Bakıda Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı başlayır

 

Xəbər verdiyimiz kimi, aprelin 14-dən 19-dək Bakıda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, artıq festivala hazırlıq işləri başa çatmışdır.

Festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi və Muzey Mərkəzi də daxil olmaqla, nazirliyin bir çox müəssisələrində Stas Malışev (Rusiya), Marianna Vısotskaya (Rusiya), Aleksandr Lyubimov (Rusiya), İvan Sokolov (Rusiya), Vlodimir Runçak (Ukrayna), Marsel Vorms (Hollandiya), "Accroche Note" ansamblı (Fransa), "Asko Schönberg" ansamblı (Hollandiya), "Avatara" rəqs qrupu (Almaniya/İspaniya), "Questa Musica" kamera xoru kimi məşhur solistlərin və ansamblların iştirakı ilə konsertlər təqdim ediləcəkdir. Eyni zamanda, festival çərçivəsində  Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən müasir musiqinin problemlərinə həsr olunmuş elmi simpozium təşkil olunacaqdır.

Bundan əlavə, birinci günündə - aprelin 14-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycan Dövlət Filarmoniyasında Qara Qarayevə həsr olunmuş foto və kitab sərgiləri keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 11.