Şəxsiyyətin qüdrəti və epoxanın mahiyyəti haqqında epopeya

 

Görkəmli dövlət xadimi və böyük siyasətçi kimi ölkədə və dünyada qəbul olunmuş, geniş şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində ümummilli lider statusu qazanmış birinci qüdrətli şəxsiyyətdir.  Bu böyük dühanın ümummilli liderlik səviyyəsini fəth etməsi ən çətin və mürəkkəb məqamlarda ölkənin və xalqın tarixi taleyində həlledici rol oynamaq, xilaskarlıq vəzifələrini qətiyyətlə həyata keçirmək, bütün hallarda dövlətini və millətini irəli aparmağı bacarmaq sayəsində mümkün ola bilmişdir.

Xalqımızın böyük oğlu Heydər Əliyev həm Sovetlər Birliyi dövrünün özünəməxsus siyasi-ideoloji çətinlikləri, həm də Azərbaycanda müstəqillik mərhələsinin başlanğıc illərinin mürəkkəblikləri şəraitində hər zaman liderlik funksiyasını yüksək səviyyədə həyata keçirməyi bacarmışdır. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün məsuliyyətli problemlərinin, ümummilli ideallarının həlli Heydər Əliyevin adı, mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Sovet hakimiyyəti illərində O, Azərbaycan Respublikasının rəhbəri kimi Kremlin sərt prinsiplərinin sədlərini bir qədər də aşaraq ölkəsində milli ideologiyanı gücləndirmiş, mərkəzdən Azərbaycana çatması nəzərdə tutulduğundan da qat-qat artıq imkanlar əldə edərək bütün sahələrin, həyat səviyyəsinin üstün inkişafına nail olmuş, azərbaycanlılardan ibarət hərbi kadrların formalaşdırılmasını təmin etmişdir. Müstəqillik şəraitində isə Heydər Əliyev Azərbaycanda, sadəcə, elan olunmuş, lakin hər gün itirilmək təhlükəsi qarşısında qalmış müstəqil ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, qardaş qırğınından, ucu-bucağı görünməyən xaosdan, hər cür mürəkkəblikdən və hərc-mərclikdən, sözün gerçək mənasında, xilas etmişdir. Bütövlükdə Azərbaycan Respublikasının son yarım əsrə yaxın dövrdəki varlığı, bütövlüyü, inkişafı Heydər Əliyev dühasının və onun böyük mübarizəsinin qanunauyğun nəticəsidir. Bütün bu mürəkkəb hərbi-siyasi, ictimai-iqtisadi, elmi-ədəbi və mədəni proseslərin hamısında daha böyük inkişaf və milli qurtuluş üçün həmişə düşünülmüş, məqsədyönlü, ardıcıl mübarizələrin aparılması,  böyük ağıl və zəka ilə qətiyyətli addımların atılması tələb olunmuşdur. Hansı səviyyədən və ya bucaqdan baxmaqdan asılı olmayaraq, Heydər Əliyev həmişə bu mübarizələrin həm mərkəzində, həm də önündə olmuşdur. Ümummilli liderlik üçün daha zəruri amil hesab edilən ölkənin taleyi üçün ən məsuliyyətli məqamlarda, ümummilli məsələlərin həllində xalqla birlikdə olmaq, xalqı öz arxasınca aparmaq, səfərbər etmək istedadı da Heydər Əliyevin mühüm xarakterik cəhətlərindən biridir. Bütün bunlara görə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi ümumxalq etiramını və rəyini ifadə edən böyük bir tarixi və fəxri ad qazanmışdır. Azərbaycan elmində və ictimai fikrində son qırx ildən artıq bir dövrdə Heydər Əliyev haqqında ən müxtəlif  istiqamətlərdən çoxsaylı elmi-siyasi və bədii əsərlər yazılsa da, fikrimizcə, hələ də bu möhtəşəm statusun, ümummilli liderlik anlayışının tam mahiyyətinin Heydər Əliyevin timsalında layiq olduğu səviyyədə, sistemli şəkildə araşdırılması və ümumiləşdirilməsi mühüm və məsul vəzifələrdən biri olaraq qalır. Heydər Əliyevin belə geniş miqyasda təqdimatı üçün mükəmməl siyasi qabiliyyətə malik olmaq, keşməkeşlərlə zəngin olan epoxanın mahiyyətindən baş çıxarmaq və şəxsiyyətin qüdrətinin fəlsəfəsini açmağı bacarmaq tələb olunur. Ona görədir ki, Heydər Əliyev fenomenindən yazılan ən yaxşı əsərlərdə  hələ ki, əsasən fraqmentallıq, yəni bu mövzu ilə əlaqədar seçilmiş, müəyyən olunmuş xüsusi bir hadisənin və ya istiqamətin dərinliklərinə və incəliklərinə varmaq cəhdləri, yaxud da elmyönlü ümumi publisist təbliğat istiqaməti üstünlük təşkil edir. Bütün bunlara görə tanınmış yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Elmira Axundovanın  yeddi kitabdan ibarət olan altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı əsəri görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin çətin, keşməkeşli mübarizələrlə zəngin olan mənalı həyatını, çoxcəhətli fəaliyyətini geniş planda zamanın və onun şəxsiyyətinin fonunda açılıb aydınlaşdırılmasına, sistemli və ardıcıl şəkildə, mümkün olduqca dərindən və əsaslı surətdə araşdırılıb ümumiləşdirilməsinə həsr olunmuş birinci monumental əsərdir. İlk dəfədir ki, Heydər Əliyevin XX əsrin böyük çətinliklərinin, mürəkkəbliklərinin, maneələrinin ağır məngənəsindən keçərək ictimai-siyasi mühitə yol açması, cəmiyyətin bütün dolaylarından və sərt aşırımlarından adlayaraq ölkəsinin və xalqının ümummilli lideri səviyyəsinə çatması prosesləri özünün dərin qatları, çətinlikləri, reallıqları, gedişatı ilə birlikdə  Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı çoxcildliyində böyük masştabda təqdim olunur. Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" adlı monumental əsəri Azərbaycan Heydər Əliyevşünaslığının möhtəşəm abidəsidir. Haqqında başqa ölkələrdə və xarici dillərdə də böyüklü-kiçikli çoxsaylı əsərlərin yazıldığını nəzərə alsaq, "Heydər Əliyev. Şəxsiyyət və zaman" əsərini Azərbaycan Heydər Əliyevşünaslığının beynəlxalq aləmə təqdim edə biləcəyi ən mükəmməl bioqrafik roman da adlandırmaq mümkündür. "Heydər Əliyev. Şəxsiyyət və zaman" - Heydər Əliyevin qüdrətli şəxsiyyətinin möhtəşəm romanı, bu görkəmli dövlət xadiminin epoxasının publisist fəlsəfəsidir. Bu, Heydər Əliyev kimi qüdrətli İnsanın şəxsiyyətinin bütövlüyü və əzəmətinin, dövrünün tarixi məsuliyyətinin və mürəkkəbliklərinin fonunda təqdim edən mükəmməl sənədli-bədii əsərdir. Bu, Azərbaycan Heydər  Əliyevşünaslığının böyük bir dövrünün qanunauyğun yekunu, bundan sonrakı inkişafının möhkəm, etibarlı bünövrəsi və bələdçisi ola biləcək qiymətli örnəkdir.

"Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının birinci cildində Elmira Axundova bu əsəri 2003-cü ildən böyük dövlət xadiminin xeyir-duası ilə yazmağa başladığını bəyan edir: "2003-cü ilin aprel ayındakı mənim üçün unudulmaz (əfsus ki, sonuncu dəfə qismət olan) söhbətimizdə Heydər Əliyevə bildirdim ki, onun siyasi bioqrafiyası üçün material toplamağa başlamışam. Cavabı dəqiq yadımdadır: "Yaz, ...səndə bu, pis alınmır". "Bu, Elmira Axundovanın dövlət başçısından onun haqqında kitab yazmaq üçün əldə etdiyi razılığın, mandatın tarixi kimi əhəmiyyətli faktdır. Ancaq elə  Elmira Axundovanın yaradıcılıq fəaliyyətinə verilmiş yüksək qiymətin ifadəsi kimi səslənən "Səndə bu, pis alınmır" sözlərindən də bilinir ki, həyatının bütün məqamlarında mütaliəyə həmişə xüsusi diqqət yetirmiş Heydər Əliyev həmin vaxta qədər Elmira Axundovanın Azərbaycanda gedən ictimai-siyasi proseslərə dair və şəxsən onun özünün haqqında yazdıqlarında bioqrafik əlamətləri, memar cizgilərini görmüşdür. Elmira Axundovanın imzası ilə ulu öndər hələ 1990-cı ilin yay aylarında müəllifin özünü tanımadan Moskvada siyasi mühacirət həyatı yaşadığı gərgin illərdə oxuduğu onun 2 iyun 1990-cı ildə "Bakinskiy raboçiy" qəzetində çap edilmiş "Vse mı vışli iz proşloqo" adlı məqaləsi vasitəsilə tanış olmuşdur. Əslində, bu kiçik yazı Elmira Axundovanın görkəmli dövlət xadimi Heydər Əliyevin dövrü, bioqrafiyası, fəaliyyəti və şəxsiyyəti haqqında ilk məqaləsi idi. Çoxlarının məkrli siyasi məqsədlərlə, yaxud sifarişlə "durğunluq dövrü" barədə söz açdıqları bir vaxtda Elmira Axundovanın həmin mərhələdə o dövrün özünəməxsusluqlarını obyektiv mövqedən təhlil edib dəyərləndirməsi Moskvada ikən Heydər Əliyevin diqqətini cəlb etmişdi. Sonra 1991-ci ilin yanvar ayında artıq "Literaturnaya qazeta"nın xüsusi müxbiri kimi Naxçıvana gələrək burada yaşayan Heydər Əliyevdən müsahibə alan Elmira Axundovanın hazırladığı və ünvanladığı sualların içərisində istər-istəməz bioqrafik motivlərə də yer ayrılmışdı. Doğrudur, o zaman Elmira Axundovanın müsahibəsini nə "Literaturnaya qazeta", nə də Azərbaycan mətbuatı çap etmişdi. Elmira Axundovanın müsahibəsi yazıldığı vaxtdan üç ay sonra ilk dəfə 1 may 1991-ci ildə "Azərbaycan" qəzetində, daha sonra isə genişləndirilmiş halda Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetinin 5-8 aprel 2004-cü il tarixli sayında işıq üzü görmüşdü. Bundan başqa, Elmira Axundovanın 2003-cü ildə Bakıda nəşr olunmuş "Bu - bizik" və "Həqiqət anları" kitablarındakı onun Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin müəyyən etdiyi nümayəndə heyətinin tərkibində dünyanın müxtəlif ölkələrində dövlət əhəmiyyətli mötəbər tədbirlərdən hazırladığı və çap etdirdiyi məqalələr, əslində, görkəmli dövlət xadiminin yeni epoxadakı bioqrafiyasının əsas məzmununu əks etdirirdı. Ciddi bioqrafik əsərlər üçün isə zəngin materialların toplanması, çoxsaylı informasiyaların əldə edilməsi ilə yanaşı, müəllifin qəhrəmanını yaxından tanıya bilməsi, onunla ünsiyyətdə olması, heç olmasa onu yaxından müşahidə edə bilməsi də mühüm şərtlərdən biridir. Bu mənada, Prezidentliyi dövründə, yəni 1993-2003-cü illərdə jurnalist kimi Heydər Əliyevin yaxın əhatəsində olması, səfərlərdə, tədbirlərdə, qəbullarda iştirakı Elmira Axundovanın bu böyük şəxsiyyətin bioqrafiyası ilə yanaşı, bütün cizgilərini, şəxsi keyfiyyətlərini də müşahidə etməsinə, öyrənib əks etdirməsinə münasib şərait yaratmışdır. Bakıda 2003-cü ildə çap olunmuş "Həqiqət anları" kitabında Elmira Axundova məsələnin bu cəhətinin əhəmiyyətindən bəhs edərək yazmışdı: "Mən xüsusi iftixar hissi ilə demək istəyirəm ki, mənə axırıncı on ildə Heydər Əliyevin ətrafında olmaq və birbaşa yaxından bu görkəmli siyasətçinin tarixin bu yeni dövründə, yeni siyasi və sosial-iqtisadi şəraitdə anadandoğma Liderin özünün böyük potensialını necə həyata keçirdiyini müşahidə etmək şərəfi qismət olmuşdur". Buna görə də Elmira Axundova hələ xüsusi olaraq memuar, yaxud bioqrafiya yazmaq niyyətində olmadığı illərdə də əslində, Heydər Əliyevin həyatının və çoxcəhətli fəaliyyətinin gündəlik, həftəlik salnaməsini yaratmaqla məşğul olmuşdur. Bu mənada, Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin birinci cildinin Bakıda çapdan çıxdığı 2007-ci ilə qədər yazdıqları  kitablar və məqalələr bu möhtəşəm əsərin məşqləridir. Azərbaycanda Heydər Əliyevin ətrafında və onun rəhbərliyi ilə müstəqillik uğrunda gedən mübarizənin ən gərgin məqamlarını əks etdirən "Naşirin qətli", "Şüşə saray" kimi bədii-publisist əsərlər "Heydər Əliyev. Şəxsiyyət və zaman" epopeyasının proloqu kimi səslənir.

Müxtəlif ədəbiyyatlarda "Heydər Əliyev. Şəxsiyyət və zaman" əsəri roman - tədqiqat adlandırılmışdır. Çoxcildliyə qiymətli ön söz yazmış məşhur Oljas Süleymenov da əsərdən roman - tədqiqat kimi bəhs etmişdir. Kitabın müxtəlif illərdə çap olunmuş cildlərindəki annotasiyalarda həmin sözlər işlədilmişdir. Heç şübhəsiz, bu məqamda müəllifin müraciət etdiyi şəxsiyyət və mövzu ətrafında axtarışlar aparması və üz tutduğu problemə tədqiqatçı prizmasından yanaşması əsas götürülmüşdür. Doğrudur, bu yanaşmada ilk baxışda roman anlayışı ilə elmi axtarışları əhatə edən "tədqiqat" sözünün tam da uyğun gəlmədiyi görünə bilər. Lakin əsərin sənədli roman olduğunu nəzərə alsaq, onda buradakı "tədqiqat" ifadəsinin zəruriliyi və əhəmiyyəti bütün aydınlığı ilə nəzərə çarpar. Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabında bir neçə məqamda ciddi və mühüm tədqiqatçılıq işi görmüşdür. Hamı kimi biz də o fikirdəyik ki, Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyini yazmaq üçün dönə-dönə çoxsaylı arxivlərin və kitabxanaların qapısını açmış, bir neçə ölkədə - Azərbaycanda, Rusiyada, Türkiyədə, Gürcüstanda, Ukraynada yaşayan və Heydər Əliyevi tanıyan, bu böyük şəxsiyyətlə əlaqədar olan yüzlərlə insanlarla görüşüb, onların müsahibələrini diktafona yazmışdır. O, neçə kilometrlərlə uzunluğu olan diktafon lentlərində yazılanları tədqiqat materialı səviyyəsinə gətirmək üçün bu materialları səsdən yazıya çevirmək kimi böyük zəhmətin də öhdəsindən gəlmişdir. Elmira Axundova  dünya şöhrətli Heydər Əliyevin şəxsi arxivinin də ilk araşdırıcılarından biri olmağın məsuliyyətini də, şərəfini də yaşamışdır.  "Şəxsiyyət və zaman" kitabı üçün Elmira Axundovanın uzun illər ərzində topladığı çoxsaylı dövrü mətbuat materialları, zəngin arxiv sənədləri, müxtəlif mənbələrdən əldə etdiyi fotoqalareya, üzə çıxardığı nadir əlyazmaları, istinad etdiyi kitablar nəhəng bir xəzinə sayıla bilər. Bu qədər zəngin və qiymətli irsi toplayıb, qruplaşdırıb sistemləşdirmək və onlardan yerli-yerində istifadə etmək nəinki böyük zəhmət, həm də ciddi bir fədakarlıq və ondan da ciddi bir tədqiqatçılıq səriştəsi tələb edir. "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı  göstərir ki, Elmira Axundova bu mühüm əhəmiyyətə malik olan işi müvəffəqiyyətlə həll etmişdir. Bundan başqa, bu vaxtadək Azərbaycanda "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabına bənzər quruluşa malik olan digər bir əsərin olmadığını nəzərə alsaq, onda demək lazımdır ki, Elmira Axundova bu kitabın modelini yaratmaqla da böyük tədqiqatçılıq işini yerinə yetirmişdir. "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı çoxsaylı bütün əhəmiyyətli cəhətləri ilə birlikdə həm də orijinal strukturu ilə də yeni və bənzərsizdir. Hələ ki, Azərbaycan elmi fikrində və ədəbiyyatında  "Heydər Əliyev. Şəxsiyyət və zaman"  modelində və həcmində başqa bir əsərin yarandığını müşahidə etmirik.  Elmira Axundova "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabı ilə ümummilli lider səviyyəsində qəbul olunmuş böyük şəxsiyyətin tale romanının mükəmməl modelinin də yaradıcısıdır. Bu zaman o, "Görkəmli adamların həyatı" (JZL) seriyasından olan kitablara məxsus bədii - publisist yanaşmalarla və ya tərcümeyi-hal anlarını qabartmaqla ciddi tədqiqat əsərlərindən gələn elmi prinsipləri vəhdətdə nəzərə almaqla və bütün bunlara həm də böyük siyasətin gözü ilə baxmağı bacarmaqla tam yeni bir əsərin modelini meydana qoymuşdur. Bu isə Heydər Əliyev dühası və şəxsiyyəti haqqında onun epoxası və müasirləri ilə birlikdə möhtəşəm bir əsərin meydana çıxması ilə nəticələnmişdir. Buna görədir ki, Elmira Axundovanın kitabında Heydər Əliyev şəxsiyyətinin qüdrətinin bütün reallıqları ilə birlikdə ifadə olunması ilə yanaşı, bu əsərdə həm də özünün yazdığı kimi, "Zaman dilə gəlir, Dövr danışır". Müxtəlif illərdə yazılmış yeddi kitabdan ibarət olan altıcildlik kitab böyük bir tarixi dövrü və müxtəlif ictimai quruluşda (çar Rusiyası, sovet hakimiyyəti, keçid dövrü və müstəqillik mərhələsində) baş verən hadisələri əks etdirsə də, mövzusu və süjeti etibarilə bütöv bir tamdır. Buna görə də  əhatə etdiyi yüzillikdən də artıq dövrün qabarıb çəkilən ardıcıllığı qorunur, hətta 2007-ci ildən etibarən yeddi il ərzində çap olunan ayrı-ayrı cildlər də bir-birinin ardınca eyni vaxtda oxuculara çatdırılmış əsərlər təəssüratı yaradır. Qalın çoxcildliklərin bir neçə cildinin sonunda "ardı var" sözlərinin yazılması sanki maraqla izlənilən genişhəcmli bir  məqaləni axıra çatdırmaq üçün  qəzetlətin sonrakı saylarını gözlətmək məqsədilə istifadə olunmuş üslubda dözümlü bir intizarın cəlbedici aurasını formalaşdırır. Halbuki "Heydər Əliyev. Şəxsiyyət və zaman"  çoxcildliyinin birinci cildinin nəşr olunduğu 2007-ci ildən artıq altı il keçir. Bu dövr ərzində "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin ayrı-ayrı cildlərinin müxtəlif illərdə çap edilməsi, oxucu mühitinə daxil olması, ölkə miqyasında və xaricdə geniş müzakirələrinin keçirilməsi, haqqında yazılan resenziyalar, oxucu məktubları, mütəxəssis rəyləri o qədər bir-birini izləmiş və tamamlamışdır ki, zaman məsafəsini də sanki unutdurmuşdur. Kitabların həcm etibarilə də kifayət qədər sanballı olduğunu nəzərə alsaq, onda birinci cilddən altıncı cildə və yeddinci kitaba qədər keçilən yolun kəmiyyət etibarilə bir qədər artıq görünsə də, uzun axtarış və yaradıcılıq prosesi baxımından çox da olmadığını təsəvvür etməyə imkan verə bilər. Belə ki, Bakıda "Ozan" nəşriyyatında 2007-ci ildə çapdan çıxan "Heydər Əliyev. Şəxsiyyət və zaman" kitabının birinci cildinin 351 səhifədən, ikinci cildin 783, üçüncü cildin 802, dördüncü cildin 326, "SBS" nəşriyyatının təqdim etdiyi beşinci cildin 756, ikicildlik altıncı cildin birinci hissəsinin 500, ikinci hissəsinin isə 495 səhifədən ibarət olması, bütövlükdə yeddi ilə yaxın bir müddət ərzində 4313 səhifəlik sanballı bir kitabın meydana çıxması yalnız və yalnız ardıcıl və yaxşı mənada inadkar axtarışların sanballı məntiqi yekunudur. Altıcildlik yeddi kitabda üst-üstə 300 elmi mənbədən və arxiv sənədindən, 522 fotomaterialdan istifadə olunması da illər üzrə çəkilən zəhmətin miqyasını təsəvvür etməyə imkan verir. Müəllifin Azərbaycanla yanaşı, bir-birindən uzaq-yaxın məsafələrdə müxtəlif coğrafiyalarda yaşayan təxminən 150 nəfər fərqli statusa və dünyabaxışa malik insanlarla görüşüb müsahibələr alması və həmin audiomaterialın üzərində əlyazmaçı və tədqiqatçı işi aparması əhatə olunan zaman çərçivəsində görülən işin böyük zəhmətinə qatlaşan insanın seçdiyi mövzuya və bağlı olduğu ideala dərin sədaqətindən xəbər verir. Əks halda, bu qədər əhəmiyyətli olduğu qədər də ciddi, məsuliyyətli və gərgin zəhmət tələb edən mühüm bir işi fədakar bir müəllif deyil, bəlkə də bütöv bir elmi-tədqiqat institutunun kollektivi qeyd olunan müddətə bu səviyyədə yerinə yetirə bilməzdi. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi yazıçı-publisist Elmira Axundovanın ürəkdən bağlı olduğu, sədaqətlə xidmət etdiyi Heydər Əliyev dövlətçilik məktəbinə, ölkəmizin müstəqillik ideallarına sanballı hesabatı, dəyərli bir xidmətidir.

Azərbaycan oxucusunun artıq tanış olduğu, mütaliə mühitimizdə özünəməxsus möhkəm yer tutan "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildlik kitabı görkəmli dövlət xadimi və böyük siyasətçinin çətin və şərəfli ömür yolunun, müqəddəs ideallarının, çoxcəhətli fəaliyyətinin, ardıcıl və məqsədyönlü mübarizəsinin bir-birini üzvi surətdə tamamlayan ayrı-ayrı mərhələlərini bütöv bir tamın bölünməz hissələri kimi  oxuculara təqdim edir. Çoxcildlik kitab fərqli epoxalarda yaşayan, lakin həmişə Azərbaycan idealına sədaqətlə xidmət edən Heydər Əliyev fenomeninin, siyasi dühasının qüdrətini, əzəmətli şəxsiyyətin formalaşmasının qaynaqlarını, fəlsəfəsini və imkanlarını dialektik inkişaf yolu əsasında, təkamül proseslərinin işığında dolğun və sanballı bir səviyyədə mənalandırır. Elmira Axundova Heydər Əliyev dühasının möhtəşəmliyinin səbəblərini axtararkən tamlıq naminə genetik kodların araşdırılmasına və izahına da diqqət yetirməyi zəruri sayaraq nəsil şəcərəsinin öyrənilməsinə də işıq salmışdır. Çoxcildliyin  birinci cildindəki "Ömür yolunun başlanğıcı" bölməsində mənsub olduğu nəslin əcdadları, onların tarixdə böyük yeri olan Nadir Şah Əfşar dövründən hərbi yürüşlərdə iştirakı, Azərbaycan xanlıqlarını birləşdirmək uğrundakı səyləri, sonralar Ermənistanın bədnam daşnak hərəkatının təzyiqlərinə mərdliklə sinə gərmələri, XX əsrin əvvəllərindən etibarən Naxçıvanda məskunlaşmaları barədə tutarlı dəqiq mənbələr əsasında qiymətli məlumatlar və hekayətlər nəzərə çarpdırılmışdır. Azərbaycana Heydər Əliyev kimi görkəmli dövlət xadimi və bir çox tanınmış ziyalılar bəxş etmiş bu şərəfli nəslin qoca Şərqin qədim qapısı Naxçıvanda keçdiyi həyat yolu ölkənin gələcək Prezidentinin dünyaya gəldiyi  "kiçik Vətənin" bu qüdrətli dövlət xadimini böyük ideallar uğrunda mübarizəyə, azərbaycançılıq ruhunda formalaşmasının möhkəmlənməsinə hazırlayan böyük məktəb səviyyəsində ümumiləşdirilmişdir. Elmira Axundova Heydər Əliyev kimi güclü və təkrarsız şəxsiyyətin təşəkkülü prosesində Naxçıvan mühitinin, qədim Azərbaycan tayfalarının adı ilə bağlı olan Əlixan və Sahab məhəllələrini, böyük rus şairi Puşkinin adını daşıyan küçəni, o zaman kinofilmlərin nümayiş etdirildiyi, həvəskar kollektivlərin tamaşalar hazırlayıb göstərdikləri Telman Klubunu əhatə edən məhəllə mühitindən adlı-sanlı müəllimləri, özünəməxsus ənənələri ilə tanınan orta məktəb və universitetə bərabər bilik və dünyagörüş verən Pedaqoji Texnikum mühitinin rolunu bütün incə detalları ilə açıb göstərmişdir.

Həmçinin Elmira Axundovanın axtarışlarına görə həmin gənclik illərində "Heydər Əliyevin mənəviyyatında... Cəlil Məmmədquluzadə və Hüseyn Cavid daha parlaq iz qoyub... Pedaqoji Texnikumda oxuyarkən Cəlil Məmmədquluzadənin Naxçıvan Dram Teatrında uğurla tamaşaya qoyulmuş "Ölülər" pyesi ilə tanış olduqdan sonra gənc Heydər Əliyev, sözün həqiqi mənasında, sarsıntı keçirmişdi... Gənc Heydər Əliyev Hüseyn Cavidin cahanşümul əsərlərindən xeyir və şərin mahiyyəti, varlığın mənası kimi məsələlərə cavab axtarırdı". Bu illərdə Heydər Əliyev artıq məktəbin maarifçi mühiti ilə yanaşı, ümumşəhər tədbirlərində də gəncliyi uğurla təmsil etmiş, teatr tamaşalarında rolların ifaçısı kimi tanınmış, liderlik qabiliyyəti ilə fərqlənmişdir. Naxçıvan Daxili İşlər Komissarlığında, Muxtar Respublika Xalq Komissarları Sovetində, Naxçıvan Dövlət Təhlükəsizlik Komitəsində də Heydər Əliyevin xüsusi qabiliyyəti ilə diqqəti cəlb etməsi də həmin dövrün şahidlərinin gözü və sözü ilə real hadisələrin fonunda nəzərə çarpdırılmışdır. Ümumiyyətlə, əsərdə görkəmli şəxsiyyətin tərcümeyi-halının Naxçıvan dövrü həyatının bütün sonrakı dövrlərinin möhkəm təməli, əsas hərəkətverici qüvvəsi kimi səciyyələndirilir. Birinci cilddə, eyni zamanda, Heydər Əliyevin Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsindəki xidmətinin çətin, keşməkeşli illəri və yolları şərh olunarkən onun yüksək idarəçilik mahərətinə, dərin dövlətçilik düşüncəsinə, fəaliyyətinin strategiyasını və taktikasını dəqiq müəyyən  etmək qabiliyyətinə malik olması, sıravi əməkdaşdan məsuliyyətli bir orqanın rəhbəri vəzifəsinə  çatması, Azərbaycan tarixində ilk dəfə azərbaycanlı şəxsin  təhlükəsizlik sistemində general-mayor rütbəsinə yüksəlməsi zəngin həyat materialları, müasirlərinin xatirələri və arxiv sənədləri ilə əsaslandırılmışdır. Bu mərhələdə ölkənin yaradıcı ziyalıları ilə geniş əlaqələr yaratması, müxtəlif yollarla milli ziyalıları müdafiə etməsi, mərkəzin əks mövqeyinə baxmayaraq, təhlükəsizlik orqanlarında kadrların milliləşdirilməsi prosesini həyata keçirmək istiqamətində ciddi addımlar atması, bir sıra böyük hadisələrin açılmasına başçılıq etməsi Heydər Əliyevin artıq azərbaycançı məfkurəyə malik dövlət xadimi kimi ölkəmiqyaslı, ümumdövlət vəzifələrinin həllinə hazır olduğunu xarakterizə edən hadisələr səviyyəsində ümumiləşdirilir.

"Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi görkəmli dövlət xadimi kimi Heydər Əliyev dühasının ən parlaq səhifələrindən biri  onun Azərbaycan Respublikasına rəhbərliyinin birinci mərhələsinin geniş təqdimatıdır. Azərbaycanı keçmiş Sovetlər İttifaqında geridə qalmış regiondan hərtərəfli inkişaf etmiş respublikaya çevirmiş, cəmiyyət həyatının bütün sahələrində qlobal dəyişikliklərə nail olmuş, "Qoy ədalət zəfər çalsın" çağırısı ilə dünyaya səs salmış, Azərbaycan dilini Konstitusiyaya dövlət dili kimi saldırmağı bacarmış və mədəniyyətimizi beynəlxalq mövqelərə çatdırmış Heydər Əliyevin adının əfsanəyə çevrilməsi Elmira Axundovanın araşdırmalarında  və təhlillərində, həyat hekayələrində qabarıq şəkildə nəzərə çarpdırılır. İkinci cilddəki "Heydər Əliyev və onun komandası", "Heydər Əliyev və Leonid Brejnev", "İran inqilabı və Kreml siyasəti" bölmələrindən hər biri həm problemin miqyasına, siyasi mahiyyətinə, həm də materialın zənginliyinə  görə doktorluq dissertasiyası səviyyəsində görünür. Aparılan araşdırmalardan, çıxarılan nəticələrdən aydın olur ki, Heydər Əliyev hələ XX əsrin səksəninci illərinin əvvəllərində Azərbaycana rəhbərliyinin birinci dövründə keçmiş Sovetlər İttifaqı məkanında və beynəlxalq aləmdə yüksək liderlik qabiliyyətinə malik olan görkəmli dövlət xadimi kimi şöhrət qazanmışdır. Xalqımızın Heydər Əliyevi ümummilli lider kimi qəbul etməsi də bu qüdrətli şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövründən başlanmışdır. Fikrimizcə, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyindəki Heydər Əliyevin həyatı və fəaliyyətinin Moskva-Kreml mərhələsi onun sovet hakimiyyəti dövründəki fəaliyyətini tamamlayır. Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin Baş nazirinin birinci müavini, Siyasi Büronun üzvü səviyyəsindəki fəaliyyətinin ən müxtəlif istiqamətlərinin detallarına qədər dəqiq təhlil edilməsi nəticə etibarilə bu böyük şəxsiyyətin cəsarəti və iradəsini, müdriklik və uzaqgörənliyini, eyni zamanda, onun yaşadığı epoxanın mürəkkəb mahiyyətinin aydınlaşdırılmasını şərtləndirmişdir. Heydər Əliyev və Yuri Andropov münasibətlərinin araşdırılması Sovetlər İttifaqında  islahatların keçirilməsində, Heydər Əliyev - Mixail Qorbaçov əlaqələrinin açıqlanması isə Kremldaxili qabarma və çəkilmələrdə Heydər Əliyevin üstün yerinə və roluna aydınlıq gətirmişdir. Ümumiyyətlə, Kreml zirvəsinin fəthi və Moskva dövrünün geniş və əsaslandırılmış təhlili bütövlükdə Sovetlər İttifaqının XX əsrin səksəninci illərindəki vəziyyətini, ölkədə yaranmış böhranı və  ziddiyyətləri, Kremldaxili qruplaşmaları bütün reallıqları ilə təsəvvür etməyə imkan yaradır. Bu məqamda Elmira Axundovanın yazıçılıq və tədqiqatçılıq qabiliyyəti ilə yetkin siyasi düşüncəsi yanaşı addımlayır. "Böyük ömrün xronikası" adlanan dördüncü kitabda isə Elmira Axundova bioqraf-tarixçi missiyasını uğurla yerinə yetirir.

"Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin zirvəsini  Azərbaycanın müstəqillik dövrünə həsr olunmuş beşinci və altıncı cildlər təşkil edir. Bu cildlər siyasi mahiyyətinə və elmi-ədəbi səviyyəsinə, vüsətinə görə Heydər Əliyev dühasının və Azərbaycanın müstəqillik dövrünün epopeyasıdır. Üç kitabdan ibarət olan yekun cildlərdə ölkəmizdə müstəqilliyin elan olunmasından sonrakı hakimiyyət böhranı və Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə Qayıdışı ilə respublikada onun həyata keçirdiyi xilaskarlıq missiyası əsasında baş verən böyük dəyişikliklər öz əksini tapmışdır. Bu cildləri həm də Azərbaycanın müstəqillik dövrünün salnaməsi də adlandırmaq olar. 2008-ci ildə nəşr olunmuş dördüncü cilddən təxminən beş il sonra, 2013-cü ildə çap edilmiş beşinci və altıncı cildlər nisbətən yaxın tarixi əhatə etsə də, tamamilə yeni epoxanı və fərqli münasibətləri əks etdirdiyi üçün dərin və əhatəli, əsaslandırılmış axtarışlar tələb etmişdir. Müəllif bu mərhələnin hərtərəfli inkişafı naminə bir-birinə əks mövqedə dayanan, müxtəlif qütbləri təmsil edən şəxslərin fikir və mülahizələrini də öyrənməli, təhlil süzgəcindən keçirməli olmuşdur. Obyektivlik həm görkəmli siyasi şəxsiyyətin, həm də epoxanın "bioqrafiyasının" yazılmasının əsas meyarına çevrilmişdir. Professionallıq isə Heydər Əliyevin ölkəyə rəhbərliyinə qayıdışı zərurətinin siyasi və tarixi səbəblərini və əhəmiyyətini bütün mahiyyəti ilə açmağa və aydınlaşdırmağa imkan yaratmışdır. Elmira Axundovanın Böyük Qayıdışın  Naxçıvan mərhələsini 756 səhifəlik sanballı bir kitabda əks etdirməsi yeni dövrün reallıqlarının bütöv mənzərəsini canlandırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Çünki müəllifin özünün də etiraf etdiyi kimi "Heydər Əliyevin bioqrafiyasının Naxçıvan dövrü təkcə Naxçıvan Muxtar Respublikasının deyil, bütövlükdə Azərbaycanın tarixində ən çətin, həm də eyni zamanda, ən əhəmiyyətli mərhələdir. Həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə  Naxçıvan Muxtar Respublikasının Parlamenti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəsinin əsl qərargahına çevrilmişdir. Burada, Naxçıvanda qəbul olunan real inqilabi qərarlar dərhal bütün respublikada geniş yayılır, yeni dövlətin siyasi və iqtisadi mənzərəsində ciddi dəyişikliklər yaradırdı. Məhz buradan, Heydər Əliyev üçün müqəddəs olan torpaqdan hakimiyyətin zirvəsinə doğru onun əzəmətli yürüşü başlanmışdır". Fikrimizcə, bu obyektiv mülahizələrə onu da əlavə etmək lazımdır ki, o zamankı çox mürəkkəb ictimai-siyasi şəraitdə Naxçıvan Muxtar Respublikasının Ermənistanın işğalından xilas edilməsi, ölkənin ərazi bütövlüyünün qorunub saxlanılması Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı mühüm tarixi xidmətlərindən biridir.  "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin "Naxçıvan cığırları ilə" kitabı Heydər Əliyev məktəbinin dövlətçilik təliminin Naxçıvan dərslərinin Azərbaycanın müstəqillik tarixində mühüm əhəmiyyətə malik olduğuna şahidlik edir. Elmira Axundovanın Heydər Əliyevin bioqrafiyasının Naxçıvan dövrünü bütövlükdə Azərbaycan miqyasında ölkədə gedən ictimai-siyasi proseslərlə əlaqəli şəkildə, üzvi vəhdətdə qələmə alması bu mərhələnin, ümumiyyətlə, müstəqillik hərakatındakı rolunu daha əyani, canlı, real şəkildə əks etdirməyə imkan yaratmışdır. Azərbaycanın üçrəngli dövlət bayrağının ilk dəfə Naxçıvanda ucaldılması, ölkənin müqəddəratında mühüm rola malik olan Yeni Azərbaycan Partiyasının muxtar respublikada yaradılması, Türkiyə ilə Azərbaycanın Naxçıvan regionunu əlaqələndirən Sədərək-Dilucu-Ümid körpüsünün salınması, Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərarın Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyev tərəfindən imzalanması... Böyük Qayıdışdan Milli Qurtuluşa qədərki məsuliyyətli yolun müstəqillik dövrü Azərbaycan tarixinin şərəfli səhifələrini təşkil etdiyini mənalandırır. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin "Naxçıvan cığırları ilə" kitabındakı 65 nadir fotoşəkil böyük ömrün bioqrafiyasının əbədiləşmiş anlarını əks etdirən tarixi sənədlərdir. "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin iki kitabdan ibarət olan altıncı cildi müstəqil Azərbaycanın romanıdır. Bu cildlərdə ölkəmizin və xalqımızın xilası yollarında görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı böyük mübarizənin möhtəşəm mənzərəsi həmin proseslərin iştirakçılarının hekayətləri və sənədlərin dili ilə canlandırılmışdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ölkədə cəmiyyət həyatının bütün istiqamətlərini əhatə edən genişmiqyaslı  islahatların qətiyyətlə həyata keçirilməsi, azərbaycançılıq ideologiyasının formalaşdırılması, hərbi quruculuq, yeni neft strategiyası, xarici siyasət, Qarabağ probleminin həlli, iqtisadi inkişafın təmin olunması yeni epoxanın elm, təhsil və mədəniyyət siyasətinin müəyyən edilməsi istiqamətlərindəki çoxcəhətli və yorulmaz fəaliyyəti həm tarixin ibrətamiz dərsləri, həm də nəsillərə nümunə mənasında qabarıq şəkildə ifadə olunmuşdur. Canlı həyat hadisələri və bədii obraz səviyyəsinə qaldırılmış yeni dövrün qəhrəmanlarının əhatəli təsviri əsasında yazılmış iki kitabdan ibarət olan "Qayıdış" cildini heç tərəddüd etmədən Heydər Əliyevin müstəqillik dövrü həyatı və mübarizəsinin iki seriyalı filmi adlandırmaq olar. Bəlli olduğu kimi bu yeni epoxanın  zirvəsində Heydər Əliyevin parlaq obrazı dayanır. Bütövlükdə "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Zamanın fövqünə yüksəlmiş uca və möhtəşəm obrazının bədii-sənədli abidəsidir. Təqdim olunan çoxcildlik, eyni zamanda, Heydər Əliyevin möhtəşəm şəxsiyyətinin fonunda dəyişən və inkişaf edən Zamanında mahiyyətinə də geniş işıq salır.

Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi janr etibarilə artıq əvvəlki üçcildlikdə müşahidə olunan roman-tədqiqatının hüdudlarını aşaraq mövzusu, süjeti və kompozisiyasına altı cild həcmindəki geniş əhatə dairəsinə, vüsətinə görə epopeyaya çevrilmişdir. Roman-tədqiqat əsərin janrını yox, yanaşma üsulunu müəyyən edir. Bu çoxcildlik görkəmli dövlət xadimi Heydər Əliyev və onun epoxası haqqında, nəsil şəcərəsi, ailə və təhsil mühitinin, Azərbaycana birinci və ikinci rəhbərlik dövrlərinin, Moskva-Kreml mərhələsinin romanları əsasında formalaşmış mükəmməl bir epopeyadır. İlk bioqrafik roman-epopeya kimi də əsər xüsusi orijinallığa malikdir. Çoxcildlikdə çoxplanlı şəkildə təqdim olunan,  romanlar silsiləsi ilə əks etdirilən Heydər Əliyevin bioqrafiyası Azərbaycan xalqının çətin və şərəfli mübarizə yollarının böyük dastanı epopeyasıdır. Elmira Axundovanın "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyi ictimai dəyərinə və sanbalına görə Azərbaycan ədəbiyyatının "Əzablı yollarla" səviyyəsində əhəmiyyətli əsəridir. Çoxcildlikdən keşməkeşli əzablı yollardan keçərək polad kimi bərkiyib möhkəmlənmiş,  geniş üfüqlərə çıxmış Azərbaycanın sabahkı aydın yollarına da işıq düşür.

 

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin rektoru,

 Milli Məclisin deputatı, akademik

 

Azərbaycan.-2013.- 16 aprel.- S.9.