Tarix təkrar səhvləri bağışlamır

 

Deyilən hər söz, irəli sürülən hər fikir dostluğa, qardaşlığa xidmət etməlidir

 

Bakıda Azərbaycan-Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə "Şah Xətai-Sultan Səlim" beynəlxalq simpoziumu işini başa çatdırdı. Milli Məclisin deputatlarının, Azərbaycan və Türkiyə alimlərinin qatıldığı konfransda çıxış edənlərin hamısı bu qənaətdə idi ki,  böyük türk hökmdarları olan Şah İsmayıl və Sultan Səlimin münasibətləri zamanın tələbi ilə yenidən araşdırılmalı və düzgün tədqiq olunmalıdır.

AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov türk dünyası tarixinin araşdırılması istiqamətində simpoziumun əhəmiyyətini vurğuladı, Səfəvi-Osmanlı toqquşmalarının baş verməsində hər iki tərəfin məğlub olduğunu, bu müharibələrdən yalnız Qərb dövlətlərinin yararlandığını bildirərək hazırda türk dünyasının birləşməsinin vacibliyini qeyd etdi: "Yazılan əsərlər, tarixin düzgün təhlil olunmaması türk dünyasında böyük yanlışlıqlar əmələ gətirir. Türk dünyasını birləşdirmək üçün öncə tarixdə birləşməli, tarixdəki qarşıdurmaları, neqativlikləri bir kənara qoyaraq bütün şəxsiyyətlərə türk dünyasının övladları kimi baxmalıyıq. Ortaq türk tarixi yaratsaq, keçmiş qarşıdurmaların hamısını aradan qaldırmış olarıq. Biz ilk olaraq təfəkkürdə birləşməliyik. Türkiyə və Azərbaycanda bu hökmdarlar səhv təqdim olunduqca biz irəli gedə və birliyə nail ola bilmərik. Çaldıran döyüşündə udan tərəf yoxdur. Türkləri zəiflətdilər və Avropa qazandı".

Türkiyəli professor Tufan Gündüz "Şah İsmayılın kimliyi: Rum və Turan arasında dini və siyasi tanımlamalar" mövzusunda məruzəsində Şah İsmayılı böyük türk sərkərdəsi kimi xarakterizə edərək qızılbaş əsgərlərinin qəhrəmanlığının kökündə Xətaiyə dərin inamın durduğunu söyləyib.

Filologiya üzrə fəlsəfə doktoru, Kaspi Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva qeyd etdi ki, bütün türk dünyasının birliyi üçün bu tədbirin çox böyük əhəmiyyəti var. Bu həm də onun siyasi əhəmiyyətini önə çəkir ki, bizim birliyimizi heç kim poza bilməz. Tarixə qayıdaraq onun səhvlərindən nəticə çıxarmalıyıq. Çünki tarix təkrar səhvləri bağışlamır. Bu mövzuda mətbuatda baş alıb gedən hədyanlara son qoyulmalıdır. İlk növbədə, iki böyük türk fatehinin tariximizdə oynadığı rolu qiymətləndirməliyik. Xüsusilə, böyük haqsızlığa məruz qalan, vahid Azərbaycan dövlətini quran, dilimizi dövlət dili, ordu dili səviyyəsinə qaldıran, şeirimizə heca vəznini gətirən Şah İsmayılın xidmətləri qiymətləndirilməlidir.

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Türk tarixinin bəzi sorumları", sənətçi-yazar Əhməd Şəfəq isə "Osmanlı-Səfəvi münasibətlərinin müasir dövr tələbləri baxımından siyasi dəyərləndirilməsi" mövzularında məruzələri, Tənzilə Rüstəmxanlı, Cahandar Bayoğlu və Seyfulla Türksoyun çıxışları maraqla qarşılandı.

 

Çaldırana gedən yol

 

Səfəvi dövləti kimi güclü bir dövlətin yaranması Avropada, xristian aləmində hamını narahat edirdi. Anadoludakı türklər də Şah İsmayıla rəğbət bəsləyir, dövrün özündən doğan haqsızlıqlar geniş xalq üsyanları ilə müşayiət olunurdu. Osmanlı ərazisindəki əhalinin xeyli hissəsi Səfəvi ideologiyasının təsiri altında idi. Avropa dövlətlərinin müxtəlif vasitələrlə münasibətləri daha da kəskinləşdirməsi gələcəkdə Səfəvi və Osmanlı dövlətləri arasında uzun sürən və dini pərdə arxasında aparılan müharibələrə səbəb oldu.

Anadoluda 40-45 min qızılbaşı qılıncdan keçirdən Sultan Səlim (1512-1520) bir il sonra Səfəvi dövlətinə hücum etdi. Sultan Səlimin farsca yazdığı təhqiramiz məktublara türkcə cavab yazan Şah İsmayıl məsələni sülh ilə həll etməyə cəhd etsə də, bu alınmadı. 1514-cü ildə  Cənubi Azərbaycanın Maku şəhərinin yaxınlığındakı Çaldıran adlı yerdə qoşunlar üz-üzə gəldi. Osmanlıların çoxlu top-tüfəngi var idi. Şah İsmayılın vəzirləri ona məsləhət gördülər ki, gecə vaxtı hücum etsələr, qarşı tərəf odlu silahlardan istifadə edə bilməyəcək. Şah İsmayılın isə cavabı belə oldu: "Mən gecələr tacir karvanına basqın eləyən quldur deyiləm. Qoy Allahın iradəsi necədirsə, elə də olsun".

Üç gün çəkən bu döyüşdə Şah İsmayılın qoşunu Sultan Səlimə məğlub oldu. Qızılbaşlar top-tüfəngin qarşısında davam gətirə bilmədilər. Deyilənə görə, döyüş vaxtı Şah İsmayıl kiçik bir dəstə ilə Sultan Səlimin artilleriyasına doğru can atır, lakin bu zaman onun atı büdrəyib yıxılır. Şah İsmayıla çox bənzəyən Soltanəli Mirzə Əfşar "Şah mənəm"  deyə qışqırmaqla onu əsir düşməkdən xilas edir. Rəvayətlərdə deyilir ki, Şah İsmayıl bu döyüşdə qılıncı ilə topun lüləsinə güclü bir zərbə vuraraq onu iki yerə bölür. Sonralar Sultan Səlim Şah İsmayıldan həmin qılıncı ona göndərməsini istəyib, lakin həmin qılıncla neçə dəfə cəhd göstərsə də, topu kəsə bilməyib. O, Şah İsmayıla məktubunda yazıb: "Bu, həmin qılınc deyil". Şah İsmayıl cavabında belə deyib: "Qılınc həmin qılıncdır, qol o qol deyil".

Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini tutsa da, orada çox qala bilmir,  6 gündən sonra şahın tacı, əlbisələri və bəzək əşyaları da daxil olmaqla xeyli qənimət götürərək geri dönür. O özü ilə Təbrizdən İstanbula incəsənət xadimlərini və sənətkarları da aparır. Dünyanın ən zəngin muzeylərindən sayılan İstanbul Topqapı sarayında, Əsgər muzeyində indi də Azərbaycan tətbiqi sənətinin Çaldıran döyüşündən sonra buraya gətirilmiş ən nadir nümunələri nümayiş etdirilməkdədir.

 

Şeyx Cüneydin

 

Qusardakı məqbərəsi

 

Şah İsmayıl Xətainin babası Şeyx Cüneydin Qusar rayonunun Həzrə kəndi yaxınlığında məqbərəsi var. Deyilənə görə, həmin ərazidə Şirvanşahla üz-üzə gələn Şeyx ağır yaralanır, bu vəziyyətdə Ərdəbilə aparılmağının çətinliyini bilərək vəsiyyət edir ki, onu bir dəvənin üstünə qoysunlar, dəvə harda yatarsa, ordaca dəfn etsinlər. Dəvə Gülüstan deyilən bir yerdə yatır və Şeyx Cüneydi orda dəfn edirlər. Bir neçə il sonra Şah İsmayılın atası Şeyx Heydər eyni taleyi yaşamalı olur. Onu da atasının yanında dəfn edirlər. Şah İsmayıl hakimiyyətə gələn kimi Şirvana üz tutur, Şirvanşaha qalib gəlir, atasının məzarını Ərdəbilə köçürür, babası üçün həmin yerdə böyük bir məqbərə tikdirir, Təbrizdən yüz ailə köçürülüb həmin əraziyə gətirilir ki, məzara xidmət etsinlər. İndinin özündə də böyük ehtiramla ziyarət olunan həmin məqbərənin yerləşdiyi kənd Həzrət-Həzrə adlandırılır.

Şəki hökmdarlığını, gürcü çarlarını Səfəvi dövlətindən asılı vəziyyətə salan Şah İsmayıl hakimiyyətinin son illərində Şirvanşah Şeyxşahla dostluq və qohumluq münasibətləri yaradır, əvvəlcə qızı Pərixan xanımı Şeyxşahın oğlu Sultan Xəlilə ərə verir, sonra isə özü 1523-cü ilin axırlarında Şirvanşahın qızlarından biri ilə  evlənir.

 

"...Dişləmə

 

çiy loxmanı"

 

Deyilənə görə, 1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir: "Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağda) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasına əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağda ovlayıb Ərdəbilə tərəf geri qayıtdı".

Şah yolda ağır xəstələnir və tələm-tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər pisləşir ki, düşərgə salmalı olurlar. Müalicənin bir faydası olmur, o, 23 may 1524-cü ildə 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçür və Ərdəbildə, Şeyx Səfi məqbərəsində dəfn olunur. Lakin qısa ömründə gördüyü işlər onu Azərbaycan xalqının siyasi və mədəni tarixinin ən parlaq səhifələrindən birinin yaradıcısı kimi tanıtdırdı. Onun qeyri-adi hərbi istedadı haqqında K. Marks yazırdı: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi".

Venesiyadan olan bir tacir 1518-ci ildə özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da, bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı, adətən, musiqi çaldırır. Rəqsi çox sevir. Rəqqasələr oynarkən ayaqlarını yerə döyərək İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə - dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq".

Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər.

 

Bəyan olsun

 

qoy hamıya

 

Əsrlər boyu güclü dövlətçilik ənənələrinə və zəngin mədəni irsə malik olan, bəşər sivilizasiyasına mühüm töhfələr verən türk dünyası bu gün də həmin haqqa sahib çıxmağa can atır. Amma buna qarşı olan qüvvələr də mövcuddur. Bu gün  Azərbaycan və Türkiyə türklərini qarşı-qarşıya gətirmək cəhdlərinin olduğu, xüsusilə tarixi əsərlərə, filmlərə təhrif edilmiş müxtəlif məlumatların ötürüldüyü bir vaxtda bu simpoziumun əhəmiyyəti çox böyükdür. Bu yaxınlarda Türkiyədə "Star" telekanalında yayımlanan "Muhteşem Yuzyıl" serialında Sultan Süleymanla eyni dövrdə Azərbaycana rəhbərlik etmiş Şah İsmayılın oğlu Şah Təhmasibi aşağılayan ifadələr işlədilib, Vəzir İbrahim Paşa onun "şah"lığını lağa qoyub: "Bir Osmanlı bəyi Təhmasib deyilən o dəyyusa şah ünvanı ilə xitab edə bilməz. Heç bir Osmanlı bəyi Təhmasiblə hünkarımızı müqayisə edə bilməz. Göy üzündə necə ki bir Günəş varsa, Yer üzündə də bir tək imperator var ki, o da Sultan Süleyman xandır".

 Qeyd edək ki, həmin serialda Sah İsmayılın şahlığı da ələ salınır və o, "əmir" kimi təqdim olunur. Bu mənada ümumi tariximizdə  hər hansı bir hadisənin yalnış formada gündəmə gətirilib siyasiləşdirilməsi yolveriməzdir. Elə Səfəvi-Osmanlı dövründə iki türk dövlətinin yaxınlaşmasından qorxuya düşərək onları qarşı-qarşıya qoyan Avropa dövlətlərinin dəyirmanına yenidən su tökməyə dəyməz. Bu gün hamımız tarixdən nəticə çıxarmalıyıq. Hazırda bütün vasitələrlə qardaşlıq əlaqələrini daha da möhkəmləndirməyə can atan Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaqda qanı bizdən olmayanlar xüsusi fəallıq göstərirlər. Onlara qarşı qoya biləcəyimiz ən təsirli vasitə babalarımızdan miras qalan türkçülük ideyaları və ideallarıdır. Bir də Şah İsmayıl və Sultan Səlim münasibətlərinə bir məzhəb, təriqət davası kimi baxanlar bir faktı unudurlar - Şah Xətai və Sultan Səlimdən əvvəl Əmir Teymurla İldırım Bəyazid toqquşmasının səbəbləri nə idi?

Bəs 1915-ci ildə Azərbaycan türklərinin Çanaqqalada üç mindən yuxarı şəhid verməsini, Anadolu türklərinin 1918-ci ildə Bakının qurtuluşunda iştirakını və şəhid olmalarını, 1922-ci ildə doktor N.Nərimanovun "Qardaşın qardaşa borcu olmaz" prinsipi ilə Türkiyəyə göndərdiyi qızıl və neft, 1988-1994-cü illərdə  türk əsgər və zabitlərinin Qarabağda döyüşməsini və şəhid olmasını hər hansı fikir və təriqət davası ilə izah etmək mümkündürmü? Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik R.Mehdiyevin haqlı olaraq qeyd etdiyi kimi: "Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı, bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, özünün kim olması, mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır".

Simpoziumun sonunda bəyannamə qəbul olundu: "Türk tarix boyunca çox bölünüb. Bundan belə bölünməyə ixtiyarımız yoxdur. İndi birlik və bərabərlik zamanıdır. Ulu ərənlərimizin söylədikləri kimi, "bir olaq, iri olaq, diri olaq." Ortaq tariximizi müştərək və tərəfsiz şəkildə araşdırmalı, görkəmli tarixi şəxsiyyətlərimizə birlikdə sahib çıxmalı və hörmətlə yanaşmalı, əsərlərimizdə və məruzələrimizdə bir-birimizi incidəcək ifadələrə yol verməməliyik".

Bir sözlə, bu gün hər bir türkə vaxtilə şairin söylədikləri bir dərs olmalıdır:

 

Xətai, işin düşər,

Gedib gəlişin düşər,

Dişləmə çiy loxmanı

Yerinə dişin düşər.

 

 

Bəxtiyar QARACA.

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 11.