Naxçıvanda akademik
Zərifə xanım Əliyevanın 90 illik
yubileyi qeyd
olunmuşdur
Aprelin
15-də Naxçıvan şəhərindəki Heydər Əliyev
Muzeyində görkəmli oftalmoloq alim, akademik Zərifə
xanım Əliyevanın 90 illik yubileyi qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif Talıbov yubiley tədbirində çıxış
etmişdir. Qeyd olunmuşdur ki, yaradıcı əməyi və
böyük xidmətləri ilə Azərbaycan elminin və səhiyyəsinin
tarixində silinməz izlər qoyan görkəmli alim, akademik
Zərifə xanım Əliyevanın alim, həkim, pedaqoq və
insan kimi yaşadığı mənalı ömrü,
keçdiyi şərəfli həyat yolu nəsillərə
mənəviyyat məktəbidir.
Ali Məclisin
Sədri Vasif Talıbov bildirmişdir ki, bu böyük şəxsiyyətin
keçdiyi həyat yoluna nəzər salarkən aydın
görmək mümkündür ki, elmi tədqiqatların
bacarıqlı təşkilatçılığı, dərin
elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində
üzvi surətdə qovuşmuşdur. Bu gün istisnasız
olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva
həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun,
bunlarla yanaşı isə həm də insanlığın
ali zirvəsinə yüksəlmişdir. Bütün bunlar nəyin
hesabına qazanılmışdır? Şübhəsiz ki,
şəxsiyyətin bütövlüyü əsas məsələdir.
Zərifə xanımın həyat yolu işıqlı bir
ailədən - böyük ziyalı və dövlət xadimi
Əziz Əliyevin ailəsindən və ustad Cəlil Məmmədquluzadənin
"Sahib - mənsəb ziyalıların məskəni"
adlandırdığı Şahtaxtı kəndindən
başlanmışdır. İstər dünyaya göz
açdığı ailənin, istərsə də
doğulduğu kəndin maarifçi mühitinin ənənələrindən
faydalanan Zərifə xanım öz həyat yolunu insanlara
işıq bəxş etmək kimi ali keyfiyyətlər
üzərində qurmuşdur.
Peşə
oftalmologiyası Zərifə xanımın yol
açdığı yeganə elmi istiqamət deyildi. O, həm
də o zaman ölkədə qəbul edilməyən alternativ
təbabət sahəsi olan iridodiaqnostikanı bir elm kimi
araşdıran ilk tədqiqatçı və
"İridodiaqnostikanın əsasları" adlı
fundamental elmi əsərin müəlliflərindən biri idi.
Qeyd
olunmuşdur ki, akademik Zərifə xanım Əliyeva gənc
həkimlərin peşə fəaliyyəti ilə
bağlı problemlərinin öyrənilməsinə və həllinə
xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri
və çıxışları, məhz bu məsələyə
həsr olunmuş "Yüksək etimad" kitabı cəmiyyətdə
həkimin şəxsiyyət kimi formalaşması prosesinə
dəyərli töhfədir. Zərifə xanımın - bu
böyük alimin, həkimin, pedaqoqun, ictimai xadimin
bütün həyatı və fəaliyyəti mənsub
olduğu xalqa təmənnasız xidmət nümunəsidir.
Onun Azərbaycan səhiyyəsi qarşısındakı xidmətlərini
yüksək qiymətləndirən ümummilli liderimiz Heydər
Əliyev demişdir: "Zərifə xanımın tibb elmi
sahəsində xidmətlərindən biri də göz
müalicəsi tədqiqatı idi. Mənə belə gəlir
ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda
ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır.
İkincisi, Zərifə xanım çalışıb ki,
bizim gələcək nəsilləri irsi xəstəliklərdən
xilas etsin, sağlamlaşdırsın".
"Zərifə
xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi
yaratmışdır ki, bu məktəb bu gün də öz
mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən
biri olaraq qalır. Zərifə xanımın çoxistiqamətli
elmi yaradıcılığı 12 monoqrafiya, dərslik və
dərs vəsaitlərində, 160-dan çox elmi işdə,
bir ixtira və 18 səmərələşdirici təklifdə
öz əksini tapmışdır. Böyük alimin
bütün mənalı ömrü boyu yaratdığı,
lakin heç yerdə çap olunmayan bir kitabı da var: bu,
heç bir dərsliyə, yaxud monoqrafiyaya sığmayan Zərifə
xanım Əliyevanın həyat kitabıdır. Bu kitaba nəzər
saldıqda gözlərimiz önündə əsl
İnsanın obrazı canlanır. Yüksək səviyyəli
peşəkar həkim kimi insanların gözünə nur
verib, zülmətdən işığa, həyata qaytaran
akademik Zərifə xanım Əliyeva həmişə himayəyə
ehtiyacı olan tənha insanlara, kimsəsiz uşaqlara
xüsusi qayğı ilə yanaşmışdır. Onun
xatirəsini milyonlarla insanın yaddaşında böyük
ehtiramla yaşadan cəhətlərdən biri də bu
böyük şəxsiyyətə məxsus insani məhəbbət
və şəfqətdir. Onun zəngin elmi irsi, tədqiqatları,
qazandığı nailiyyətlər, fundamental əsərləri
Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir.
Xalqımızın yetişdirib dünya tibb elminə bəxş
etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti
bu gün də ölkəmizin
müstəqillik şəraitində yaşadığı
dövrdə də hər bir alimin və Hippokrat andını
içmiş hər bir həkimin cəmiyyətdə
oynamalı olduğu rola parlaq nümunədir".
Ali Məclisin
Sədri görkəmli alim, həkim, nurlu şəxsiyyət
Zərifə xanım Əliyevanın işıqlı
obrazının nəsillərin yaddaşında yüksək
vətənpərvərlik və humanizm rəmzi kimi
qalacağını bildirmişdir.
Sonra
tədbirdə akademik Zərifə xanım Əliyevaya həsr
olunan şeirlər oxunmuş, Naxçıvan Dövlət
Televiziyasının hazırladığı "Zirvələrə
yüksələn zərif insan ömrü" televiziya filmi
göstərilmişdir.
Tədbir
iştirakçıları görkəmli oftalmoloq alim Zərifə
xanım Əliyevaya həsr olunmuş sərgiyə
baxmışlar. Sərgidə görkəmli akademikin əsərləri,
müxtəlif dövrlərdə onun haqqında
yazılmış kitab, monoqrafiya və qəzet məqalələri,
fotoşəkillər və rəsm əsərləri
nümayiş olunmuşdur.
Yubiley
tədbirinin sonunda Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli
şair-dramaturq İslam Səfərlinin "Göz həkimi"
pyesi əsasında hazırlanmış tamaşa göstərilmişdir.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2013.- 16 aprel.- S.8.