqlarda bilik və bacarıqların formalaşmasına kömək edir.

Eyni zamanda Fond genişmiqyaslı səhiyyə layihələri həyata keçirmişdir. Bu layihələrin hər biri neçə-neçə insan həyatının qorunması və sağlamlığını təmin etmişdir.

Heydər Əliyev Fondu Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasına yardımçı olmaqla, genişmiqyaslı beynəlxalq layihə və proqramlar həyata keçirir. Bunlara misal olaraq Parisdə Versal sarayının parkında yerləşən abidələrin bərpası, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək, Strasburqda Müqəddəs Məryəm Kafedral kilsəsinin yenidən qurulmasına olan yardım, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbinin yenidən inşası, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə məktəblər tikməsi və təmir etməsini, Haiti zəlzələsindən, Rumıniya daşqınlarından əziyyət çəkmiş insanlara yardım edilməsi, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına göstərilən dəstəyi, Qəbələ Beynəlxalq musiqi festivalının keçirilməsini, "Eurovision" musiqi yarışmasında Azərbaycanın iştirakına göstərdiyi dəstək və s. qeyd etmək olar. Əlbəttə, bu siyahını çox uzatmaq olar.

Fondun prezidenti Mehriban xanım Əliyeva nəcib əməllərinə görə çox aylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə layiq görülmüşdür.

Fond fəaliyyəti dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin beynəlxalq aləmdə dəstəklənməsi istiqamətində son dərəcə uğurlu nəticələrə nail olmuş, böyük ictimai rəğbət qazanmışdır.

Heydər Əliyev Fondu öz fəaliyyətində həm də ümumbəşəri dəyərləri uca tutmaqla beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmişdir. Təsadüfi deyil ki, fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu qurumların dünyada savadsızlığın aradan qaldırılmasına, gender bərabərliyinə, milli-mədəni müxtəlifliyin, uşaq hüquqlarının qorunmasına, sivilzasiyalararası dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirləri Bakı şəhərində keçirilmişdir.

Heydər Əliyev Fondu xalqımızın zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətimizi bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirir. Məhz fondun dəstəyi ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmişdir.

Ölkəmizin bugünkü uğurları, bugünkü nailiyyətləri, müstəqilliyimizin güclənməsi Heydər Əliyev yolunun, Heydər Əliyevin azərbaycançılıq ideyasının ləyaqətlə davam etdirilməsidir. Heydər Əliyev Fondunun həyata keçirdiyi xüsusi əhəmiyyətli layihələr, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslər respublikamızın hər yerində olduğu kimi, İmişli rayonu əhalisi arasında da fonda xeyirxahlıq və mərhəmət ünvanı kimi böyük hörmət və inam qazandırmışdır.

 

Bəxtiyar SADIQOV:

- Böyük şəxsiyyətlər yaşayıb-yaratdıqları, fəaliyyət göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar.  Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan xalqı da hər zaman tarixi şəxsiyyətləri ilə fəxr etmişdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir.

Azərbaycanın hərtərəfli inkişafı üçün Heydər Əliyevin hazırladığı strateji istiqamətlər əsrlər boyu müstəqil dövlətimizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcək. Ona görə də ulu öndər Heydər Əliyev ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində əbədi yaşayacaq.

Bu baxımdan Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, ideyalarının, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının istəyidir. Hər bir Azərbaycan vətəndaşı Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini dərk edir. Odur ki, "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" sərəncamın icrası ümummilli liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və hərtərəfli inkişaf etdirilməsi baxımından ölkənin ictimai-siyasi və mədəni həyatında böyük rol oynayacaqdır.

2003 və 2008-ci illərdə ölkəmizdə keçirilən prezident seçkilərinin nəticələri, Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin inamlı qələbələri, seçkidən sonra həyata keçirilən siyasətin xalq tərəfindən qətiyyətlə dəstəklənməsi göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət daimi və əbədidir. Bu il keçiriləcək prezident seçkilərində də Azərbaycan vətəndaşları cənab İlham Əliyevin ətrafında sıx birləşməklə Heydər Əliyev ideyalarının dövlətimz və xalqımız üçün alternativsizliyini nümayiş etdirəcək.

 

 

Azərbaycan.-2013.- 16 aprel.-S.6-7.