Akademik Zərifə xanım Əliyeva ehtiramla anılır

 

Zərifə Əliyeva -90

 

Respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq - alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi paytaxtımızın mərkəzi rayonu olan Səbail rayonunda da geniş qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil edilir.

Yubiley tədbirləri çərçivəsində Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta məktəblərinin şagirdlərinin iştirakı ilə əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məktəblilər üçün daha maraqlı və yaddaqalan olması üçün onun keçirilmə məkanı Xəzər dənizinin Bakı buxtası seçilib. Məktəblilər əvvəlcə Dənizkənarı Milli Parkda "Yaxt-kluba" gəlib, burada "Vətən" gəmisinə minərək Bakı buxtasına səyahətə çıxıblar. Gəminin göyərtəsində akademik Zərifə xanım Əliyevaya həsr olunmuş foto, kitab və nəşrlərin, həmçinin rayon məktəblilərinin rəsmlərinin, müxtəlif materiallardan hazırlanmış əl işlərinin, inşa yazı nümunələrinin nümayiş olunduğu səyyar sərgi ilə tanış olublar.

Məktəblilər qarşısında çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova Azərbaycanın görkəmli alimi, professor, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olub.

Məktəblilər Zərifə xanım Əliyevaya, anaya, Azərbaycan qadınına, Azərbaycana həsr olunmuş şeir və mahnılarla çıxış ediblər. Musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs ediblər.

Keçirilən tədbir və dəniz gəzintisi məktəblilərin yaddaşında xoş izlər buraxıb,  müəllim və valideynlərin razılıqlarına səbəb olub.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 16 aprel.- S.8.