Londonda xalq
yazıçısı Elçin Əfəndiyevin «Mənim
sevimli dəlim» pyesinin ingilis dilində premyerası olmuşdur
"Tristan Bates" teatrında Londonda fəaliyyət göstərən
Azərbaycan Cəmiyyətinin (AZICS) və ALOFF
teatrının təşkilatçılığı, Mədəniyyət
və Turizm Nazirliyinin və ölkəmizin Böyük
Britaniyadakı səfirliyinin dəstəyi ilə xalq
yazıçısı Elçin Əfəndiyevin "Mənim
sevimli dəlim" pyesi əsasında eyniadlı
tamaşanın premyerası olmuşdur.
AzərTAc
xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları,
bu ölkədə fəaliyyət göstərən Azərbaycan
təşkilatlarının təmsilçiləri, Britaniya rəsmiləri
və ictimaiyyət nümayəndələri iştirak
etmişlər.
Tədbiri
açan AZICS-in sədri Sənan Əliyev tamaşa
haqqında iştirakçılara ətraflı məlumat
vermiş, tamaşanın təşkilində verdikləri dəstəyə
görə müvafiq qurumlara minnətdarlığını
bildirmişdir.
Azərbaycanın
Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov mədəniyyətin
diplomatiyadakı xüsusi əhəmiyyətindən bəhs
etmişdir.
Bildirilmişdir
ki, mədəni tədbirlər ölkələr arasında
körpü rolunu oynayır. Xalqların bir-birinə
yaxınlaşmasında, dostluq əlaqələrinin
yaranmasında mədəniyyətin misilsiz önəmi
vardır.
Elçin
Əfəndiyevin həyat və yaradıcılığı
haqqında iştirakçılara ətraflı məlumat verən
səfir qeyd etmişdir ki, xalq yazıçısı 100-dən
çox kitabın müəllifidir, əsərləri 40-dan
artıq dilə tərcümə edilmişdir. 1960-cı
illərdə tanınmağa başlamış
yazıçı sovet rejiminin qoyduğu məhdudiyyətlər
çərçivəsində işləmiş və təsdiqlənmiş
realizm konsepsiyasından məharətlə istifadə
etmişdir. Onun əsərləri "Elçin
teatrı" kimi tanınmışdır. Bu, milli xüsusiyyətləri
geniş anlamda bəşəri dəyərlərlə birləşdirən
incə bir metodologiyadır. Yazıçının
bütün əsərlərinin nümunəvi olduğunu
diqqətə çatdıran diplomat "Şekspir"
pyesinin xarici tamaşaçılar tərəfindən
xüsusi rəğbətlə qarşılandığını
vurğulamışdır.
Daha
sonra nümayiş etdirilən
"Mənim sevimli dəlim" tamaşası qonaqlarda
böyük rəğbət doğurmuşdur.
Pyesdə
hadisələr 1995-ci ildə Bakıda cərəyan edir. Səhnədə
müxtəlif personajların məzhəkə elementləri
yer almışdır. İntihara meyilli, anormal olan bu
personajların hər biri öz gerçəkliyində
yaşayır, lakin buna baxmayaraq, hansısa yolla bir-biri ilə
dil tapır. Bəs onların hansı biri daha sərsəmdir?
Əslində, bu personajların hər biri "dəli"
roluna namizəddir, amma təbii ki, bu fantaziyalar xaosuna təsadüfən
düşmüş ağlı başında olan yeganə
adam dəli olaraq qəbul edilir.
Mattev
Qouldun quruluşçu rejissoru olduğu tamaşada bəstəkar
Məmməd Ənsarinin musiqisi səsləndirilmişdir. Pyes
aktyorlar Riçard Stirlinq, Oliver Mavdsley, Ralf Boqard, Daniel Robinson,
Qaret Bennett-Ryan, Danni Vainrayt, Andrev Saykes və aktrisalar Viktoriya
Farley, Viktoriya Sye tərəfindən
canlandırılmışdır.
Tamaşadan
sonra qəbul təşkil edilmişdir.
Tamaşa
aprelin 13-dək davam edəcəkdir.
Orxan İSMAYILOV.
AzərTAc-ın xüsusi müxbir
London
Azərbaycan.- 2013.- 11 aprel.- S. 11.