Humanizm diplomatiyasının təntənəsi
Davamlı inkişaf dövrü yaşayan Azərbaycanda
əhalinin sosial rifah
halının təmin olunması hökumətin
başlıca vəzifələrindən birini
təşkil edir. Son illər sosial
müdafiəyə ehtiyacı olan vətəndaşların,
müharibə əlilləri və şəhid ailələrinin,
qaçqın və məcburi köşkünlərin
yaşayış şəraitinin və sosial
vəziyyətinin yaxşılaşdırılması istiqamətlərində
ölkəmizdə əsaslı işlər görülmüşdür.
Eyni zamanda, məruz qaldığımız təbii
fəlakətlər - daşqın və zəlzələlər
nəticəsində ölkəmizdə təsərrüfatlara
və bütövlükdə iqtisadiyyatımıza dəymiş
ziyanın aradan qaldırılması,
dağılmış yaşayış məntəqələrinin
və təsərrüfatların bərpası və
yenidən qurulması istiqamətlərində
genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bu problemlər kənardan heç
bir yardım almadan,
dövlətimizin yaratdığı iqtisadi
potensiala arxalanaraq həll
edilir.
Bu
cür tədbirlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
də fəal iştirakını qeyd etmək yerinə
düşər. Ölkəmizdə Qızıl Aypara hərəkatının
tarixi XX əsrin əvvəllərinə gedib çatsa da, bu
hərəkatın ən fəal və səmərəli
dövrü Azərbaycanın dövlət müstəqilliyini
bərpa etməsindən sonrakı illərə təsadüf
edir.
Keçmiş
SSRİ-nin dağılmasından sonra Qızıl Aypara Cəmiyyəti
bir sıra çətinliklərlə üzləşsə də,
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra bu hərəkata göstərilən
xüsusi diqqət və qayğı nəticəsində
Qızıl Aypara Cəmiyyətinin fəaliyyətində
qısa müddətdə prinsipial dəyişikliklər
baş verdi, sıraları genişləndi. Cəmi bir
neçə il ərzində Qızıl Aypara Cəmiyyəti
böyük sosial bazaya malik olan qeyri-hökumət təşkilatına
çevrildi. Hazırda cəmiyyətin 300 mindən çox üzvü, 20 minə
yaxın könüllüsü var.
Qızıl
Aypara Cəmiyyətinin başlıca məqsədi, fəaliyyətinin
əsas qayəsi insanlara şəfqət gətirmək,
qayğı və diqqətə ehtiyacı olanlara və müəyyən
sosial çətinliklərlə üzləşən vətəndaşlara
yardım etməkdir. Ötən illərdə ölkəmizin
ərazisində baş vermiş zəlzələ,
daşqın və digər təbii fəlakətlər
zamanı dövlət orqanları ilə yanaşı, bu təşkilatın
zərər çəkmiş insanlara göstərdiyi maddi və
mənəvi dəstəklər bunların əyani
sübutlarıdır. Onun cəmiyyətdə müsbət
qarşılanan bu cür fəaliyyəti dövlət tərəfindən
də yüksək qiymətləndirilir və dəstəklənir.
Cari
ilin mart ayının 12-də Milli Təhlükəsizlik
Nazirliyinin Mədəniyyət Mərkəzində Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin XXIV Baş assambleyası
keçirilmişdir. Assambleyada cəmiyyətin sədri Novruz
Aslanov təşkilatın üzvləri adından
Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab
İlham Əliyevin növbəti prezident seçkilərində
namizədliyinin irəli sürülməsi barədə təklif
irəli sürmüş və həmin təklif cəmiyyətin
bütün üzvləri tərəfindən yekdilliklə dəstəklənmişdir.
Bu da həmin təşkilatın hər bir üzvünün
ölkə başçısına olan dərin
inamının nümayişidir.
Assambleyada
həmçinin Novruz Aslanovun uzun illərin fəlsəfi
düşüncələrinin məhsulu olan "Humanizm naminə
diplomatiya" kitabının təqdimatı olmuşdur. Kitab
N.Aslanovun Azərbaycan Qızıl Aypara hərəkatı,
dünyada və ölkəmizdə bu sahədə
görülən işlər, hərəkatın məram və
məqsədləri haqqında müşahidələrini və
fəlsəfi düşüncələrini əks etdirən
çox əhəmiyyətli bir əsərdir. Əsərin hər
səhifəsində humanizmin, insana məhəbbətin təntənəsini
duymaq mümkündür ki, bu da müəllifin gündəlik
həyat və fəaliyyətindən, insanlara və
insanlığa humanist münasibətindən irəli gəlir.
N.Aslanovun humanizm
diplomatiyası ALİ yaradandan
İNSANLIĞA
bəxş olunmuş insani xüsusiyyətlərin həyat
boyunca ətrafındakılara münasibətdə büruzə
verilməsi və yaşadılması istəyindən,
insanların millətindən, dini və siyasi
baxışlarından asılı olmayaraq, hər şeydən
öncə ətrafındakılara İNSANLIQ mövqeyindən
yanaşmaq kredosundan irəli gəlmişdir. Müəllifin əsər
boyunca fəlsəfi düşüncələrindən bir xətti
çox aydın duymaq olur ki, İnsan öz təyinatına
görə Allahın yaratdığı ən təkmil
varlıqdır, zorakılıq və qəddarlıq insan təbiətinə
yad elementlərdir, insanın təyinatı yalnız xeyirxah
işlər üçündür və deməli,
xeyirxahlıq özü insanla birgə yarandığına
görə yalnız o, ən yaxın insanlar naminə
özünü qurban verməyə qadirdir. Qızıl Aypara
hərəkatının bugünkü fəaliyyəti, cəmiyyətdəki
mövqeyi humanizm diplomatiyasının qalibiyyətidir.
Kitabın
redaktoru fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin
qeyd etdiyi kimi, humanizm diplomatiyası Yerdə həyatın
olduğu qədər qədimdir, burada millət, dini və ya
siyasi mənsubiyyət heç bir rol oynamır,
başlıcası qayğıya, köməyə, yardıma
ehtiyacı olan insanları düşdüyü fəlakətdən,
çətinlikdən qurtarmaq üçün ona əl
uzatmaqdır.
Kitabın
"Hər şey nədən başladı" bölməsində müəllif bu hərəkatın
ilk addımları, Beynəlxalq Qırmızı Xaç və
Qızıl Aypara hərəkatının əsasını qoymuş
Anri Dünanın bir tərəfdən müharibə və
onun insanlığa gətirdiyi fəlakətləri, digər
tərəfdən isə insanlığın
özünün buna humanitar cavabını özünəməxsus
şəkildə təsvir edərək bu fədakar
insanın fəaliyyətini əsl humanitar diplomatiya
adlandırır. Anri Dünan müharibənin bütün
reallıqlarına baxmayaraq, fəlakətə düçar
olmuş həm öz əsgərlərinə, həm də əks
tərəfin əsgərlərinə eyni dərəcədə
kömək, qayğı göstərir və ətrafındakıları
da buna çağırır, A.Dünanın başlıca
arqumenti odur ki, "biz hamımız qardaşıq". Əlbəttə,
bəziləri belə diplomatiyanı qəbul etməyə bilərlər.
Lakin bu gün Beynəlxalq Qırmızı Xaç və
Qızıl Aypara hərəkatının sıralarında
milyonlarla insanın birləşməsi
bu diplomatiyanın uğurundan və cəmiyyətin əsas
hissəsinin onu qəbul etməsindən xəbər verir.
Müəllif
göstərir ki, Anri Dünanın hərəkətlərində
bu humanizm diplomatiyasının elementlərini görmək
mümkündür və bu, özünü ilk növbədə,
yüz milyonlarla fəlakətə düçar olmuş
insanların düşdükləri vəziyyətin mahiyyətinin
böyük əksəriyyət tərəfindən başa
düşülməsində və yardım göstərilməsi
üçün imkanı olan şəxslərin və qərar
qəbuletmə səlahiyyəti olanların bu işə cəlb
edilməsində göstərir. Hərəkatın
bütövlükdə fəaliyyətinin əsas leytmotivini də
məhz bu xüsusiyyətlər təşkil edir. Müəllifin
özünün də qeyd etdiyi kimi, humanizmlə humanitar
diplomatiya arasında dəqiq xətt çəkmək
mümkün olsa da, onların arasındakı ayrılmaz,
qırılmaz semantik əlaqə xüsusi göstərilməli,
bu hərəkatda istifadə olunan humanitar diplomatiyanın
bütün metodları humanizm ideyalarına əsaslanmaqla tətbiq
edilməlidir.
Kitabın
"Beynəlxalq Qırmızı Xaç və Qızıl
Aypara Federasiyası" bölməsində bu hərəkatın
ən böyük üstünlükləri haqqında fəlsəfi fikirlərini oxucu mühakiməsinə
təqdim edən N.Aslanov qeyd edir ki,
bu hərəkatın meydana gəlməsindən kifayət
qədər zaman keçsə də, o, nə dini təsirlərə,
nə də hansısa və ya kiminsə geostrateji, yaxud qlobal
maraqlarının təsirinə məruz
qalmamışdır. Müəllif xüsusi qeyd edir ki, bu hərəkatın
siyasətinin və diplomatiyasının bütün tətbiqi
metodları yalnız humanizmə əsaslanmalıdır.
N.Aslanovun
keçmiş və indiki zamanların hadisələri
haqqında fəlsəfi düşüncələri də
özünəməxsus formada maraqlıdır. Müəllifə
görə, bizim dünya
yarandığı andan xeyir və şərin, humanizm və
zorakılığın, həyat və ölümün əbədi
mübarizəsi gedir və bu mübarizə sonda xeyirin qələbəsi,
xeyirxahlığın təntənəsi ilə başa
çatır. Kainat öz təbii qanunauyğunluqları ilə
yaşadığı kimi, ən ali varlıq olan insan da
öz yolu ilə gedir. Bu yolda onun yoldaşı xeyirxahlıq və
humanizmdir.
Azərbaycanda
humanizm diplomatiyasının ilk yaradıcılarından olan
N.Aslanovun ölkəmizdə humanizm hərəkatı və
humanizm diplomatiyası haqqında fikirlərinin əksini
tapdığı bu kitabla bağlı cəmiyyətin ilkin
reaksiyası belə deməyə əsas verir ki, əsər
müasir fəlsəfi fikir tariximizdə bir hadisəyə
çevrilmişdir.
Natiq İSAYEV
Azərbaycan.- 2013.- 11 aprel.- S. 11.